17.02.2013

Yaşamaq başqa şeydir

Rüfət Əhmədzadə

Yaşamaq
- hər gün
bir heyvərəni bir zirvədə,
ya da bir dahini
Bir dərədə görmək deyil,
nədirsə başqa şeydir.
Yaşamaq sevmək deyil,
Bəlkə də sevilməkdir...
O qədər sevilmək ki,
Qayğı, diqqət qısqanclıq
yaşamaqdan bezdirsin!

Yaşamaq
- bir küncə qapılıb
Tərki-dünya, tək qalmaq deyil,

Qucaqlarda tərləyib
Ayaqlarda ləhləyib
Onun bunun çirkabına bulaşmaq deyil.
Nədirsə, başqa şeydir.
Yaxşı insanların pis gününə gəlməkdir bəlkə?
Yoxsa pis insanların yaxşı gününə getmək?
Yaşamaq insanlığa hədiyyə olanları
Vaxtsız itirməkmi?
Yaşamağa guşə tapılmır bəlkə?
Gör nə qədər balacadır bu ölkə...

Yaşamaq
- başını daşa döyə-döyə
Yaşlanmaq deyil...
Nədirsə, başqa şeydir...
Onun bunun dalına düşmək başıaşağı,
Ya da hamıya baxmaq yuxarıdan aşağı,
Biri sənin itliyinə görə “cənab” deyəcək,
Biri də adamlığına görə “Köpək uşağı”...
Yox, yaşamaq nədirsə baha şeydir!

Комментариев нет:

Отправить комментарий