07.04.2013

Xatirə Xatun - ZİNDAN

Könlüm evi bir zindandır.
Bu zindanın neçə-neçə əsiri var.
Hər əsirin öz sirri var.
Əl çatmayan arzularım, xəyallarım,
Ümidlərim, istəklərim, amallarım,
Ömürlük həbs alanı var—yatır burda,
Bir vaxt azad olanı var—yatır burda.
Neçə arzum zindandadır gör nə vaxtdır,
Necə hissim zindandadır gör nə vaxtdır.
Bu da baxtdır?
Öz əlinlə öz arzunu, istəyini zəncirə vur,
Sonra otur yasını qur?

Amma bir tək –
yeri gəlib deyəm gərək--
Göz yaşımı—
qəlbimdəki damla-damla
o əriyən buz daşını
tutammamdım.
Nə zindana salammamdım,
Nə zəncirə vurammadım.
Yalnız bir tək
göz yaşımı əsir etmək
mənlik deyil.
O azaddır,
canı çəksə hey axacaq veyil-veyil.
Gözlərimin bulağından daşacaq o.
Özüm üçün bərkitdiyim sərhədləri—
o hədləri aşacaq o.
,,Burda olmaz, orda dayan,hamı baxır,
Indi olmaz, başqa zaman...”
Oysa axır...
Nə ağlıma qulaq asır,
nə könlümü dinləyir o.
Gör nə vaxtdır yalvarmaqdır ona peşəm,
Bir zindanın rəisiykən,
bir əsirə çevrilmişəm

Комментариев нет:

Отправить комментарий