Mayis Güləliyev
Mübaliğəsiz deyə bilərik ki, milyarder Corc Sorosun adı siyasətlə və ictimai fəaliyyətlə məşğul olan hər kəsə yaxşı tanışdır. Əsasən acıq cəmiyyət ideyasının təbliğatçısı kimi tanınan milyarder, həm də keçmiş sovet respublikalarında “rəngli” inqilabların ideoloqu və maliyyəçisi kimi də məşhurdur. Dünyada onun fəaliyyəti ilə bağlı müxtəlif fikirlər var. Kimi onu vətəndaş cəmiyyətlərinin inkişafında müstəsna xidməti olan xeyriyyəçi, kimi isə özünəməxsusluğu olan cəmiyyətlərin daxildən parçalanmasında fəal iştirak edən təxribatçı kimi qiymətləndirir. C. Sorosun xeyriyyəçilik və ya açıq cəmiyyət quruculuğu sahəsindəki ictimai fəaliyyətini onun siyasi fəaliyyətindən və baxışlarından kənarda izləmək düzgün olmazdı.
Qeyd etmək lazımdır ki, C. Soros Buş hakimiyyətini ABŞ Yaşıllar Partiyasının nümayəndələrindən sonra ən çox tənqid edən ictimaiyyətçilərdəndir. lakin Demokrat Partiyasının mövqeyindən çıxış edən digər siyasətçilər kimi C. Soros da ABŞ hökumətlərinin mahiyyətinə xas olan çatışmazlıqlardan yox, Buş hakimiyyətinin konkret fəaliyyətindən irəli gələn çatışmazlıqdan daha çox bəhs edir. ABŞ-ın milli təhlükəsizlik və enerji təhlükəsizliyi məsələlərində, ABŞ-Yaxın Şərq problemlərinin həlli məsələlərində də C. Soros digər demokratlardan irəli gedə bilmir. C. Soros haqlı olaraq belə hesab edir ki, Buş hökuməti Yaxın Şərq üzrə ciddi fəsadlar törədə biləcək öz səhv siyasətindən əl çəkməlidir. Lakin o qeyd etmir ki, əslində İsrail-Fələstin münasibətlərini də əhatə edən bu siyasət, təkcə Buş hökumətinin deyil, həm də son 50-60 ildə ABŞ-da aparıcı siyasətdir. Heç kəsə sirr deyil ki, təkcə Buş hökuməti yox, bütövlükdə ABŞ dövləti və onun aparıcı ictimai-siyasi elitası İsrail hökumətini dəstəkləyir. Fələstin torpağında İsrail və Ərəb dövlətlərinin yaradılması haqqında BMT-nin qərarından indiyə qədər digər tərəfin, yəni ərəb əhalisinin, ABŞ dövləti tərəfindən sıxışdırılması bu ərazidə gərginliyin daha da artmasına səbəb olmuşdur. Yaxşı haldır ki, C. Soros HAMASın daxil olduğu Fələstin hökumətinin Dövlət Departamenti tərəfindən qəbul edilməməsini və terrorçu təşkilat hesab edilməsini pisləyir. Doğrudan da Fələstin problemində hər hansı irəliləyiş Yaxın Şərqdə konfliktlərin qarşısını almağa kömək edə bilər və Dövlət Departamentinin bu siyasəti problemlərin sülh yolu ilə həlli istiqamətində hər hansı irəliləyişə ciddi mane olur.
Qeyd edək ki, ABŞ hökumətlərinin əsil mahiyyəti dünya siyasətinin, o cümlədən Yaxın Şərq problemlərinin hər hansı istiqamətdə inkişafında öz maraqlarından çıxış etməkdən ibarətdir. Bu siyasət təbii görünsə də tarixdə əsas konfliktlərin mahiyyətində dayanır. Təbii olan maraqların uzlaşdırılmasıdır. Bu maraqların Yaxın Şərq ölkələrinin maraqları ilə uzlaşdırılması ABŞ-Yaxın Şərq münasibətində istiqamətverici olmalıdır. Təəssüf ki, ABŞ hökuməti öz mahiyyətinə uyğun olaraq problemlərin həll edilməsi əvəzinə onların öz mənafeyinə uyğun olaraq transformasiya edilməsinə daha çox cəhd edir. Məsələn, İsrail-Fləstin qarşıdurmasının əsas səbəblərini aradan qaldırmaq əvəzinə, Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbasla əlaqəyə cəhd edərək hazırda Fələstin Qanunverici Şurasında üstünlüyə malik olan HAMASın yeni seçkilərdə məğlub olunacağına ümid etmək və ya belə “məğlubiyyəti təşkil etmək” əslində Yaxın Şərq qarşıdurmasını daha da sərtləşdirə bilər. Soros belə “təşkilləri” istisna etməsə də yeni seçkilərin nəticələrindən asılı olmadan sülh razılaşmalarında HAMASın iştirakını vacib hesab edir.
Buş hökuməti və Ehud Olmert hökuməti HAMASın daxil olduğu birləşmiş hökuməti tanımaqdan imtina etməsinə baxmayaraq “Məkkə razılaşması” Yaxın Şərqdə problemlərin həlli istiqamətində irəliyə doğru cəhd hesab oluna bilərdi. Bu razılaşmaya əsasən Mahmud Abbas və HAMAS lideri Xalid Maşal bu ilin fevral ayında Məkkədə görüşərək ciddi qarşıdurmada olan HAMAS və FATAH arasında milli birlik hökuməti formalaşdırmağı qərara aldılar. Məkkə razılaşmasına əsasən HAMAS Oslo Razılaşmasına hörmət edəcəyinə razı oldu. C. Soros da bu razılaşmaya yüksək qiymət verir. Lakin bu razılaşmanın həm ABŞ, həm də İsrail tərəfindən qəbul edilməməsinin səbəbini nədənsə açmaq istəmir. Bəlkə İsrail-Fələstin qarşıdurmasının aradan qalxması ABŞ və ya İsrail hökumətinin marağında deyil? Bəlkə bu konfliktin mövcudluğu ABŞ-ın Yaxın Şərq siyasətində qarşıya qoyduğu gələcək məqsədlərə xidmət edir?
Soros belə hesab edir ki, hazırda konfliktlərin həll edilməsində hər hansı irəliləyişin mümkün olmadığı çətin vəziyyət İsrailin keçmiş Baş Naziri Ariel Şaronun Fattah tərəfindən nəzarətdə olan o zamankı Fələstin hökuməti ilə razılaşma olmadan Qəza bölgəsindən birtərəfli çıxma qərarı ilə bağlıdır. Şaronu FATAHın gələcək planlarına kömək etməməkdə günahlandıran C. Soros əslində İsrail-Fələstin konfliktinin həllini bu konflikti yaradan tarixi səbəblərdə yox, ABŞ siyasətinə uyğun Fələstin hökumətinin formalaşdırılmasında görür. Onun fikrincə elə etmək lazım idi ki, ABŞ və İsrailə “baş ağrısı” gətirə bilən HAMAS güclənməsin və 2006-cı ilin yanvarında hakimiyyətə gəlməsin. Yəni nə etmək lazım idi, cənab Soros? Məgər İsrailin işğal etdiyi ərazilərdən çıxarılması və Fələstinlilərin öz yurdlarına qayıtmasına şəraitin yaradılması ilə balı BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, Gəza bölgəsinin sakinlərinə kömək göstərmək üçün hazırlanmış plan yerinə yetirilməyəndə hansı addımları atmaq daha məqsədəuyğun idi? Cəmiyyəti bir-birinə düşmən kəsiləcək qruplara bölmək, yoxsa mövcud problemləri həll etmək? Həmin proseslər bu gün İraqda və Əfqanıstanda da baş verir. Amerika qoşunlarının İraqdan çıxarılması və İraqın suverenliyinə hörmət edilməsi əvəzinə Bağdadın hasarla hissələrə bölünməsi hansı maraqlara xidmət edir?
C. Sorosa kifayət qədər bəllidir ki, İsrailin demokratik seçilmiş HAMAS hökumətini tanımaması və İsrail vətəndaşları tərəfindən ödənilmiş milyonlarla vergini HAMAS hökumətinə verməkdən imtina etməsi ABŞ hökumətinin sanksiyalar vasitəsilə digər dövlətləri özünə tabe etməsi siyasəti ilə eynidir. İsrail bu siyasəti ABŞ-dan mənimsəyib. Tarixi təcrübələr göstərir ki, adətən belə sanksiyalar vasitəsilə hökumətlərə ciddi iqtisadi çətinliklər yaradılır, hökumətlərin fəaliyyət göstərməsi üçün imkanlar xeyli zəiflədilir və cəmiyyət parçalanır. Zəifləmiş cəmiyyəti bir-birinə qarşı qoymaq və vəziyyətdən sui-istifadə etmək asanlaşır. Bəli buna son dövrlərdə Fələstinin timsalında nail olmaq mümkün olmadı. Soros düşünür ki, bu addım Fələstinlilər arasında HAMASın populyarlığını nəini azaltmadı və əksinə İsrail ilə əlaqələrin əleyhinə olan İslam və digər ekstremist qruplarını gücləndirdi. Başqa sözlə desək, o, cəmiyyətin iqtisadi çətinliklərə düşməsinə görə yox, nəzarətə alınması üçün istifadə edilən bu variantın yetərli olmadığına görə narahatdır.
C. Soros HAMASın daxilində hər hansı kiçik ziddiyyətlərdən belə istifadə etməyi vacib hesab edir. O belə hesab edir ki, əgər İsrail seçkinin nəticələrini qəbul etsə idi HAMASın siyasi qanadını möhkəmləndirə və onu hərbi qanaddan ayıra bilərdi. Belə yanaşma yenə də mövcud problemlərin həlli əvəzinə HAMAS daxilində çaxnaşmaların yaradılması yolu ilə onun zəiflədilməsini və nəhayət nəzarətə alınmasını nəzərdə tutur. C. Soros İsrail-Fələstin problemini yalnız İsrail və Fələstin hökumətlərinin münasibətlərinin aydınlaşdırılması nöqteyi-nəzərindən izah etməyə və əsaslandırmağa cəhd edir. Qəbul etmək lazımdır ki, bu problem ABŞ-ın Yaxın Şərq bölgəsindəki maraqları ilə birbaşa bağlıdır və onun həllinə Yaxın Şərq problemlərinin kompleks həlli ilə nail olmaq mümkündür. Soros son İsrail-Livan müharibəsinə də çox sadə yanaşaraq bunu HAMASın hərbi qanadı tərəfindən İsrail əsgərlərinin oğurlanmasının təşkil edilməsinin nəticəsi kimi izah etməyə çalışır. Yaddan çıxır ki, Livanın infrastrukturuna və iqtisadiyyatına küllü miqdarda ziyan vurmuş və minlərlə insanın həyatına son qoymuş bu müharibə heç də İsrail hökumətinin girov götürülmüş əsgərlərə görə zəruri olmayan hərbi cavab zərbəsi deyildi. Bu ABŞ və İsrailin Yaxın Şərqdə gələcək hərbi manevrləri üçün ən azı hazırlıq idi.
C. Soros belə hesab edir ki, HAMASla əlaqələrin qurulması, Fələstində hökumətin fəaliyyət göstərməsinə yardım, FATAH və HAMAS arasında sülh razılaşmasına nail olmaq İsrail və ABŞ maraqlarına uyğundur. Əlbəttə mən C. Sorosun Fələstində hər cür qarşıdurmanın aradan qaldırılması istiqamətindəki istənilən səyini dəstəkləyirəm, lakin bu səy hər şeydən əvvəl yerli əhalinin, o cümlədən Fələstin xalqının maraqlarına xidmət etməli, Yaxın Şərqdə yeni və daha ciddi qarşıdurmaya səbəb olmamalıdır. İllərlə həllini gözləyən problemlərin həll edilməsi əvəzinə, İsrail və ABŞ maraqlarına uyğun olduğu üçün hər hansı qarşıdurmanın idarə edilməsi cəhdi və ya hər hansı mərhələdə zahirən aradan qaldırılması cəhdi əslində Yaxın Şərqin daha ciddi şəkildə parçalanmasına və nəzarətə alınmasına hesablanmışdır.
(Ardı var)
Комментариев нет:
Отправить комментарий