Ancaq bizdə oxuyun!
Sofiya Sadıqlı yazır
Günay Musayeva sevindirdi
Adətən şouxanamıza məxsus olanların Biləcəridən o yana çıxan kimi qulağımıza çatan utandırıcı olayları qəlbimizi üzüb. Şouxanamızın üzvləri belə olayları daha çox yaxınlıqmızda yerləşən qardaş Türkiyədə sərgiləyirlər. Ötənlərdə “Best Model” yarışmasında içkinin təsirindən ayaqlara yıxılan şouxanım təmsil etdiyi ölkəmizin adına əslində qara bir ləkə vurdu bu durumuyla. Elə bu qara ləkəyə görə də ona xalq artisti titulunu verdilər. Axı biz “dəyərləndirməyi” də bacarırıq.
Amma bu yaxınlarda Türkiyədə yaşayan modelimiz Günay Musayeva ürəyimizi açan, başımızı ucaldan bir jest edib.
Türkiyənin məşhur aktyoru Tolqa Karellə evlənən azərbayacanlı model bal ayı əvəzinə şəhidləri ziyarət edib.Türkiyə mətbuatı modelmizin bu ehtiramını yüksək dəyərləndirib. Qardaş ölkənin mətbuatının verdiyi məlumata görə, cütlük ötən gün başlayan Troya Moda Həftəsində iştirak etmək üçün Çanakqalaya gedib. Tədbirdə iştirakdan öncə model Çanakqala şəhidlərini ziyarət edib.
Damədimiz Tolqa Karelə xanımın bu hərəkəti o qədər xoş gəlib ki, o, ağızdolusu açıqlama da verib və deyib ki, bal ayına çıxmağı planlaşdırsalar da həyat yoldaşı şəhidləri ziyarət etmək istəyib: “Həyat yoldaşım vətən torpağı üçün ölənləri, şəhidləri ziyarət etmək istədiyi üçün Çanakqalaya gəldik”.
Günay Musayeva isə Türkiyəni ikinci vətəni kimi sevdiyini bildirib: “Burada Azərbaycan əsilli əsgərlər də şəhid olub. Türk əsgərləri ilə birlikdə onları da ziyarət etmək üçün buradayam. Bütün şəhidlərin ruhuna dua edəcəyəm”.
Bax ha, min yaşa Günay xanım, həmişə belə ağıllı jestlərinlə sevindir bizi!
Baloğlanın bal toyu
Yəqin xəbəriniz var, müğənni Baloğlan Əşrəfov oğluna toy edir. Deyilənlərə görə, Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamları Mübariz Mənsimov və Telman İsmayılov da Baloğlanın oğlunun toyunda iştirak edəcəklər. Toy sentyabrın 26-da Bakıda olacaq. Baxın ha, qabaqda müğənnini bal kimi toy gözləyir.
Şouxanamızın “heyvan sevgisi”
Dəfələrlə bunu demişəm, yenə də deyirəm, bizim şouxanamız əsl rəzalətxanadır ki var. Dünyanın hər bir ölkəsində şouxana var, amma dayazlıqda bizimkilərə çatan olmaz. Camaatın ulduzları insanların, təbiətin, heyvanların hüquqlarını müdafiə edir, bizimkilər isə əllərində sabun, şampun hazır dayanıblar ki, bəlkə bir tituldan –zaddan aldılar. Hələ bu da cəhənnəm e, bütün dünyada ulduzlar xəz və dəri geyimlərinə, bu geyimlərdən ötrü heyvanlara qarşı edilən vəhşiliyə etiraz etdikləri vaxtda bizim “ulduzlar” görməmiş kimi sanki bir-birləri ilə yarışa giriblər. Elza Seyidcahan, Röya, Aygün Kazımova, Brlliant Dadaşova xəz geyimlərdə müsahibə verir, klip çəkdirir, bununla da guya “zəngin” xanım olduqlarını sübuta yetirmək istəyirlər. Belələrinə elə gəlir ki, zənginlik əynindəki geyimin bahalığı ilə ölçülür. Amma bu belə deyil, zənginlik insanın daxilində olur. Zənginlik elə daxili mədəniyyət deməkdir. Klipinin bahalığı, toy qonararının şişirdilmiş məbləği hələ zənginlik deyil.
Bu günlərdə internetdən oxuduğum bu xəbəri oxuyanda şouxanamızın və şouxanamızdakıların necə də dayaz olduqlarını bir daha anladım.
Belə ki, dünyasının tanınmış simalarından olan britaniyalı model Kelli Bruk soyunub. O, ancaq bədənini sərgiləyib pul qazanmaq üçün soyunmayıb. Bu bizim “ulduzların” işidir. Kelli xanım “Heyvanlarla Etnik Davranış Təşkilatı” (PETA) ilə birlikdə etiraz aksiyası keçirmək məqsədilə soyunub. Məşhur model ilan dərisi motivləri ilə boyanmış bədəninin əks olunduğu posteri mətbuata təqdim edib. Posterdə “Kimin dərisinin içindəyik?” şüarına yer verilib. Ümumilikdə kampaniya “Heyvanlar qarderobunuza deyil, təbiətə aiddir” şüarı altında keçirilir.
PETA nümayəndəsi Mimi Bekeçki aksiya vasitəsilə ilan, timsah kimi heyvanların dərilərindən istifadə edən modelyerlərə ismarıc göndərmək istədiklərini deyib.
Qeyd edək ki, heyvan haqlarının müdafiəçisi kimi çıxış edən təşkilatın bütün dünyada 2 milyondan çox dəstəkçisi var.
Bizdə də bir Elza Seyidcahan var. Özünü o biri manıs həmkarlarından fərqləndirmək üçün o, guya heyvansevərliyini reklam eləyir. Burdan heyvansevərliyini reklam edir, ordan da durub gedir xəz dükanlarının mallarını reklam edir. İndi bu adamı necə başa düşəsən və ya necə başa salasan ki, ay bala, nala-mıxa vurma, ya heyvanları sev, ya da onların dərilərini, xəzlərini…
İradə geri dönür
Türkiyə şou-biznesinə ağız büzən, özündən razı İradə İbrahimova vətənə gəlir. Məsəl var deyir, vətənə gəldim, imana gəldim (guya vətəndən çıxan kimi imanın havaya uçur). Amma indi bilmirəm, İradə vətənə imana gəlmək üçün gəlir, yoxsa…
İradə Türkiyəyə gedəndən sonra xeyli dəyişib. Burda jurnalistlərə yuxarıdan aşağı baxan İradə Türkiyədə hətta yerli həmkarlarımdan birinin gəlişini xeyli gözləməli olub. Bunlar belədir də, burda olanda harda qələm görürlər qaçırlar, çünki qələm bolluğudur. Biləcəridən o yana çıxanda isə əliqələmli tapa bilmədiklərindən üstümə qaçırlar.
Amma İradənin sözçüsü deyir ki, o, vətənə nə imana, nə də oxumağa gəlmir. Sən demə, İradə Türkiyədə doğulan qızının bir yaşını Bakıda, dostları və qohumlarının əhatəsində qeyd etmək istəyir.
70 min avroluq Aygün…
Dedim axı bizimkilər kərmədən gül düzəltməklə məşğuldurlar. Gedib o yanda bir alkaş rejissor tutub 2-3 min manata klip çəkdirirlər, gəlib burda gopa basırlar ki, 20-30 min avro xərcləyiblər. Aygün Kazımova vaxtilə yerli rejissorlara “yox” deyib, üz tutdu Gürcüstana. Gedib Gürcüstanda iki kəl tapdı (buna bəzən öküz də deyirlər), sonra bu kəlləri cütə qoşub qarın üstünü şumlamağa başladı. Guya gürcü rejissoru Aygün üçün qeyri-adi klip çəkib də. Bizim Ülviyyə Könülün klipləri bunun yanında Hollivuda aparmalıdır. Bizim şouxanımlar elə bilirlər ki, Cenifer Lopezə klip çəkən rejjisorla işləyən kimi olacaqlar Cenifer. Day bilmirlər ki, Cenifer bunlar kimi gecə saat 2-3 arası manıslıqdan evə dönüb, dana basdırması yemir. Zərif qalmaq üçün idman edir, pəhriz saxlayır, dünyadan xəbər tutmaq üçün kitab oxuyur, bütün bunların nəticəsi olaraq, onun daxili zənginliyi xarici gözəlliyi ilə vəhdət təşkil edir. Bu da Ceniferin mükəmməl qadınlığında əks olunur.
İndi Aygün Kazımova deyir ki, Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Klip Kral TV-də gün ərzində 48 dəfə yayımlanacaq. Guya bu klip 70 min avroya başa gəlib. İnanan daşa dönsün….
Aygünün sözçüsü xəbər verib ki, Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Komanda meqastar Tarkanın “Acımayacaq”, eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib. Hə nolsun?
Bilirsiz də Kral TV-də klipi orda çəkilənin gül üzünə baxıb yayımlamırlar. Klipi yayımlamaq üçün öncədən pullarını alırlar.
Ola bilər ki, Aygün Kazımova 70 min avro deyəndə bunu da nəzərə alıb.
Sofiya Sadıqlı
Комментариев нет:
Отправить комментарий