04.07.2013

Ax o şapşaplar…

İbrahim Sel

 Ceyran xanım artıq bir neçə il idi ki, mağazanın işlərini aparırdı. Əri Türkiyə ilə sərhəddən külli miqdarda narkotik maddə keçirərkən tutulmuşdu, o vaxtdan onun ticarət işlərinə arvadı rəhbərlik edirdi. Təmizlik və düzlük məsələlərində həddən artıq tələbkar idi. İşə tezdən gələrək xidmətçi Bənövşə xala ilə birlikdə özü də təmizlik işlərinə başlar, əlində əski qabağına çıxan çirkli yerləri silərdi. Mühasibin jurnalda etdiyi balaca bir qaralamaya dözməz, satıcılara «vitrin- satıcının üzüdür»- deyərək ağ tənziflər almağa məcbur edər, tozlu bir şüşə və yaxud butulka qabağına çıxarsa, od qoparardı. Mağazanın yükdaşıyanı işləyən Fətiş də artıq onun idarəetmə prinsiplərinə öyrəşmişdi, satış hissəsində, o cümlədən arxadakı ərzaq ehtiyatları saxlanılan anbarda həmişə eyni markadan olan mallar bir yerdə qalaqlanmış olardı, dağıntıya və pərakəndəliyə rast gəlməzdin. Ceyran xanım arada özü ilə iş yerinə gətirdiyi qızına da ağ paltarlar alır, təpədən dırnağadək ağ geyinməyə məcbur edirdi.
 Ceyran xanımın başında həmişə tünd rəngli hicab olar, yayda isə kök bədəninə o qədər də yaraşmayan dar yubkasının altından tərtəmiz qırxılmış qıçları bərq vurardı. Danışanda gözlərini qaldırıb insanın üzünə də baxmazdı. O, işə bəzi istisnalar olmaqla hamıdan tez gələr, axşamadək orada qalaraq işçilərə nəzarət edərdi. Mağazada olduğu müddətdə satış şöbələrini gəzir, öz jurnalına qeydlər aparır, anbarı yoxlayırdı. Xadimədən əsas tələbi mətbəxin və yükdaşıyan Fətişin yatdığı otağın təmizliyinə riayyət etmək idi. Fətiş əslən Yardımlıdan idi, Bakıda yaşamağa yeri olmadığından mağazadakı arxa otaqda qalır, buna görə həm də gecə mühafizəçisi pulunu da alırdı. Ceyran xanım onun otağını yanından keçərkən həmişə əlini burnuna tutar, «Teksun» yağının kəskin iyindən gileylənərdi.
-Mənim kimi olun,- deyirdi.- Mən kiminləsə görüşürəm? Siz də alıcılarla, mal gətirənlərlə o qədər də danışmayın, qohumlarınızı mağazaya dadandırmayın. Yad adam vitrinin arxasında nə gəzir axı?!
 Bu nəsihət həmişə satıcıların qulağındaydı. Arxa tərəfdəki ofisə- Ceyran xanımın oturduğu yerə qonaq- həmyerli-zad, hətta yad pişik belə girmirdi. Əllərində faktura sifarişə uyğun mal gətirənlər isə salonda gözlər, satıcılardan biri sahibəni çağırdıqdan sonra onun müşayiəti ilə içəri keçərdilər.
 Ceyran xanımın təmizliyə, düzlüyə tələbkarlığından və tünd rəngli hicablara hədsiz meylliliyindən başqa, bir də hündürdaban çəkmələrə marağı vardı. Gözəl, yup-yumru olsa da, boyu alçaq olduğu üçün həmişə bir qarış dabanı olan tufli geyərdi…
 Bu hündür  dabanlarla həm bütün günü mağazada dolaşar, həm də qızı ilə şəhərə çıxarkən gəzərdi. Axırda günlərin bir günü ona elə başgicəllənməsi gəldi ki… Çağırdığı həkimi isə dərman-zad yazmadan:
-Bütün narahatçılığınıza səbəb elə hündür dabanlardır,- dedi.- Onları çıxarın. Rahat, yumşaq şapşap geyin. Darıxmayın, hər şey keçib gedəcək.
Ceyran xanım tez şəhərin mərkəzindəki marketdən iki bahalı şapşap aldı. Birini evə qoydu, birini isə geyib işə gəldi. Həqiqətən də, rahatçılıq idi. Bir neçə gündən sonra başgicəllənmələri keçib getdi. Dizlərində, baldırlarında ağrılar qalmadı. Bütün bədəni rahatlandıqdan sonra isə onu başqa qayğılar ağuşuna almağa başladı.
 Uzun illər himayəsində olan adamlar bir neçə gün ərzində yoldan çıxmışdılar. Mühasibi Əflatunu öz otağında pivə içən, satıcı Gülnisəni isə bir neçə qutu şokoladı mağazaya təşrif buyurmuş ərinə ötürdüyü yerdə tutmuşdu. Spirtli içkilər şöbəsində çalışan, nümunəvi satıcı sayılan Sveta da saxta qaiməyə qol atıb tütün firmasından əlavə siqaretlər götürdüyü yerdə mağaza sahibəsinin qəzəbli baxışlarına tuş gəldi…
Ceyran xanımın qəlbi əzablar içində qovrulurdu. Bunlara nə oldu, ilahi? Həmişə işlərin öz qaydasınca getməyinə alışmış mağaza sahibəsi az qala başını itirmişdi. Bir həftə ərzində tabeliyində olanların on beşdən artıq oğurluğunu, xəyanətini tutdu. Üstəlik, dindar adam kimi tanıdığı yükdaşıyan Fətişi anbardan əkişdirdiyi ət konservini dişinə çəkdiyi yerdə yaxalayarkən, səbri tamam tükəndi. Fətişə ağzına gələni deyərək açarı aldı və anbarı qıfılladı.
Həmin axşam təzyiqi qalxdı, bir neçə dərman atdı, yaxın qohumlarının toy kasetinə baxaraq duz vannası qəbul etdi.
 Narahat yatdığından ertəsi gün yuxudan bir az gec qalxdı. Yarım saata yaxın güzgünün qabağında özünü qaydaya saldıqdan sonra işə yollandı. Nahar fasiləsi olduğundan mağaza bağlanmışdı. Arxa darvazadan keçərək mağazanın həyətinə daxil oldu. Fətişin otağına tərəf getdi. Gözləri ara qapıya sataşanda az qala nəfəsi kəsilcəkdi. Fətiş qabağına Suzan Aksunun şəkillərini düzərək onanizmlə məşğul idi. Ceyran xanım, bu mənzərənin rüsvayçılığını görməmək üçün o dəqiqə gözlərini tutdu. Satış şöbələrinə tərəf addımladı. Foyedəki şüşəbənddən qəribə mənzərənin şahidi oldu. Spirtli içkilər şöbəsinin satıcısı Sveta cavan bir oğlanla mazaqlaşırdı. Ceyran xanım bu oğlanı tanıdı, mağazanın yaxınlığındakı binalardan birində qalırdı. Oğlan kassanın yanında Svetanı arxadan qucaqlamış, arada özündən yaşca böyük olan bu qadının boyun-boğazından öpürdü. Tikili daşdan və salon böyük olduğundan, danışıqlar divarlarda əks-səda verir və eşidilirdi:
-Cana, axşam niyə gəlməmişdin?
-İt kimi yorulmuşdum… Verdiyim çaxırı içdin?
-Rafiqin əlindən çaxır qalar?
-Aaa… İki yüz dollarlıq çaxırı necə qıydın Rafiq içə?
-Bu gecə gələcəksən? Axşama bir dolma bişirəcəm ki…
-Deyə bilmərəm… Vaxtım olsa….
-Sənin də bu nazatmaların olmaya da… Gəlməyəcəksən, denən gəlməyəcəyəm, nə problemdi ki?..
-Bəsdir, çıx get… Ələ keçərəm… Sonra o atsifət məni işdən qovar…
Ceyran xanım çığırmaq istədi, hiss etdi ki səsi batıb. Sonra nə fikirləşdisə, un məmulatları şöbəsinə tərəf addımladı. Burada satıcı Dinaranı piştaxtın üstündə oturmuş gördü, mühasib Əflatun onun qarşısında diz üstə çöküb, başını qızın dizlərinə söykəmişdi. Həmişə şən və zirək görünən mühasib nəsə qəmli idi, qız ehmalca onun başını sığallayırdı.
-Mazoxizmi harda öyrənmisən?
-Rusiyada olanda qaldığım evin sahibəsi otüstü xokkey komandasının qapıçısı idi. Ev cürbəcür qırmanclarla, qandallar və falloslarla dolu olardı… Bir azdan anladım ki, ən ürəyimə yatan seks elə budur…
-…Sən məni həqiqi alacaqsan, yoxsa ələ salmısan?
-Nə danışırsan? Allaha and olsun! Anama da rayona zəng eləyib demişəm. Mənə ancaq sən lazımsan… Sənsiz ölərəm…
Ceyran xanım geri çəkildi, səs salmamağa çalışaraq ayaqlarını sürüyə-sürüyə ərzaq məhsulları satılan şöbəyə yetişdi. Girişin ağzında dayanaraq qulağını yarıaçıq qapıya yaxınlaşdırdı. İki satıcı iştahla çörək yeyə-yeyə söhbət edirdilər.
-Ax o şapşaplar…- onlardan hansısa dedi- hər işimizi alt-üst elədilər. Qancığın gəldiyini heç eşitmirik. İndi nə eləsək yaxalanırıq. Ley kimi kəsdirir adamın başının üstünü. Mağıl qızımın qızıllarını alıb yığmışdım. İndi pulunu necə verəcəm? Əvvəllər nə yaxşı idi… Hündür dabanların tappıltısını küçənin ortasından belə eşidərdik…
 Ceyran xanım başa düşdü ki, burada bir az da qalsa, başına hava gələcək. Dözmədi, var gücü gəldikcə qışqırdı:
-Alçaqlar, oğrəşlər, binamuslar… Rədd olun mənim mağazamdan!
 Uzun illər bir yerdə çalışdığı işçilərini bir dəqiqə ərzində bayıra atdı.
***
 Mağazaya nə qədər satıcı, mühasib, yük boşaldan gəldisə hamısı həyasız, oğru, abırsız, namərd çıxdı. Düz iki il əməlli-başlı adama rast gəlmədi. Malı-pulu başından aşmasına baxmayaraq, heç bir çətinliyi olmadığı halda mağazadakı işləri düz gətirmədiyindən gündən-günə zəifləyir, saralıb-solurdu… Axırda gördü ki, yox, belə getməyəcək… Yenə hündür daban tuflilərini geydi. Satıcıların oğurluqlarını, mühasibin yaramazlıqlarını, yükdaşıyanın rüsvayçılıqlarını görməmək üçün…
 Gözləri yenə qanla dolmuş, sifəti şişmişdi. Yenə başı gicəllənməyə başlamışdı. Lakin, səsi eşidilməyən dabansız şapşap geyəcəyini fikirləşdikdə, özünü həkimə göstərmək fikrindən vaz keçirdi.
-Heç olmasa, indi ürəyim rahatdır…- deyirdi.

Комментариев нет:

Отправить комментарий