Şair- publisist Cabir Albantürk 6 may 1961 - ci ildə Quba bölgəsinin Alpan kəndində anadan olub.Şeirləri, məqalələri 1983-cü ildən dövri mətbuatda və ədəbi toplularda çap olunur. Əvəllər C. Ağayev, C. Zaman, C. Alpoğlu imzaları ilə çıxış edib. 1997-2000-ci illərdə Qubada fəaliyyət göstərən "Gülüstan" ədəbi məclisinin sədri olub. O, yaradıcıəlillərin 2- ci, 4- cü və 5- ci Ümumrespublika yaradıcılıq baxış- müsabiqələrinin də qaliblərindəndir.
O, həm də "Gülüstan", "Məcməüş - şüəra" və "Ay işığı" ədəbi məclislərinin iştirakçısı, həftəlik "Ölkə", "Vətəndaş həmrəyliyi" və "Türküstan" qəzetlərinin bölgə yazarı, "Qədim Alpan və Albanlar", "Yaralı Varlığımız" və "Üçüncü nöqtə" kitablarının müəllifidir.
O istedadlı qələm adamı olmaqla yanaşı Xalq Azadlıq Hərəkatının fəalı və təşəbbüskar ictimaiyyətçi kimi də tanınır. Belə ki, C.Albantürk "Dünya Azərbaycanlıları Kongresi" nin, "Qarabağ Azadlıq Təşkilatı" nın və "Gözdən Əlillər Cəmiyyəti" nin fəal üzvlərindəndir.
Vətəndaş məsuliyyəti , milli mənsubiyyəti Vətənin hər bir övladından millətinin müstəqil, etibarlı gələcəyi uğrunda mümkün olan hər şeyi etmək cəsarəti , fərasəti tələb edir. Bizi yaradan, yaşadan, öldürən və dirildəcək Allah xatirinə, özümüzdən sonra qoyub gedəcəyimiz nəsillərimiz naminə bir daha dərindən düşünək: Türk millətinin , İslam ümmətinin , Azərbaycan vətəndaşının taleyini.
Bu gün dünyanı, sabah axirəti itirmək, bu gün nifrət , sabah lənət qazanmaq istəmiriksə, sorğular sorulacaq gündə cavablarımız cəfəngiyyat, üzrlərimiz bəhanə qismində zalımların yardımçısı, şəriki olmağımıza şahidlik etməsin deyə özümüzün və millətimizin aqibətini xeyirliyə calamaq üçün mümkün olan hər mətləbdə güzəştə gedərək birlikdə çalışaq. Allahın təqdirlərinə (varlıq aləminə hakim olan qaydalar toplusuna) görə millətlərin taleyində onların istəyindən başqa bir şey amil sayılmır. Çünki "qəza-qədər millətə, insana yox, onların seçdiyi yola aid bir məsələdir". Fikir ayrılıqları, əqidə fərqləri, şəxslər arası narazılıqlar taleyüklü məsələlərdə də birgə fəaliyyətimizin qarşısını alacaqsa, tarix boyu tələf olan və ya milli mahiyyətini itirən qövmlərin sırasına qoşulacağımızla barışmalı olacağıq-Allah göstərməsin.
Hər bir inanclı, xəyanətlə bulaşmayan türk insanı hansı dinə mənsub olmasından asılıolmayaraq türkün can və qan qardaşıdır.Hər bir müsəlman, zülmə bulaşmayan türk insanı hansı məzhəbə mənsub olmasından asılı olmayaraq türkün can, qan və din qardaşıdır. Hər bir Allahsız, inancsız və eyni zamanda küfrlə, zülmlə bulaşmış türk insanı-millətinə xəyanət etməmişsə də-doğma qardaşı olsa belə türkün çıxarıdır; Tövbədən keçmədikcə, Tanrıya tapınmadıqca... Çünki, hüzuruna qayıdacağımız Tanrıdərgahında təqva; "imansız qardaşdan imanlı yad yaxındır" prinsipi işləyir. Amma zühura qədər din siyasi həyatda müstəmləkəçiliyə və zülmə qarşı- müstəqillik və ədalətli cəmiyyət (bizim üçün həm də Qarabağın azadlığı) uğrunda mübarizələrdə səfərbəredici mənəvi bir məfkurə kimi iştirak etməklə kifayətlənməlidir. Allahın, bəşərin, ümmətin, millətin düşməni olmayan bütün insanlar irqi və firqə məsubiyyətindən asılı olmayaraq türkün can qardaşı, müsəlman olanları isə həm də din qardaşlarıdır (insanların islah olmayan qismi həm də bəşərin çıxarıdır).
Haqq tapdamadan doğma vətəninin, milli dövlətinin mənafeyini qorumaqda milli iradə reallaşdırması , tarixini araşdırması, hədəfini müəyyənləşdirməsi də daxil olmaqla əsl müsəlman-türk milliyyətçiliyi bunlardan ibarətdir fikrimcə. Fərdi dirəniş məsləkdaşlarla birgə, milli mücadilə Tanrıya güvənərək, davamlı milli dövlətçilik ailə, məktəb, cəmiyyət və təşkilatlar təmasını, tarazlığını qurmaq və qorumaqla mümkünlük qazanar; Tanrıvə sözü, qan və sevgi, abır və vicdan özüllərinə sarılmış milli-islami-demokratik düşüncə təməlli doğru yol və böyük sevda yolçuları yetişdirmək yönündə özünü və toplumu təlqin edə bilən diri yolbaylar sayəsində. Ümumiyyətlə, parçalanmış, işğal edilmiş, milli-etnik, dini-təriqət müxtəlifliyinə malik Azərbaycanın pulun və zorun meydan suladığı indiki durumunda millətçilik, məzhəbçilik, yerliçilik, fərdiyyətçilik, firqəçilik, inhisarçılıq azarından qurtulub dövlətçilik, vətənçilik, xalqçılıq, ümmətçilik, demokratçılıq, maarifçilik xətti-əqidəsi ətrafında birləşməkdən özgə çıxış yolu görünmür. Bu yolun-xəttin hədəfini tezis şəklində aşağıdakı kimi ifadə etmək olar; zühura qədərki dönəm üçün
1.Milli dövlətçilik ideologiyası,
2.İslami yaşam tərzi,
3.Demokratik xalq hakimiyyəti,
4.Hüquqi vətəndaş cəmiyyəti,
5.Sosial yönümlü iqtisadiyyat Sintezli milli, dini, demokratik, hüquqi, sosial dövlətçilik modeli yaradacaq "Milli Yol" məsləkdaş ocaqları yaradaraq Müstəqil, Bütöv Azərbaycanlı sabahlarımıza sahib çıxan Allahı və vicdanı, valdeyni və övladı, Vətəni və xalqı, insanlıq və gələcək qarşısında məsuliyyət daşıdığını dərk edən ədalət, mənəviyyat, elm və əqidə sahibi mübariz, fəal vətəndaşlar yetişdirmək.
Amacımız və amalımız Ümummilli məqsədlərə doğru, şər qüvvələrə qarşı Bütöv Azərbaycanın tarixi ərazisində yaşayan bütün yerli xalqları, millətləri, ümmətləri əhatə edəsi, ruhlarımızı, cismlərimizi, mənafelərimizi uzlaşdıra biləsi, keçmişimiz, bu günümüz, gələcəyimiz arasında körpü olası dolğun bir ideologiyanın daşıyıcısı və onu həyata keçirəcək proqramın təminatçısı olan koalisyon bir qurumda, yurdsevər, vicdanlı, qeyrətli türk, müsəlman, Vətən övladını güzəşt, etibar, inam əsasında birləşdirə biləsi Müstəqillik və Cumhuriyyət yadigarı Dövlət rəmzimiz (Bayrağımız) olan Milli yolda məsuliyyət və insaf hissini itirmədən dinc, hüquqi, mətbu mübarizəni davam etdirməkdir. Tutmalı olduğumuz bu yol Millət və Ümmət məfkurəsinin formalaşması və qovuşması sayəsində Dövlət və Vətəndaş ideologiyasının yaranmasını, bu da öz növbəsində Türk və İslam dünyasının tərkib hissəsi olan milli-islami-demokratik bütöv Azərbaycan dövlətinin qurulmasını yaxınlaşdırardı.
Hər bir millətin mövcudiyyəti məsələsində on şərt önəmlidir; cismani və ruhani varlığı, ağsaqqal və alimə itaəti, ərazi və dil özünəməxsusluğu, dini inancı və tarixi, mübarizə əzmi və dövlətçiliyi. Bu milli mövcudluğumuzun mənbəyi olan vətənimiz yeddi para, dövlətimiz məfkurəsiz, müsəlmanlığımız mahiyyətini itirməkdə, türklüyümüz təhlükədə, mənəviyyatımız aşınmaqda, Qarabağ qeyrətimiz qısılı, ailə təməlləri, ağsaqqallığ kultu dağılmaqda, insanlarımız laqeydlərə, qəddarlara və məzlumlara bölünməkdə... Hər bir sözü, hərəkəti vəzifəni, hakimiyyəti qoruyub saxlamağa hesablanmış maddiyyat və məqam məqsədli indiki Azərbaycan iqtidarının islah olacağına, islahat aparacağına ümidlərini itirməsələr də, ümummilli ümidləri doğruldacağına, dərdlərə çarə qılacağına, Qarabağı azad edəcəyinə, azad sözlə dost olacağına... inamı olmayan milli-islami-demokratik düşüncələrin daşıyıcıları olan vətənsevər insanlarımız həm ölkədə, həm mühacirətdə məyusluq içərisindədir... Bəs olmadımı, müstəqilliyi yolunda mücadilə etdiyimiz, qurbanlar, şəhidlər verdiyimiz bu millətin, Vətənin, dövlətin taleyini neft pullarını zahiri təm-təraqa, saxta seçkilərə sovurub ölkə vətəndaşına 100 manat minimum əmək haqqı qıymayan, borc içində çabalayan, kimi işsizlikdən, kimi işləməkdən çərləyən insanları bir parça çörəklə, dolanışıq dərdiylə çarəsiz qoyub sosial yardımla qaralayan, vəzifələri şəxsi mülkiyyətinə, rüşvətxorluğu adət-ənənəyə çevirən, Vətənə, millətə sədaqətinə görə deyil , ağasına, nəfsinə sadiqliyinə görə seçmə prinsipi ilə işləyən, yaltaqlar, qorxaqlar, əliəyrilər, saxtakarlar hesabına yaşayan bu soyğunçular mafiyasının ixtiyarına buraxdığımız ?! Habelə, 19 ildi ərazilərini azad etmək əvəzinə "lazım gəlsə"lərlə, mayasız danışıqlarla baş qatan, yurd-yuvası işğalda, arvad-uşağı əsirlikdə, təbii sərvətləri, tarixi abidələri dağıdılmaqda olan xəcil, zəlil bir millət olduğunu dünyaya car çəkən və çalıb-oynamağından, atəşfəşanlığından da qalmayan, ən azı heç nə olmamışkimi yaşamağı bacaran-milli mənliyi, milli qeyrəti yetərsiz insanlar olaraq yaşamağımız?! Alçaq nökərlərinin əliylə toplaşmaq və etiraz etmək haqqı, seçmək və seçilmək imkanı əlindən alınmış "Biz " ola bilməyən milləti iqtidardan daha çox paz müxalifət ümidsizliyə yuvarlamaqda... Müstəqillik yolunda cox çətinliklərə dözsələr də, Allahın və xalqın səbrindən zara gələrək yad almaya tamah salanlar və hər addımda haqsızlığla üzləşərək artıq Moskvanı arzulamağa başlayanlar isə duaların qəbul olmaşərti-Allaha yaxınlaşmaq yolunu tutmaq, dərdlərimizin əlacının başlanğıcı-Bütöv Azərbaycan uğrunda birləşmək, zalımların belini qıracaq-Zühurun tezləşməsini diləmək əvəzinə kütləşmiş kütlədən, avaralaşmış Avropadan, mafiyalaşmış Moskvadan, hakimiyyətdən ümid gözləməklə intihar həddinə yaxınlaşmaqdadırlar...
Milli yolumuzun hədəfi olan "millətlərə istiqlal, insanlara hürriyyət" məramı tam olaraq həyata keçmədiyi üçün başa çatmayan mübarizəmizin növbəti mərhələsinin məqsədi o taylı-bu taylı, iqtidarlı-müxalifətli bütün yurddaşlarımıza yiyə durası, milli-mənəvi dəyərlərimizə, yerüstü-yeraltı sərvətlərimizə sahib çıxası, könüllərdə ölüsünə rəhmət, dirisinə hörmət qazanan, qarışıq seçki sistemi olan "prezidentli parlament respublikası" tipli milli-demokratik bir hakimiyyətdir. Bəli, KXC - Kamil Xalq Cumhuriyyəti prezidenti parlament tərəfindən seçilən, 5 bölümlü bir hakimiyyət; 1.Yönləndirici-prezident,
2.Qanunverici-parlament,
3.İcraedici-hökumət,
4.Mühakiməedici-məhkəmə
5.Nəzarətedici-bələdiyyə və bütün bu bölümləri-sahələri əhatə edəsi QHT - Qeyri Hökumət Təşkilatları şəklində təmsil olunan Vətəndaş Cəmiyyətləri toplusudur. Türkiyənin tanınmış elm və siyasət adamı professor.dr. Heydər Başın bu milli-demokratik cumhuriyyət+hüquqi-sosial dövlət quruluşu modeli Zühuraqədərki ideal insan cəmiyyəti axtarışlarında ədalət və məsləhət tarazlığına nail olmağın həyata keçirilməsi mümkün olan yollarından biridir.
İlk öncə torpaqlarımızın erməni işğalından azad edilməsinə və bayrağımızda təsbit olunmuş milli-islami-demokratik ideologiyamızın bərpasına hazırlığın son mərhələsi üçün zamana və bugünki Azərbaycana uyğun milli, dini, bəşəri prinsiplərə söykənən, Müstəqil və Bütöv Azərbaycana aparan yolun mütləq keçidi- "Qarabağ və Demokratiya uğrunda vətəndaş hərəkatı" qurumlu, Müstəqillik, Bütövlük, Demokratiya, Dəyərlər, Ədalət, Təhsil, İslahat, Rifah, Qurtuluş yönümlü təşəbbüslər doğruluq üzrə, dəqiqliklə həyata keçirilməlidir ki, təmiz niyyətlərə, işıqlı istəklərə yol açan Uca Tanrı yardımçımız olsun... Yeddi yerə bölünmüş Vətənimizi, yetmiş yönə parçalanmış millətimizi, yeddiyüz yağmaçı əlində qalmış dövlətimizi bu xəcillikdən qurtarmağın çarəsi doğru seçimdən; imanlı müdriklik, mənəvi dəyərlər, ədalətli cəmiyyət, savadlı toplum, vətəndaş fəallığı, ziyalı məsuliyyəti, milli süur və istehza, gülüş hədəfinə çevrilmişdurumumuzun səbəblərini və səbəbkarlarını aradan qaldıra bilmək üçün dostumuzu, düşmənimizi aşkarlayacaq, ağlımızı, qanımızı duruldacaq, mənliyimizi, vicdanımızıoyadacaq, ruhumuzu, qeyrətimizi dirçəldəcək son Ümiddən keçir-Vətəni sevmək imandan, düşmənlə döyüşmək cihaddandır! Ramil təki yaşamaq, Mübariz təki ölməkşərəfdəndir! Azərbaycanın beşdən birinin 18 oktyabrda 20-ci ildönümünü qeyd edəcəyimiz Xalqımızın azadlıqsevər övladlarının mübarizəsi, istiqlalçı deputatların fədakarlığı, qəhrəman şəhidlərimizin qanı bahasına qazanılmış müstəqilliyi, XIX əsrin əvvəlləri başlamış Milli Azadlıq və ərazi bütövlüyü mücadiləsinin yekunu olaraq, itirdiklərimizin heç beşdənbirinin də əvəzi deyil. Qubalı Şeyxəli xan və Gəncəli Cavad xanla, Sərdari-Milli Səttarxan və "Difai" fədaisi Əhməd bəy Ağaoğlu ilə başlayan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri ilə dövlətlər quran, Əbülfəz Elçibəy, Bəxtiyar Vahabzadə, Nəcəf Nəcəfov, Xəlil Rza, Ağamalı Sadiq, Məhəmmədtağı Zehtabi və Məhəmməd Hatəmi, Sabir Rüstəmxanlı, Nemət Pənahlı, Etibar Məmmədov, Mahmudəli Çöhrəqani və başqalarıilə bəlli zamanlarda davam edən bu mübarizə 210 illiyinə inamsız ümid işığıyla qədəm basmaqdadır. Tanrı sahibsiz yurdumuzu şəhid ruhlar və ölü vicdanlar qəbristanlığına çevrilməkdən qorusun... Tanrı yarımcan yurddaşımızı arsızlar sürüsünə, dərdlər dəlisinə, haramlar hərisinə, harınlar köləsinə çevrilməkdən qurtarsın. Söz və söz sahibi, bilgi və bilgi yiyəsi, ordu və əskəri, iqtidar və məmuru isə Tanrı, Ulus, Yurd və Yol xidmətində böyük olar Inşallah!
Qələmə aldı: Cabir Albantürk
Dövlət Mütəqilliyinin 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir.
Комментариев нет:
Отправить комментарий