20.05.2012

Liftdə

AZAD QARADƏRƏLİ

On altıncı qata qalxmalıydı. Lift də ki köhnə, Sovetdənqalma şeydi. Ona görə də açılan kimi özünü atdı içəri ki, bağlanar, qalar çöldə.
Başına dəyən zərbədən və liftin alaqaranlığından gözləri daha da qaranlıq gətirdi, başı fırlandı. Az qala yıxılacaqdı. Zatən yıxılmağa yer də yoxuydu. Və lap elə indicə anladı ki, liftdə tək deyil – iyirmi santi metrliyində özü yaşda-başda bir qız (bəlkə qadın?) vardı. Anladı ki, onunla toqquşub. Ağzına gələn “bağışlayın” əvəzinə küçük kimi zəngildədi. Qız (bəlkə qadın?) da eyni səs çıxardı və onun qolları üstə (əslində qucağına) yıxıldı. (Onsuz da ayrı yer yoxuydu) Və onun imisti nəfəsi bunun sopsoyuq sifətini yaladı. Sonra dodaqları tapışdılar...

Sonra qızın (bəlkə qadının?) qanavız ipək donunun yaxalığı onun sifətini qıdıqlamağa başladı və... incəvara lift də xarab oldu... (onsuz da gündə neçə adam liftdə qalırdı)
***
Qonşular şikayət eləmişdilər. Lift işləmir, köhnədir deyə. Anası lap uzağa getmiş, yanıqlı bir nitq də söyləmişdi. “Sovetdənqalma şeydi. İndi dünya kompüterlə çalışır, biz hələ də bu traktorun əlində qalmışıq. Onsuz da tez-tez xarab olur... Gəlin pul yığaq, dəyişək bu ələngəni...”
O isə hər gün bu liftin qabağında dayanıb başına nəyinsə dəyəcəyini, sonra alaqaranlıqda o qızı (əslində qadını) görəcəyini düşünür, amma bu hal baş vermirdi.
 “Mən axmağam, zombiyəm, emoyam, gicəm... Niyə soruşmadım ki, kimsən, nəçisən? Buralarda nə gəzirsən? Özü dodaqlarını dodaqlarıma təslim eləmişdisə, (hələ o birisini demirəm) demək, tanış  olmağa da razı olacaqdı... Məndən adam olası deyil. Seymur Baycanın qəhrəmanıyam ki, durmuşam... “
***
Lift şaqqıltıyla açılan kimi  özünü içəri atdı. Aldığı ilk zərbədən liftin divarını çırpıldı. Buna baxmayaraq özündə güc tapıb alaqaranlıqda iyirmi santimetrliyində dayanmış toqquşduğuna tərəf uzatdı dodaqlarını.
-Ey, ey! Xəstəsən?!
Lift ustası mazutlu açarı onun açıq ağzına dürtdü.
***
“Drrrt” eləyib dayanan kimi özünü çölə atdı. Elə ilk qulağına dəyən qanavız ipək donlu qızın (bəlkə qadının?) yanağını dalayan gülüşü oldu. Bu gülümsər üzə, isti qız (indi artıq qadın) nəfəsi buxarlanan indicə öpülmüş dodaqlara baxıb aldığı yeni zərbədən yıxılmamaqçün məhəccərdən bərk-bərk  yapışdı.

Комментариев нет:

Отправить комментарий