
Pay atonnan! Bu nə
qəliz mətndi əə. Yüz dəfə demişəm bu donqiliyə ki, yazanda erməni budaq cümlələri
ilə yazma, çox elmi, siyasi, iqtisadi terminologiyadan istifadə eləmə. Həm
çoxunu başa düşmürəm, həm də tələffüz edə bilmirəm. Sonra jurnalistlər
başlayırlar məni lağa qoymağa ki, bu adam kolxoznikdir, niyə nazir işləyir.
Bu adamı qohumdu deyə işə nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə bilməzdi ki, biz qohumbazlıq edirik...
Tərs kimi bu beynəlxalq
konfrans çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı tutaq
ki, çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar
üstümə, “şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola
ağzından bir “quş” buraxasan. Pay atonnan... Bir həftə mətbuatda gündəmdə
saxlayıb rüsvay edəcəklər məni.
Bunlar məni
qaralayıblar elə, qəzetdə jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən,
artıq qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın
yeridir?
Əvvəla, məndən də
çox nazir işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş
oluram, Məşədi İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı
kopayoğlu könüllü şəkildə belə vəzifədən imtina edər?
Bəzi qəzetlər
yazırlar ki, bəs bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri
var. Hələ çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və
yaxtadan xəbərləri yoxdur, gör onları da öyrənsələr nə qalmaqal salarlar.
Ay balam, nə istəyirsiniz
məndən? İndi Sovet vaxtı deyil ki, nazir gedib adi proletariatla eyni binada
yaşasın, ictimai nəqliyyatdan istifadə eləsin, eyni restoranda nahar eləsin,
eyni sanatoriyada dincəlsin filan.
Bunlara bax haa, mən
ölüm, guya mənim uşaqların bunlarınkı ilə eyni baxçada, məktəbdə, universitetdə
təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya zada minməlidir, ucuz produkt, təhlükəli
zavod çörəyi yeməlidir. Ay siz öləsiniz...
Sovet hökuməti elə
buna görə dağıldı də. Hərə öz yerini bilməlidir, yoxşa fəhlə də özünü insan
saydı daha nə oldu? O vaxt adi əkinçi, zəhmətkeş hüququ pozulan kimi Moskvaya
bir məktub yazırdı adamın anasını ağladırdılar. Proletariat diktuturası, yox
bir...
Gedim kostyum
kolleksiyama baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir
deyil, iki deyil, 50-dən çoxdur. Bax bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə
Parisdən 15 minə almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox
yaraşır mənə.
Bu arvad da məni
lap boğaza yığıb. Həftə səkkiz, mən doqquz xarici səfər davası döyür. Evdə
axtardığımı da tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları
da buraxır evlərinə ki, birdən...
Əsəbiləşdim ee lap,
yaxşısı budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50
dollardan gətirtdiyim siqardan qalıb, görüm hara qoymuşam... Deyəsən, 4-cü mərtəbədəki
kabinetimdə qalıb. Ev də ev deyil, Allah göstərməsin, elə bil oteldir,
eni-uzunu-hündürlüyü bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət
elə, şişirsən getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə
çıxım.
Öz aramızdı,
yaşlanıram haa, daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə
sən deyən işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra,
düşündüm ki, lap ağını çıxarmışam.
İclasda görəydiniz,
mən tər tökəndə, o birilər necə sevinirdilər. O qədər göz dikən var ki yerimə.
Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün
işləməyə.
Nə isə, daha
gecdir, düşüm zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi
və xidmətçi dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq
bağda neçə yüz nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o
delfinlə krakadil lap həyasızdırlar, yaman səs salırlar, başıma düşür.
Arvad elə bil burda
zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik,
o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna
yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da qonaq-qara
yanında biabır oluram, prestijim aşağı düşür...
Nə isə, yuxum gəlir...
bu məsələni konfransdan sonra bir yaxşı fikirləşərəm...
Комментариев нет:
Отправить комментарий