Naxçıvan sakini Nazim Məmmədovun ağ bayraqla Ermənistan ərazisinə keçməyə cəhd edərkən sərhəddə saxlanıldığı bildirilir. Bu haqda "Azadlıq" radiosuna məlumat verən yerli hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin sözlərinə görə, Nazim Məmmədovu Azərbaycan hərbçiləri saxlayıb.
Hüquq müdafiəçisi deyir ki, Nazim Məmmədov polisdən etdiyi şikayətinin cavabsız qalmasına etiraz olaraq aprelin 12-də bu addımı atıb: "Təxminən bir il öncə Şərur Rayon Polis Şöbəsinin serjantı Nazimin həyat yoldaşını təhdid edərək ondan pul alırmış. Sonra şantajla qadını görüşə çıxmağa da məcbur edib. Görüşərkən oğlu gəlib görüb və polislə mübahisə edib. Araşdırıblar, qadın başına gələnləri danışıb. Həmin polisdən şikayət etsələr də baxan olmayıb. Sonra kənd yeridir, söz-söhbət yayılıb. Hər kəs bunu namus məsələsi kimi qəbul etdi. Nazimin qızını boşadılar, oğlunu boşatdırdılar. Öz ailəsi də dağıldı. Bütün bunları bir hüquq müdafiəçisi kimi mənə danışırdı. Deyirdi ki, namusum əldən gedib. Deyirdi şikayətimə baxmasalar, Ermənistan tərəfə keçəcəyəm, qoy məni yolda güllələsinlər, biabırçılıqdan yaxam qurtarsın".
Həkimeldostu Mehdiyev deyir ki, Nazim Məmmədov sonuncu şikayətinə də cavab ala bilmədiyindən çıxış yolunu Ermənistana keçməkdə görüb: "Axırıncı dəfə şikayətə gedəndə polis rəisi demişdi ki, "get işinlə məşğul ol. Bu da gəlib əyninə ağ kəfən geyinib, əlinə də ağ bayraq alıb. Sədərəyin Qaraburun deyilən yerindən Ermənistana keçmək istəyib. Sərhədə çathaçatda bizim əsgərlər tutublar. İndi Naxçıvan Muxtar Respublikası MTN-də saxlanılır. Taleyindən heç kimin xəbəri yoxdur".
Şərur Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynov isə polisə əməkdaşı ilə bağlı deyilənləri təkzib edir: "Belə şey olmayıb. Şər danışırlar".
Nazim Məmmədovun Ermənistana keçmək istəməsi faktını dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bu haqda onlara rəsmi məlumatın daxil olmadığını bildirdilər.
Hələ ötən il Nazim Məmmədov videoçıxışını YouTube-da yayımlamışdı. Həmin videoda o, ailəsinin qarşılaşdığı haqsızlıqdan danışaraq bildirirdi ki, şikayətinə baxılmasa, etiraz olaraq Ermənistana keçəcək. /azadliq.org/
Комментариев нет:
Отправить комментарий