Mayis Güləliyev
mayis_gulaliyev@yahoo.com
Corc Soros: “ABŞ-da İsrailə aid siyasətin müzakirəsi ciddi nəzarətdədir və bu müzakirə 300 milyonluq Amerika cəmiyyətinin diqqətindən yayındırılır”
Corc Soros öz məqalələrində və çıxışlarında dəfələrlə qeyd edib ki, o, açıq cəmiyyət tərəfdarıdır və bu sahədə öz maliyyəsini xərcləməyə hazırdır. Qeyd edək ki, onun açıq cəmiyyətə verdiyi xarakteristikalardan biri də cəmiyyətin dövlət hakimiyyəti üzərində nəzarətinin təmin edilməsidir. Məhz bu fəlsəfəyə əsaslanaraq, əsasən onun maliyyəsi ilə, post sovet ölkələrində ABŞ xarici siyasətinin aparıcı elementlərindən birinə çevrilmiş qeyri-hökumət təşkilatları institutları yaradılmış və lazım olan anlarda bu qurumlardan yerli hakimiyyət orqanlarına təsir vasitəsi kimi istifadə edilir. Corc Soros etiraf edir ki, dünyaya “demokratiya dərsi” deyən ABŞ-da İsrailə aid siyasətin müzakirəsi ciddi nəzarətdədir və bu müzakirə 300 milyonluq Amerika cəmiyyətinin diqqətindən yayındırılır. ABŞ-da İsrail üzrə siyasətin müzakirəsinin məhdudlaşdırılması faktının Acıq cəmiyyət ideyasının əsas daşıyıcısı tərəfindən etiraf edilməsi çox maraqlıdır. Lakin bunun səbəblərinin açıqlanmaması təəssüf doğurur. Kimdir ABŞ cəmiyyətinə və ABŞ hakimiyyətinə belə ciddi nəzarəti həyata keçirən? “Dünyaya meydan oxuyan” “fövqəl gücü” nəzarətdə saxlayan bu “daha fövqəl güc” dünyanın digər ölkələrinə hansı münasibətdədir? Dünya bu qüvvənin mümkün təsirindən müdafiə olunubmu? Acıq cəmiyyət ideyası bu qüvvənin mümkün mənfi təsirlərindən qorunmaq üçün birləşmək imkanı verirmi? Yoxsa, əksinə dünyanın bu qüvvəyə qarşı “müdafiə immunitetini” azaldır? Bu “fövqəl gücün” qarşısında Azərbaycan kimi ölkələr nə dərəcədə özünü müstəqil hesab edə bilər?
Bəs hanı C. Sorosun təbliğ etdiyi “acıq cəmiyyətin gücü”?
C.Soros etiraf edir ki, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AİİƏK) həm Demokratlar, həm də Respublikaçılar partiyalarına ciddi təsir imkanları var və bu qurum ABŞ-ın Yaxın Şərq siyasətinə, o cümlədən Fələstinlə bağlı ABŞ siyasətinin belə xarakter almasına güclü təsir göstərir. Məlumat üçün deyək ki, AİİƏK ABŞ-ın İraqa hücumunu dəstəkləyib, John Boltonun BMT- da ABŞ-ın səfiri kimi təsdiq edilməsi üçün lobbiçilik fəaliyyətini yerinə yetirib və Hamasın daxil olduğu Fələstin hökuməti ilə hər hansı dialoqun aparılmasına mane olur və Yaxın Şərqin hərbi güclə nəzarətdə saxlanmasına cəhd edir. Bəs haradadır “demokratik” ABŞ cəmiyyəti? Onlar doğrudanmı dünyada baş verən hadisələrə biganədirlər, və ya onlar da ABŞ cəmiyyətini gizli idarə edən belə “fövqəl qüvvənin” fəaliyyətindən qorxurlar? Bəs hanı C. Sorosun təbliğ etdiyi “acıq cəmiyyətin gücü”? Bu günün reallığı budur ki, ABŞ prezidenti təkbaşına müharibə elan edə bilər, Konqresin qərarlarına veto qoya bilər, 300 milyonluq cəmiyyət isə “çox məşğuldur və ya AİİƏK-dən çəkinir”, həm Konqres, həm də prezident AİİƏK tərəfindən ciddi təsirlərə məruz qalır. Budurmu dünyaya öyrədiləsi “demokratik idarəetmə”? AİİƏK-nin belə “fövqəl gücə” çevrilməsinin və ABŞ cəmiyyətinin dövlət idarəçiliyinə təsir imkanlarının getdikcə azalmasının dünyanın varlığına təhlükə olduğunu cənab Soros gizlədir və bu siyasətin İsrailin mövcudluğuna təhlükə olduğunu qabardır.
C. Soros öz müsahibələrində qeyd edir ki, o, sionist deyil, lakin İsrailin gücləndirilməsinin də tərəfdarıdır. O, BMT-nin 1947-ci il qətnaməsini dəstəkləyir, fələstin əhalisinin öz yurdlarından qovulmasına münasibət bildirmir, İsrail qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasının vacibliyi haqqında susur, Fələstin probleminin həllinin yalnız hərbi yolla ola bilmədiyini desə də hərbi gücün artırılmasının İsrailin milli təhlükəsizliyi üçün zəruri olduğunu qeyd edir, lakin “sionist deyil”. Qəribə məntiqdir, deyilmi?
İsrailin ABŞ üçün, xüsusilə də, onun siyasi həyatını idarə edən AİİƏK üçün, “silah anbarına” çevrilməsini etiraf etməmək, İsrailin irqçi siyasətinin tənqid edilməməsi və silahlanmasının təşviq edilməsi, Yaxın Şərqin sürətli silahlanmaya və hərbi toqquşmaya təhrik edilməsi problemlərin həllinə sionist yanaşma deyilmi?
C. Soros etiraf edir ki, Prezident Buş, Klintondan fərqli olaraq, Yaxın Şərq probleminin həlli istiqamətində sülh danışıqlarına heç vaxt cəhd etmədi. O, qeyd edir ki, “Buş “terrora qarşı müharibə” metaforasını qəbul edərək Ariel Şarona da bu yolu tutmağa imkan yaratdı. Şaron danışıqlar nəticəsində həlli istəmirdi. O başa düşdü ki, indiki halda hərbi işğalı davam etdirmək mümkün deyil və İordan çayının Qərb Sahilində möhkəmlənmək üçün Qəza bölgəsindən çıxdı. Lakin hərbi qüvvələrin birtərəfli çıxarılması sonrakı hadisələrin baş verməsi ilə nəticələndi. Buş hökuməti Şaron/Olmert hökumətinin siyasəti ilə nəinki sakitcə razılaşdı, hətta o bu siyasəti dəstəklədi”. Əgər C. Soros bu faktları yalnız tarixçi kimi təsvir etsəydi, onunla razı olmaq olardı. Lakin bu fikirlər Şərqi Avropada və post sovet ölkələrində “açıq cəmiyyətlərinin yaradılması məqsədilə” böyük miqdarda maliyyə xərcləyən siyasətçi tərəfindən ifadə edildiyi üçün bəzi suallar ortaya çıxır. Birincisi, Amerika cəmiyyəti Buşun “terrora qarşı müharibə” avantürasına nə üçün asanlıqla inandı? İkincisi, cənab C. Soros Amerika cəmiyyətinin bu avantüraya uymaması və ABŞ prezidentinin özbaşınalığına müqavimət göstərməsi üçün hansı addımlar atmışdır? Üçüncüsü, Buş administrasiyasının özbaşınalığının, dolayısı ilə, ABŞ cəmiyyətinin “demokratiyasının” qurbanı olmuş minlərlə insanın ağır həyatını yüngülləşdirmək və davam edən zorakılığın qarşısını almaq üçün C. Soros hansı proqramları həyata keçirmişdir? İsrail tərəfindən Hizbullahın mövqelərinə adekvat olmayan cavab zərbələrinin endirməsinə və minlərlə günahsız Livanlının ölümünə mane olmaq üçün cənab C. Soros hansı addımları atmışdır?
Artıq heç kəsə sirr deyil ki, ABŞ-ın və İsrailin Yaxın Şərq üzrə bugünkü siyasəti problemlərin həllinə yox, hərbi qarşıdurmanı qızışdırılmasına yönəlmişdir. Başqa sözlə desək, Yaxın Şərqdə münaqişələrin mövcudluğu Yaxın Şərq ölkələrinin guya həllini gözləyən problemlərinin olması ilə heç də bağlı deyil və İsrailin bugünkü sərhədi və mövcudluğu etiraf edilsə belə ABŞ, İsrail və onların siyasətinə təsir gücü olan AİİƏK hərbi qarşıdurma üçün yeni bəhanələr axtaracaqdır. Keçən ilin yayında İsrail Müdafiə Qüvvələrinin Livanın yol, aeroport və digər infrastrukturlarının dağılması ilə müşayiət edilən hərbi əməliyyatı da sonrakı hərbi əməliyyatların davam etdirilməsinə və mümkün olduğu qədər “körpülərin yandırılmasına” xidmət edirdi.
İsrail lobbisinin bütün dünyada əsas şantaj metodu...
C. Sorosun AİİƏK tərəfindən ABŞ və İsrail siyasətinə təsir etməsinin tənqidi və bu qurum tərəfindən yəhudilərin müdafiə edilməsinə şübhə ilə yanaşmasında müsbət elementlər vardır. Belə ki, o, “Axır vaxtlar pro-İsrail lobbisi ona hücumları qabaqlamaqla anti-Semitizmi qızışdıran İsrail siyasətinin proqressiv tənqidinin səhv olduğunu göstərən və Yəhudi dövlətinin mövcudluğuna ciddi təhlükə yaradan hücumlara başlamışdır”, deyərək AİİƏK-nın və onun təsir dairəsində olan ABŞ və İsrail siyasətinin anti-semitizmi qızışdırmasından narahatçılığını bildirir. Anti-Semitizmin Sionizm tərəfindən qəsdən qızışdırılması faktları az deyil və bu faktın cənab Soros tərəfindən dolayısı ilə etiraf edilməsi Yaxın Şərq problemlərinin düzgün başa düşülməsi üçün çox vacibdir.
Qeyd edək ki, anti-Sionizmin anti-Semitizmlə yeniləşdirilməsi cəhdi İsrail lobbisinin əsas ideoloji məqsədlərindəndir. İsrail siyasəti ilə və ya ABŞ-ın Yaxın Şərq siyasəti ilə razı olmayanların anti-Semit kimi qiymətləndirilməsi İsrail lobbisinin bütün dünyada əsas şantaj metodudur. Alvin H. Rosenfeld tərəfindən hazırlanmış və Amerika Yəhudi Komitəsi tərəfindən dərc edilmiş kitabçada belə misallar kifayət qədərdir. O yazır ki, “şişirdilmiş və böhtanla dolu terminlərin” istifadə edilməsi İsraili “anti-Semitlər tərəfindən müntəzəm tənqid edilən və həqarətlə baxılan ölkəyə” çevirir. C. Soros da İsrailin faşist ölkə adlandırılmasını və ya onun Cənubi Afrika tipli aparteid metodu ilə idarə olunmasını və ya etnik təmizləmədə və ya geniş miqyasda genosiddə mühakimə edilməsini tənqidin sərhədlərindən kənara çıxma hesab edir. Məzmunundan asılı olmayaraq İsrail siyasətinin tənqid edilməsində C. Sorosun ehtiyatlılığı hiss edilir. O, “tənqid başqa ölçülərlə yox, onun yaxşı cəhəti ilə nəzərdən keçirilməlidir” deyərək, vətənpərvər hesab olunmayan tənqidin qarşısının alınmasının həm İsrail, həm də ABŞ-a ciddi ziyan vura biləcəyini nəzərə çatdırır. O etiraf edir ki, Buş administrasiyası və Şaron/Olmert hökuməti Yaxın Şərq üzrə zərərli siyasəti davam etdirmək üçün mümkün tənqidlərin qarşısını almağa müvəffəq olmuşlar. Bəli, C. Soros Amerika cəmiyyətində- guya demokratik institutların müvəffəqiyyətlə fəaliyyət göstərdiyi, söz və mətbuat azadlığının bərqərar olduğu, dövlət orqanlarının cəmiyyət qarşısında hesabatlılığının təmin edildiyi, insan hüquqlarının qorunduğu bir cəmiyyətdə İsrail siyasətini tənqid edənlərə qarşı ciddi təzyiqlərin olduğu etiraf edir.
Комментариев нет:
Отправить комментарий