18.11.2012

Siz kimin hüquqlarını müdafiə edirsiniz, Novella Cəfəroğlu?

Lalə Ramizqızı


Novella xanım ön cəbhəyə gedibsə, deməli qələbə günümüz yaxınlaşıb

Fələstinlilər İsrailin onları bombardman etməsindən hiddətlənərək, yəhudilər tərəfə "raqatka"yla üç-dörd daş tolazlayanda Novella xanım əsil hüquq müdafiəçisi kimi fələstinlilərin yəhudilərin haqq və hüquqlarını pozduğunu bəyan etmişdi. Üstəlik də xatırlatmışdı ki, İsraildə yaşayan əri və övladlarının taleyindən bərk nigaran qalıb.

Novella xanıma deyəcəklərim var: Biz sizə öz adımızdan danışmaq səlahiyyəti verməmişik

Atalarımızdan qalma bir deyim var: "Harda aş, orda baş". Ölkəmizdə də bəzi insanlar yaşam tərzlərini bu deyimə uyğunlaşdırmış kimi görünürlər. Hansı tədbiri izləyirsən, həmin insanlar dəvət olunub-olunmamalarından asılı olmayaraq orada görünürlər. Müzakirə mövzusu istər iqtisadiyyatdan, istərsə də siyasətdən və yaxud insan haqq və hüquqlarından olsun.

Qəribədir bir çoxlarının yaşı 60-ı, 70-i çoxdan adlasa da, təqaüdə çıxmaq barədə heç düşünmək istəmirlər deyəsən. Hələ demirəm ki, bəzilərinin əri, övladları və ya arvadı uzun illərdir xarici ölkələrdə məskunlaşıb, necə deyərlər şellənməkdədirlər. Hansılar ki, ölkəmizdə qalıb əskər kimi Vətənə xidmət göstərə bilərdilər.
Novella xanıma da üz-gözümüz öyrəşib. Onu uzun illərdir ki, tanıyıram. Hələ rayonda yaşadığımız zamanlardan Naxçıvana tez-tez gəlib gedərdi. O zaman Əbülfəz Elçibəy Kələkidə yaşayırdı. Atamla, əmimlə bizdə tez-tez Kələkiyə gedərdik. Onda mənim 12-i, bacımın isə 10 yaşı vardı. Bir dəfə Elçibəy bacıma baxıb dedi ki, səndən yaxşı jurnalist olacaq. Səbəbsiz deyildi, çünki bacım ona çoxlu suallarla müraciət edirdi. Ancaq həyat elə gətirdi ki, mən jurnalist peşəsini seçdim.
Novella xanımı Kələkiyə çox zaman atam və ya qohumlarından biri müşaiyət edərdi. Elə zamanlar olub ki, müəyyən səbəblərdən Novella xanım başının dəstəsiylə günlərlə bizdə qonaq qalmalı olub. Etiraf edim ki, çox sevinirdik. Bu xanımın ailəmizdə böyük hörməti vardı. İllər keçdi və artıq Novella Cəfəroğlu kimi tanınan xanımla Bakıda rastlaşdıq.
İlahi, insan nə qədər dəyişərmiş? Sanki bizi heç tanımayıbmış. Ancaq indi məni təəccübləndirən onun siyasi mövqeyinin dəyişməsidir. İnsanları Heydər Əliyev iqtidarıyla barışmazlığa dəvət edən, hər dəfə Avropa ölkələrinə səfər edərək Azərbaycan barədə mənfi rəy yaradan Novella xanım, indi digərlərini ölkəmizin imicinə zərbə vurmaqda suçlayır. Desəm ki, buna sevinmirəm, inanmayın. Çünki atamın tövsiyyəsini hər zaman bəyənmişəm: "ölkənin problemləri, ölkənin içində həll olunsa bir o qədər yaxşıdır".
Ancaq təəssüf ki, atam Novella xanım kimiləri tərəfindən uzun illər tənqid atəşinə tutularaq, öz siyasi təşkilatına dönük çıxan kimi qiymətləndirildi. Qoy, bizim özlərini demokratik qüvvələr adlandıran siyasi müxalifətimiz inciməsin, onların əksəriyyəti daima həqiqəti qəbul etmək əvəzinə, həqiqəti söyləyənləri xəyanətkar adlandırıblar.
İş orasındadır ki, indi günahsız olaraq həbsxana həyatı yaşayan atamı Heydər Əliyevə xidmət göstərməkdə suçlayan "müxalifətçi"lərin böyük qismini millət vəkili "vəzifəsi"nə təyin ediblər. Elə "odlu-alovlu", "vətənpərvər" çıxışlar edirlər ki, adam onların əvəzindən xəcalət çəkir. Onlar kimi millət vəkili vəzifəsinə təyinat ala bilməyənlərin bəzilərinə də, daha sərfəli fəaliyyət istiqaməti müəyyənləşdirilib. Kimisi hüquq müdafiəçiliyi, kimisi siyasi partiya liderliyi, kimisi politoloq, bəziləri isə qəzetçiliyə "təyinat" alıblar.
Təyinatla yanaşı onlara elə təminat ayrılıb ki, bu günlərinə, hətta sabahlarına da yetər. İndi belələri yalnız özlərini, birdə onları təmin edənləri görür və eşidirlər. Daha Qərbdən gələn qrantlar dəbdən düşüb, desək, yanılmarıq.
Deyəsən, bir azca mətləbdən aralı düşdüm. Hə, bu günlərdə Novella Cəfəroğlu xanım digər hüquq müdafiəçisi Leyla Yunus xanımı ölkəmizin imicini korlamaqda ittiham edib. Guya bizim ölkəmizdə insan haqq və hüquqları elə qorunurmuş ki, Avropa ölkələri bizdən mütləq nümunə götürməliymişlər. Əvvəl düşündüm ki, Novella xanıma qocalıq təsir edə bilər. Ancaq bir neçə gün sonra onu hərbi formada cəbhə bölgəsində görəndə, yanıldığımı başa düşdüm. ...Və hətta sevindim ki, Novella xanım ön cəbhəyə gedibsə, deməli qələbə günümüz yaxınlaşıb. Ümumiyyətlə isə, əsil həqiqətdə görkəmli hüquq müdafiəçisinin oralarda kimin hüquqlarını qoruya biləcəyi barədə hələ də axtarışdayam.
Novella xanım bilmərrə qeyd edir ki, ölkəmizdə hüququ pozulan kimsə qalmayıb. Hətta siyasi müxalifətin də yanlışlıq yapıb, iqtidarı tənqid etdiyinə işarələr vurur. Burada Novella xanım üçün doğma sayıla biləcək bir lətifəni xatırlatmaq istəyərdim: "Yəhudilərlə ərəblər arasında gedən müharibə zamanı Moisey adlı bir yəhudi gah ərəblərə güllə atır, gah da onlar tərəfə keçib, "mən də sizinləyəm" deyərək, yəhudilər istiqamətində güllə atır. Bunu seyr edən bir ərəb: "ay Moisey, ya burda qal, yada ki, birdəfəlik keç özününkülər tərəfə. Qoy müharibəmizi aparaq".
Əlbəttə, söylədiyimi tək Novella xanıma aid etmək istəməzdim, sadəcə olaraq xatırladım ki, fələstinlilər İsrailin onları bombardman etməsindən hiddətlənərək, yəhudilər tərəfə "raqatka"yla üç-dörd daş tolazlayanda Novella xanım əsil hüquq müdafiəçisi kimi fələstinlilərin yəhudilərin haqq və hüquqlarını pozduğunu bəyan etmişdi. Üstəlik də xatırlatmışdı ki, İsraildə yaşayan əri və övladlarının taleyindən bərk nigaran qalıb. Ancaq burasına bir azca şübhəm var, çünki nigarançılıq olsaydı, Novella xanım da onlar kimi İsrailə köçər, bir azca da onlarla bir yerdə yaşayar, ya onlar Novella xanımın, yada ki Novella xanım onların qayğısını çəkə-çəkə, şad, firəvan yaşayardılar.
Mənə elə gəlir ki, Novella xanım İsrailə ona görə mühacirət etmir ki, ölkəmizdə hələ də insan haqq və hüquqları sahəsində problemlər qalıb. Onsuz isə, bu işi aşırmağa kimsənin gücü yetərli deyil. Mən onun yerinə olsaydım Leyla Yunusun acığına həmən ölkəni tərk edib gedərdim. Qoy, bilsinlər ki, Novella xanım nə qədər "möhtəşəm", "uğurlu" müdafiəçiliklə məşğul olurmuş.
Ancaq mənim də Novella xanıma deyəcəklərim var: Biz sizə öz adımızdan danışmaq səlahiyyəti verməmişik. Çünki, hələ də insan haqları və hüquqlarının mütəmadi pozulduğu ölkədə yaşayırıq. Atam Ramiz Tağıyev, Əvəz Zeynallı, Nemət Pənahlı, Fərəməz Novruzoğlu kimi Milli Azadlıq Hərəkatı mücahidlərinin günahsız olaraq, qurama şər-böhtanlarla həbsxanalara atıldıqlarından sonra, siz nə haqla ölkəmizdə insan haqq və hüquqlarının lazımınca qorunduğundan dəm vurursunuz? Yaxşı olar ki, bir azca yaxın keçmişi xatırlayın. Bu barədə sizinlə uzun diskusiya açmaq fikrində və həvəsində deyiləm.
Onu da etiraf edim ki, soyadınızı Cəfəroğlu etdiyinizə görə sizə hörmətim birə-iki artmışdı. İndi isə, sizə bir sualım var; qardaş Türkiyəmizlə İsrail arasında yaranmış münaqişələr zamanı, kimin yanında olursunuz?
Ümumiyyətlə, siz kimin hüquqlarını müdafiə edirsiniz, Novella Cəfəroğlu?

"Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий