02.01.2013

AYAZ MÜTƏLLİBOV NİYƏ VƏFA QULUZADƏNİ XAİN HESAB EDİR?

Vəfa QuluzadəEks-prezidentdən keçmiş dövlət müşavirinə ağır ittihamlar

Ayaz Mütəllibov: “Prezident Aparatına işə götürdüyüm bu adam axırda əməlli-başlı gizli düşmənimə çevrildi”

Eks-prezident Ayaz Mütəllibovun “7 ilin 70 anı” kitabının çapını onun öz xahişi ilə dayandırsaq da, orada olan bəzi önəmli məqamların aydınlaşdırılmasına zərurət hiss etdik. Növbəti belə məqam sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə ilə bağlıdır.
Qeyd edək ki, V.Quluzadə Azərbaycanda populyar siyasi təhlilçi olmaqla bərabər, Qarabağın təsliminə etiraz əlaməti olaraq 1999-cu ilin payızında istefaya getməsi ilə də ictimaiyyətin böyük rəğbətini qazanmış şəxsdir. O, həm də Rusiyanın işğalçılıq siyasətinə qarşı davamlı açıqlamaları ilə də məşhurdur.
Hətta dövlət müşaviri işlədiyi dövrdə onun Rusiyaya qarşı sensasion çıxışları Prezident Aparatı tərəfindən təkzib edilib və səslənən ittihamlar V.Quluzadənin “şəxsi fikirləri” kimi qeyd olunub. Bu mənada illərdən bəri Rusiyada yaşayan eks-prezidentin öz kitabında anti-Rusiya mövqeli V.Quluzadəni hədəfə alması və kəskin tənqid etməsi maraqlı məsələdir.
Yuxarıda qeyd etdiyimiz kimi, söhbət çox ciddi ittihamlardan getdiyi üçün kitabdan seçmələri dərc etməklə paralel olaraq V.Quluzadənin də mövqeyini öyrənmək və dərc etmək istədik. Politoloq əvvəlcə “sadəcə, cəfəngiyyat və böhtandır” deməklə cavab verməkdən imtina etsə də, təkidlərimizi nəzərə alıb danışdı. Beləliklə, A.Mütəllibov “Təxribat zəncirinin bir halqası” sərlövhəsi altında yazır:
“Bu yaxınlarda Vəfa Quluzadənin müsahibəsini oxudum. Sovet sisteminin yetirməsi olan bu insan indi özünü milli maraqlar carçısı kimi qələmə verir. Və elə şeylərdən danışır ki, bir vaxtlar bu barədə düşünməyə belə qorxardı. Məsələ bunda deyil. İş orasındadır ki, onun mənə dəfələrlə müraciətindən sonra Prezident Aparatına işə götürdüyüm bu adam axırda əməlli-başlı gizli düşmənimə çevrildi. Bunu mən yalnız istefamdan sonra bilmişəm. Bir dövlət müşaviri kimi, öz prezidentinə qarşı törətdiyi təxribat xarakterli əməllərini biləndə, mən bunu heç cür ağlıma sığışdıra bilmirdim. Əgər onun elədikləri barədə mənə aparat işçilərindən kimsə danışsaydı, bəlkə də inanmazdım. V.Quluzadə haqqında əcnəbi şəxs faktlarla söz açanda, matım-mutum qurudu...”
Vəfa Quluzadənin A.Mütəllibovun iddialarının bu qismini aşağıdakı şəkildə cavablandırdı:
“Yalandır, ona Kremldən Ali Sovetin sədri Rafiq Nişanov zəng edib, o da məni işə götürüb. Rafiq Nişanov Qorbaçovun ”sağ əli" idi. O, mənə zəng etdi ki, “gəl, Qorbaçovun komandasında işlə”. Mənsə dedim ki, 20 Yanvardan sonra bu, mümkün deyil. Çünki onun əmri ilə mənim xalqım qanına qəltan edilib. Nişanov müsəlman olduğuna görə mən onunla açıq söhbət edirdim. Bu söhbətimiz səhv etmirəmsə, 1990-cı ilin axırlarında olmuşdu. Mən o zaman prezidentin müşaviri vəzifəsinə Nişanova görə təyin olundum. Amma işlədiyim vaxtlarda münasibətlərimiz çox normal olub və aramızda heç bir ziddiyyət olmayıb. Mən Mütəllibovun komandasında qonaq statusu ilə işləmişəm. Amma onun mənə qəzəbinin səbəbini deyə bilərəm. Bir dəfə ANS-də dedim ki, o, öz xalqından qaçaraq rus təyyarəsi ilə uçub Rusiya xüsusi xidmət orqanlarının düşərgəsinə düşüb. Bu da bir həqiqətdir. Çünki o vaxtdan bəri heç bir xarici ölkədə olmayıb. Azərbaycana gəlməsi isə sensasiyadır. Görünür, Rusiya xüsusi xidmət orqanları qorxmur ki, o, Azərbaycana gələndən sonra aradan çıxa bilər. Mən sözsüz ki, onun siyasətinin tam əleyhinə idim, amma iş görməyə imkanım yox idi".
***
V.Quluzadəni xarici səfərlərdə onun əleyhinə təbliğat aparmaqda ittiham edən A. Mütəllibov ardınca yazır: “Növbəti dəfə V. Quluzadə bu cür ”ürək boşaldarkən" xaricilərdən biri dözməyib ondan soruşub: “Bəs siz nə əcəb belə prezidentlə işləyirsiniz?” Cavabında V.Quluzadə deyib: “Mənim oğlum onun əlində girovdur...” Amma inanın ki, onun ailə tərkibindən məlumatım belə olmayıb. Bu cür sözlər adi məntiqə sığmır və ona görə də onu deyənin normal adam olduğuna şübhə edirsən. Bax, indi siz deyin, Vəfa Quluzadənin bu cür insan olduğunu hardan biləydim?"
V.Quluzadə isə eks-prezidenti birmənalı təkzib edir:
“Bu da ağ yalandır. Onun prezidentliyi vaxtında mənim oğlum həddi-buluğa çatmamış uşaq idi. Bunlar rus kəşfiyyatının əli ilə deyilən böhtanlardır”.
A.Mütəllibov:
“Onu da əlavə edim ki, bu söhbətlərin canlı şahidləri hələ də durur və yuxarıda adını çəkdiyim qəzetlər də məndədir. Allah qoysa, üz-üzə gələrik. V.Quluzadə haqqında mənə belə bir faktı da dedilər ki, o, pencəyinin yaxalığının arxasında üzərində Əbülfəz Əliyevin (Elçibəy-E.P.) və ya Heydər Əliyevin şəkli olan nişan gəzdirir. Əlbəttə ki, o, H.Əliyevə qulluq edirdi. Əbülfəz Əliyev haqqında isə yaxşı fikirdə deyildi.
Belə bir ana diqqət edin. Əbülfəz Əliyevin andiçmə mərasimi gedən zaman müsəlman, xristian, yəhudi din xadimlərinin rəhbərləri yan-yana durduqları halda o, yalnız ravvinə nəzər yetirib demişdir: “İndən belə Azərbaycanı yəhudi sinaqoqu idarə edəcək”. Sonralar mənə məlum oldu ki, Vəfa Quluzadə həm Azərbaycanda, həm xarici dövlətlərin nəzərində məni gözdən salmaq üçün aparılan davamlı təxribat zəncirinin bir halqası imiş. Bunun sübutu üçün V.Quluzadənin əməllərindən bəzi məqamları göstərməyi lazım bilirəm. Həmin misallar həssas oxucuya lazımi nəticə çıxarmağa kömək edəcək".
V.Quluzadənin cavabı:
“Mən ömrümdə heç kimin nişanını gəzdirməmişəm. Özü də mən Prezident Aparatında işləyəndə onun üzünü nadir hallarda görürdüm. Mən indiyədək hesab edirəm ki, o, Rusiyanın agentidir. O, öz hərəkətləri ilə özünü gözdən salıb. ”QKÇP"-ni dəstəkləyən heç bir siyasi hakimiyyətdə qala bilməzdi, o da qalmadı. Mən ona məsləhətlər verirdim ki, ““QKÇP”-ni tanımağa tələsmə”. Amma biz Təbrizdə olarkən Polyaniçko ona zəng etdi ki, “Ayaz, biz qələbə çaldıq”, o da şadlandı. Mütəllibov mənə deyirdi “sən bil ki, Rusiyada əsgərlərimiz öz sözünü deməyib. Polyaniçkonun zəngindən sonra mənə sarı dönüb, ”hə, nə oldu, gördün?" deyə, bildirdi. Mən də susdum".
A.Mütəllibovun iddiası:
“Sən demə, Vəfa Quluzadə xarici səfərlərdə olarkən müsahibələr verir və mənim haqqımda olmazın şeylər söyləyir. Fransız və ispan qəzetlərinə verdiyi müsahibələrində mənim dalımca o ki var danışıb. Digər əcnəbilərlə söhbətində sözarası ”İndiki hakimiyyət (mənim prezident olduğum dövr - A.M.) cinayətkar hakimiyyətdi" kimi məsuliyyətsiz ifadələr işlədib. Deyib ki, guya mən narkomafiya qrupuna daxiləm. Və sən demə, hələ uşaqlıqdan V. Quluzadə mənimlə namaz qılırmış və dindarlığımızla digərlərindən həmişə fərqlənmişik. İndi isə mənim ərəbləri görən gözüm yoxdur, amma yəhudilərə xüsusi rəğbət bəsləyirəm və s. və i.a. Bax, bu sözləri o, əcnəbi ərəblərlə söhbətində deyibmiş".
V.Quluzadə:
“Tamamilə cəfəngiyyatdır. Bir xarici səfərdə belə onun adı çəkilməyib. İkincisi də, onun dövründə mən heç xarici səfərə getməmişəm. Üstəlik də mən o vaxt çox ehtiyatlı idim, bilirdim ki, deyilən söz dərhal Mütəllibova çatdırılır”.
P.S. Əgər hörmətli Ayaz Mütəllibov arzu edərsə, onun da yeni fikirlərini dərc etməyə hazırıq.

(davamı gələn sayımızda)

E.PAŞASOY                      musavat.com

Комментариев нет:

Отправить комментарий