11.10.2011

1 Nömrəli İntellektual Qəzetə


Bu şərəfli mövqeyinə gəlib çıxana kimi “Yeni xəbər” heç də hamar yol keçməyib

 Uzun illərdir ki, bir çox tanışlarım kimi mən də “Yeni xəbər” qəzetini izləyirəm. Deməliyəm ki, bu qəzet mükəmməlləşib, artıq əvvəlki çapından qat-qat fərqlənir. Püxtələşib, çoxsaylı mətbuat nümunələri içərisində özünə məxsus, danılmayan yer tutub. Bir çox qəzetçi tanışlarımın fikrincə isə, sizin qəzet Azərbaycan mediasında 1 Nömrəli İntellektual Qəzetə çevrilib.

 “Yeni xəbər” uzun illərdir ki, xalqına, dövlətçiliyinə sədaqətlə xidmət eləyir, onlarla yazar, jurnalist, baş redaktor yetişdirib, neçə keşməkeşlərdən, burulğanlardan sağ-salamat çıxıb, heç mənim kimi sıravi bir oxucunun yəqin ki tərifinə də ehtiyacı yoxdur. Amma mən qəzetin son vaxtlardakı formatına baxıb yazmaya bilməzdim.
 Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Axundovun, Əbdürrəhimbəyin ruhunu yaşadan bu qəzet Azərbaycan mətbuatına yazını ilk cümlədən oxumaq marağı gətirib məncə. Ona qədər bir çox qəzetləri əsasən son səhifədən oxumağa başlayır, dilinin quru və həddən artıq rəsmiliyi, bəzən isə əksinə, indi paytaxtı başına götürmüş kəndçiliyi ucbatından bəzən heç ilk səhifələrini oxumurdum da. “Yeni xəbər” isə əsl ziyalı malıdı. Qəzet bir çox intellektuallığa hesablanmış yazıları çıxmaq şərti ilə əsasən elə oxucunun öz dili ilə danışır, ona doğma olan sadə, rəvan, səlis dillə yazır. Maraqlı seçilmiş xəbərlər, hər bir redaksiyanın arzuladığı köşə və məqalə yazarları, məmurların yuxusunu qaçıran araşdırmalar, istisi hələ üstündə olan operativ informasiyalar, ağıllı, oxunaqlı və hətta mırt yazılar bu qəzeti mənim, eləcə də digər tanıdığım ziyalıların sevimli qəzetinə çevirib.
 Artıq oturuşmuş, özünə “kruq” yığmış, çoxlarının kürkünə birə salmış, çoxlarının da müşküllərinə yardım etmiş, əllərindən tutmuş, səsini lazımi yerlərə çatdırmış bir qəzetdi “Yeni xəbər”.
 Onu da bilirəm ki, bu şərəfli mövqeyinə gəlib çıxana kimi “Yeni xəbər” heç də hamar yol keçməyib. Məhkəmə çəkişmələri də olub, təzyiqlər də, maliyyə çatışmazlıqları da arada fasilələr yaradıb, hətta keçmiş baş redaktor kriminial məmurların əli ilə həbsdə də yatıb. Onu ədavət yerinə çevirmək istəyənlər də oldu, ətalətdə qalmasına çalışanlar da. Amma düşünürəm ki “Yeni xəbər” küyə getmədi, simasını, adını və məramını qoruya bildi. Sözsüz ki haradasa haqsızı müdafiə eləyən məqamlar da olub. Həyatda hər şey olur. Bir sözlə, “Yeni xəbər” də elə bir insan ömrü yaşayıb. Deməli, canlı olduğu üçün səhv edə bilmək xüsusiyyəti ona da yad deyil.
 Fikir vermişəm ki, yaşadığım ərazidə sadə camaat arasında bu qəzet olduqca populyardır. Millət elə bilir ki, qəzet prokurordu, məhkəmədi, polisdi- onlardan istənilməlini qəzetdən istəyir. Amma deyəsən bu istənilmələrin artmasında baş redaktor İlqar Salmanlının da “əməyi” var. İş o yerə çatıb ki, uşağını cərahiyyə əməliyyatına aparan, hətta oxumağa getməyə pulu olmayan da onun yanına getmək fikrinə düşür. Və deyəsən baş redaktor heç kəsi də naümid qaytarmır. Ən azından, sözüylə, hərəkətiylə...
 Onu da bilirəm ki, vaxtilə “Yeni xəbər” indi respublikada adla deyilən bir çox yazarların doğma məkanı olub. İndi də bu qəzetdə öz debütünü edənlərə, ilk yazıları ilə çıxış edənlərə tez-tez rast gəlinir. Düşünürəm ki, həmişə belə olacaq. “Yeni xəbər”in şinelindən hələ çox imzalar çıxacaq, Azərbaycan mətbuatına öz töhfələrini verəcəklər.
 Sevimli qəzetimə uğurlu yol arzulayıram. Beləcə də davam edin, qardaşlar, haqqın-ədalətin keşiyində durun, xalqın səsini çatdırın! Hər sayınızı səbirsizliklə gözləyən:

Zaur Ağalaroğlu, “Cənub xəbərləri” qəzeti

Şəkildə: Hitler Almaniyası dövründə alman gəncliyi əyalətlərə qəzet paylayır

Комментариев нет:

Отправить комментарий