23.09.2011

Dərsə gedən bir uşaq…


Aqşin Rafiqoğlu

Şagirdlərdən 6 manat süpürgə pulu, 5 manat süpürgəci pulu yığılan təhsilimiz haqqında

Bir həftədən çoxdur ki, yeni tədris ili başlayıb. Necə deyərlər, valideynlər üçün növbəti dərdli, qara günlü təhsil ili başladı.
Bəlkə də yeni təhsil ilinin başlamasına sevinənlər ancaq şagirdlərdir. Bir də ilk dəfə orta məktəbə övladını aparan valideynlər. Bəlkə də indiki zamanda onlar da sevinmirlər. Şagirdləri deyirəm. Amma biz öz zamanımızda sevinirdik.
İndiki kimi xatırlayıram ki, avqustun son günlərində bəlkə gündə beş yüz dəfə, alınan yeni məktəb çantamı belindən asıb, yeni məktəbli paltarımı əynimə geyinib evdə oyana bu yana gəzirdim. Mən hələ alınan yeni dəftərləri gündə necə dəfə saydığımı xatırlamıram. O zaman həqiqətən də bundan sanki uşaqcasına bir zövq alırdım. İndi bizə qalan isə bütün bunların, bu xoş anların sadəcə xatirələridir. İndi isə zaman dəyişib, deyərdim ki, şagirdlər də başqa olub, eləəllimlər də...
Bəlkə mənimlə çoxları razılaşmayacaq, amma bu gün həqiqət bundan ibarətdir ki, yeni tədris ilinin başladığı bir gün əvvəldən heç bir indiki şagird yeni məktəb ilinin başlamasına bizim qədər sevinməzdi. Bizim qədər həsrətlə hazırlaşmazdı. Təbii ki, hər kəs üçün hərənin öz xatirələri əzizdir. Amma bununla belə mən əminəm ki, bizim dövrümüzdə təhsildə bu qədər problem yox idi. Ən azından bizim dövrümüzdə hər hansısa məktəbli paltarını almaq üçün zavallı valideyn günlərcə növbədə durmazdı.
Bizim vaxtımızda ən böyük növbə gül dükanlarının qarşısıda yaranırdı. O da ki, bütün 3 ayı həsrətlə yolunu gözlədiyimiz müəlliməmiz üçün gül almaq idi. Hətta gülü də bir gün əvvəldən alıb, ya da “zakaz” verib, səhər tezdən bir əlimizdə gül, digər əlimizdə isə məktəb çantası dərsə gedərdik. Açığını deyim ki, mən nəinki bu il, heç ötən illəri də əlində gül dərsə gedən bir nəfər də olsun şagird görmədim. Qalsın ki, hələ gül dükanlarının özündə növbəni görüm. Bəlkə də var, amma mənə rast gəlməyib…
Artıq bu gün 10-cu gündür ki, məktəb başlayıb, valideynlər də bu 10 gündə sözüm həqiqi mənasında zara gəliblər. Mənim orta məktəbi bitirdiyim 14 il olub. O zamandan bəri məktəb sistemindən də uzaq düşmüşəm, hətta əmin idim ki, təhsil elə bizim dövrümüzdə olduğu kimi qalıb. Arabir narazılıq edənlər olur, amma bunun fövqünə varmırdım.
Bu günlərdə bir dostumla söhbət edərkən məktəblərdən yaman gileylənirdi. Deyir kı, tədris ilinin ilk günündə oğlundan müəllimə 6 manat istəyib. İlk dəfə dərsə gedən birincidən, onun ilk müəllimi 6 manat tələb edib. Deyib bu pula süpürgə alacaqlar.
Hələ şüuru yeni formalaşan bu birinci sinif şagirdi, təhsil aldığı məktəbin və ilk müəllimini istəsən-istəməsən də bundan sonra ancaq və ancaq 6 manatlıq süpürgə pulu ilə xatırlayacaq. Amma öz aramızdır, sinifdəki 30 şagirddən yığılan 6 manata nəinki süpürgə, hətta ən son modifikasiyalı tozsoran almaq olar.
Məsələ bununla bitsəydi dərd yarı. Dostum and içir ki, məktəbin ikinci günündə, həmin bu müəllimə ikinci gün dərsə gələn uşaqlara səhərisi gün 5 manat gətirməyi tələb edib. Deyib ki, bu pulu da onların sinifini yığışdıran süpürgəçiyə verəcəklər. İndi də dostum bir sulal cavab axtarır ki, görəsən həmin bu xadimə o məktəbdən maaş almırmı?. Deyir, onun “obyektini” bir xadimə səhərdən axşama kimi silib-süpürür, çay süzür, qab-qacaq yuyur. Ancaq ona aylıq olaraq 200 manat maaş verirlər. Amma burada isə bu xadimə bir sinifə görə 150 manat qazanır?
Bizim vaxtımızda isə növbətçi şagirdlər olurdu ki, dərsdən sonra qalıb sinifi səliqə-səhmana salırdılar.
Dostum dərsə gedən oğlunun məktəb ilinin 3-cü gününü də danışdı. Dedi ki, məktəbin üçüncü günündə müəllimə ondan səhərisi gün daha 5 manat gətirməyi tələb edib. Bu pulu da pərdə üçün yığırdılar. Hələ öncədən də uşaqlara tapşırıbar ki, gələn ay müəllimlər günü olacaq, ona da hazırlaşsınlar və 10 manatdan gətirsinlər…
Açıığı deyim ki, dostumla söhbətimiz uzun çəkəcəkdi. Sadəcə telefonuma zəng gəldiyindən növbəti günlərin müəllim-şagird, məktəb sərgüzəştlətinə qulaq asa bilmədim. Yoxsa onu da yazacaqdım. Bir də ki, onsuz da valideynlər bütün bunları məndən yaxçı bilir. Görünən kəndə nə bələdçi…
P.S. Bu günlər ərzində dostum bir neçə görüşmək üçün zəng edib. Deyəsən, dərdini deməyə adam axtarır. Daha düşünmür ki, bu hələ başlangıcdır. Heyif deyil bizim dövrümüz. Bəlkə orta məktəbləri ləğv edək…

Комментариев нет:

Отправить комментарий