01.12.2010

Qurdlar vadisi - pusu"nun baxıcı Güləndamı

Birsən Dürülü: "Uşaqlarımızın gələcəyi bizdən çox asılıdır"

"Qurdlar vadisi - pusu" serialının maraqlı, yaddaqalan və komik obrazlarından biri də baxıcı Güləndamdır. Yalçın Bulut tərəfindən Memati Başın oğlunun baxıcısı olan Güləndam çılğınlığı, dəliqanlılığı, uşaqsevərliyi və ailəcanlılığı ilə digər obrazlardan daha çox fərqlənir.
 
  Cavad Akarsu tərəfindən doğma qardaşı öldürüldükdən sonra Mematini öz qarşadı qəbul edən Güləndamla dəli Hüsnü arasında bir eşq macərası başlayır. Yaşları çox olan adamların obrazlarını canlandıran hər iki şəxs arasındakı məhəbbət tamaşaçılar üçün də çox gülməli və maraqlıdır. Onlar bir-birini dərin məhəbbətlə sevsələr də, Memati onların evlənməsinə icazə vermir. Hətta bu evlilik sevdasından vaz keçməyən dəli Hüsnünü bir neçə dəfə cəzalandırır, onu döyür, döydürür və təhqir edir. Bu hadisələr Güləndamı çox üzür. Ancaq bununla belə, Güləndamla Hüsnü arasındakı məhəbbət sevdası bitmək, tükənmək bilmir, əksinə, getdikcə onların eşqinin alovu şölələnir. Hətta öldürülməsindən, yaxud başqa təzyiqlərə məruz qalmasından qorxmayan Güləndamla dəli Hüsnü mövsüm finalı olan 93-cü bölümdə Polad Aləmdar və Memati digər yaxınları ilə döyüş əməliyyatında olduğu zaman xəstəxanada nikaha girirlər. Tamaşaçılar bu evlliliyin hansı sonucla bitəcəyini, Mematinin, Poladın, Abdülheyin və Güllü Ərhanın bu evliliyə hansı reaksiyaları verəcəklərini də maraqla və səbirsizliklə gözləyirlər. Baxıcı Güləndam rolunun mahir ifaçısı isə son illərin ən bəyənilən və "Kiçik qadınlar" serialında yaratdığı Badə obrazı ilə daha çox sevilən tanınmış aktrisa Birsən Dürülüdür. Aktrisalıq fəaliyyətinə liseydə oxuduğu illərdə Ankara Sənət Teatrında başlayan və orada da aktyorluq təhsilini davam etdirən Birsən xanım ilk dəfə "Düttürü dünya" filmində Kamal Sunalın qızı rolunda çəkilib. 10 il Ankarada teatr aktrisası kimi fəaliyyət göstərib. Sonra Antalyaya köçüb və 10 il də Antaliya Böyükşəhər Bələdiyyəsi Teatr Atelyesində həm aktrisalıq edib, həm də xeroqraf olub. Daha sonra Fransada fransızca təhsil aldığı zamanlarda da aktyorluq təhsili alıb və 5 ildir İstanbulda yaşayır. Bu günədək çoxsaylı seriala və filmlərə çəkilib. 11 il klassik baletlə məşğul olmuş aktrisa hələ də bir rəqs məktəbində latın rəqsləri ("salsa" və "tanqo") kursları verir. Məşhur aktrisanın sənət fəaliyyəti və şəxsi həyatı barədə ətraflı məlumat vermək üçün Birsən xanımla müsahibəni oxuculara təqdim edirik.
 
  - Bu günə qədər oynadığınız rollarla tamaşaçıların qarşısına bəzən sevimli "Osmanlı Respublikası"ndakı Halayık, bəzən də "Kiçik qadınlar"dakı ürəyi sevgi tumurcuqları ilə bəzənmiş, yaxşılıq mələyi Badə olaraq çıxmısınız. Şübhəsiz, canlandırdığınız hər rolun haqqını sonuna qədər verən bir aktrisasınız. Sizi daha yaxından tanımaq istəyən oxucularımıza özünüz barədə nə deyə bilərsiniz?
 
  - 1969-cu ildə Ankarada doğulmuşam. 1975-ci ildə Ankara Kuğu Balet Studiyasında klassik balet təhsili almağa başladım və 11 il davam edən təhsilimdən sonra sümüklərimdə yaranan problemlər üzündən peşəkar rəqqasə ola bilməyəcəyimi öyrəndim. Bundan çox üzüldüm. Amma ailə üzvlərimin məsləhəti ilə bütün gücümü və enerjimi teatra yönəltdim. Ankara Sənət Teatrında kursant oldum və müxtəlif tamaşalarda oynadım. Daha sonra Antalya Böyükşəhər Bələdiyyə Teatrı Atelyesində həm rəqs təlimçiliyi, həm də aktrisalıq etdim. Antalya Dövlət Teatrında oynadığım "Nemrut" oyunundan sonra İstanbula köçdüm və 5 ildir burada fəaliyyət göstərirəm. Kino ilə isə 1988-ci ildə Ankara Sənət Teatrında ikən Zəki Öktənin rejissoru olduğu "Düttürü dünya" filmi ilə tanış oldum. 2008-ci ildə "Osmanlı Respublikası"ndakı "Halayık" və "Kirpi" filmindəki "Nükhet" rolu ilə kino macərama davam etdim. 2008-ci ildə "Qısqanmaq" adlı filmdə canlandırdığım "Memduha" rolum da çox bəyənildi və sevildi. İlk dəfə olaraq "Zərda" serialında çəkilmişəm və bu, indiyəqədərki ilk uzunmüddətli layihəmiz olub. Daha sonra "Arvadım və anam", "Pərçəm", "Ağ gəlincik", "Şirin intiqam", "Bıçaq kürəyi" və "Kiçik qadınlar" seriallarına çəkilmişəm. Hazırda "Qurdlar vadisi - pusu"da baxıcı Güləndam rolunu oynayıram.
 
  - Son zamanlar çəkilən türk filmləri arasında ən çox bəyəndikləriniz hansılardır?
 
  - Bəyəndiyim kinofilmlər və seriallar çoxdur. Ancaq ən çox sevdiyim və xoşlandığım seriallar və filmlər "Təqva", "Anlat, İstanbul", "Tale", "Məsumiyyət", "Üç meymun", "Atam və oğlum" və "Kimsəsiz adam"dır.
 
  - Türk kinosunun bugünkü vəziyyəti barədə hansı düşüncələriniz var? Hansı rejissorları daha çox bəyənirsiniz və onlarla işləməyə daha çox üstünlük verirsiniz?
 
  - 1980-ci illərin sonuna qədər dünya kinosu barədə daha çox düşünürdümsə, bu gün daha çox inkişaf etməkdə olan türk kinosu barədə çox düşünürəm. Türk kinosunda çox böyük irəliləyişlər var, qazanılan nailiyyətlər və əldə olunan uğurlar göz qabağındadır. İnanıram ki, bu inkişaf daha yüksək templə davam etdiriləcək. Bəyəndiyim kino işçilərinə və sənət adamlarına gəlincə isə ən çox sevdiyim rejissorlar Zəki Demirkubuz, Çağan İrmak, Sərdar Akar və Nuri Bilgə Ceylandır.
 
  - Sizin üçün teatr, yoxsa kino daha çox üstünlük təşkil edir?
 
  - Teatr mənim üçün öncə gəlir. Mən teatr ilə həyatı anlamağa başladım. Amma kinonun təsiri tam fərqlidir. Əgər potensial imkanım yetirsə və şərait varsa, həm teatrda tamaşa oynamaq, həm filmə, həm də seriala çəkilmək istəyirəm. Yəni kino ilə teatrı bir-birindən ayırmaq istəməzdim. Hər ikisi mənim üçün doğma və əzizdir.
 
  - Türkiyədə sənətə, xüsusilə teatra kifayət qədər əhəmiyyət verilməməsinin səbəbini nə ilə izah edərdiniz? Bu mövzuda valideynlərə söyləmək istədiyiniz nəsə varmı?
 
  - Cəmiyyət olaraq inkişaf etməyimiz, maariflənməyimiz, şüurlanmamız, dünyagörüşümüzü, təfəkkürümüzü və həyata baxışımızı formalaşdırmağımız bizə hökmən lazım və vacibdir. Təbii ki, bu məsələyə valideynlər, yəni bizlər çox diqqət yetirməliyik. Biz bu irəliləyişə nali olmaq üçün bütün səylərimizi ortaya qoymalıyıq. Hər şeydən öncə bizlər bunu anlamalıyıq, müzakirə etməliyik və öyrənməliyik. Ona görə də inkişaf etmək və daha öncə söylədiyim şeylərə sahib olmaq üçün teatr tamaşalarına baxmaq, kinofimləri izləmək və oxumaq gərəkdir. Yalnız belə olan zaman uşaqlarımızı yetişdirmə haqqına tam sahib olacağıq. Uşaqlarımızın gələcəyi bizdən çox asılıdır.
 
  - Kinofilm, serial, yaxud teatr tamaşası üçün yeni layihələriniz varmı?
 
  - Başımda min fikir, min ideya var. Onların hamısı da bir-biri ilə söhbət halındadır. Onların gerçəkləşməsi üçün isə uzun müddət, yüksək enerji lazımdır.
 
  - Məşhurlaşmaq mədəniyyətinə münasibətiniz necədir?
 
  - Yaşadığım məhəllə, küçə, hətta mənzil belə, məşhurluq mədəniyyəti ilə "yaşayır". Mən özümü necə ayrı tuta bilərəm ki? Amma məni hər vaxt fərqli və estetik olan şeylər cəzb edir.
 
  - Teatr tamaşalarının izləyicilərinə, kinofilmlərin və serialların tamaşaçılarına söyləmək istədiyiniz nəsə varmı?
 
  - Şüurlu olmaq məsuliyyəti bizlərin üzərinə və boynuna düşür. Ona görə də daim mübarizə aparmaq və mübarizəçi olmağımız lazımdır.

                                                                                                         hafta-ichi.com

Комментариев нет:

Отправить комментарий