18.11.2012

O, belə sevirdi

Narıngül

     Şəxsiyyəti ilə yaradıcılığı arasında heç bir porodoksa yer qoymayan və  sevilə -sevilə  oxunan  Dostoyevski  insan  temperamentinin bir çox növlərini özündə cəmləşdirən  maraqlı bir insan tipi idi. Onun  romanlarının  substansiyası məhz qəlbi sevgi və ehtirasla dolu olan   böyük  Dostoyevski şəxsiyyəti idi  və bu böyük yazışı öz fərdi-psixoloji xüsusiyyətləti ilə  romanlarındakı insan surətlərindən xeyli  irəlidə dayana bilirdi. Tanınmış rus yazıçısı  və tənqidçisi   L.Qrossman tərəfindən məharətlə qələmə alınmş  “Dostoyevski portret”inin  qarşısında dayanaraq insan xarakterinin ən inçə cizgilərinə heyranlıqla tamaşa etməmək,  ecazkar insan dühası qarşısında mat qalmamaq  qeyri-mümkündür.   Bu insan -  portret deyərdim ki, insanlıq tarixinin ən möhtəşəm əsərlərindən biridir və bu  portretin əsas ştrixlərindən biri sevgidir.
     Bütün ömrü boyu yaradıcı olan Dostoyevski  öz  sevgisində də yaradıcı idi.  Sevgi təzahür  istiqamətindən asılı olmayaraq  makimalizmdir və Dostoyevski insan  həyatının  bütün hallarında maksimalist idi.
Yaradıcı və maksimalist  Dostoyevski sevgi üçün  çox  yararlı bir insan  tipi idi. O, həyatındakı qadınların hər birini özünəməxsus çılğınlıq və nəvazişlə sevirdi. Dostroyevski sevgidə  çox zəhmətkeş idi.
     Onun çoşğun emosiyası, qəlbinin  bir yerdə qərar tutmayan,  məcrasından çıxıb aşıb - daşan  duyğu seli və ehtirası   bir qadına olan istək çərçivəsində sərhədlənə bilməzdi. Dostoyevski tez - tez aşiq olurdu. Həyatındakı  qadınların sayı bunun sübutudur: Mariya  Dmitriyevna, Apollinariya Suslova, Anna Vasilyevna,  Anna  Qriqoryevna ...  İstedadı ilə ərafdakıları heyran edən, öz parlaq dühasıyla başqalarından  seçilən və   ucada dayanmağı bacaran dahi yazıçı sevgi qarşısında açiz idi. Sevgi, gözəllik və mərhəmət -   bunlar onun keçə bilmədiyi baryerlər idi.
      O, bu acizliyini  çəkinmədən etiraf edirdi: ”Mən daha heç bir şey haqqında düşünmürəm. Təki onu görüm, onun səsini eşidim... Mən bədbəxt divanəyəm. Bu cür sevgi  xəstəlikdir. Mən bunu hiss edirəm” .( L Qrossman). Etiraf böyüklükdür...
      Dostoyevski sevgisi məlum  obyektə yönələrək öz sonluğunu tapan  bir sevgi deyildi. Bu daim can atan, dəyişən, narahat bir sevgi idi.  Dostoyevski öz sevgisində də çəkilməsi mümkün olan   bütün əzabları  yaşayan, iztirablara tab gətirən bir insanlıq  mücəssiməsi idi.
Sevgi yenilməyi sevir. Başqa çarə yox.. İtirmək təhlükəsi olan yerdə enməkdən  başqa yol qalmır. Bir halda ki,  qarşıda sərt divardır... Sevgidə güzəşt insanın öz hisslərinə enməsidir.  O, öz sevgisi uğrunda hər cür enişə, “yerlə-yeksan” olmağa hazır idi:
 ”Dostoyevski soyuq bir ümidlə, aciz və sust halada qızdan xahiş edirdi ki, onunla dostluq etsin , görüşlər təyin etsin, məktublaşsın. “ Bəlkə, hər halda, İtaliyaya gedək? Mənim dostum, qorxma, mən sənin ancaq qardaşın olacağam...” (L Qrossman).
     Melonxolik insanlar sevgiyə qarşı daha həssas olurlar. Və daha böyük coşquyla sevirlər. Bəlkə də, bu insanlar üçün sevgi həm də   darıxmaq  hissini yox etmək instinktidir.  Eşqdə  həyəcan, təşviş,  qorxu və bunun nəticəsi  olan uğursuzluq.  Təbiətcə melonxollik insan tipinə yaxın olan  Dostoyevski sevgisində tez-tez uğursuzluğa düçar olurdu. Bəlkə də, bu uğursuzluq onun sevə bilməməyində idi. O,  həm dəlicəsinə sevir, həm də sevgi adlanan nəsnənin qayda -  qanunlarına riayət etmirdi. Onun sevgisində  həmişə nə isə  düzgün olmurdu. Çoşğun xəyalpərəst və gözəllik vurğunu olan Dostoyevski real olanlardan yan keçir, qeyri-adi və  uzaq olanlara üz tuturdu.  Həyatındakı qadınlar isə real idilər və onlar  hər dəfə ürəkdən, bütün varlığı ilə sevən bu aşiqi çətin vəziyyətdə qoyur, özlərinə başqa sevgili tapırdılar. Görünür,  ehtiraslı  qadın qəlbinin  çox vaxt şeytani  tamah hissinə də  açıq olması  öz işini asanlıqla görür və bu məhz  yazıçının payına düşürdü.  Hər dəfə sevdiyi qadının başqasıyla olan eşq məcarasını dinləmək, ona şəfqətlə məsləhətlər vermək  Dostoyevski taleyinə yazılmış bir  sınaq  yazısı idi. Amma bu fədakar aşiq heç vaxt  geri çəkilmir, bütün qəlbi ilə mübarizə aparırdı.
     Onun ilk və ən möhtəşəm  sevgisi 35 yaşında ikən  Kuznetskdə tanış olduğu  Marina Dmitriyevnaya olan eşqi idi. Katorqa sürgünündən yenicə qayıtmış, qəlbi yaşamaq eşqi  və yaradıcılıq həvəsi ilə çoşub daşan ədibin bu sevgisi ona  eşqin bütün əzablarını  daddıra bilmişdi. Dostoyevski bu qadını sevərkən o, ərdə idi və ərli bir qadını sevən yazıçı elə ilk andan öz qucağını iztirablara açmalı olmuşdu.
     Dostoyevski  həyatının  bu qadına bağlı olan  anı insan qəlbinin ehtirasdan bayıldığı, ağıl və idrakın öz hökmünü itirdiyi bir an idi. Əri öldükdən sonra yazıçının qarşısında yaşıl işıq yansa da,  bu qadın tezliklə onu yenidən başqa bir əzab  səddini  aşmağa vadar etmişdi. Bu dəfə sevgilisi  bəsit  təfəkkürlü, sadə dünyagörüşlü bir əyalət müəllimini  böyük mütəffəkirin qarşısına çıxartmışdı.  Başqa bir sevgilisi - Apollinariya da bu “mükafatı” ondan əsirgəməmiş, ona yetərincə sevgi  iztirabları  bəxş etmişdi. Hər an xəyanətə hazır olan bu qadın qəlbindəki  təlatümlü Dostoyevski sevgisinə dəlicəsinə vurulduğu bir fransız tələbənin  sevgisini də qatmış və bu “qatkını” təmizləməyi  inadkar aşiqin  ixtiyarına buraxmışdı.Yenə eyni təzadlar, eyni iztirablar.... Lakin bu iztirablar həyatın özü qədər nəşəli və möhtəşəmdi.
    Öz mübarizəsindən əl çəkməyən Dostoyevski inadla və usanmadan bir zərrə işığa üz tutaraq özünə  nəfəslik açmağa nail olurdu. Böyük iradə sahibi və fədakar aşiq tanrının ona bəxş etdiyi  enerji və istedad  ilə hər şeyi yoluna qoymağı bacarırdı. Bütün bu psixoloji keçid  mərhələlərində onun daha bir istedadı  və insani keyfiyyəti üzə çıxırdı. O, ədibi lovğa və təkəbbürlü bir tələbə ilə dəyişməyə hazır olan Mariya Suslovanın şıltaqlıqlarına dözür, onu intihardan çəkindirir, dəli kimi sevdiyi,  ilk eşqi  Mariya Dmitriyevnanın ərə getməyə hazırlaşdığı adama - Verqunova kömək etməyə çalışırdı.. Yazıçı   nüfuzlu Vrangelə məktub yazaraq Verqunova yaxşı bir iş tapmağı xahiş edirdi. Eyni zamanda,  əndazəsini aşmış fədakarlığına görə  özünə   “bəraət” qazandırırdı. .”Bunların hamısı o qadın üçündür, yalnız onun üçün. Heç olmasa o, yoxsulluq içində qalmayaydı”.  Bu xətt   Dostoyevskinin həyat salnaməsində insanlığın ən ali mərtəbəsi kimi dəyərləndirilir və   bütün mübarizələrin kökündə, insan həyatınin   ən ali məqamı  olan sevgi dayanırdı. Sevgi məcaralarının ən kritik anlarında belə Dostoyevskinin  güçlü iradəsi təslim olmur,  inadla çıxış yolu axtarırdı.
     O, dəlicəsinə sevdiyi qadını – Mariya Dmitriyevnanı itirmək ərəfəsində, hər şeyin tamamilə yox olduğu  vaxtda, ümidsizliyin bir addımlığında   mümbarizəyə atılır. Onu həyatın müflisləşmiş üzünə sürükləyən, qumar kazinolarına aparn güclü iradəsi bu dəfə sevgisi uğrunda mübarizədə sərkərdə rolunu oynayır  və qələbə qazandırır.
     Bütün bunlarla yanaçı,  Dostoyevski də tanrının yaratdığı adi insanlardan biri idi. Uzun –uzadı sevgilərdən çıxmış, yorğun, taqətsiz Dostoyevski ömrünün son mərhələlərində onu anlayan sevgidən çox dostluq, şəfqət umduğu, sevgilidən daha artıq  ata kimi qeydinə qalacaq qadına üz tutur. Bütün hisslərin sonu lal, sakit bir məcraya yönəlməyə məhkumdur. Yoxsa həyatın səsini dinləmək olmaz, insan öz səsi içində boğula bilər. Ədibin həyatındakı sonuncu qadın, məhz sonuncu olan, Anna Qriqoryevna onun həyatını sahmana sala bilmişdi. Onu sakit bir məhəbbətlə sevən bu qadın əvvəlcə bir stenoqraf  kimi ədibin əsərlərinə, sonra isə  dağınıq insan  həyatına ustalıqla əl gəzdirdi. Bu  evlilik onun dəli eşq  salnaməsinin son akkordu idi. Bu həm də, ehtirasdan sağ - salamat çıxmış insanın reallığa qayıdışı idi.
    Bu qadın ona uşaq bəxş etdi,  son nəfəsinə qədər onun  qayğısına qaldı. İnsan təkamülünü həyat  yoluna təslim etdi.

Комментариев нет:

Отправить комментарий