17.09.2011

“Dağlıq Qarabağda düşən pilotsuz aparat İsrailə məxsusdur”

Türkiyə mətbuatı: Həmin aparat Ermənistandan qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib

İsrail demək olar ki, bütün Yaxın Şərq ölkələri üzərində pilotsuz uçan aparatlarla kəşfiyyat işləri aparır


Türkiyə mətbuatı Qarabağ səmasında düşmüş pilotsuz uçuş aparatı ilə bağlı maraqlı iddia irəli sürüb. APA-nın məlumatına görə, «Sıcak Gündəm» qəzeti diplomatik mənbələrə istinadən ermənilərin vurduqlarını iddia etdikləri pilotsuz kəşfiyyat aparatının əslində düşdüyünü və onun Azərbaycana deyil, İsrailə məxsus olduğunu yazıb.

Qəzet bildirir ki, ermənilərin yaydığı xəbərdə və görüntülərdə pilotsuz aparatın Azərbaycana aid olduğunu göstərən heç bir tanınma nişanına rast gəlinməyib. Hadisə ilə bağlı aparılan araşdırmalarda bəzi məqamlar diqqət çəkir. Adının gizli qalmasını istəyən türk diplomatiyasına yaxın qaynaqlar isə düşən pilotsuz aparatın İsrailə aid olduğunu önə sürür.

Qəzetə məlumat verən diplomatik mənbə bildirib ki, pilotsuz aparat İsrail Hava Qüvvələrinə aiddir: «Aparat Ermənistan və ya işğal altındakı Qarabağ bölgəsində yerləşən hərbi bazadan qalxaraq İranla bağlı kəşfiyyat uçuşu yerinə yetirib. Beləcə, Azərbaycanın işğal altındakı torpaqları ermənilər üçün sadəcə narkotik tranziti, terror bazaları deyil, eyni zamanda məxfi əməliyyatlar və hərbi kəşfiyyat üçün bazaya çevrilib”. 

Mənbə onu da deyib ki, hazırda İsrail demək olar ki, bütün Yaxın Şərq ölkələri üzərində pilotsuz uçan aparatlarla kəşfiyyat işləri aparır. 

Qəzet daha sonra yazır: “Burada bəzi suallar meydana çıxır. Xüsusən də o sual ki, sentyabrın 12-də baş vermiş hadisə niyə 2 gün sonra açıqlandı?»

Məqalədə qeyd olunur ki, bu il iyunun 26-da Bakıda keçirilən hərbi paradda Azərbaycanın pilotsuz aparatları nümayiş olunub. Bu aparatların üzərində Azərbaycanın dövlət bayrağı həkk edilib: «Ermənilərin Azərbaycan pilotsuz aparatını vurması xəbəri şəkillərə baxdıqda sabun köpüyü kimi yox olur. «Məhv edilmiş təyyarə» havada vurulmuşa bənzəmir. Yanğın və mərmi deşikləri yoxdur. Amma başqa şey görünür - cihaz sadəcə yerə çırpılaraq məhv olub».

Başqa bir iddia isə ermənilərin yayımladığı videoda düşmüş pilotsuz uçuş aparatının bəzi cihazların üzərində Kanadada fəaliyyət göstərən «NovAtel» şirkətinin embleminin olması ilə bağlıdır. Qəzetə məlumat verən mənbə bildirib ki, «NovAtel» yüksək dəqiqliyə malik sistemlər hazırlayır. İsrail bu şirkətdən yeni nəsil pilotsuz aparatları olan «Hermes 1500», «Hermes 900» və «Hermes 180» üçün DGPS sistemləri alıb. İsrail Azərbaycana «Hermes» sinifli aparatlardan yalnız «Hermes 450» satıb ki, o aparatda da «NovAtel» sistemləri istifadə olunmur.

Qeyd edək ki, Azərbaycan hərbi paradda əsasən "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz aparatları sərgiləyib. Azərbaycanın həmçinin İsraildən «Hermes 450» tipli pilotsuz təyyarə aldığı bildirilir.




lent.az

Комментариев нет:

Отправить комментарий