04.01.2013

Heyrət və inanc

Heyrət və inanc
Dalğa Xatınoğlu

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni (Füzuli)

Gülün gözəlliyinin sirrini elmi-tədqiqat laboratoriyalarda araşdırmaqla izah etmək mümkun deyil, ona ən uzağı heyrət etmək olar.
Sorn Kyerkeqorun İbrahim Peyğəmbərin hekayəsinə yanaşmaq tərzi mənə maraqlıdır, İbrahim Tanrıya inancı üçün oğlu İshaqı (İslam dinində İsmayılı) Moriya dağına aparır.
Həyəcan keçirmədən, incimədən, qorxmadan, fikirləşmədən və tərəddüd etmədən ... Budur inancın çılpaq portreti, baxmayaraq ki, bu alleqoriyanı xalqa əxlaq dərsi keçmək üçün də yararlanan əqidə biznesmənləri var, bir dəfə də o halı, o məqamı beynində təsəvvür etmədən, o hərəkətdən heyrətə gəlmədən və Füzuli kimi lal olmadan!

İbrahim qəhrəman deyil, onun düşdüyü hala acımaq olmaz, ona sitayiş də etmək olmaz, onu başa düşmək də mümkun deyil, o bir aşiqdir, möhtəşəm sevgiyə heyrətlə inanan bir aşiq, əcəba ki, bu sevgidən, bu "hal"dan danışan birisi yoxdur.
Səni heyrətə gətirməyən birisinə necə vurula bilərsən?
Bu hekayə heyrətdən doğan inancdır, yəni inancın ən üstün növü, izaha sığmayan bir "hal".
Hər növ inancı izah, tənqid və müdafiə etmək mümkundur, heyrətdən doğan möhtəşəm inancın izahına istənilən cəhd, onun nə olduğunu təhrif edib, kiçiltməkdən başqa heç bir nəticə vermir.
İncəsənət də belədir. Ən güclü incəsənət yaradıcıları, heyrət və inanc içində olublar. Ona görə də yaratdığı əsərlər heyrətləndiricidir, əcəba ki, incəsənət deyəndə, hər şeydən danışılır, bircə bu heyrətdən və haldan başqa.
Bütün böyük şairlər kimi, Füzuli, Nəsimi, Seyyid Əzim Şirvaninin şeirləri heyrətlə doludur, bu heyrəti musiqi ilə göstərmək üçün sözün hal-havasını tutmaq və ortalığa çıxarmaq labüddur. Mevlananın bütün şeirləri heyrətlə doludur, Şekspirin, Götenin, Xəyyamın, Hafizin və bütün möhtəşəm şairləin əsərləri hər şeydən daha çox heyrətdən doğmuş və heyrətləndiricidir. Söhbət yalnız klassik əsərlərdən getmir, T.S.Eliot-dan tut, Oktavio Paz, Camal Sürəyyaya qədər.
Bu mənada, çox az müğənni məni heyrətə gətirir. Alim Qasımov bunlardan biridir, hətta görəndə ki, bəzən sözləri səhv oxuyur, zərrə qədər heyrətim azalmır, o, şeirlərin, musiqinin mənbəi olan möhtəşəm heyrətin abu-havasını, halını tuta bilir və məni də heyrətə gətirə bilir.
Mən nümunə gətirdiyim İbarahimin hekayəsini, nə də incəsənəti alverə, şan-şöhrətə və əxlaq dərsinə çevirənlərə acımıram, bu, təbiidir, mərsiyə deyən nə qədər də peşəkar olsa, dəridən-qabıqdan çıxsa, balası ölmüş ana kimi şivən qopara bilməz, o, bu halı yaşamır.
Muğənni üçün qolustukunu kostumla uyğun seçib, düz düyünləmək, ağzını çox açmamaq, xaric oxumamaq, qavalı düzgün tutub, papağı düz qoymaq, dəstgahların-quşələrin tarixçəsini əzbərləmək, bunların hamısı bir tərəfə, məncə, heyrət içində, inancla yaşamaq başqa şeydir, təəssüf ki, bu heyrəti yaşamaq və yaşatmaq haqda danışan yoxdur.

az.trend.az

Комментариев нет:

Отправить комментарий