Sabir Rüstəmxanlı
ilə bənövşəyi söhbət
Xatirə dəftəri
- Məndə Sabir bəyin
uşaqlıq illərində öz xəttiylə şeirlərini yazdığı blaknotu var; özü bilmir, nənədən
almışdım o vaxt.
Elçinin bu sözündən
qanadlanıram - mayın 20-də tamam olacaq 66 yaşına bundan unikal bir sürprizi hətta
təsəvvür eləmək belə mümkün deyil.
- Təcili görüşürük,
söhbətə də bir yerdə gedirik…
Qırmızı üzlü dəftəri əlimə alanda gözlərimə inanmıram: bu kitabçanın yaşamasından Sabir Rüstəmxanlının düz 50 ildir xəbəri yoxdur.
Qırmızı üzlü dəftəri əlimə alanda gözlərimə inanmıram: bu kitabçanın yaşamasından Sabir Rüstəmxanlının düz 50 ildir xəbəri yoxdur.
- Yox, vallah! 5
ildir bu kitab məndədir, bircə dəfə oxumağa cəhd etdim, utandım.
- Onda məsləhət
bildiklərini ozü oxuyar…
Yol boyu beynimizdə
ancaq bu dolanırdı: "Görəsən, bu dəftəri görəndə hansı hisslər keçirəcək?"..
"Kaş,
bu şərait 25 yaşımda olaydı"
Böyük bir otaq: sağ
və yuxarı tərəfdə yerdən tavana qədər yığılmış kitab rəfi, ortada masa, sol tərəfdə
– kitabxanaya yaxın üz-üzə kreslolar; Yuxarı başda kitab rəfinin yanından
balaca bir qapı açılır – Sabir bəyin iş otağına; aşağı başdan kiçik və açıq
eyvana daha bir qapı var – yorulanda təmiz hava almaq üçün.
Pilləkənləri tutub
3-cü qata qalxanda Sabir bəy oxuduğu kitabı kənara qoyub, həvəslə bunları göstərəcəkdi
bizə:
- Burda yazı masam,
bilgisayarım var, o da çarpayıdı, yorulanda dincəlmək üçün. O biri qapıdan açıq
eyvana çıxır. Gəlin, baxın!
Çıxırıq və Bakının
şər qarışan alatoran siluetindənsə göyə boylanıb ulduz axtarırıq.
- Kitabxanamı
görürsünüz? Yaxşıdır, hə?
- Əlbəttə yaxşıdır.
Hər yazar belə iş şəraiti arzulayar.
- Güman eləyirəm
ki, Azərbaycanda belə kitabxanası, şəraiti olan tək mənəm.
Uşaq sadəlövhlüyü
ilə qürurlanır. Və birdən üzünü kitablara çevirib astadan:
- Kaş belə imkan 25
yaşımda olaydı – deyir…
Düşüncə rəngləri
"Ziyalılarımızı
gecə vaxtı Azərbaycanın xəritəsini aydınladan işıqlara bənzədirəm. Bu işıqlar
ölkə boyu nə qədər çox yayılarsa, Azərbaycan bir o qədər işıqlı olar".
Səhv etmirəmsə,
buna bənzər bir fikir demişdi Sabir bəy.
Doğrudan elədir – hər
ziyalı Tanrının endirdiyi bir işıq...
Aha! Bəs, bu işığın
Yer üzərinə səpələnən düşüncə və fikir rənglərini nə vaxtsa arayıb, görmək istəyirikmi?
1. Bənövşəyi
(düşüncə gücü)
Mütaliəm
sistemsiz olub
- Gənclikdə
oxuduğum kitabdır, indi bir daha vərəqləyirəm – həm yeni tərcümənin keyfiyyətinə
baxıram, həm də sadəcə, yenidən oxumaq istədim…
- Vaxt baxımından gənclik
dövrü oxumağa daha geniş imkan yaradır. Mütaliəniz necə olub?
- Uşaq vaxtımdan kənd
kitabxanasındakı bütün kitabları oxumuşdum. Ancaq kənddə kitabxana zəngin
deyil. Sonrakı dövrlərdə də qarışıq və sistemsiz mütaliəm olub – ədəbiyyatdan
daha çox tarix, elmi-kütləvi kitablar oxumuşam. Ancaq indi yenidən qayıdıb,
klassikləri bir daha oxumaq zərurəti hiss eləyirəm.
- Kimlərə qayıtmaq
və nələri bir daha oxumaq istəyirsiniz?
- İlk növbədə
Servantesin "Don Kixot"unu; Daniel Defonun "Rabinzon
Kruzo"sunu… Bunlar həm də ədəbiyyatda yeni dövrün başlanğıclarıdır.
Ədəbiyyatın
"yol işarələri"
- Maraqlı bir mənzərə
ilə qarşılaşırıq: ədəbiyyat adamları gənclik illərində oxuduqları və
yaddaşlarında xüsusi iz buraxan əsərləri ahıl çağlarında bir daha oxuyurlar. Bunun
bir psixoloji səbəbi varmı?
- Adını çəkdiyim və
çəkmədiyim bu müəlliflər ədəbiyyatın sanki "yol işarələri",
"mayakları"dır. Məsələn, Nizami 800 il, Füzuli - Mirzə Fətəli
Axundova qədər - 400 illik bir yol qoyub; Yunus İmrə, Mirzə Ələkbər Sabir… Bunlar
ədəbiyyatın yol göstərənləri, elçi və ya peyğəmbərləridir; Əfzələddin Xəqani –
bu günün özündə belə dünyada ən çox oxunan Şərqin son dərəcə nəhəng şairidir. Klassiklərimizi
oxumaq üçün bütün Şərq fəlsəfəsini, estetikasını, düşüncə və dini-fəlsəfi
baxışlarını bilməlisən. Onları oxuyanda sözün sehrini daha yaxşı hiss eləyirsən
və görürsən ki, söz öz möcüzəsini itirə-itirə gəlib. Bir vaxtlar söz mifik
inanclara, səmavi təsəvvürlərə dayanırdısa, qeyri-adi düşüncə imkanı verirdisə,
indi empirik biliklərimizin ifadəsinə çevrilib və adiləşib; Söz kimi insan təfəkkürü
də sehrini itirib. Ədəbiyyat o mifik düşüncəyə söykənəndə güclüydü. Ona görə də
hazırda nəhəng yazçılar qeyri-ixtiyari mifik dövrə qayıdırlar və çağdaş
romançılıq da məhz o zaman gücü, enerjisi ilə seçilir. Markesin, Çingiz
Aytmatov yaradıcılığına baxın, bizim ədəbiyyatda dastanlarımıza, mifoloji
qaynaqlara müraciətlərə diqqət edin... Bəlkə fantastik janrın meydana gəlməsinin
də sirri budur - müəyyən mənada materializmin hər şeyi vizual müstəviyə çəkib
gətirməsindən qurtulmaq üçün insanların görmədiyi, təsəvvür etmədiyi hadisələrdən
yazmaq ehtiyacı. Ola bilsin ki, fantastika da gələcəyin mifidir.
Bu, İlahi
sirdir
Əslində, Babil mədəniyyətini
ona görə dağıtdılar. Çünki Babil mədəniyyətinin ərəblərdən daha çox, türklərə dəxli
var. Şumer sivilizasiyası, mixi yazılar – "mıx yazıları", gil lövhələr
türk təfəkkürünə uyğundur. Şumer dilində türkcə ilə ortaq sözlərin olması kifayət
qədər düşündürücüdür.
Şübhəsiz ki, müəyyən
sivilizasiyalar olub. Bu bir ilahi sirrdir, sanki Allah müəyyən vaxt keçəndən
sonra sivilizasiyanı məhv edir və insan beynindən onları silir. Bəlkə də
sivilizasiyalar o həddə çatır ki, Tanrı sirlərinin astanasına qalxır və ondan o
tərəfəyə qalxmağa İlahi özü imkan vermir. Ancaq beyinlərdən, təsəvvürlərdən
silinsə də, qanın yaddaşında bu sivilizasiyalar qalır. Misir ehramlarında
"Tanrı dilində" yazılan kitablar, Uyğur ehramları – bunlar hamısı
düşüncəyə qida verən, bir neçə nəslin araşdırmasına ehtiyac duyduğu sirlərdir...
Oxuduğun kitablara
qayıtmaq yaddaşın, təssüvvürlərin etibarını yoxlamaq, bugünkü biliklərinlə o əsərləri
bir daha nəzərdən keçirib düşüncə müqayisələri aparmaq ehtiyacından doğur, yəqin!
Bu da qismətdir –
söhbətin axarı bəlkə də ona görə gəlib bu yerə çıxdı ki, yaradıcı şəxsin düşüncəsi
həmişə bu axtarışlarda olur. Mənim ilk yazdığım hekayələr də faktastik hekayələrdir.
Fantastikanı
da yaşamadan yazmaq olmaz
- Yox, ehtiyac görməmişəm.
- Nədən bəhs edirdi?
- Riyaziyyatla
maraqlanırdım və riyaziyyatçı olmaq istəyirdim – indi də onun sıxıntısını
yaşayıram. Hekayələrimin biri günəş işığının linzadan linzaya ötürülməsi ilə
Yer kürəsinə dolandırılması və beləliklə, gecənin gündüzə çevrilməsindən bəhs
edirdi. İkinci hekayədə isə qəhrəmanım bir aparat icad etmişdi, onun sayəsində
bizim düşmənlərimizin beyninə dalğalar ötürürdü. Amma bir fiziki qanun var –
dalğaların amplitudası üst-üstə düşəndə, beyin dağılır. Məsələn, bizim
danışığımızla bu tavanın dalğası üst-üstə düşsə, tavan dərhal uçar…
-
"Sunami" romanı indi də bu düşüncə axtarışlarıyla yaşadığınızı ortaya
qoydu, deyəsən…
- Əlbəttə. Bu roman
Yerlə bağlı fantastikadır.
- Bəzən yazıçıların
real boyalarla qələmə almaları onların bu "fantastik həyatı" yaşadıqları
haqda təsəvvür yaradır.
- Hansısa formada –
ya reallıqda, ya da təsəvvürdə o fantastikanı yaşamadan yazmaq, qələmə almaq təbii
ki, mümkün deyil… "Sunami"ni qısa müddətdə, həm də tələsik
yazdım, halbuki o romandakı Göylə, kənar sivilizasiya ilə bağlı hissəsini daha ətraflı
və geniş yazmaq imkanındaydım.
- Oxuduğunuz əsərlər
kimi, "Sunami"yə də nə vaxtsa qayıtma ehtimalı varmı?
- Zaman göstərəcək.
Bilirsən, artıq heç bir şübhə yoxdur ki, nə vaxtsa Marsda və ya Ayda həyat
olub. Astranavtlar kosmosdan qayıtdıqdan sonra ya dindar olur, yaxud içkiyə
qurşanır… Bunlar yaşanmış sivilizasiyaların enerjisinin təsirindəndir, bəlkə…
2. Göy (daxili
qüvvə, ahəng və harmoniya)
İlahi
harmoniya, yaxud çevrənin qapanması
- Mifik aləmin təsvirindən
reallığa enən və sehrini itirən söz yenidən geriyə can atır, insan uşaqlıq illərində
oxuduqlarına, yaşantılarına, xatirələrinə bir müddətdən sonra təkrar qayıdır… Bu,
sivilizasiyanın - həmçinin bir ömürdə keçilən yolun - çevrə üzrə getməsi və
ilkinliyə qayıtmasıdırmı?
- Bir araşdırma
vardı, orda dəqiq hesablamışdılar ki, ötən minilliyin başlanğıcında dünyada 4
faiz ateist vardısa, minilliyin sonunda tam tərsinə, 4 faiz qəlbən Allaha
inanan qalmışdı, qalan 96 faiz gördükləri ilə yaşayanlar, ideallardan məhrum
adamlar idi. Və Dolça erasının başlanması ilə birdən-birə geriyə – inama
qayıdış başladı. Ayrı-ayrı dövlətlərin, xalqların taleyində də belədir – Çin,
Misir, Yunan-Roma, İran, Orta Asiya müxtəlif vaxtlarda bəşəriyyətin beyin mərkəzi,
düşüncə nöqtələri olub. Mu sivilizasiyası - dağılıb gedib, Orta Asiya – təbiət
dəyişikliyinin qurbanı olub, səhralığa çevrilib… Bir sıra Şərq ölkələrində, o
cümlədən Misirdə bir ağac gördüm – əbədi ağacdır. Acağın qol-budağından
saçaqlar sallanır və o saçaqlar yerə çatandan sonra yavaş-yavaş torpağın təkinə
işləyir, o qədər inkişaf edir ki, ağacın əvvəlki kövdəsi tədricən quruyur, öz
missiyasını itirir və yerə işləmiş saçaqlar kökə, gövdəyə çevrilir; beləliklə,
bu acağ minillərlə yaşayır. Dünya boyu sivilizasiyalar da beləcə gəzir – bir
ayağın üstündən o birinə adlaya-adlaya. Ədəbiyyat xəritəsinə baxın – bu gün
Şirvanda Xəqani parıldayır, sabah Gəncədə Nizami və s. Bu, əslində həyatın əbədiliyinin,
insanın bərəkətli və sehrli olmasının göstəricisidir. İndi dünya hakimləri
tamam başqa dövlətlərdir və elə düşünürlər ki, "qloballaşma" adıyla
dünyanı öz ətraflarında birləşdirə biləcəklər. Olsun - vaxtilə Makedoniyalı İsgəndər,
Çingiz xan, Əmir Teymur, Şah İsmayıl da belə düşünüblər, Osmanlı imperiyası 3
qitəyə hökm edib. Zaman dəyişir, məkanları da dəyişdirir… İnsan bir ömürdə,
xalqlar bir zamanda bu çevrəni tamamlayırlar…
- Kiçik modellərdə
özünü göstərən bu inkişaf dinamikası nəticədə dünyanın özündə başa vurulur. İlahi
harmoniya?
- Tam mümkündür –
inkişafın bir məqamda yenidən ilkinliyə qayıtması ilahi harmoniyadır.
Dinazavrlar
erasına gəlmişik
Mövzunu
dəyişək – söz adamını sözə çəkək. Nə deyirsiz?
- Sabir bəy, Sözü
necə tərif edərdiniz?
- Əgər "hər
şeydən əvvəl söz var"sa və dünya Tanrının bir "Ol" sözündən
yaranıbsa, deməli, söz həyatın, insan varlığının və bəşəriyyətin anasıdır.
- Yaradıcı adamlar
həm də sözə borcludurlar, amma heç də hər şair sözü vəsf eləmir. Sizin Söz
haqda sözünüz var?
- Var… Bir məsələni
də deyim, bayaqkı fikri tamamlayaq: Oksfor Universitetinin nəzdində təbiət
muzeyi var – ona "Dinazavrlar muzeyi" də deyirlər. Çox nəhəng
dinazavr maketləri düzəldiblər orda – böyük alimlər nəsli tədqiqatlar aparıblar
və doğrusu, heyran qaldım elm adamlarının əməyinə. Həmin dinazavrlar 60 milyon
il əvvəl yaşayıblar. Sonra nəsli kəsilə-kəsilə, kiçilə-kiçilə gediblər… Əgər
dairə üzrə inkişafa və ilkinliyə qayıtmağa inansaq, onda gərək dinazavrlar
erasına qayıdacağımızı düşünək… (gülür)
- Yəqin bizim
yaşadığımız "zaman dairəsi" dinazavrlardan başlamır…
- Əslində,
dinazavrlar erasına gəlmişik – ancaq hərfi mənada yox: iki ayaqlı,
"insan" adlı dinazavrlar yetişib. Milyarder dinazavrlar var ki,
onların qarnında bir milyon insanın haqqı, malı, sərvəti var. O mənada
"dinazavrlar erası" başlayıb və onların ayaqları altında insanlar,
millətlər, mədəniyyətlər, tarixlər əzilib gedir…
Mən o dinazavrları
görəndə düşündüm ki, bunlar arxeologiyanın tarixidir, insanın tarixi isə sözdən,
yazıdan başlayır...
Ədəbiyyata
təəssübkeşliyimdən gəldim
- Sözə gəlişiniz,
sözün sizi tutduğu ilk an yadınızdadır?
- Hər şey anamın öz
qardaşı üçün ağı deyib, ağlamağından başladı. Onun qardaşını sel aparmışdı. Mən
anamın ağılarının, bayatılarının təsiriylə ilk şeirimi yazdım. Sonradan şairlərimizi
oxuduqca içimdə bir qısqanclıq yarandı ki, niyə bizim dağlarımıza, yollarımıza
şeir yazılmayıb? Əslində, mənim ədəbi yaradıcılığımın kökündə dayanan məsələlərdən
biri təəssübkeşlikdir.
- Bu təəssübkeşlik
sonrada böyüdü və bir etnosu əhatələdi…
Hiss edəndə
ki, sənin sözün daha güclüdür…
- Uşaq vaxtı
coğrafiya müəllimim vardı, məni çox istəyirdi, deyirdi ki, sən çox eqoist
uşaqsan. O vaxt bu sözün mənasını bilmirdim… Görünür, sözü duymaq adama bir
iddia gətirir, anlayırsan ki, sən sözü ətrafdakılardan daha yaxşı hiss edirsən.
10-11 yaşım olanda kənddə yığışırdılar və mənə kitab verirdilər ki, bizimçün
oxu. Kitab tapmayanda, "marksizm-leninizm"ə qulaq asırdılar. Sadəcə,
nitqimi bəyəndikləri üçün mənə oxudurdular. Hiss edəndə ki, sözümün təsiri,
nitqimin gücü var, onda başladım yazmağa…
Əlbəttə, sonradan
bu təəssübkeşlik böyüyur və müəyyən yaşdan sonra bir də görürsən ki, artıq
rayon, ölkə, xalq yox, insanlığın təəssübünü çəkirsən; anlayırsan ki, sənin
millətin, ölkən insanlığın bir parçasıdır – bu "böyük" düzəlməlidir
ki, "kiçik" narahatlıqdan qurtarsın.
- İnsanlıqda sizi
daha çox narahat edən nədir?
- Ən böyük faciə
insanın bir-birini qətlə yetirməsidir. Onlarla yırtıcı heyvan var ki, öz nəslinə,
özünə heç vaxt qıymaz, ancaq insan çox rahatlıqla intihar edir, bir-birini
öldürür. Bunlar məni çox narahat edir. Görünür, bu düşüncə yolunu bütün
yazıçılar keçir… Amma şübhəsiz ilkin ocaq, ilkin yaşantılar insanı heç vaxt tərk
eləmir və hansısa yaşda insan özünə qayıdır. Əgər uşaq vaxtı oxuduğun kitablara
bu yaşda yenidən qayıdırsansa, deməli, xatirələrini bir daha yaşamaq istəyirsən…
- Bəlkə, bu,
uşaqlıq çağını içində oyatma və yaşatma duyğusundandır? "Uşaq sadəlövhlüyünü
içində yaşatmayan insan yaza bilməz" ifadəsi var…
- Əlbəttə, o günləri
real olaraq yaşama istəyi bir xəyaldır. Görünür, öz duyğularının nə qədər
etibarlı və uzunömürlü olduğunu yoxlamaq üçün qayıdırsan…
3. Sarı (həyəcan və canlılıq)
Bir əlifba
icad etmişdim…
- Uşaq vaxtı
yazdığınız şeir dəftərləri, gündəliklər olubmu?
- Çox gözəl xəttim
vardı – dəftərlərimin bəziləri indi də qalır. Bir də… 9-cu sinifdə oxuyanda bir
əlifba icad etmişdim, ən yaxın 2-3 dostuma, onlar da öz istədikləri qızlara öyrətmişdilər
(gülür…) Yardımlı rayonu üzrə bir neçə "cütlük" vardı ki, onlar bu əlifbadan
istifadə edirdilər.
- O "cütlüklərin"
sırasında sizin də məktublarınız vardımı?
(Azacıq pauza
verib, sualın üstündən ustufca adlayır; o dövrə qapılır, uşaqlıq illərini
mexaniki olaraq bugünümüzə "tərcümə" edir):
- Gündəliklərimdə o
əlifba ilə yazılmış parçalar da vardı…
- Deyəsən, bu
"icad" ədəbiyyat adamlarının uşaqlıq dövrünə xasdır…
- Sonralar bildim
ki, sən demə, Puşkin də uşaq vaxtı əlifba yaradıbmış… Axı, gizli yazışmalar
olur yeniyetmələrin taleyində, bəzən "morze" əlifbasında istifadə
edirlər. Mənsə "öz əlifbamı" yaratmışdım…
Sevinirəm ki, mənim
5-ci, 6-cı sinifdə oxuyarkən yazdığım şeirləri ədəbiyyat müəllimim Cavad müəllim
– Allah ona ömür versin, indi Qazaxda yaşayır – qoruyub saxlayıbmış və bir neçə
il bundan əvvəl gətirib mənə verdi... Bir də anam rəhmətə gedəndə onun
sandıqlarını açdıq və bəlli oldu ki, orda uşaqlarının yazılarını gizlədirmiş –
qiymət cədvəllərini, əsgərlikdən yazdığımız məktubları…
Sən demə, o illərdə
yazdığım şeirləri anam saxlayırmış. Qara üzlü, 96 sahifəlik bir dəftərdir. Heç
vaxt mənə deməmişdi belə dəftərin olmasını…
Memuar ədəbiyyatı
daha səmimidir
Qəribədir,
yazarlarımız acılı-şirinli bir ömür xatirələrini, yaşantılarını niyə yazmırlar?
Halbuki Qərbdə bu janr çox populyardır…
- Bu xatirələrinizi
nə vaxta qələmə almaq keçmir könlünüzdən?
- Bəzilərini müxtəlif
yazılarımda vermişəm, atamla bağlı "Atamın ruhu"nu yazmışam… Amma
indi bir xatirə kitabı yazmaq istəyirəm - tanıdığım adamların portretlərindən
ibarət. Bu, həm də xatirələrim olacaq. Londonda olanda Bakını, Azərbaycanı
yaxşı tanıyan Tamara adlı gürcü xanımla söhbətləşdik. Müxtəlif adamlar haqqında
rəylərimi, xatirələrimi soruşdu, mən də danışdım. Sonra dedi ki, Azərbaycan
yazıçıları niyə öz memuarlarını yazmırlar? Siz mənə elə şeylər danışdınız ki,
bunları romanda, şeirdə vermək olmaz, ancaq çox maraqlı xatirələrdir. Niyə
xatirələrinizi yazmırsınız?
- Dünya ədəbiyyatında
belə ənənələr var və bu kitablar daha çox sevilir – səmimiliyinə, reallığını
görə…
- Doğrudan elədir –
bəzən bir xatirənin verdiyi enerji və informasiyanı bir neçə romandan almaq
olmur. Əslində, yazıçılar bütün əsərlərində ancaq özlərini, öz yaşantılarını,
düşüncələrini, xarakterlərini yazırlar – hansı dövrü qələmə alırlarsa-alsınlar
fərqi yoxdur. Prust "Firon"da özünü yazıb, "Göy Tanrı"da
Oğuz xanın içində mən varam. Amma memuar ayrıdır…
- "Göy
Tanrı"nın təkcə ideya, mifologiyaya görə böyük əsər deyil, həm də dil
hadisəsidir.
- Onun ilk variantı
büsbütün türkcəmizdədir. Ancaq sonra gördüm ki, onu anlamaq hazırkı oxucular
üçün çətin olacaq, ona görə bir qədər müasirləşdirdim. Bilirsən necədir? Hərdən
baxıram ki, dilimiz Füzuli dövründən qətiyyən fərqlənmir – sözlərimizin böyük
hissəsi ərəb-farscadır, son vaxtlar da Avropa mənşəli sözlərin dilimizi işğalı
başlayıb. Kimyada belə bir qayda var: maddə nə qədər yekcins, eynitərkibli
olursa, o qədər möhkəm sayılır. Dil də belədir – kəlmələr nə qədər yekcins
olsa, dil o qədər enerjili olar. İndi dilimizi karvansaraya döndəriblər. Qida,
geyim məhsullarına gömrük var, amma dilə gələn sözlərin heç bir süzgəci yoxdur
– nə istəyirlər, onu da gətirib doldururlar dilimizə. Belə olmaz, axı!
Əsgərlik
şeirlərimi itirdim…
(Asta-asta "qırmızı üzlü əlyazmanın" üstünə gələk…)
- İtirdiyiniz və təəssüfləndiyiniz
əlyazma-dəftəriniz varmı?
- Bir dəftər
itirmişəm, o məni yandırır. Əsgərlik şeirlərim idi. Əsgərlikdə Hüseyn Ərəblinski
haqqında "İşıq ömrü" poemasını da yazmışdım. Nə yaxşı ki, onu
"Azərbaycan" jurnalına göndərmişdim və o qaldı… Şahmatçı dostum Şəhriyar
Quliyev hər dəfə
Bakıya gələndə görüşürdük. Bir gün onu işlədiyim "Ədəbiyyat və incəsənəət"
qəzetinə apardım – o vaxt redaksiya keçmiş Zevin küçəsində yerləşirdi, Zeynab
Xanlarovanın indiki evində. Redaksiya ilə üzbəüz şərab evi vardı, orda bir az
yeyib-içəndən sonra gəzə-gəzə Qız qalasına tərəf gedəndə yadıma düşdü ki,
çantanı unutmuşam. Qayıtdım, amma çantanı tapa bilmədim. Onun içində pasportum,
sənədlərim, bir də əsgərlikdə yazdığım şeir dəftərim vardı. Sonradan sənədlərimi
bərpa elədim – şeirləri isə əlbəttə bərpa etmək mümkün deyildi…
Məhrəm
yazıya müdaxilə edərlər?
(Bu məqamı gözləyirdik, əsasən də fotoqraf Bayram – Sabir bəyin
uzun illərdən sonra əlinə götürəcəyi xatirə-dəftərin üzündə doğuracağı anı heç
bir halda qaçırmaq istəmirdi)
- Sabir bəy, Ağanaz
ana nə vaxtsa yazdığınız və unutduğunuz dəftəri nəvələrindən birinə sizə
çatdıracağına and içirəndən sonra verib. Bu dəftəri Ağanaz ananın sizə göndərdiyi
ad günü hədiyyəsi sayın…
- Hə? (çantamızdan
çıxarıb verdiyimiz dəftəri alıb, vərəqləyir…) …Maraqlıdır… (nəsə varmış
deyəsən, gözü tutur və qaşlarını çatır)… Amma başqalarının məhrəm yazısına belə
müdaxilə etmək düzgün deyil, axı… (gülümsəyir)
- Sabir bəy, qəribə
aurası var o dəftərin, cəhd eləsək də, oxuya bilmədik. Nə var ki orda?
- "Gündəliyim"di
– qəbul imtahanlarına hazırlaşdığım vaxtdan birinci kursu bitirənədək olan
dövr. Burda "icad etdiyim əlifba" ilə yazdıqlarım da var (bir az
rahatlayır, deyəsən)… Onsuz da başa düşməyəcəkdiniz… (gülür)
- Bəlkə, 16 yaşda
yazdıqlarınızdan bir neçəsini 50 ildən sonra bizə oxuyasınız?
- Xırda qeydlərdir…
Cavad müəllimlə məktublaşmalarım, gördüyüm, rastlaşdığım hadisələr…
- Məgər Cavad müəllimlə
məktublaşmaları "heç kəsin oxuya bilməməsi üçün" başqa əlifbada
yazmaq lazım idi?
- … (gülümsəyir)
4. Qəhvəyi
(reallıq hissi)
Biz ədəbiyyatçı
ömrü yaşamamışıq…
- Bəzən yazarların ən
böyük əsəri "Gündəliyi" hesab olunur və onu daha çox gündəliklərinə
görə sevirlər; məsələn, Kafka! Gündəliklərinizdən bəzilərini çap etdirmək ürəyinizdən
keçməyib ki?
- Sistemli gündəlik
yazmağa hövsələm çatmır. Amma Tolstoy… Görünür, onların peşəkarlıqları və ədəbiyyata
baxışları "bütün həyatını ədəbiyyata vermək" anlayışıyla əhatələnir. Ədəbiyyat
– vampirdir, istəyir ki, səndən hər şeyi alsın, bütün canını, həyatını sorub
aparsın. Bəlkə də gələcək, əbədi yaşamaq üçün belə lazımdır. Ancaq mən başqa
cür yaşamışam. Əvvəla, heç vaxt həyat sevgisindən uzaqlaşmamışam: yazmışam,
eyni zamanda, dünyanı gəzmişəm, dost, ailə məclislərində olmuşam - ömrümün
70-80 faizini bunlar alıb. İkinci, yaşımızın ən məhsuldar, ən qaynar 30 ilini
evsiz-eşiksiz, kirayişinlikdə, ac-susuz yaşamışıq, həyatımızın böyük bir hissəsini
ayaqda qalmaq, özümüzə yuva qurmağa həsr eləmişik. Müəyyən bir yola çıxandan
sonra da xalqımızın taleyi, millətin istiqlalı başladı. Son 20 illik ömrümüz
bizim deyil ki! Biz normal ədəbiyyatçı ömrü yaşamamışıq, təəssüf ki! Ona görə də
sona qədər gündəlik yazmaq qismət olmayıb. Mən düşüncə, fikir gündəliyindən
daha çox, hadisə, xranologiya yazmışam. Amma bilmək olmaz ömür nə qədərdir. Bu
günün özündə belə başlasan, 5 ili əhatələyən gündəliyə bir ömrü sığdırmaq olar.
- İctimai həyat
sizi hansı mövzuları içinizdə gömməyə məcbur elədi?
- (düşünür…) 70-80-ci
illərdə Xəlil Rza yazmışdı ki, Sabir Rüstəmxanlının "Milli şair"
olmaq imkanı var… Millətin böyüklüyünü, ruhunu, yaddaşını göstərən əsərlər
yazırdım. Azadlıq Hərəkatı və müharibə bizi ədəbiyyatdan aldı. Sonralar yenidən
qayıdanda artıq əvvəlki o inam, sevgi, güvənc qalmamışdı. Hətta belə bir misram
da var: "Mən şeirdən küsmüşəm, yarama məlhəm deyil". Görürdüm ki, əvvəlki
ruhla başladığım şeirlər yarıdan sonra satiraya çevrilir.
Söz məni
qorumadı
- Bəlkə, sözün sizdən
əli-ayağı soyumuşdu, ona görəydi belə ovqat?
- Mən sözdən
küsmüşdüm.
- Niyə?
- Çünki söz məni və
millətimi qoruya bilmədi… Azərbaycan ədəbiyyatı, sözü ermənilərlə müqayisəyəgəlməz
dərəcədə güclü və böyükdür. Təkcə dünya ədəbiyyatının ən yüksək zirvəsi, mənim
fikrimcə, həm quruluşuna, həm də ideyasına görə tayı-bərabəri olmayan
"Yeddi gözəl" müəllifi Nizaminin adını çəkmək bəsdir ki, bu müqayisəni
ağlından keçirməyəsən. Hələ Həsənoğlu, Nəsimi, Füzuli, Saib Təbrizi, Vaqif,
Sabiri… demirəm. Bu boyda mədəniyyət, tarix, fəlsəfə, ədəbiyyat yaradan, içi
daim sevgiylə dolu olan xalq nifrətə köklənən bir ovuc xalqa uduzdu. Sevgi nifrətə,
söz silaha yenildi… Onda adam içindən qırılır. Əgər Allahın yanında mənəvi dəyərlər,
insanlıq, sevgi qiymətlidirsə, biz qalib gəlməliydik. Onlar qalib gəldisə, deməli,
söz uduzdu, şeytan haqq üstündə qələbə çaldı…
- Sözdən küsməyiniz
Allahdan inciməyinizə bənzəyir…
- Bir az da o
vardı…
Bu, həyat
tərzimin diqtəsiydi
- Adətən, yazıçılar
şeirlə başlayır, sonra nəsrə keçir. Amma sizdə poeziya ilə proza paralel davam
edir. Bəlkə də bu suala ən doğru cavabı siz verə bilərsiniz: poeziya ilə
prozanın sərhədləri hardadır?
- Onların sərhədləri
haqda danışmaq mümkün deyil. Səmimi desək, bu, bir az həyat tərziylə bağlıdır. Məsələn,
qəzetdə işləyirdim, kirayədəydim, işləməli, qazanmalı və ehtiyaclarımı ödəməliydim.
Ona görə hər həftə publisistik yazılar, müsahibələr yazırdım – yəni taleyin şərtləndirdiyi
həyatı yaşayırdım. Sonra nəşriyyatda işlədim – kitablarım çıxmalıydı, qonorar
almalıydım və s. "Gəncə qapısı" çap olunanda özümə maşın aldım… Şeir
yazmaq mənimçün çox asan idi – xırda kağızlarda, qəzetin kənarlarında qeydlər
aparırdım, ilin sonunda isə bir aylıq məzuniyyət götürüb, yaradıcılıq evinə
gedir və işləyirdim. Bəzən bir kitablıq şeiri bir aya yazıb qayıdırdım…
"İlham
pərisinin qabağını kəsmisən"
Söhbətin bu yerinə
Sabir Rüstəmxanlının nə vaxtsa danışdığı və yaddaşımda ilişib qalan duzlu-məzəli
bir xatirəni yazmasam, olmaz…
(ardı var)
Anar "Gündəlik Teleqraf" qəzeti
Комментариев нет:
Отправить комментарий