13.02.2013

DÜNYA

Ramilə Qardaşxanqızı

Dunya mənim üçün ucsuz-bucaqsız deyil. Tapdıqlarım bu dünyanın ucundadır itirdiklərim isə yan küncündə, bucağında... Axtardıqca təkrar uclara yol alıram. Mən dünyaya sığdığım kimi dünya da sənin içinə sığacaq qədərdir. Əmin ol, hər kəs öz dünyasından dəm qılır, ürəyinin genişliyindən razılıq edir. Amma heç bilən yoxur ki yumruq boyda ürəyə sığan dünya səyyahlarına nə verir? Həyatı və o dünyanı bilmirəm, axı bu dünya səyyahlarını sevmir. Kimlərsə uzaq səfərdə itib-batır, kimlərsə əlidolu geri dönür fəqət düşüncələrinin tüğyan etdiyi təxəyüllərdə naməlum şəraitdə “qəzaya” uğrayır.
Barmaqla sayılanlar tarixdə diri qalır, tək imzayla düşür yaddaşlara. Geridə qalanlarının isə, mütləq bir yerində “yamaq” var. Kiminsə qisməti daima birincilikdə, kiminsə də daimi uduzanlar sırasında yeri məlumdur. Bu dünyanın və bəşərin qanunlarından ən əsasıdır. Deyəsən dünyadan çox danışdım, görəsən o məndən nələr danışacaq? Mənə nə, onsuzda dünya danışanlardan danışmağa heç vaxt söz tapmayıb. Dünya üçün biz boşboğaz, çərənçi varlıqlarıq. Bildik bilmədik tərif edirik, ya da lazım olmayan tənqidlərə vaxt itiririk. Sonluğu izləməyə isə ömrümüz çatmır, bu dünyadan o dünyaya “oğurlanırıq”. Çünki dünya bizi qara torpaqdan oğurlayıb, sonra Adəmə sırıyıb. Adəm də qabırğa əhvalatını uyduraraq məhşurlaşıb. Əslində oğurluq mal sahibinə geri qaytarıldığı kimi, bizidə o dünyamız ölüm adı ilə geri alır. Buna görə də ömür ölçülüb biçilib sonra verilib bizə. Heç boyumuz boyda özümüzü, özümüz boyda ağlımızı, ağlımızla dürləşən zəkamızı, bir addımlıq ömrümüzü və daha nələri, nələləri... Ən çox lazım olanları ölçmək yadımıza düşmür ancaq hər addım izinin adını vətən qoyub qarıc-qarıc olçürük. Qara torpaq bizi geri alandan sonra, əbədi uyumaq üçün vətənimizi də addım-addım ayaqlayaraq boyumuza ölçülmüş boyda satın alırıq. Bir qarıc artığına haqqımız yoxdur, yada pulumuz çatmır. Bu gün mən sənə satıram, sabah sənin övladın mənə satacaq, o birisi gün isə nəvələrimiz baş daşımıza heykəl deyəcək, üstümüzdə oyunlar oynayacaq. Demək biz hamımız bu dünyada mahir oyunçularıq. Daha sonrakı nəsillər də Bibiheybət tarixini təkrarlayıb məzarimizı qazacaq yerində göydələn ucaldacaq. Bizim vaxtı ilə öz halalca torpağımıza, əbədi vətənimizə dönmək üçün ölçü ilə, üstəlik satın aldığımız yerlərdə əylənmək, eyş-işrətlə məşqul olmaq istəyənlərçün hotel odaları inşa ediləcək. Bax budur dünya, nə zamansa doğulub xəlq olduğun, sonra yaranışına geri döndüyün və daha sonra ətini çürüdüb sümüklərini saxlayan, zəmanətin vaxtı keçəndə əlindən alınacaq cəmi bir məzarlıq quyudan ibarət zülmət vətən torpağı. Dünyaya daxil olmaq üçün qapı da varmış qaçıb qurtulmaq üçün baca da. Bonus olaraq; Ruhun göylərdədir, cismin evi dağıldı.

Комментариев нет:

Отправить комментарий