17.11.2012

Günəş Hüseynli - Mən bir susuz səhrayam


Mən bir susuz səhrayam,
qəribədir hər dəmim.
Tək günəşdən paylanan
Şəfəqlərdir məlhəmim.

Kimdir mənə yol salan?
Bu hyanğıdan zövq alan,
Yaranışdan gah tufan,
Gah sükutdur həmdəmim.

Həsrətəm qar - yağışa,
Nəğmə deyən bir qışa,
Etmə mənə tamaşa
Yox baxmalı görkəmim.


Ağacım yox, gülüm yox,
Xoşəhvallı günüm yox,
Eh, dənizim, gölüm yox,
Xəyallarda üz gəmim...

Yuxu

Nə gözəl yuxudur görürəm belə,
Önümdə qanadlı ağ at dayanmış.
Sağım da, solum da güllər, çiçəklər,
Hərəsi bir gözəl rəngə boyanmış.

Günəşin üzünə xoş bir təbəssüm,
Buludlar səmada qənirsiz naxış.
Belə bir gözəllik quran əllərə,
Yüz dəfə, min dəfə, daha çox alqış!

Minərək o bəyaz qanadlı atı,
Buludlar üstündə çapıb gedirəm.
O gözəl göylərin hər tərəfində
Gözəllik, şirinlik tapıb gedirəm.

Göyləri dolaşıb enirəm yerə,
Yerdəki gözəllik göydən də gözəl.
Yolumu gözləyən qonur gözlümün,
Çöhrəsi günəşdən də, güldən də gözəl.

Bu yerdə şaxtadan əlamət də yox,
Hər zaman fəsillər gözəli bahar.
Ürəkdə qədərsiz şadlıqda sevinc,
Nə qəm var, nə ağrı, nə də intizar.

Gözlərim açıldı heyif, çox hayıf,
Saatım oyanmaq zəngini çalır.
Gördüyüm o gözəl yuxudan mənə,
Yazdığım bir şeir parçası qalır.

Комментариев нет:

Отправить комментарий