20.01.2013

DÜNYA ƏDALƏTƏ HAMİLƏ İDİ

Aida Eyvazlı

Dünya  ƏDALƏTƏ  hamilə idi,
Səksəkədə idi haqqı döyənlər.
Pusquda durmuşdu qazi,valilər
Xalqın qanın sorub, malın yeyənlər.

Dünya ağrı çəkir inildəyirdi,
“Bir az döz ay oğul, gözlə ” –deyirdi.
Pis gözlərdən qıraq, namərddən uzaq,
Oğluna bir təmiz YER axtarırdı.

Durmuşdu  keşikdə şər-böhtan bacı,
Rüşvətxor vəzirin nəfisi acı.
Saray əyyamına xəbər etmişdi,
Kim öldürsə onu alar xərcı.


Neçə gecə idi yuxu bilmirdi,
Hamilə dünyanı güdən varlılar.
Yer üzünə gəlsə ƏDALƏT oğlu,
Yığdığları həmən göyə sovrular.

Vəzir qəzəbindən var- gəl edirdi,
Neçə haqq deyənin boynun vurmuşdu.
ƏDALƏT doğulsa edəcək sorğu,
Şellənib, genlənib çox qudurmuşdu.

Küpəgirən qarı mələk donunda,
Gəzirdi dünyanın dalınca naçar.
Boz üzlü vəzirə xəbər etməsə,
Diricə-diricə qəbrini qazar.

Boz vəzir çox qazıb belə qəbirlər,
O mələk libaslı İblis qarıyla.
Haqqı diri-diri basdıran vəzir,
Güya rəhm edəcək İblis qarıya?!

Min bir hiylə ilə Şahın əlindən,
Qələmini alıb, fərman yazıbdır.
Birdən bu ƏDALƏT gəlsə dünyaya,
Onu da boğmağa vəzir hazırdır.

Hələ ƏDALƏTin məhkəməsindən,
Keçməmiş rəiyyət öldürər onu.
Bilir ki, əlində olmasa fərman,
Həmin an gələcək taxtının sonu.

Bilirdi bircə gün düşsə taxtından,
Qəzəbli rəiyyət daş-qalaq eylər.
Qocalsa da verməz dövranı əldən,
Ömrü nə qədər var, fırıldaq eylər.

Nə bir hörməti var elin içində,
Bilmədi məhəbbət, mərhəmət nədir.
Bozarıb, sozalıb yandı içindən,
Ağıllı görəndə qanın içəndir.

Dünya ƏDALƏTə  hamilə idi...
Yükünü qoymağa YER axtarırdı.
Oğul boğulurdu ana bətnində,
Artıq vaxtı idi, vaxt daralırdı.

Güdükdə durmuşdu qolu zorlular,
ƏDALƏTə  qənim kəsilmişdilər.
Hələ doğulmayan o haqq talanın,
Bərəsini, yolunu kəsmişdilər.

Diz çökdü taqətdən düşdü qolları,
Dünya ana dünyalığın danırdı.
Deyən boğulurdu oğlu bətnində,
Atəşə dönmüşdü, alovlanırdı...

Təmiz YER axtardı, yer tapammadı,
ƏDALƏTi  bətnindəcə boğdular.
Elə o zamandan , elə o gündən,
Ədalətsiz qaldı dünyanın adı.
Bir də bu qocaman nəhəng dünyanın
 ƏDALƏT  adında oğlu olmadı.

20 yanvar, 03:12. Daşkənd şəhəri.

Комментариев нет:

Отправить комментарий