10.09.2011

Otel” Əhməd, Yaxud, yaxşı oğlan olmağın “sirləri”

Biz sizə xeyli adlı-sanlı, titullu adamlar, ağzından “od yağan” şəxslər barədə yazılar təqdim etmişik. Bugünkü qəhrəmanımız isə tamam fərqli insandır. Çoxları ondan söz düşəndə sadəcə, iki kəlmə deməyi xoşlayırlar - “Yaxşı oğlandır”. Elə biz də “Masallı” otelinin sahibi Əhməd Rəhimova ilk sualı bu sözlərdən başladıq:


- İndi çoxları müxtəlif vəzifələrin, orden və medalların, digər təltiflərin arxasında gizlənsələr də, el içində “yaxşı oğlan” adını qazana bilmirlər. Yəqin, buna görədir ki, bu gün “Yaxşı oğlan” adı ən yaxşı titul olaraq qalır. Siz bu adı necə qazandınız, yaxud yaxşı oğlan olmaq üçün nə etmək lazımdır?
- Yaxşı oğlanlar heç vaxt öhdəlik götürmür ki, yaxşı oğlan olacaq. Həyatını elə qurur, elə çalışır ki, başqalarına daha gərəkli olur, bir də görürsən ki, olub yaxşı oğlan. İlk baxışda çox sadə olsa da, bu, çox çətin sualdır. Müxtəlif insanlar üçün yaxşı oğlan meyarı da müxtəlifdir - kimi bunu xeyir-şərə yaramaqda, kimi xeyriyyəçilikdə, kimi hamıya mehribanlıqda, kimi cəsarətli və fədakar olmaqda görür. Məncə, hər insan ən azından bir neçə peşəni mükəmməl bilməlidir. İnsanları, təbiəti sevmək azdır. Onlara nəsə töhfələr vermək lazımdır. Bunun üçünsə insanın gücü, qabiliyyəti, imkanı olmalıdır. Bir az təvazökarlıqdan kənar da olsa, yaxşı mənada sübut etməyi bacarmalısan ki, sən nələrisə digərlərindən daha üstün bacarırsan. Hərəmiz bir yaxşı, orijinal işin daşıyıcısı olsaq, həyatımız nə qədər maraqlı və rəngarəng olar.


... Söhbətə bir az fasilə verib, qədim jurnalistlər demişkən, bir balaca haşiyə çıxmaq istəyirəm. Yəqin bəzi oxucular üçün maraqlıdır ki, yaxşı oğlan axtarışında niyə məhz bir otel sahibini, Əhmədi seçdik. Ona görə “bəzi” deyirəm ki, onu tanıyanlar, bu sualı verməz. Çünki ona bələd olanlar bilir ki, Əhməd ən azı 20 peşəni – gülçülükdən tutmuş, əksər tikinti peşələrini – xarratlığı, suvaqçılığı, rəngsazlığı, kafel, metlax döşəməyi, santexnik işlərini, eləcə də, bir sıra texniki işləri – motosiklet, velosiped, motor, foto-aparat təmirini çox gözəl bacarır. Onun çox yüksək zövqü, demək olar ki, əl uzatdığı hər işə orijinal bir münasibəti var. Böyük bir obyektin rəhbəri olan, normal maddi imkanlara malik bu şəxsi gah əlində mala divar suvayan, gah unitazı təmir edən, gah kafel döşəyən, gah binanın banında təmir işləri aparan, gah gül becərən... vəziyyətdə görənlər, artıq belə hallara təəccüb etmirlər. Qısası, Əhməd bir çoxlarının adət etdiyi şişman, ədalı, forslu oğlanlardan deyil – onu həmişə gülərüz, şən, hamı üçün əlçatan görmək mümkündür. “Masallı” otelinin ətrafındakı yaşıllıq və gözəllik aləmini görənlərə isə əlavə sübutlar lazım deyil.
...İndi isə söhbətimizə davam edək.



- Əhməd, sən rayonun dəyərli, yaddaqalan kişilərindən biri olan, 17 il Masallı səhiyyə sahəsinə rəhbərlik edən Məcid Rəhimovun oğlusan. Məcid kişidən sənə ən çox nə qalıb? 
- Atam, doğrudan da, rayonun sayılan, hörmətli kişilərindən olub. Bizim ailədə 8 uşaq var idi, lap nağıllardakı kimi, 7 oğul və 1 qız. Təkcə bacım evdar qadın olsa da, 7 qardaşımın hamısı ali təhsillidir. Atamın bizə ən böyük töhfəsi hamımıza hədsiz sərbəstlik verməsi idi. O, nəinki, hər hansı uşağa cəza kimi bir çirtmə belə vurmaz, bizə güldən ağır söz də deməzdi. Atam nəsihət verməyi yox, nümunə göstərməyi çox sevərdi. Bir ərkyana baxışı kifayət idi ki, səhvimizi başa düşək. Özü möhkəm yeyib-içən kişi olsa da, evə yad adam gətirməyi xoşlamazdı. Atamın imkanları geniş, kifayət qədər səlahiyyətləri və sözü keçən dostları olsa da, bizim hərbi xidmətdən yayınmağımıza imkan vermədi. Hərbi xidmətə gedəndə nəinki özü, heç ailə üzvlərinə də imkan verməzdi ki, bizi yola salmağa gəlsinlər. Elə sadəcə, avtobusa əyləşib Biləcəriyə yollanardıq.
- Bəlkə, atanla münasibətdən bir nümunə deyəsən?
- Atam bir dəfə Moskva səfərindən çox maraqlı və gözəl zəngli saat gətirmişdi. Bu saatın qəşəng görkəmi, gözəl səsi vardı və evin ən gözəl eksponatına çevrilmişdi. O vaxt 10-12 yaşım var idi. Mənə maraqlı idi ki, həmin saat bu qəşəng səsi necə çıxarır. Saatı sökdüm. Ancaq nə o səsin sirrini öyrənə bildim, nə də çox çalışmağıma baxmayaraq, həmin saatı yenidən quraşdıra bildim. Evdə hamı həyəcan içində idi ki, atam gəlib bu əməlimə görə nə edəcək? Gəldi, baxdı, güldü və dedi : “Yəqin, öyrənmək istəyib ki, bu saatı necə düzəldiblər. Çox güman ki, sökə-sökə nəyəsə nail olacaq”. Zaman keçdi. 10-cu sinifdə oxuyurdum. Başladım motorlu motosikletləri təmir etməyə. Bunun sorağı ətrafa yayıldı. Əsasən, montyorlar işlədirdi bu motosikletləri. Bəzən 5-i, 10-u birdən gətirirdi ki, motorlu motosikletimi təmir elə. Atam bunu eşidəndə, yenə zarafatla demişdi ki, sizə demişdim də, bu sökə-sökə nəyisə öyrənəcək.
- Bəs qardaşlarından sənə nə qaldı?
- Qardaşlarımdan hər birinin, necə deyərlər, özünəməxsus türfə əlamətləri var. Böyük qardaşım Rəhim həkimdir və olduqca təmkinli və zəhmlidir. Onun yanında hamımız özümüzü, necə deyərlər, yığışdırırıq. Siqaret çəkən onun yanında siqaret çəkməz, bərkdən danışan səsini yavaşıdıb danışar, sözü ilə kimi danlamasa da, baxışlarından hərə öz payını götürərdi. Rauf qardaşım isə şənliyi, şoşqunluğu ilə bizə nümunə göstərib.
- Bəs üç oğlun səndən nə götürüb?
- Valideynlərim mənə nə veribsə - sərbəstlik, çalışqanlıq, həmişə öyrənməyə can atmaq - bunları övladlarıma verməyə çalışmışam, demək olar ki, buna nail də olmuşam. Onlar öz həyatlarını maraqlı qurmağı bacarırlar.
- Heç, düşmənin varmı?
- Konkret heç kimlə düşmən deyiləm. Necə deyərlər, nə küsülü olduğum şəxs var, nə də “yaman” olduğum. Amma düşmən kimi baxdığım əməllər yox deyil. Hansı gənc ki, saatlarla o dükanın, bu dükanın qabağında veyillənir, gününü nərd, domino vurmaqla keçirir, yaxud natəmizliyi özünə adət edib, heç bir yeniliyə can atmır, özünü həyatın axarına buraxıb, belələri mənim düşmənim olmasa da, sevmədiyim insanlardır.
- Sənin üçün cəza nədir?
- Məni hər cür komfortu olan otağa salıb, hər cür naz-nemətlə təmin edib, lakin işləməyə imkan, şərait yaratmasalar, bunu özümə ən böyük cəza sayaram. Gecə-gündüz işləmək, həmişə orijinal şeylər yaratmaq mənim həm xobbim, həm peşəm, həm istirahətim, həm mənəvi rahatlığım, obrazlı desək, həyatım, xoşbəxtliyimdir. Bir dəfə qəribə hadisə oldu. Gecə saat 2-3 olardı, yenə də mehmanxanada ustalıqla məşğul idim. Tanımadığım (həm də həmin şəxs məni tanımırdı) qonaqlardan biri dedi ki, nə əcəb gecənin bu vaxtı da işləyirsən? Dedim ki, müdirim çox çətin adamdır, işi tamamlamasam, vəziyyətim yaxşı olmaz. Həmin şəxs bir az duruxub dedi ki, sənin bu işə məhəbbətin olmasa, heç kim gecənin bu vaxtı səni belə işləməyə məcbur edə bilməz.
- Səndən yazı hazırlamaq istədiyimi biləndə nə fikirləşdin?
- Düzün desəm, inciməzsən?
- Yox.
- Birincisi, özümü reklama heç xoşum gəlmir. Ona görə, öncə fikirləşdim ki, bu söhbətə də 1-2 saat vaxt keçəcək. Amma nəzərə alanda ki, bu, hamımıza doğma olan bir qəzet üçündür, razılaşmaya bilmədim.
- Bir az quru da alınsa, həyatda əsas prinsipin nədir?
- Öncə ailəmizin şərəfini hər yerdə uca tutmağa çalışıram. İstəyirəm, elə çalışım, ailəmizə, nəslimizə həmişə baş ucalığı gətirim. İçimdə bir daxili nəzarətçi sanki həmişə deyir: “Unutma ki, kimin oğlusan, kimin qardaşısan”. İkincisi, elə sahədə işləyirəm ki, hər gün onlarla yeni insanla qarşılaşıram. Onların bəzisi elə Masallıya gəlib-qayıdır. Eləsi var, ilk dəfə, ya ömründə bir dəfə gəlir. Bu rayonu elə bu otellə tanıyır. Ona görə, işi elə qurmağa çalışıram ki, bu oteldə qalan hər insan ürəyində bir yaxşı Masallı ovqatı aparsın.
- Məqamı gələndə pis adam olmağa qorxmursan?
- Məsələni o dərəcə də kəskin qoymazdım. Elə adamlar var, çox fərqli düşüncəyə və maraqlarımla tam əks qütbə mənsub insandır. Onları da dinləməyə, başa düşməyə çalışıram. Necə ki, onlarla peşənin, onlarla gülün-çiçəyin dilini öyrənmişəm, xidmət sahəsində çalışan bir insan kimi hər cür insanın da dilini öyrənməyə çalışıram.
- Həyatında qəribə hadisələr çox olur?
- Elə hər yenilik özü bir qəribəlikdir də. Bəzən mehmanxanaya gələn qonaqlar işçilərdən soruşur ki, müdir haradadır? İşçilər əlində mala, palçıq tutan məni onlara göstərəndə : “Məni ələ salmısan, tayın-tuşunam,” - deyib, əsəbiləşən də olur. Sonra bunun həqiqət olduğunu görüb gülümsəyir. 20 il öncə, 32 yaşında bu obyekti təhvil alanda özüm də inanmazdım ki, buranı bu qədər gözəlləşdirə bilərəm. Təsəvvür edin, 1991-ci ildə nəinki Masallıda, heç cənub bölgəsində normal su sistemi olan otel tapmaq olmurdu. Qısa müddətdə “Masallı” otelində nəinki soyuq, hətta isti su da oldu. Ətrafda da bir-birindən yaraşıqlı yaşılıq, güllük zolaqları yaratdıq. İndi mehmanxananın damından da səmərəli istifadə etməyə çalışırıq. Bu binanın 4-cü mərtəbəsinin damından Masallının panoramı tamam başqa cür görünür, dağlar da, yaxın kəndlər də tamam başqa mənzərə yaradır. Ona görə burada istirahət guşəsi yaratmaq, trenajorlar quraşdırmaq istəyirik. Bundan əlavə zamanın tələbinə uyğun hər mərtəbədə sürətli internet quraşdırmaq üçün işlər görülür.


Daha sonra söhbət elə axara düşdü ki, daha Əhmədə sual verməyə ehtiyac qalmadı. Belə ki, Əhməd düşündüklərindən, xatirələrindən özü aramla danışmağa başladı:


- Bəzən məndən soruşurlar ki, gördüyün işlərin hansı sənə doğma, hansı ögeydir. Əgər o iş ögeydirsə, ona heç vaxt əl bulaşdırmaram. Əgər bu peşələrdən hansınısa seçmək məcburiyyətində qalsam, gülçülüyü və arxitekturanı seçərdim.
O işdə ki, yenilik yarada bilməsəm, o işə girişmərəm. Özümə ev tikəndə də, oranı təkcə özüm üçün isti yuva tikmədim. Bütün daşları bir-bir yonub, onlara xüsusi görünüş verə-verə divara hördüm. Bəzən gecələr, şam işığında işləyirdik. Bu işdə o qədər orijinallıq etdik ki, sonra çoxları bizim nümunələrdən istifadə etdi. Qəribə də səslənsə, istəyirəm ki, çoxları mənə oxşasın – yaşadığı, işlədiyi binanın ətrafını güllərlə, yaşıllıqla orijinal formada bəzəsin. Xaricdə olduğu kimi, yaşadığımız yerin hər qarışı ürəkaçan olsun. Bu arzuda olanlara hər cür yardım etməyə hazıram.
- 20 ildir tikirsən. Yorulmamısan, yaxud, bu işlər nə vaxtsa bitəcəkmi?
- Amerikada bir “Qızıl körpü” var. 16 kilometr uzunluğundadır. Axırıncı kilometrin dirəklərini rəngləyəndə birinci kilometrdəki dirəkləri təzədən rəngləmək lazım gəlir. Burada da işlər o qədər çoxdur və hər işi yeniləmək o qədər marağımızdadır, çətin ki, burada iş qurtara. Bir də iş qurtarsa, mən də qurtararam. Yəni, özümü işsiz, bekar təsəvvür etmirəm. Bura mənim üçün həm istirahətdir, həm biznesdir, həm ürəyimcə olan məşğuliyyətdir, həm yeni insanlardır, həm də hər şeydir.




...Biz Əhmədlə söhbəti elə onun ustalıq və fəhləlik etdiyi 4 mərtəbəli mehmanxana binasının çardağında etdik. Onun söhbəti və gördüyü işlər nə qədər maraqlı olsa da, ətrafda Əhmədi çoxlu işlərin gözlədiyini nəzərə alıb, söhbəti elə buradaca bitirməyi məqsədəuyğun saydıq. Əhmədin həm işləri, həm arzuları, həm də qəribəlikləri isə bitib-tükənənə oxşamırdı.

Zahir
 Əmənov, "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий