13.02.2013

Ürək təlatümlü, könül intizar

Vəfa Mürsəlqızı

EYLƏYİB

 Fələyin əyrisin gördüm,
 Ayaqları baş eylədi,
 Qəmi verib sevinc aldı,
 Mənlə başa-baş eylədi.

 Könül vəslə çata bilmir,
 Həsrətini ata bilmir,
 Daha qəm də bata bilmir,
 Ürəyimi daş eylədi.

 Yol gözləmə bezə-bezə,
 Cıxma yola ,baxma izə,
 Qonacaq pəncərənizə,
 Xəyalımı quş eylədi.


Dərdi sevdim sevən gündən.
 Haqqım yoxdur küsəm səndən,
 Fələk ,öpdü gözlərimdən,
 Gözlərimi yaş eylədi.

 Mən səninlə mən olmuşam,
 Sənsiz mənimdən olmuşam,
 Bəxtimə düşmən olmuşam,
 Məni sənə tuş eylədi.

 Bəxt məndən üzün döndərib,
 Eşqim də odun söndürüb,
 Məndə bir qadın öldürüb,
 Dərdimə qardaş eylədi.

SEVƏCƏM

 Məni dondurduqca qış soyuğunla,
 Baharın yerinə , qışı sevəcəm,
 Bir büt yaradacam, sənə oxaşan,
 Mən sənin yerinə daşı sevəcəm.

 Varmı ki, bir kimsə sənə tay tutam,
 Varmı ki, bir sevda qəlbi ovudam,
 Ürəyini sevsəm çətin unudam,
 O qara gözləri , qaşı sevəcəm.

 Ürək təlatümlü, könül intizar,
 Səni haraylayıb, səni axtarar,
 Axı gülüşünü sevməyə nə var,
 Solğun yanağında yaşı sevəcəm.

 Bu dəli tufanın var bir xatası,
 Nə səngiyəsidir, nə də yatası,
 Mən heç vaxt sevmədim axı qadası,
 Səni elə belə naşı sevəcəm.

 Nə səbrim qalıbdır nə qərarım yox
 Bu qəmə dözməyə iqtidarım yox
 Tək sevə bilmərəm ,ixtiyarım yox
 Səni həsrətinlə qoşa sevəcəm.

Комментариев нет:

Отправить комментарий