Ümidverici şairdi Günay Ümid. Ümidsizliyin şairidi o. Ümidsizliyi elə yazır ki, oxucunu ümidsizliyə alışdırsa da ümidsizliyin poeziyasını sevdirə bilir oxucuya. Onun şeirləri ümidsizlikdən bəhs etsə də onun şeirlərinə ümidim böyükdü. Çünki bu şeirlər “həyatın sol küncü”ndən bəhs edir. Və sanki bu şeirlər yalançı ümidlərə, yalançı vədlərə, gərəksiz piarıara küncdən vurulan bir zərbədir. Özü də həyatın sol küncündən vurulan zərbə. O “milyonların səsiyəm” deyir. Milyonlarla ümidsiz insanın səsinə çevrlən kimi milyonların şairinə çevrilmək şansı da var şairimizin. “Bizim kimilərin bir inamı var, heç kimə inanmamaq” deyir Günay xanım. əslində poeziyada da bu yolu tutacağına inanıram onun. Heç kimin istədiyi kimi yox öz istədiyi kimi yazacaq o. Onun təsvir etdiyi yaşam odası qibləsiz bir evdir. Və bu evdə özünü də dərdlərini də həbs edib. Bir gün bu evin qibləsi poeziyanın zirvəsinə yönələr. həyatın sol küncündən yazan bu şair küncdə-bucaqda qalmaz. İstedadı imkan verməz buna.
Beləliklə sizlər də tanış olun onun şeirləri ilə.
Bəxtiyar Hidayət
Milyonların səsiyəm
Taleyin əlində
Yırğalanır beşiyim.
Laylasının fəryadı
Unutdurub kimliyimi.
Bu həyatın gümana uzanan
Çarəsiz çarələri
Boyayıb gözümü.
Kimliyimi unudub
Səsimdə tapmışam özümü.
Mən gecələrin rəngini almış
Gündüzlərin səhər adlanan
Toranlığının səsiyəm!
Mən qabar olan əllərin
Əməyinə kölgə salınan
Qaranlığının səsiyəm…
Mən bədbəxt gəlinlərin
Ömrünü gəmirən qismətinin
Dözüm adlanan ürkək səsiyəm.
Mən atılan körpələrin
Göz yaşında əriyən
Arzularının kövrək səsiyəm.
Mən taleyin ağlatdığı ömürlərin
Göz yaşında batanlarının səsiyəm
Mən acından
Mədəsində qovrulan qürurunun
Ağrısıyla yatanlarının səsiyəm!
Mən güzarın
Buz nəfəsli istisinə
Bürünənlərin səsiyəm!
Mən ölümə həyat deyib
Sürünənlərin səsiyəm…
Mən ömrünü iztirabla
Bitirənlərin səsiyəm
Mən həyatı qazanmadan
İtirənlərin səsiyəm.
Mən sizlərin!
Mən bizlərin!
Mən onların səsiyəm!
Ah-naləsi göyə qalxan
Milyonlarin səsiyəm!
Yol, sükut və sənsizlik
Bir vaxt bizə bu yollar
Çox qısa görünərdi
O yolun sinəsində
Addımlar döyünərdi
Onda nə sən dinərdin
Nə mən söz danışardım,
Nə sən cəhd eləyərdin
Nə də mən qımışardım…
Yola sükut çökərdi
Xırda addımlarımız
Bu sükutu sökərdi
Döyərdi sinəmizi
Qəlbimiz yumruq kimi
Qovardı sevincimiz
Bizdən kədəri, qəmi..
Hərdən də oğrun-oğrun
Görüşərdi baxışlar
Utanıb qızarardıq
Yan düşərdi baxışlar…
Soyumuş əllərimiz
Yorulub sıxılardı
Həyacan o əllərin
İçində boğulardı…
Bu yolun yorğunluğu
Taqət eşqi əkərdi
Bu yolun uzunluğu
Bax onda diz çökərdi…
Yolların mənzilinə
Çatanda hirslənərdik
Xəfifcə ah çəkərdik
Gizli heyifsilənərdik…
Bu səssizlik içində
Həsrət tənha qalardı
Bu sükutun dilində
Sevgi ilham alardı.
Kəlmələr lal olardı
Bu sükutun əlində
Biz onda danışardıq
Qəlbimizin dilində..
İndi özgə bir sükut
Hökm edir bu yollarda
Burda ürək danışmır
İndi yaddı bu yolda
Bax indi bu yolların
Mənzili çox uzaqdı
İndi isə bu sükut
Çağrılmamış qonaqdı…
YENİ İL
Təzə ilə girdik
Köhnələri atdılar,
Təzələri aldılar.
Nə köhnəni atmağa
Əlim gəldi
Nə təzəni almağa
Gücüm çatdı.
Amma mən də hazırlaşdım
Təzə ilə…
Sürüklədiyim ümidlərimin
Üzünü yudum
Köhnə arzularımın
Dizlərini yamadım.
Üzümdə güldürməyə çalışdığım
Ümidlərim.
Əynimdə
Yamadığım arzularım,.
Stolumun üstündə boşluq
Qonağım səbir
Oturduq qarşı-qarşıya
Qulağımızda sükutun səsi,
Üzümüzdə təzə ilin nəfəsi
Xəyallarımı düzdüm stola
Bayram süfrəsi açdıq
İlk dəfə kasıblığımı
Ləzzətlə yeməyə başladım.
Badələrimizə
Güman süzdüm…
Güman dolu badəmizi
Qaldırdım bir quş qanadı tək sınmış
qanadımın sağlığına
Yoxsulluğun zəngini
İnadımın sağlığına,
Dərdimi həbs etdiyim
Otağımın sağlığına
Və bir də ki
Məni tərk buraxmayan
Qonağımın sağlığına.
AXTARIŞ
Acılarımı
Bir qədəh içkiyə boğdum.
Həyatın mənə yüklədiyi dərdi
Mən belə qaytarırdım.
Qopub şeirlərimdən
Ünvanımı axtarırdım…
İşıqları sönmüş küçələrdə
Bir qız ağlayırdı
Zərif əllərinə
Sıxışdırıb arzularını
susdurmağa çalışırdı…
Unudulmuş cəsədlər kimi
soyumuş bədəni,
Dilində
oyandığı həqiqətdən qalmış
Sus kəlməsi…
Arzularını susdurmağa çalışırdı.
Bizim kimilərin bir yaddaşı var
Keçmişini danmamaq.
Bizim kimilərin
Bir inamı var
Heç kəsə inanmamaq.
O qız titrək əllərini uzatdı
Ovuclarını açaraq
Al götür bunları dedi…
Arzumu ovcularıma gömmək istəmirəm
Can verən arzularımı
Görmək istəmirəm
Al götür bunları məndən dedi
Onun hıçqırıqları, yalvarışları
Addımlarımın dilində uzaqlaşdı
Ünvanımı axtardım yenə
Dərdimi ovutmağa
Acımı unutmağa…
Sonra bir səs
Niyə xoşbəxt deyilsən dedi
Xoşbəxtlik?
Tanımıram dedim,
Daha heç qarşılaşmadıq…
Güldülər mənə
Qəhqəhələrinin fəryadı
Həyatımın nəğməsini oxuyurdu
Yorğun barmaqlarım
Süründü qələmə sarı
Qələmim…
Ürəyində şeir ağlayır qələmimin
Həyatımın nəğməsiylə
Ömrümə qəm əkirəm
Dərdimi şerimin
Ürəyiylə çəkirəm…
Mənim qəlbim bu yükü çəkəcək qədər
Möhkəm deyil…
Səslər susur mürəkkəbim dinəndə
Ağ kağıza
Məhkum edib dərdimi susur…
Hər arzu
Bir ünvanın başlanğıcı
Hər ünvan
Bir arzunun bitən yeri.
Mənimsə ünvanım
Dərdli qələm və
Ağ kağız…
Qibləsiz ev
Bu evin yanan işıqlarında
Kor olmuş həyat,
Qaranlıq dünyalar,
Yaşamağa inad…
Bu evin otaqlarında
Dustaq edilən talelər,
Qəzəbdən kinlə gülən səbirlər,
Yalançı əməlisalehlər…
Bu evin döşəmələrində
Tapdanmış ümidlər,
Gələcəyi olmayan vədlər,
Ayaqlanmış öyüdlər…
Bu evin tavanında
Allaha qalxan fəryad,
Bəlkələrin ağırlığına dözməyib
Qırılmış qanad…
Bu evin divarlarında
Sınmış ömrün cizgiləri,
Çiliklənmiş arzulara
Qəm sitəmin vergiləri…
Bu evin pəncərələrində
Bədbəxtliyin çılğın rəqsi,
Yaşamayan yaşamımın
Acı çəkən fəryad səsi…
Bu evin qapılarında
Aciz-aciz boynu bükük
Tərk edilən sevinclər…
Qop ey tufan,
Çax ey şimşək
Parçalansın qüdrətinlə
Bu evdəki dərd yuvası.
Qoy dəyişsin
Otaqların qəm havası
Azad olsun yaşamımın
Zəncirlənmiş təbəssümü…
Bəsdi daha bu acıdan
Qəm daradım, kədər hördüm
Qop ey tufan…
Çax ey şimşək…
Bəlkə məndə bir gün gördüm.
Комментариев нет:
Отправить комментарий