16.04.2014

Şeyxin idarəsi nurçuluğun rəsmən qadağan olunmasını tələb etdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.
Virtualaz.org modern.az-a istinadən bildirir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Xidmətin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə,  məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır.
“Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir”,-deyə R.Dadaşova bəyan edib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır.
Qeyd edək ki, son günlər hüquq-mühafizə orqanları tərəfindən nurçu cərəyanı üzvlərinə qarşı əməliyyatlar aparır. Hətta bu dini təriqətin nümayəndələrindən saxlanılanlar da az deyil. Ölkəmizin qanunları əcnəbi vətəndaşlara dini təbliğat aparmağı qadağan edir.
1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar törətməsi idi. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün dövlət-din münasibətləri 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təmzimlənir. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı ayrılmır. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə isə din xadimləri dini fəaliyyəti həmin müddətdə dayandırmalıdırlar.
Son bir neçə ildə ölkədə qeyri-ənənəvi dinlərin  nüfuzu güclənməyə başlayıb. Təhlükə eyni zamanda bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan- vəhhabilər və nurçulardan gəlir. Qeyd edək ki, vəhabilik və nurçuluaq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bəzi ölkələrində terrorçuluq, dini ekstermizim yaydığına görə bəzi dini cərəyanlar qadağan olunub. Amma qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhhabilik qanunla qadağan olunmayıb. /virtualaz.org/

Комментариев нет:

Отправить комментарий