15.04.2014

Nurçular Azərbaycana necə doluşublar?

Türkiyə hökuməti ilə “Gülən camaatı” arasında yaşananlar hər kəsə məlumdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan “Gülən camaatı” ilə artıq açıq döyüşə girib.
Ərdoğan bir vaxtlar yanaşı, çiyin-çiyin dayandığı, müttəfiq olduğu “Gülən camaatı”na qarşı Türkiyədə olduğu kimi dünyanın əksər ölkələrində də hücuma başlayıb.
Bir neçə gün əvvəl Bakıya rəsmi səfərə gələn Ərdoğanın prezident İlham Əliyevlə görüşündə “camaat”a məxsus liseylər, universitet və digər müəssisələrlə bağlı danışıqlar apardığı və bu “camaat”dan olan şəxslərlə bağlı siyahını ölkə başçısına verdiyi iddia olunur.
Artıq bir neçə aydır ki, dünya və ölkə gündəmində “Gülən camaatı” haqda geniş müzakirələr aparılır. Azərbaycanda da bir çox siyasətçilərin adı bu icma ilə yanaşı çəkilir. Hətta “camaat”a bağlı olan şəxslərin yüksək dövlət qurumlarında yer aldığı, böyük postlar tutduğu deyilir, onların “camaat”la bağlılığı haqda müxtəlif fikirlər səsləndirilir. Yerli mətbuatda bu barədə geniş yazıldığından təfərrüatlara varmırıq.
Bəs ictimai fikrin həm də “nurçular” adı ilə tanıdığı “Gülən camaatı” üzvlərinin Azərbaycana ilk gəlişi nə vaxta təsadüf edir? Onların Azərbaycanla birbaşa təmasları nə vaxtdan başlayıb? Ölkəmizə gələn ilk nurçular kimlər olub Virtualaz.org saytı olaraq bu yazıda “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvləri, gəldikləri ilk gündən ölkədə gördükləri işlər, “camaat”a bağlı olan müəssisələrin necə fəaliyyət göstərməyə başlaması haqda məlumat verəcəyik.
Bu yazı “Gülən camaatı”nın 160-dan çox ölkədə açılan liseylərinin fəaliyyəti, həmin ölkələrə dərs deməyə gedən müəllimlərin həyat hekayələrinin yer aldığı “Yeşeren ümidlər” verilişi əsasında hazırlanıb. “Samanyolu” TV-nin hazırladığı bu verilişin ilk hissəsində- Azərbaycanla bağlı olan 5 bölümlük hissəsində “hizmət” adı ilə başladılan “camaat” hərəkatının ölkəmizdə gördüyü işlər haqda məlumatlar yer alır.   
Virtualaz.org həmin verilişdə qeyd olunanlara əsasən “Gülən camaatı” nümayəndələrinin Azərbaycana ilk gəlişi və burada gördüyü işləri qısaca olaraq qələmə alaraq təqdim edir.

*    *      *
İlk dəfə olaraq “Gülən camaatı”nın lideri Fətullah Gülənin göstərişi ilə 11 nəfər Türkiyədən çıxaraq Azərbaycana üz tuturlar. Onlar Azərbaycandakı vəziyyətlə yerindəcə tanış olub bu barədə Fətullah Gülənə məlumat vermək üçün gəlirdilər.
1990-cı il, yanvarın 10-da aralarında Sadetdin Başar, Mehmet Tanrısevər, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq Azərbaycana doğru yola düşürlər.
Onlar əvvəlcə Batumiyə, sonra isə Tiflisə gəlirlər. Gürcüstandan keçərək Azərbaycana gəlməyi planlaşdıran bu qrup yanvarın 11-də Gürcüstan ərazisinə daxil olur. Onlar bir həftəlik viza alırlar. Azərbaycanın Gürcüstanla sərhəddinə çatırlar. 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana gəlir. Onları Azərbaycanın Qazax rayonunda azərbaycanlı əsgərlər qarşılayır.
Qrup üzvləri sərhəddə Xalq Cəbhəsi hərəkatının nümayəndələri ilə görüşür və onların köməyi ilə Gəncəyə gəlirlər. Xalq Cəbhəsi hərəkatının üzvləri türkiyəliləri döyüş gedən sərhəddə gətirirlər. 5 nəfərlik qrupa azərbaycanlıların ələ keçirdikləri tankları göstərir, onları çoxsaylı yaralıların yerləşdirildiyi xəstəxanaya aparırlar.
Oradan da Bakıya gəlirlər. Gəncədən Bakıya gələrkən yol üstündə olan rayonlarda, kəndlərdə yerli camaatla görüşə-görüşə sovet ordusunun əsarətində olan Bakıya çatırlar. Lakin heç bir oteldə onlara yer verilmir. Köhnə “Bakı” mehmanxanası da daxil olmaqla heç bir otel onları məhz türkiyəli olduqları üçün qəbul etmir.
Türkiyəlilər Bakıda olan məscidlərdən birinə namaz qılmağa gedirlər. Həmin məscidin imamı onları qəbul edir.
Qrup üzvləri Bakıdakı vəziyyətlə, insanların yaşayış şəraiti, ölkədəki iqtisadi-siyasi durumla tanış olduqdan sonra yanvarın 17-də yenidən Gəncəyə qayıdırlar. Gəncədə yerli camaat tərəfindən böyük izdihamla qarşılanırlar. Buradan Gürcüstana keçir, oradan isə Türkiyəyə yola düşürlər. 
11 nəfərlik qrup 1990-cı il, yanvarın 19-da Fətullah Gülən və “camaat”ın üzvləri ilə görüşürlər. Azərbaycanda olan 5 nəfərlik qrupun üzvləri gördüklərini, eşitdiklərini, yerli camaatla ünsiyyətdə olarkən gəldikləri nəticəni F.Gülənin də iştirak etdiyi söhbətdə “camaat”a çatdırırlar.
Azərbaycandan gələnlərin danışdıqlarından sonra F.Gülən “camaat” üzvlərinin mütləq Azərbaycana getməli olduqlarını deyir, bu dar gündə azəri qardaşlarının yanında olmağı onlara məsləhət görür.  
Bu söhbətin səhəri - 20 yanvarda Azərbaycanda Qızıl ordu tərəfindən qətliam törədilir, dinc insanlar qətlə yetirilir. Həmin gün İzmirdə məscidlərin birində xütbə oxuyan F.Gülən “camaat”a səslənərək Azərbaycanda cənazəsi qaldırılmamış, qanı qurumamış şəhidlərin bu insanların yardımına ehtiyacı olduğunu söyləyir.
Bu ərəfədə “Zaman” qəzeti Azərbaycana Yılmaz Polad adlı müxbirini və bir neçə əməkdaşını göndərir. Onlar 20 yanvar hadisələri və Azərbaycanda baş verənlərlə bağlı qəzetdə yazılar yazırlar.
“Zaman” qəzetindən gələn bu şəxslər o zamankı baş nazir Həsən Həsənovla görüşür. H.Həsənov “Zaman” qəzetindən gələn türkiyəli jurnalistlərə Azərbaycanda ilk dəfə olaraq zamin durur və 1990-cı ilin əvvəllərində qəzetin Azərbaycanda ilk bürosu açılır. Beləliklə, “Zaman” qəzetinin əməkdaşları Azərbaycanda rəsmi səviyyədə dəstək alaraq çalışmağa başlayan ilk xarici mətbuat nümayəndələri olurlar.
Daha sonra “Gülən camaatı” üzvlərindən ibarət 36 nəfərlik qrup Orta Asiya ölkələrinə yollanmaq üçün Türkiyədən ayrılır. Onlardan 20-si Qazaxıstan, Türkmənistan, Özbəkistan, Dağıstan, Qırğızıstan və Azərbaycana yola düşür.
Yeni gələn qrupu Xalq Cəbhəsi hərəkatının türkiyəlilərin ilk səfərdən tanış olduqları İsmayıl və Nizami adlı üzvləri qarşılayırlar. Buradan birbaşa Gəncəyə gəlir, oradan isə  Bakıya yola düşürlər. Bir neçə gündən sonra Gəncəyə qayıdırlar. Burada yerli sakinlərlə görüşürlər. Gəncəlilərlə görüşərkən KQB əməkdaşları onlara yaxınlaşır. KQB işçiləri aralarından Halit Esendir adlı şəxsi sorğu üçün naməlum istiqamətə aparırlar.
Azərbaycanlı KQB işçisi H.Esendirə deyir ki, ruslar səni tutacaq: “Buradan tez gedin və bu səfəriniz haqda da heç bir yerdə danışmayın”.
Azərbaycanlı KQB işçisinin köməyi ilə oradan uzaqlaşan H.Esendir digər dostlarına xəbərdarlıq edir və onlar yenidən Türkiyəyə qayıdırlar.
Qrup üzvləri bu səfərdən sonra da Fətullah Gülənlə görüşürlər. Azərbaycanda vəziyyətin həddən artıq gərgin olduğunu, yerli camaatın dəstəyə ehtiyac duyduğunu izah edirlər.
Bu dəfə isə Azərbaycana birdəfəlik getmək istəyən “camaat” üzvləri ilə danışıqlar başlanılır. Bir qrup gənc Azərbaycana birdəfəlik köç etməyi qərarlaşdırır.
Hilmi Öney adlı iş adamı həyat yoldaşı və üç uşağı ilə Azərbaycana köçən ilk “Gülən camaatı” üzvü olur. Gələnlər Azərbaycanda biznes qurmaqla yanaşı türk və ingilis dillərində dərs verməyə də başlayırlar. Bu ərəfələrdə tələbələrin Türkiyədəki universitetlərə göndərilməsi ilə bağlı da işlər görülür.
Hilmi Öneyin təşkilatçılığı ilə “Çağ”ın ilk ofisi açılır. Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana tələbələrin göndərilməsi üçün ikitərəfli razılıq əldə olunur. İlk dəfə olaraq yüzlərlə tələbə arasından seçilən 25 nəfər Türkiyəyə təhsil almağa göndərilir. Azərbaycan Pedaqoji Universitetinin müəllimi Mehdi Ağayev bu tələbələrin Türkiyəyə göndərilməsində təşkilatçılıq edir.
Təhsil xətti ilə atılan bu addımlar Azərbaycanla Türkiyə arasında çətin bir vaxtda görülən ən önəmli iş kimi qiymətləndirilir. “Gülən camaatı” Azərbaycana gələn bu şəxsləri “adanmış (yəni bir məqsəd uğrunda özlərini fəda etməyə hazır olan şəxslər-virtualaz.org) insanlar” deyə adlandırır.
“Camaat”ın üz tutduğu növbəti istiqamət vəziyyəti Bakıdan da çətin olan Naxçıvan olur. O zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi. “Zaman” qəzetinin baş direktoru İlham İşbilənlə əlaqə saxlayan Heydər Əliyev onlarla görüşmək istədiyini bildirir. “Zaman” qəzetinin Şərqi Anadolu təmsilçisi Ali Bayram və Naxçıvan Ali Məclisinin üzvləri Türkiyə-Azərbaycan sərhəddində görüşürlər.
Ali Bayramın dediklərinə görə, onlarla görüşən naxçıvanlılar Heydər Əliyevin salamını çatdıraraq Türkiyədən dəstək gözlədiklərini deyirlər. Danışıqlardan sonra Türkiyədən ərzaq, dərman, geyim və başqa ləvazimatlardan ibarət yardımın Naxçıvana göndərilməsi üçün Türkiyəyə xəbər göndərilir. Lakin bu yardımın Naxçıvana çatması üçün Türkiyə ilə sərhəddə olan “Həsrət körpüsü”nün açılması gərək idi.
Başda Heydər Əliyev olmaqla Naxçıvandan gələn minlərlə insan bu körpünün üzərində toplaşır.
“Gülən camaatı”nın üzvlərindən Ali Bayramın sözlərinə görə, körpünü ilk keçən şəxs Heydər Əliyev azərbaycanlıların Türkiyə ərazisnə keçməsinə icazə verməyən, onların qarşısını süngü ilə alan türk əsgərlərinin komandirinə yaxınlaşaraq deyir: “Biz 70 ildir bu süngü ilə mübarizə aparırıq. İndi bizi öz qardaşımızın süngüsümü qorxudacaq? Bu insanlar 20 gündür yata bilmir. Həyəcanla bu günü gözləyirlər. Tək məqsədləri Anadolu torpağına ayaq basmaq, bu torpağı öpüb geri qaytımaqdır”.
“Həsrət körpüsü” adlandırılan Sədərək-Dilucu körpüsü 1992-ci il, may ayının 28-də prezident Turqut Özalın və Heydər Əliyevin təşəbbüsü ilə açılır. Körpünün açılışında baş nazir Süleyman Dəmirəl və Heydər Əliyev də iştirak  edir.
Bundan sonra iki ölkə arasında tələbə mübadiləsi genişlənməyə başlayır. Hər il Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə təhsil almaq üçün tələbələr göndərilir. Azərbaycandan Türkiyəyə göndərilən 25 tələbədən sonra “Gülən camaatı”nın 36 tələbə və 8 müəllimdən ibarət üzvləri Bakıya gəlir. Bu qrup 1991-ci il, noyabrın 15-də Bakıya çatır.
Əvvəlcədən gələn “camaat” üzvlərinin dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Təhsil Nazirliyi bu tələbələrin yerləşdirilməsi üçün yataqxanada yer təşkil edir. O zaman “Parti şkola” (Ali Partiya Məktəbi-virtualaz.org) adlanan binada həmin tələbələrə yer verilir.
Bu ərəfələrdə Azərbaycana gələn “camaat” üzvləri arasında Ahmet Öksüz, Ahmet Salih Güren, Mehmet Durmuş, Şükrü Yıldız, Murat Erkan, Zəfər Yalçın, Muaz Menekşe, Mustafa Atalay (rəhmətə gedib), Halil İbrahim, Necmi Aydın, Kemal Dadaşoğlu, ilahiyyatçı Reşit Haylamaz, Abdulkadir Erdur, Mövlud Turan, Faruk Güllü və başqaları olur.
Bu şəxslərin əksəriyyəti fəaliyyətlərini indi iş adamları kimi dünyanın müxtəlif ölkələrində davam etdirirlər.
1992-ci ildə Ərzurumda buraxılan “Zaman” qəzeti ilk dəfə Naxçıvana göndərilir. Zaman keçdikcə fəaliyyətlərini genişləndirən “camaat” üzvləri Türkiyədən gələn tələbələri Bakının ətraf rayon və şəhərlərinə göndərirlər.
“Gülən camaatı”nın üzvü Mehmet Selim 1992-ci ilin aprel ayında Balakən rayonunda düşdüyü avtomobil qəzasında həlak olur. M.Selim “adanmış insanların” ilk şəhidi kimi bilinir. Türkiyədə dəfn edilən M.Selimin dəfn mərasimində Fətullah Gülən də iştirak edir.
1993-cü ildə “camaat” üzvləri “Parti şkola”dan yavaş-yavaş ayrılaraq kirayə mənzillərə köçürlər. Mərkəz olaraq isə “Neftçilər” metrosunun yaxınlığındakı ev seçilir.
“Camaat”a məxsus “Araz kursları” ilk dəfə 1991-ci ilin dekabrında açılır. Universitetə hazırlıq kursuna 100-ə qədər şagird cəlb olunur.
1991-ci ilin dekabr ayından “Gülən camaatı”na məxsus məktəblərin açılmasına geniş şəkildə start verilir. Məktəblərin açılması üçün maddi dəstək Türkiyədən, “camaat” üzvləri tərəfindən göndərilir. “Camaat”a məxsus ilk lisey Naxçıvanda, Sumqayıtda və Bakıda açılır.
1992-ci ildə Türkiyədən Azərbaycana gələn iş adamlarının da sayı artır. Ailəsi ilə Azərbaycana köçən ikinci “Gülən camaatı” üzvü Ali Osman Uysal olur. 1994-cü il, dekabrın 16-da Azərbaycanda Türk İş Adamları Cəmiyyəti (indiki TÜSİAB) yaradılır.
Fethin Kazancı və Faik Başoğlu adlı iş adamları da Bakıya gəlir. “Camaat”dan olan iş adamları Azərbaycana gələndə ilk olaraq Türk İş Adamları Cəmiyyətinə üzv olurlar.
1993-cü ildə Azərbaycanda ilk dəfə olaraq xarici televiziya kanalı açılır. “Camaat”a məxsus olan “Zaman” TV ilk dəfə yayıma çıxır. Telestudiyanın binasında bir neçə otaq icarəyə götürülür. Bu kanal həftədə cəmi 4 saat efir çıxır.
“Gülən camaatı”nın Azərbaycanda aktivləşməyə başladığı zamanlarda prezident Turqut Özal 1993-cü ilin aprel ayında Azərbaycana gəlir. “Gülən camaatı”nın Azərbaycanda olan üzvlərindən tələbə Ahmet Salih Güren Turqut Özalla görüşməyə imkan tapır. Heydər Əliyevlə Turqut Özal onları qarşılayan insanları salamlayarkən A.S.Güren özünü Turqut Özalın qarşısına atır və Azərbaycanda oxumağa gəldiklərini, böyükləri Fətullah Gülən tərəfindən göndərildiklərini deyir.
Onun sözlərinə görə, T.Özal belə cavab verir: “Başqa cür mümkün deyildi ki... Mən sizi burada ziyarətə gəlmişəm”.
Ahmet Salih Gürenin dediyinə görə, Turqut Özal orada Heydər Əliyevə “Bu uşaqlara sahib çıxın. Bunlardan sizə zərər gəlməz” deyir.
1993-cü ildə açılan Naxçıvan, Sumqayıt və Bakı liseylərindən sonra Əlibayramlı (indiki Şirvan-red.), Dədə Qorqud, Ağdaş, Mingəçevir, Quba və Lənkəran türk liseyləri, Naxçıvanda isə Şərur və Ordubad qız liseyləri açılır.
1993-cü ildə Bakıda köhnə binaların birində Qafqaz Universitetinin açılması üçün işlər görülür. Azərbaycanda Qafqaz Universitetinin açılması üçün “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvlərindən Ali Bayram prezident Heydər Əliyevlə görüşür və universitet tikmək üçün onlara yer ayırılmasını xahiş edir.
Heydər Əliyev onlara indiki Qafqaz Universitetinin yerləşdiyi Xırdalan şəhəri ərazisində 200 hektar yer verir. Universitetin binalarının təməlatma mərasimlərində prezidentlər Heydər Əliyev və Abdullah Gül də iştirak edir. Beləliklə, Azərbaycanda ilk xarici təhsil verən ali məktəb “Gülən camaatı” tərəfindən açılır.
“Camaat”a məxsus liseylərin şagirdləri 1994-cü ildə Bolqarıstanda keçirilmiş beynəlxalq olimpiadada iştirak edərək 4 qızıl medal qazanırlar. Bir ilkə imza atan bu liseylər bunun sayəsində öz reklamlarını da geniş şəkildə apara bilirlər. Bu hadisənin mətbuatda geniş şəkildə yer alması liseylərin daha da tanınmasına şərait yaradır.
Bundan sonra liseylərin fəaliyyəti genişlənməyə başlayır. Hazırda Azərbaycanda “Fətullah Gülən camaatı”na  məxsus 12 lisey, bir gimnaziya, Qafqaz Universiteti və Azərbaycanın 10 müxtəlif şəhər və rayon mərkəzlərində - paytaxt Bakıda Xətai, Sabunçu, Nərimanov, bölgələrdə olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala,  Şamaxı və Qax “Araz kursları” fəaliyyət göstərir. Adlarını qeyd etdiyimiz müəssisələr “Çağ Öyrətim İşlətmələri”nə aiddir. Rəhbəri isə Ənvər Özerendir. Yalnız Naxçıvanda fəaliyyət göstərən 3 lisey “Zaman” öyrətim şirkətinə daxildir.

http://virtualaz.org/bugun/21953

Комментариев нет:

Отправить комментарий