11.11.2012

Mirzə Sakit. Səni görmək istəyirəm

Səni görmək istəyirəm,
heç olmasa bir anlığa
Dağ dumanın həsrətindən
yamacların yolan kimi,
sısqa cocuq
anasının sinəsini
qanan kimi,
pərvanələr şam başina
fırlanaraq
yanan kimi.
Səni görmək istəyirəm,
lap uzaqdan
yerişini izləyərək,
baxışımı gizləyərək,
tünd görünməz pərdə kimi
qızmar günəş altındakı
səhradakı kölgə kimi

Səni görmək istəyirəm,
su deyərək,
gecə-gündüz
qaysaqlanan dodaqlarım
su axtaran çeşmə kimi,
yüz illərlə
azadlığın carcısı tək
azadlığa təşnə kimi
qucaqlayam, öpəm səni
gözlərimə təpəm səni,
saçlarını çiçək edib,
sinəm üstə səpəm səni
Səni görmək istəyirəm,
bahar vaxtı dərələrdən
axan sel tək
kol dibində boynu bükük
bənövşəni siğallayan
sərin yel tek,
öz vaxtına hökm oxuyan
fəsil kimi
dalğalari arzulayan
sahil kimi
Səni görmək istəyirəm,
dumanlıqda azıb qalan
aydınlığa yol axtaran səyyah kimi
bəndəsini dürüst gəzən
Allah kimi.
Can sirdaşım, xoş xəyallım,
sözü ballım, ləbi xallım
Səni görmək istəyirəm,
səni görmək istəyirəm...

Комментариев нет:

Отправить комментарий