09.04.2013

Vəfa Mürsəlqızı. Ayağına gəlimmi?

 Qurban olum gözlərinin yaşına,
 Selə dönmüş göz yaşını silimmi?
 Sənə həsrət gözlərimdə sevgilim,
 Kədərimi gizlədərək gülümmü?

 Darıxıram, nəfəs elə, səs elə,
 Çarəm nədir, küsürsənsə küs elə,
 Bıçaq gətir acı dilim kəs elə,
 Sənə belə qan ağladan dilimmi?

 Sənsiz həyat göz yaşıdır, kədərdir.
 Ömür yolum həsrətinə qədərdir,
 Vallah hamı bir gün gəldi-gedərdir,
 Səndən ayrı yaşayınca ölümmü?


 Ürəyimdir həsrətini atmayan,
 Ürəyimdir arzusuna çatmayan,
 Ərköyünlük edib ipə yatmayan,
 Saçlarına həsrət qalan əlimmi?

 Yollarında dolam-dolam izim var,
 Güzgüyə bax, gözlərində gözüm var,
 Ay insafsız, iki kəlmə sözüm var,
 Durub indi ayağına gəlimmi?

Комментариев нет:

Отправить комментарий