17.04.2014

“BEŞİNCİ KOLON”UN SÜQUTU – yaxud Yeni kollaborasionistlər

Ötən əsrin 30-cu illərində ölkəsini vətəndaş müharibəsinə təslim etmiş general Franko faşizmə qarşı dirəniş göstərən Madriddə sabotaj, təxribat və casusluqla məşğul olan satqınlar dəstəsini “beşinci kolon” adlandırırdı.
Bu gün demokratiya yolunu seçmiş cəmiyyətlərdə iqtidarın yürütdüyü inkişaf siyasətinə qarşı çıxan radikal tövrlü müxalifəti də bu cür adlandırırlar.
Siyasi sistemin ən müxtəlif institutlarına, hakimiyyətin fərqli qollarına sızaraq ərpləşmiş, yad siyasi-ideoloji təbliğatın maşasına çevrilmiş, bəzi hallarda isə iqtidarın önəmli mənsəblərində lövbər salmış Elnur Aslanov, Ceyhun Osmanlı və silahdaşlarından ibarət müasir kollaborasionistləri də bu cür adlandıracaqlar.
Hədəflər… stratejilər… 
Artıq sirr deyil ki, Fətullah Gülən şəbəkəsi Azərbaycana özünün nüfuz zəncirində “zəif bənd” kimi baxırdı və “beyinlərin fəthindən” birbaşa hakimiyyətin qəsbinə uzanan strateji planı məhz dayaqlarının daha möhkəm olduğu bu məkanda həyata keçirməyi nəzərdə tutmuşdu. Belə bir genişmiqyaslı taktiki hücum üçün bütün obyektiv-müqəyyəd şərtlər mövcud idi: iki onilliyi arxada qoyan təcrübə, güclü maliyyə resursları, rayonlaradək yayılmış elektorat, hakimiyyətin mühüm qollarında yerləşdirilmiş kadr ehtiyatı və birbaşa Prezidentin yaxın ətrafına sızdırılmış emissarlar.
Məqsəd nədir? 1993-cü il yadınızdamı? Azərbaycan kimi “yağlı tikə”ni asanlıqla əldən vermək istəməyən yaxın xarici qüvvələr imperiya ədalarından əl çəkməyərək ölkəmizi vətəndaş müharibəsinin girdabına sürükləməklə şimalda “sadval”çıların, cənubda isə “əlikramçı”ların radikal-seperatçı ambisiyalarını körükləməklə məşğul idilər. Həmin məkrli oyunların qarşısını onları siyasət taxtasında böyük xal fərqi ilə yenən Heydər Əliyev aldı.
Elə həmin illərdə Azərbaycana yerləşərək təhsil infrastrukturundakı layihələri ilə ölkədə az qala şanvari şəbəkə qurmuş Fətullah Gülənin “Hizmət” hərəkatının son məqsədinin də ölkəni öz ideyalarının “forpost”una çevirmək olduğu özünü nəhayət ki, büruzə verdi.
Bu gün qarşı düşərgədən belə bir fikir də səslənir: “Tək bir fakt da yoxdur ki, Azərbaycandakı nurçular Əliyevlərin müxalifləri ilə təmasda və işbirliyi içində olsunlar”.
Niyə? Səbəb köhnə olduğu qədər də sadədir.
Belə ki, onlar Türkiyədən fərqli olaraq Azərbaycanda təkbaşına hakimiyyətə gəlmək istəyirlər.
Amma o da var ki, bəzən ən xırda detallarınadək bəlirlədiyin hədəflər belə sən yaxınlaşdıqca ilğım kimi uzaqlaşa bilir.
Söhbəti bir təriqət, bir düşüncə dərnəyi hüdudları ilə qapsamaq bəlkə də problemdən candərdi yaxa qurtarmaq anlamına gələ bilər. Oysa, bu məsələnin kökləri çox dərindədir.
“Qırmızı qərənfil”in, “narıncı inqilab”ın, “ərəb baharı”nın Azərbaycan şərtlərində və şəraitində transferidir nurçuluq hərəkatı. Nurçularla bir qazandan yeyənlərin, eləcə də o qazandan yağlı tikə umanların bütün arqumentlərinin ortaq məxrəci olan keyfiyyətli təhsil sistemi bu məsələdə əsas hədəfə çatmağın yollarından biridir. Ancaq maksimum məqsəd özgədir- dövlət idarəçiliyi institutlarına sızmaq, təşkilatlanmaq, şəbəkələşmək. Yəqin ki, son hədəf barədə him-cimlə pıçıldamağa elə bir ehtiyac da yoxdur- HAKİMİYYƏT!
Hər nə qədər irreal görünsə belə, faktın gözünə dik baxmağı bacarmalıyıq; Gülən uzantılarının birmənalı şəkildə Azərbaycanda hakimiyyətlə bağlı uzaqvuran hədəfləri vardır. Onun müridləri gəncdirlər, ingiliscə “tusovka” səviyyəsində qırıldada bilirlər, əqli-intellektual imkanlarına boy verməsə də, babətcə ambisiyaları var, “dendi” kimi bəzənməyi, “lavli boy” kimi əzilib-büzülməyi bacarırlar. Onlar özlərini yaxın gələcəkdə Azərbaycanı yönəldəcək qüvvə kimi görürlər. Bu barədə Azərbaycanda köklü strateji maraqları olan xarici ölkələrin kəşfiyyat orqanlarında kifayət qədər məlumat vardır. Belə ki, okeanın o tayından Fətullah Gülənin araçılığı ilə qeyri hökumət maskası altında gizlənmiş qurumların E.Aslanov və C.Osmanlının faktiki nəzarəti altında olan təşkilatlara məbləği milyonlarla ölçülən maliyyə “inyeksiyaları”nın edilməsi heç də səbəbsiz və məqsədsiz deyil.
Bu adamlar aralarında prezident də seçiblər, baş nazir də təyin ediblər, spikerin kimliyi, hələ desən “kölgə kabinetində” nazir portfellərinin sahibləri də bəllidir.
Bəli, felin indiki zamanında danışırıq.
Nurçuluq təriqətinin Azərbaycan “yanlı”larına qarşı ən azından Türkiyədəki qədər savaş açılmayınca bu təhlükə hər an enməyə hazır “Domokl qılıncı” kimi başımızın üstündən asılı qalacaqdır.
Kral öldü! Yaşasın kral?!
Qırğılar adlandırdığımız bu dəstənin başında artıq media ulduzuna çevrilmiş Elnur Aslanov durur. Martın 17-də Prezident onu vəzifəsindən azad etdi.
İndiki zamanda işsiz qalmaqla ailə dolandırmağın çox çətin olduğu üçün onu ziyadə xiffət çəkməyə qoymadılar. Çıxdaş edilməsi haqqında sərəncamının mürəkkəbi qurumamış bəlli qüvvələr Gülən sevdalısını gətirib oturtdular Rabitə və Yüksək Texnologiyalar nazirliyində şöbə müdiri kreslosuna (hayıf Azərbaycanın üç-beş ləyaqətli məmurundan və ziyalısından biri olan akademik Əli Abbasova – M.S.).
Bu, həm də cəmiyyətə açıq mesaj idi… Bu, hər şeyə rəğmən hələ də Gülən dəyərlərinin Azərbaycanda yüksək səviyyədə lobbiləndiyinin həyasız təcəssümü idi. Bu, hələ də ölkədə Xeyirlə şərin, İşıqla qaranlığın, Halalla haramın mübarizəsində “top fərqinin” ikincilərin xeyrinə olduğunu şəkilləyən bir həqiqətin “de fakto” təsbiti idi.
Amma bunların hamısının müvəqqəti olduğunu da hesabdan atmamaq gərəkdir. Çünki şərin təntənəsi heç vaxt əbədi olmur.
Bir qədər irəliyə gedərək deyək ki, Azərbaycanda siyasi sistemin özəlliklərini və idarəetmədəki şaquli-ierarxik xüsusiyyətləri nəzərə alsaq, Prezident Administrasiyasında şöbə müdiri vəzifəsi tutmuş və bunun da fövqündə böyük inzibati dəstəyə malik olan E.Aslanovun imkanlarının haralaradək uzandığını təsəvvür etmək çətin deyil.
Gülən hərəkatının ölkəmizdəki imamı olduğu iddia edilən bu “güclü siyasətçi”nin qarşısında qoyulmuş vəzifələrin sırası kifayət qədər konkret idi – 2013-cü il prezident seçkiləri öncəsi zənn aldatmağa yönəlmiş “Milyarderlər İttifaqı”, “Milli Şura” kimi perspektivsiz və yarandığı andan tənəzzülə məhkum debil ittifaqlardan sonra 2018-ci ilə daha mütəşəkkil, mobil və çoxpalitralı komanda formalaşdırmaq! Həmin elektoratın yalnız Gülənçi təhsil mərkəzlərində cəmləşdiyini iddia etmək isə ən azından illüziyalara qapılmaq kimi bir şey olardı.
Ərdoğanın Bakıya martın sonundakı “acele” bir işgüzar vizitindən sonra ortaya çıxdığı iddia edilən “istihbarat” sənədlərində 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycan əsilli maliyyə “bonz”larının toplaşdığı “Milyarderlər İttifaqı”nın Antalyadakı “Mardan Palas”da düzənlədikləri gizli məşvərətlərin gündəliyinin heç də “weekend” məsələlərinə həsr olunmadığı ortadadır. Heç şübhəsiz, məqsəd 2013 seçkilərinin istiqamətini dəyişmək deyildi. Bu mümkün də görünmürdü. Məqsəd, sadəcə, zondaj aparmaq, cəmiyyətin nəbzini yoxlamaq, “premyera”sı illər sonraya planlaşdırılmış tamaşa qabağı baş məşqlər keçirmək idi. Bu tamaşada əsas rolun Elnur Aslanova həvalə edildiyi söylənilən fikirlər arasındadır. Bu arada Rusiyanın hakim elitası ilə çox yaxın əlaqələri olan İlham Rəhimovun Rəbiyyət Aslanova ilə müəmmalı və bir xeyli də qınağa bais evlilik layihəsini də ümumi planın tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır.
Bəs nə üçün məhz “Əbu Ömər” kod adlı Elnur Aslanov?
Anasının öz balasını “güclü siyasətçi”, az qala Yer üzünün “göbəyi” hesab etməsinə rəğmən bu adam ortadan da aşağı səviyyə göstərən sıradan biridir. Test imtahanı verməyə gücü çatmadığından ilahiyyat təhsili (el arasında buna molla təhsili də deyirlər) aldıqdan sonra özəl ali məktəbin diplomu ilə kifayətlənən E. Aslanov xalqın balaları kimi əsgərliyə getmədi, iş axtarmadı. Anasının nüfuzlu dostları ona başqa tale yolu cızdılar. YAP-da “stajirovka”, Prezident Aparatının ictimai-siyasi şöbəsi, köməkçi və nəhayət… sıçrayış!
…Prezident Administrasiyasında köməkçilikdən sıçrayıb birbaşa şöbə müdiri kreslosunun ağuşuna düşmək MDB məkanında görünməmiş “pilotaj” idi və adamından kifayət qədər yüksək əqli-intellektual potensial, misilsiz istedad, bilik və təcrübə tələb edirdi. Nə yazıq ki, bu sadalananlarla Elnur Aslanov arasında bir ekvator məsafəsi vardı.
Amma və lakin kadr təyinatları ilə bağlı “dobro” hüququnun kimlərin səlahiyyətində olduğu zatən ortadaykən belə bir sıradan uğursuz təyinata təəccüblənməmək lazımdı.
Təsadüfi deyil ki, mətbuatın da yazdığı kimi, ABŞ diplomatlarının Vaşinqtona göndərdiyi teleqramları yayan “Wikileaks” saytındakı bilgilərdə Elnur Aslanov “PA-nın “ehtiyatla yuxarı qalxan” və “birbaşa Ramiz Mehdiyevə raport verən” “gənc siması” olaraq qələmə verilir və Türkiyədən Azərbaycana təriqət ixrac edən Fətullah Gülən camaatının Azərbaycan hökumətindəki təəssübkeşi, araçısı sayılır.
Ölkənin siyasi-iqtisadi “elita”sında formalaşmış güc mərkəzlərinin heç biri tərəfindən ciddi fiqur kimi qəbul edilməyən, “qoca qartal”ların əhatəsində “qırğı” təsiri bağışlayan, vəzifə icabı işlərdən daha çox şəxsi piarının qayğısına qalan bu məmur doğrudan-doğruya özünü Putin Surkovunun azərbaycanlı “dubler”u hesab edirdi.
Ötən il noyabrın 1-də Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ona qarşı hücumlarla bağlı “Mənə küçüklər hürür” adlı məqalə ilə çıxış etmişdi. Qayət maraqlı və sərt bir açıqlama vardı yazıda: “Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir”. 
Beləliklə, hasil olan ilk nəticə ondan ibarətdir ki, Gülənin Prezident Administrasiyasındakı naibinin güclü inzibati dəstəyi vardır.
İkincisi, etnik mənsubiyyət faktorudur. Məlumdur ki, hələ sovet dövrünün yazılmamış “kanon”larına görə, Azərbaycanda milli mənsubiyyəti fərqli yaxud qarışıq olanların yüksək vəzifələrə yerləşdirilməsində həlledici rol məhz bu amilə məxsus olmuşdur. Nəzərə alsaq ki, bu gün ölkədə “paradı idarə edən”lər sırasında belələri az deyil, onda E.Aslanova “stavka” edilməsinin bir sirri də beləcə ortaya çıxmış olar.
Üçüncüsü, nurçular və onların lideri Fətullah Gülən vasitəsilə Amerikadakı müəyyən dairələr tərəfindən göstərlilən siyasi-humanitar dəstəkdir.
Dördüncüsü, E.Aslanov kreaturasını ortaya atan qüvvələrin Azərbaycanda əbədi maraqları olan Rusiyanın bəzi dairələri ilə sabit və üst səviyyədə qurulmuş əlaqələrdir.
Hətta Türkiyənin Baş naziri R.T Ərdoğan Bakı səfərərinə açıqlamasında Elnur Aslanov “kartı”nın vurulması ilə kifayətlənməyərək onun arxasında duran qüvvənin hələ də neytrallaşdırılmadığından narahatlığını dilə gətirmişdi.

Yeddi oğul istərəm…

Heç nə izsiz ötmür. Heç nə səbəbsiz baş vermir. Azərbaycanın yaxşılığını, inkişafını istəyənlərin dedikləri Piri babanın nağıllarından başqa bir şey deyildir. Sadəcə, kimlərsə bu işdə onlara əməlli-başlı muzdurluq edirlər. Ölkə mənafelərinin alveri gedir. Bu da sahibkarlığın bir növüdür. Bu Vətənə asi kəsilmiş oliqarx-məmurların cərgəsinə, müasir informasiya cəmiyyətinin leksikonuna uyğun söyləsək, “innovativ-kreativ” bir qrup daxil olmaqdadır – Elnur Aslanov, Ceyhun Osmanlı, Fərhad Məmmədov, Ramin Hakimov, Orxan Əkbərov, Rauf Mərdiyev, Fərhad Hacıyev. ..
Buyurun izləyin; ölkənin gələcək kadr korpusunun dizaynı budursa, bizim övladlarımızı bunlar, nəvə-nəticələrimizi bunlardan törəyənlər idarə edəcəklərsə, vay bu ölkənin halına!
Vay bu millətin halına!
Vay Azərbaycanın halına!

Maqsud SƏMƏDZADƏ          azpolitika.info

Комментариев нет:

Отправить комментарий