Novruz Novruzlu: “Tamaşaçılar bizimlə saat yarımlıq təmasdan sonra təmizləndiklərini, hüzur duyduqlarını, saflaşdıqlarını deyirdirlər”
Həmsöhbətim “Savalan” qrupunu rəhbəri Novruz Novruzludur. Uzun müddətdir bu qrupun mahnılarını sevə-sevə dinləyirəm və dərinliyini anlayıram. Amma söhbət zamanı, gerçəkdən, ruhumun sakitləşdiyini duydum. Maraqlıdır, qrupun adı niyə məhz “Savalan”dır? Görəsən, bu adı qoymaqda qrupu yaradanların məqsədi nə olub?
- Əslində bizim qrup üçün sayt açılanda artıq “Savalan” adı var idi, ona görə adımız “Savalan” mistik qrupu kimi yazıldı. Çünki bizim musiqilər daha çox mistik ovqatdadır. Savalan dağı Cənubi Azərbaycanda yerləşir. O tayımızı, bu tayımızı birləşdirən ucalığımızdır. Bilirsiniz ki, Savalan dağının qeyri-adiliyi haqqında xeyli əfsanələr var.
- Sizin mahnılar çox fərqlidir. Azərbaycanda yüzlərlə musiqi qrupları var. Amma “Savalan” seçiləndir, tamam başqadır.
- Qrupumuz təzə yarananda mən idim, Həlimət Sultan, Fəxrəddin Salim və Cavad bəy var idi. İndi Cavad bəy Amerikada yaşayır, Günaz.TV-də çalışır. İndi onu kamançada İffət Əsgərov əvəz edir.
- Bəs qrupun yaranması hansı zərurətdən yarandı?
- Əslində bu mənə o qədər də yad sahə deyil. Çünki Mirzağa Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Musiqili Komediya aktyoru fakültəsini bitirmişəm. Amma qrupumuzun yaranmasına 20 Yanvar faciəsi səbəb oldu. Elə bil, insanların içində bir boşluq yaranmışdı. O vaxtlar özümüz üçün yığılırdıq, çalıb-oxuyurduq, ruhumuzu sakitləşdirmək istəyirdik. Sonralar jurnalistlər maraqlandı, yazdı, telekanallar göstərdi və "Savalan" qrupu tanındı, sevildi. Buna görə mən jurnalitlərə də təşəkkür edirəm. O vaxta qədər mən italiyan, türk, ispan mahnıları oxuyurdum. Həm də sevilməyimizin bir səbəbi də “Savalan”ın təkrarsız və tək olması idi. Yəni indiyə qədər ölkəmizdə belə bir qrup yaranmamışdı. Bəziləri elə düşünür ki, “Savalan” qrupu ancaq dini sevgini tərənnüm edir. Amma belə deyil, bizim ifalarımız insanın ruhuna, düşüncəsinə, mənəviyyatına, insan və Vətən sevgisinə söykənir.
- Deyirsiniz, insanın ruhunu sakitləşdirmək üçün oxuyursunuz. Amma “Savalan”ı dinləyəndə insan təlatümə gəlir. Çox möhtəşəm, dərin, psixoloji təsiri olan mahnılar oxuyursunuz.
- İlk dəfə “Space” kanalında çıxışımız zamanı bizə mərhum rejissor Vaqif İbrahimoğlu zəng elədi və dedi ki, orada oturanların əllərindən öpürəm. Sonra bizi dəvət elədi “YUĞ” teatrına. Biz “YUĞ”da iki tamaşada iştirak etdik. Bu “Üz tuturam Tanrıya” və Yunis İmrənin “Olsun” tamaşaları idi. Əslində buna tamaşa da demək olmazdı. Vaqif müəllim öncə bizə ssenari yazmaq istədi. Sonra dedi ki, günah etmək istəmirəm, hər şeyi sizin ixtiyarınıza, ruhunuza buraxıram. Tamaşaçılar bizimlə saat yarımlıq təmasdan sonra təmizləndiklərini deyirdirlər. O zamanlar bizi daha çox ilahi yöndə qəbul edirdilər. Amma bizdə bütün mahnılar var. Ruhsal musiqilərə daha çox yer verdiyimizə görə haqqımızda belə fikir formalaşdı. İndi Azərbaycan insanının daha çox düşündürücü mahnılara ehtiyacı var. Söz yox, bizi daha çox ruhsal musiqi ifaçısı kimi tanıdılar, amma bizdə başqa mövzular da var. Deyim ki, bizim belə tanınmağımıza səbəb də ilahi, ruhsal ifamız oldu.
- Bizdə, ümumiyyətlə, sizə qədər belə mahnılar səslənmirdi. Türkiyədə isə bu janr daha güclü inkişaf edib.
- Elə ona görə biz düşündük ki, bu ərəfədə, torpaqlarımızın itirildiyi, milli-mənəvi dəyərlərimizə sevginin azaldığı, özümüzdən kənar düşdüyümüz bir dönəmdə bir az özümüzdən oxuyaq. Peyğəmbər deyir: “Torpağı sevmək imandandır”.
- Sizin mərhum rejissor Vaqif İbrahimoğlu ilə əməkdaşlığınız çox uğurlu alındı. İndi o, həyatda yoxdur, yəqin xeyli planlarınız var idi?
- Əvvəla, Allah Vaqif müəllimə rəhmət eləsin! Ruhu nurla dolsun! Vaqif müəllim çox dəyərli, öz sənətini dərindən bilən və sevən şəxsiyyət idi. Onun qazandığı yeri əvəzləyəcək kimsəni görmürəm. O, çox səmimi, çox dəyərli və insanda da səmimiyyətə önəm verən sənətkar idi. Vaqif müəllimlə xeyli planlarımız, görüləsi işlərimiz var idi hələ. Onunla “Savalan” qrupu birlikdə “Dədə Qorqud” dastanı əsasında bir göstəri hazırlamaq istəyirdi. Bundan başqa, xalq arasında “Yeddi Ulular” kimi tanınan “Yeddi Ulu Ozan”dan biri olan Pir Sultan Abdalın ilahi şeirləri əsasında ruhi-mənəvi bir göstəri hazırlamaq istəyimiz də qəlbimizdə qaldı. Görünür, qismət beləymiş. Ruhu şad olsun!
- “Savalan”ı dinləyəndə düşünürəm ki, bu ifalar kütlə üçün deyil.
- Yox, elə kütlə üçündür. Biz hamı üçün oxuyuruq. Sadəcə, insanlar bir az özündən uzaqlaşıblar. İstəsə də, istəməsə də hər bir insan içində ruh gəzdirir. Bizdən xəbərsiz verilir bu ruh bizə. Müqəddəs kitabımız “Qurani-Kərim”də də deyilir bu: “Biz dünyaya gəlməmiş ruhumuz var idi”. Mənə elə gəlir ki, insan hara çatır-çatsın, hansı məqama yetişir-yetişsin, öncə özünə çatmalı, özünə varmalıdır. Çünki bütün yollar ÖZÜNdən keçir. Mən demirəm insanlardan fərqliyik. Sadəcə, dinləyənlərlə birlikdə biz də dincəlirik, təmizlənirik. Qrupumuz elə buna görə təsəvvüfə söykənir. Pakistanda keçirilən Dünya Sufi Festivalında çıxış etdik. 80 qrupun içindən seçilən üç qrupdan biri biz olduq. Qrupumuza Pakistanın Mədəniyət Nazirliyinin və Festivalın prezidentinin xüsusi mükafatları, diplomlar təqdim olundu. Amma çox təəssüf ki, Azərbaycana gələndən sonra heç bizimlə maraqlanan olmadı. Çox təəssüf...
- Gerçəkdən bu belədir. “Savalan”a xarici ölkələrdə daha böyük sevgi, sayğı hiss olunur. Bunu sizin fəaliyyətinizi izləyəndə bildim.
- Biz yaxşıları dəyərləndirməyi bacarmırıq. Xaricdə dəyər verməyi bacarırlar. Xarici ölkələrdə çıxışlarımızı dinləyənlər bizə ilahi kimi baxırlar, gəlib sevinclə şəkil çəkdirmək üçün icazə alırlar. Əslində həyatda baş verənlərin çoxunu insan özü yazır, öz şüuru və düşüncəsiylə yazır. Yəqin ki, zaman gələcək hər şey öz yerini tutacaq. Amma önəmli olan kütlənin buna layiq olmasıdır. Tanrı deyir, insanı uca varlıq yaratdım və çox şeyləri də onun özünə buraxdım. Yəni insan istəsə işığı, istəsə qaranlığı seçə bilər. Seçim onundur.
- Sizi ilk dəfə dinləyəndə gözümün qabağına "Dəli Kür" filmi gəldi.
- Hə, o “Dəli Kür” filmindəki əslində çox böyük övliya olan Seyid Niyaridir. O, çox böyük bir təriqətin piridir. “Nəqşibəndi” təriqətinin piridir. Amma “Dəli Kür” Sovet dönəmində çəkildiyi üçün Seyid Niyarinin obrazını cılız şəkildə təqdim ediblər, görünür, onun böyük mənəvi aləminə qısqanıblar. Çünki onun təmsil etdiyi təriqətdə qadın-kişi söhbəti yoxdur, ər meydanı var, ruh var, insanın kamilliyi var. Görünür, filmin müəlliflərinin fikri Seyid Niyarini aşağılamaq olub. Bu gün Amerikada, Avropada təsəvvüf geniş yayılıb, həmin zikrləri də edirlər.
- Siz mahnı ifa edəndə dəf vurursunuz, sizə elə gəlmirmi ki, dəfin səsi bir az da ibadətə səsləyən kilsə zənginin səsinə bənzəyir?
- Bunu düşünməmişəm. Amma kilsələrdə də səslənən zəng səsi əslində ibadətə, təmizliyə səsləyir. Deyirlər, bu səs şər qüvvələri uzaqlaşdırır. Təsəvvüfdə həmişə insan ruhuna, mənəviyyatına təsir edən, yol açan uddan, neydən, dəfdən istifadə olunub.
- “Savalan”ın repertuarındakı mahnıların bəstəkarı kimdir?
- Bizim oxuduğumuz mahnılar əslində türkülərdir, ilahilərdir. Sadəcə, biz bu ilahilərə özümüz kimi yanaşmışıq.
- Məsələn, “Qafil, oyan” ilahisi...
- Hə, bu “Nəsimi” filmindəndir. Amma biz başqa cür ifa edirik. Bu, bəstəkar Tofiq Quliyevin əsərlərinin içərisində ən ruhsalıdır. Biz əslində bu mahnıya mənəvi zikr halı verməyə çalışmışıq. Ona görə filmdəkindən fərqli çıxıb. Bizim ifada dəfin zəncirlərinin səsindən də istifadə olunub. Bu ifanın aranjmançısı qrupumuzda kamançaçalan, bir çox musiqilərin bəstəkarı İffət Əsgərovdur.
- Bu gün Azərbaycanda ilahilər çox azdır. Olubsa da, indi unudulub və ya unutdurulub. Yəqin ki, ilahiləri toplamaqda çətinlik çəkirsiniz?
- Qrupumuz təzə yarananda biz Anadolu ilahilərinə müraciət etdik. Dedik, yəqin bizdə də tapılsa, xəbər edərlər. Amma deyim ki, elə ilahilərin əsas vətəni, mərkəzi vaxtilə Bakı olub. Əgər xatırlayırsınızsa, “Nəsimi” filmində bir epizod var. Deyirlər ki, aparın bu kafiri kafirlər şəhəri Bakudə edam edin. Bakıda təsəvvüf o qədər güclü olub ki, burada yalançı mövhumat, fanatizm bir iş görə bilməyib. Bakı müqəddəs yer olub. Ona görədir ki, Bakıda imamzadələrin qəbri var. Bakıda qəbri olan “Xəlvəti” təriqətinin piri Seyid Yəhya Bakuvinin qəbrini onun dünyanın müxtəlif yerlərində olan müridləri bu gün də gəlib ziyarət edirlər. Sonralar getdikcə bizi bizdən alıblar, ilahilərimizi də uzaqlaşdırıblar və ya unutdurublar. Bizim indi oxuduğumuz Anadolu ilahiləridir. Özümüzə uyğun şəkildə ifa edirik. Amma bəzi musiqilərimizi İffət Əsgərov bəstələyir. Əslində biz bu qrupa tam bağlana da bilmirik. Maddi problemlər sırf qrupa bağlanmağa imkan vermir. Ona görə də qrupun hər bir üzvü bir neçə yerdə çalışır.
- Bəs qrupunuz haradan maliyyələşir?
- Maliyyə mənbəyimiz yoxdur.
- Axı siz toylara da getmirsiniz. Sponsorunuz kimdir?
- Sponsorumuz yoxdur. Toylara da getmirik.
- Mədəniyyət Nazirliyinə köməklə bağlı müraciət etmisinizmi?
- Hə, Mədəniyyət Nazirliyinə müraciət etmişik. Yəqin düzələr. Bu il Azərbaycan-Türk Cəmiyyətinin sədri İlhan Aşkın bizi Hollandiyaya dəvət etmişdi. O, çox dəyərli, türksevər, dəyər verməyi bacaran insandır. Onlar Hollandiyada Xocalı faciəsinə abidə də ucaldıblar. Allah vətənini sevən hər kəsə kömək olsun!
- “Savalan” qrupunun solo konserti nə vaxt baş tutacaq?
- İnşallah, qismət olsa edərik. Sonda Vətənini, torpağını sevən, sənəti dəyərləndirməyi bacaran hər kəsə təşəkkür edib, Allahdan uğur diləyirəm!
Arzu Abdulla
Комментариев нет:
Отправить комментарий