12.10.2011

Sionizm nədir?


Mayis Gulaliyev

Sionizmi və “İsrail” dövlətini dəstəkləyən hər kəs başa düşməlidir ki, bununla onlar Yəhudiləri və ya İudaizmi dəstəkləmirlər, əksinə Yaxın Şərqdə gərginliyi və qan tökülməsini dəstəkləyirlər

Yaxın Şərq qan içindədir. Bu qanın yaxın illərdə yuyulacağı və yaxud unudulacağı inandırıcı görünmür.  21-ci əsr qeyri-humanist və zor əsri kimi tarixə daxil olur. Neçə min illər dövlətçilik tarixi olan Yaxın Şərq elə bil Allahın qarğışına tuş gəlib. Bəlkə Allah dünyanı sınağa çəkir, onun əsəblərini və mübarizliyini yoxlayır. Kim bilir. Lakin aydın olan odur ki, hər gün onlarla və hətta yüzlərlə günahsız insan kimlərinsə siyasi və iqtisadi ambisiyalarının qurbanı olur.


Yaxın Şərq od-alov içərisində  yandıqca bu qırğınlarda sionizmin günahkar kimi adı getdikcə daha çox hallanmağa başlayıb. Bəs sionizm nədir? Sionizm tərəfdarlarının təbliğinə görə sionizm yəhudilərin vaxtilə qovulduqları öz doğma torpaqlarına qayıdaraq öz müqəddəratlarını təyin etmək hüquqlarıdır. İlk baxışda adi hüquq kimi müəyyən edilən bu təyin, əslində 19-cu əsrin sonundan bu günə qədər ciddi tarixi sualların  və qlobal qarşıdurmaların başlanğıcını qoymuşdur. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar. Lakin bütün bu yanaşmaları birləşdirən əsas xətt ondan ibarətdir ki,  bu ideologiya yəhudi xalqının bütün nümayəndələri tərəfindən dəstəklənmir və yəhudi xalqının milli hərəkatı kimi xarakterizə edilə bilməz. Bu ideologiyanın  təşəkkül tapdığı dövrdə, yəni 19-cu əsrin axırlarında, dünyada baş verən hadisələrin analizi də bunu deməyə əsas verir ki, yəhudilərin   öz tarixi torpaqları kimi qiymətləndirdikləri Fələstinə kütləvi şəkildə qayıdışları tarixi zərurət deyildi. İnkar edilməz faktdır ki, bu dövrdə nə Şərqi, nə də Qərbi Avropada insanların, məhz yəhudi olduqlarına görə, kütləvi təqib edilməsi faktları yox idi.
Müasir Sionizm formal olaraq 1897-ci ildə  Avstriya jurnalisti Teodor Herzl tərəfindən yaradılmışdır. O belə hesab edirdi ki, yəhudilər özgə ölkələrdə heç  vaxt rahat yaşaya bilməyəcəklər və onların  təhlükəsizliyinin təmin edilməsi üçün ən düzgün yol yəhudi dövlətinin yaradılmasıdır. Odur ki, rəsmi  Sionizmin əsasında yəhudilərin Fələstinə qaytarılması və orada “Yəhudi dövlətinin” yaradılması ideyası dayanır. Əlbəttə, bu, yalnız “aysberqin görünən tərəfidir”. Görəsən, belə bir  dövlətin yaradılması naminə milyonlarla  yəhudinin qurban verilməsi nə dərəcədə tarixi zərurət idi və özünü doğrultdumu? 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində  təşkilatlanmağa meylli və inqilabi ruhlu yəhudilərin İsrail dövlətini yaratmaq bəhanəsi ilə Avropadan uzaqlaşdırılması hansı dövlətlərin marağına xidmət edirdi? 20-ci əsrdəki iki Dünya müharibəsinin və 21-ci əsrdə Yaxın Şərqdə baş verən qanlı hadisələrin  Sionizmlə hansı bağlılığı vardır?  Və sair.
Qeyd etmək lazımdır ki, sionizm ideologiyası, elə yaradılan vaxtdan, yəhudilərin özləri tərəfindən mübahisəli bir ideologiya olmuşdur. Bu ideologiyanın İudaizmlə eyniləşdirilməsi əleyhinə çıxış edən ortodoks yəhudi anti-sionistlər  bildirirlər ki, Yerusəlimə qayıdışın belə təbliği əslində düzgün deyil. İslahatçı yəhidi anti-sionistlər isə yəhudilərin millət olmadıqlarını bildirərək ayrıca Yəhidi dövlətinin yaradılmasını da səhv addım hesab edirlər.  Marksist anti-sionistlər isə Sionizmi yeni müstəmləkəçi siyasətin tərkib hissəsi hesab edərək, onu “millətçi ideologiya” adlandırırlar.
Sionizmin əsil mahiyyətini düzgün anlamaq üçün bu ideologiyanın təşəkkül tapmasında və inkişafında  hansı qüvvələrin maraqlı olmasını analiz etmək daha düzgün yanaşmadır. Başqa sözlə desək, Sionizm ideologiyasının əsil mahiyyətini başa düşmək üçün bəzi sualların aydınlaşdırılmasına ehtiyac vardır. Məsələn, Avropa ölkələri Sionizmin inkişafına dəstək vermişlərmi? Bəli, tarixi faktlar sübut edir ki, müasir Sionizm ideologiyası təşəkkül tapdıqdan iyirmi il sonra, yəni 20-ci əsrin əvvəllərində,  Yəhudilərin Böyük Britaniyaya miqrasiyasını məhdudlaşdıran qanunun əsas tərəfdarı olan Artur Balfor hökumətə təklif edir ki, Yəhudilər Fələstinə yerləşdirilsin. Lakin  bu təklif Britaniya yəhudi icmasının özü  tərəfindən “anti-semit təklif” kimi qiymətləndirilərək rədd edilmişdir.
Bəzən Sionizmi yəhudi millətinin statusunun bərpası və İsrail dövlətinin yaranması və inkişafı naminə hərəkat da adlandırırlar. Lakin nəzərə alsaq ki, “Uqanda planına” əsasən Yəhudi dövlətinin boş qalmış  Şərqi Afrika ərazilərində də yaradılması təklif edilirdi və hətta 20-ci əsrin əvvəllərində bu ideyanı reallaşdırmaq tamamilə mümkün idi, onda başa düşmək çətin deyil ki, sionizm yəhudilərin Yaxın Şərqdə yerləşdirilməsi yolu ilə bu ərazilərin əslində nəzarətə götürülməsi məqsədini daşıyan siyasi ideologiyadır. Bu faktı Birləşmiş Millətlər Təşkilatının (BMT) 1947-ci ildə İsrail dövlətinin yaranması ilə bağlı birtərəfli  qətnaməsi və BMT-İsrail əlaqələrinin sonrakı inkişafı da təsdiq edir.
Lakin BMT Baş Assambleyasının 3379-cu Qətnaməsində Sionizmin irqçi ideologiya kimi qiymətləndirilməsi  və İsraildəki irqi  ayrı-seçkiliyin  pislənməsi Yaxın Şərqdəki hadisələrin o qədər də sadə və tezliklə həll edilə bilən olmamasından xəbər verirdi. Sionizmin dünyada sülhə təhlükə olması, irqçi, millətçi və imperialist bir ideologiya kimi xarakterizə edilməsi əlbəttə onun inkişafında və möhkəmlənməsində xüsusi marağı olan ölkələri, xüsusilə də ABŞ-ı narahat etməyə bilməzdi. İsrailin BMT-dakı səfiri Çaim Herzoq bu qətnaməyə öz narazılığını bildirərək onu 1938-ci ildə Hitler Almaniyasının yəhudilərə qarşı soyqırımı ilə müqayisə edirdi. 1991-ci ildə ABŞ –ın ciddi təkidi ilə bu qətnamənin ləğv edilməsi Sionizmin mahiyyətini qətiyyən dəyişmədi və dəyişə də bilməzdi. Əksnə, 1991-ci ildən sonra Yaxın Şərqdə baş verən hadisələr dünya ictimai fikrində özünə yer almış narahatçiliqları bir daha artırdı. Sionizmin ABŞ xarici siyasəti ilə əlaqəsi onun əsil mahiyyətinin nədən ibarət olduğundan xəbər verirdi.
Amerika-İsrail İctimai Əlaqələr təşkilatının rəsmi fəaliyyətinə qarşı mübarizə aparan Ortodoks Yəhudilər  Sionist rejiminin qlobal təhlükə mənbəyi olduğunu qeyd edirlər. Yəhudilər Sionizm Əleyhinə təşkilatının məruzəçisi Rabbi Yisoel Dovid  qeyd edir ki, Sionizmi və “İsrail” dövlətini dəstəkləyən hər kəs başa düşməlidir ki, bununla onlar Yəhudiləri və ya İudaizmi dəstəkləmirlər, əksinə Yaxın Şərqdə gərginliyi və qan tökülməsini dəstəkləyirlər. Tarixən İslam ölkələrində yəhudilərin müsəlmanlarla dinc yanaşı yaşamasını və ictimai harmoniya təşkil etməsini yüksək qiymətləndirən Rəbbi, bu harmoniyanın və sülhün dağıdılmasında Sionizmin mənfi rolunu qeyd edir. O əmindir ki, ərəb və yəhudilər arasındakı din fərqi onlar arasında düşmən  münasibətə səbəb ola bilməz. Əksinə, bu düşmənçiliyin əsasında Sionizm dayanır və Sionizm bütün hallarda anti-semitizmi doğuran səhv ideologiyadır.
Sionizmin yaranması tarixi göstərir ki, bu ideologiya Dünya Müharibəsinə qədər yəhudilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmirdi. Yəhudilərin ikinci Dünya Müharibəsi ərəfəsində faşist Almaniyası tərəfindən təqib edilməsi Sionizmin yayılmasını gücləndirdi.  Bu dövrdə ortodoks yəhudilər sionistlər tərəfindən sosialist və millətçilik ideologiyasına xas olan bəzi elementlərin qəbul etməsinin qəti əleyhinə çıxırdılar. Onlar daha çox Rabbilərin ənənələrinin davam etdirilməsinin tərəfdarı idilər. Sionistlər isə ənənəvi dini dəyərlərin saxlanmasına təhlükə yaradırdılar.
Yaxın Şərq ölkələrində baş verən hadisələr bunu deməyə əsas verir ki, Sionizm qeyri-zorakılığı və qeyri-irqçiliyi  təbliğ edən İudaizmdən kəskin fərqlənir. İudaizm tələb edir ki, hansı ölkədə yaşamağından asılı olmayaraq hər bir yəhudi bu ölkənin qanunlarına hörmət  edərək sülh  şəraitində yaşamalıdır. İudaizmə görə fəaliyyətdə olan qanunlara qarşı üsyan etmək və İsrail torpaqlarını güclə almaq olmaz. İudaizm yerli əhali olan fələstinlilərin əllərindən qanuni torpaqlarının tarixi bəhanə ilə  alınmasını qadağan edir. Beləliklə, ortodoks Yəhudilər Fələstində İsrail dövlətinin yaranmasını İudaizm dininin əleyhinə olan addım kimi qiymətləndirərək Sionizmin rəsmi elan etdiyi məqsədlərin də əleyhinə çıxırlar.
Sionizmin yaranmasının və inkişafının tarixi analizi bir daha sübut edir ki, bəyan edildiyinin əksinə olaraq, bu ideologiya heç də yəhudi xalqının mənafeyini əsas götürmür. Belə ki, təkcə fələstinlilərə qarşı deyil, həm də sionizm ideologiyasını sual altına alan hər bir yəhudiyə qarşı da amansız təqiblər baş verir.  Əlbəttə, Sionizm  ideologiyasının möhkəmlənməsi və inkişaf etdirilməsi məqsədilə onun İudaizmlə yaxın olması  iddia edilir. Sionizmi dəstəklənməyən hər bir kəsin isə anti-semit kimi adlandırılması, əslində  yəhudilər ilə digərlər arasında fikir ayrılığının yaradılmasına və nəticədə    sionizmin gücləndirilməsinə xidmət edir.
Tarixi faktlar göstərir ki, sionizm ideologiyasını təbliğ edənlər onun gücləndirilməsi üçün həm anti-semitizmdən, həm də gələcəkdə Yaxın  Şərqdə sədaqətli müttəfiqlik kartından müvəffəqiyyətlə istifadə etmişlər. İsrail tarixçisi Avi Şalim qeyd edir ki, sionizmin yaradıcısı Herzl  İsrail dövləti yaradılacağı halda Türkiyə sultanına yəhudi kapitalını, Kayzer Almaniyasına müttəfiqlik, Britaniyaya isə tam müstəmləkəçilik vəd edirdi. O başa düşürdü ki, Sionizm bütün hallarda yalnız böyük dövlətlərin mənafeyi nəzərə alındığı halda mövcud ola bilər. Nəticədə isə bu ideologiya ABŞ-ın mənafeyinə xidmət etməli oldu. 

Комментариев нет:

Отправить комментарий