Xatirə Sadıqova. Şeirlər
İstedadl şairə Xatirə Sadıqova 1981-ci ildə anadan olub. İqtisadçı vəzifəsində çalışır. 2002-ci ildə “Göyərçin yuxusu” adlı kitabı çapdan çıxıb.
Geriyə say fəlsəfəsi
Onda ömrün sonu idi
hamı ağaclara yazdı adını son dəfə
Son ağaca qıymayıb
havaya yazdım adımı mən
silindi adım baxışlarımı çəkəndə
Bir neçə il geri atdı həyat bizi
daraldıb səbrimizi
Onda ki anlamağa başlayırdıq
ümidin də ömür kimi qısaldığını
Saçlarıma təzə qarışırdı rənglərin ağlığı
hərdən ağlamağım da tuturdu
yadıma salanda uşaqlığı
Daha neçə on il geri
artıq unutdum illəri
Yenicə atılmışam həyata
önümdə bir ömürlük gələcək
“gənclik heç zaman bitməz ki”
İndi azadam...
Divar kağızlarına
istədiyim qədər rəsim çəkirəm – quş rəsmi
hələ bilmirəm sözlərin anlamını
Quş qədər azadam.
Azadlıq saatı
Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu
onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu
Bu da mən
Dənizlərdən uçub gəldim
traffik qəzalarından
metro keçidlərindən
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim
və anladım ki, sevmək
qurtuluş qədər genişdir
azadlıq qədər məhdud
İndi də
əl-ələ üzürük fikir okeanında
sağda bahardır
solda qış
unutmuşuq bütün yalnışların acısını
ayrılıqların səbrini
bu günü yaşayırıq yalnız
Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil
təklik qədər zamansız...
Комментариев нет:
Отправить комментарий