01.09.2016

Gülən Aslanova ilə Rəhimovu necə evləndirdi? - Maraqlı faktlar

Son zamanlarda qardaş Türkiyədə baş verən hərbi çevriliş cəhdi və bu istiqamətdə cərəyan edən hadisələr bütün dünyanın diqqət mərkəzindədir. Təhlükəlilik miqyasına görə “PKK” və “İŞİD”-dən az qala geri qalmayan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə kəskin mübarizə aparan AKP iqtidarı vaxtilə bu təşkilat ilə birgə hərəkət etdiyi üçün təəssüflərini bildirir. 
pia.az xəbər verir ki, aznews.az saytının bu mövzuda hazırladığı mateialda bildirilir ki, məhz buna görə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan son çıxışlarının birində Gülən şəbəkəsini nəzərdə tutaraq “İlanın başını kiçik ikən əzmək lazım imiş” deyərək öz peşmanlığını açıq-aşkar etiraf etdi.
Türkiyə kimi qədim və möhkəm dövlətçilik ənənələrinə malik bir ölkəni sarsıdan, cəmiyyəti qardaş qırğınına sürükləyən, cəmiyyəti təbəqələşdirib nifrət hissi ilə körükləyən FETÖ Azərbaycan üçün də böyük təhlükə vəd edir. Bəhs etdiyimiz təhlükənin kökü dərin, yayılma arealı isə genişdir. Məsələn, bu günlərdə zərərçəkmiş qismində İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsində ifadə verən iş adamı Hüseyn Böyükfıratın “FETÖ-nün Türkiyədən sonra ikinci ən güclü olduğu ölkə Azərbaycandır” deyərək FETÖ-nün Bakıda onu necə sıxışdırması haqda sadaladığı faktlar son dərəcə ibrətamizdir. İş adamının sözlərindən belə məlum olur ki, fətullahçılar bütün dövlət qurumlarına virus kimi yayılıblar. Bu isə onlara paralel dövlət qurmaq üçün imkan yaradır. Türkiyənin Ərzurum şəhərində Gülən Fondunun sabiq sədri, vaxtilə Fətullah Gülənin Azərbaycanda təhsil üzrə kuratorlarından biri olan Ümit Akdemir isə türk mediasına verdiyi müsahibəsində qeyd edir ki, ”FETÖ Azərbaycandakı toplantılarında “İlham Əliyevi bitirəcəyik” deyə vədlər verir, bu istiqamətdə planlar qururdular. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı, o zaman “türk baharı” ssenarisi işə düşəcəkdi. Azərbaycan, Qırğızıstan və Türkmənistanda çevrilişlər baş verəcək, “gülənçi”lər hakimiyyətə gələcəkdi” .
ABŞ-ın müəyyən dairələri tərəfindən hazırlanan “türk baharı” ssenarisinə əsasən, ərəb ölkələrində baş verən “inqilab” dalğası türk coğrafiyasını da əhatə etməli, Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdə hazırkı hakimiyyətlər dəyişdirilməli, onların yerlərini isə ABŞ-a yaxın mötədil islamçılar tutmalı idilər. “Türk baharı”nın əsas elektoratı Gülən camaatı, yəni “Hizmət” hərəkatının üzvləri olmalı idi. Türkiyədə yeni dövlət qurulduqdan sonra isə F.Gülən ali ruhani lider kimi Türkiyəyə dönməli və digər ölkələrdə çevriliş və üsyanları idarə etməliyidi. Bir vaxtlar Gülənin “sağ qolu” olmuş Lətif Ərdoğan yazır ki, Gülən ayətullah Ruhulla Xomeyniyə həsəd aparır, Xomeyni İrana döndüyü kimi Türkiyəyə dönmək və idarəetməni ələ almaq istəyirmiş. Göründüyü kimi, “Hizmət hərəkatı” deyə məsumluq cildinə bürünüb, Allahın adı ilə özünə dost qazanan, guya ki sadəcə təhsil və ibadətlə məşğul olan bu təşkilat əslində məşum məqsədlərə xidmət edib və etməkdədir.
Gülən şəbəkəsinin Azərbaycana daxil olub şaxələnməsini incələyəndə kifayət qədər maraqlı məqamlar ortaya çıxır. Mətbuatda gedən bir sıra araşdırma yazılarda iddia olunur ki, bu şəbəkədə əsas qanad ABŞ xüsusi xidmətləri - Gülən - AXCP-dən ibarət bir üçlər ittifaqıdır. 1990-cı illərdə Türkiyədə ciddi nüfuz sahibi olan Gülən və CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin)Türkiyə kuratoru Qraham Füller SSRİ məkanında baş verən prosesləri diqqətlə izləyirdilər. Gülən Azərbaycan müstəqil olduqdan sonra ölkəyə soxulmaq üçün müxtəlif üsullara əl atır, danışıqlar aparırdı. Nəhayət, AXC hakimiyyəti ilə “dil tapan” gülənçilər 1992-ci il 4 sentyabrda AXC iqtidarının Xalq Təhsil Nazirliyi ilə Türkiyə Respublikası “Çağ Öyrətim İşlətmələri Şirkəti” arasında niyyət protokolu bağlanmasına nail olaraq, Azərbaycanda fəaliyyət göstərməyə başladılar. Bəziləri sonrakı proseslərə əsaslarnaraq bu protokolun imzalanması, yəni fətullahçı şəbəkənin ölkəyə buraxılmasını Azərbaycan dövlətinə və xalqına etdiyi ən böyük xəyanətləri kimi qiymətləndirir. Bu fikirdə olanların arqumentləri bundan ibarətdir: Gülən bu razılaşmanın qarşılığında AXC iqtidarının maraqlarını beynəlxalq aləmdə qoruyacağına, ABŞ və Əbülfəz Elçibəy hökuməti arasında vasitəçilik edəcəyinə söz vermişdi.
Yaradılan şəraitdən məharətlə bəhrələnən Gülən təhsil sahəsini ələ almaq üçün ard-arda məktəblər açmağa başlamışdı. Bu plan eynilə Osmanlı dövlətini içəridən parçalamaq, diz çökdürmək üçün avropalı və amerikalı missionerlərin 1800-cü illərdən etibarən imperiyanın müxtəlif bölgələrində o dövr üçün modern sayılan məktəblər açaraq, ölkənin təhsil sistemini ələ almalarını xatırladırdı. Qeyd etməliyik ki, bu məktəblər, daha doğrusu, bu məktəblərdə yetişən xəyanətkar nəsil Osmanlı dövlətinin parçalanmasında yaxından iştirak etmiş, müstəmləkəçi Qərb dövlətləri üçün maşa roluna oynamışdılar (Hal-hazırda İstanbulda fəaliyyət göstərən Robert kolleci və Boğaziçi universitetinin əsası vaxtilə qərbli missionerlər tərəfindən qoyulmuşdur).
Gülən anlayırdı ki, özünə və ideyalarına sadiq olan nəsli elə özü yetişdirməlidir. Orta məktəbdə yetişən nəsil ali məktəbdə daha da cilalanmalıdır. Vaxt itirmədən Azərbaycanda universitet açmaq üçün dövrün rəsmiləri ilə danışıqlara başlayan “Hocaəfəndi” çox asanlıqla buna nail olur (Sonralar Afrikada da möhkəmlənən Gülən, deyilənə görə, tez-tez Azərbaycanla Afrika ölkələrini müqayisə edir, hər ikisini də eyni rahatlıqla ələ keçirdiyini məmnuniyyətlə etiraf edir, hadisələrin bu cür gedişini “Allahın lütfü” adlandırırmış).
Beləliklə, 1 may 1993-cü Prezident Ə. Elçibəyin və təhsil naziri Firudin Cəlilovun bilavasitə razılıqları ilə Xalq Təhsil Nazirliyinin nəzdindəki Ali Ekspert Komissiyasının 11/1 saylı qərarına əsasən Azərbaycanda Gülənə məxsus ali məktəb – Qafqaz Universiteti fəaliyyətə başladı.
Universitet kompleksinin yaradılması məqsədilə Xırdalan ərazisində 200 hektar yer ayrılaraq Gülənin nümayəndəsi Ali Bayrama təqdim edildi. Universitetə rəhbərlik formal olaraq, hakimiyyətin müxtəlif qollarında yaxşı əlaqələri olan Niftalı Qocayevə həvalə olunsa da, əslində idarəetmə Gülən camaatına məxsus idi. Eyni zamanda Türkiyədəki “dərshanə” sistemini də uğurla Azərbaycana transfer edən “Hocaəfəndi” “Araz” hazırlıq kurslarının açılmasına və gülənçi şəbəkənin funksional qəzeti olan “Zaman” qəzetinin əlavəsi olaraq “Zaman-Azərbaycan”-ın nəşrinə də nail oldu. Ə. Elçibəyin Gülənə növbəti jesti isə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin açılmasına razılıq verməsi oldu. Əslində özünü dünyəvi dövlət elan etmiş ölkədə bu fakültənin açılması hüquqi nonsens sayıla bilər. Üstəlik, fakültə İslamın Azərbaycan üçün ənənəvi cərəyanları üzrə deyil, qeyri-ənənəvi cərəyanları üzrə mütəxəssislər hazırlayır və beləliklə də ölkədə yüzilliklərdən bəri mövcud kövrək dini balansı təhdid edirdi. İş bununla da bitmir, Gülən şəbəkəsindəki orta və ali məktəblərdə, “dərsxanalar”da Azərbaycan ədəbi dili inkar olunur, azərbaycanlı kimliyi ələ salınır, Azərbaycan dövlətçiliyinin təməlində dayanmış tarixi şəxsiyyətlər, xüsusən də Səfəvi hökmdarları təhqir olunurdu. Bir sözlə, bu təhsil şəbəkəsi Azərbaycan adına hər şeyi kiçildən və təhqiramiz yanaşan nihilistlər “istehsal edən” fabriklərə dönmüşdü.
Xatırladaq ki, müəyyən çevrələrdə Gülənin Azərbaycan “imamı” adlandırılan Elnur Aslanov və Gənclər, İdman və Turizm Nazirinin müavini İntiqam Babayev bu BDU-dakı məlum fakültənin məzunlarındandırlar. Bununla da Gülən Azərbaycanın təhsil sistemini tamamilə caynağına keçirdi. Yenə 1993-cü ildə Azərbaycanda Gülən camaatına məxsus ilk xarici telekanal- “Zaman TV” efir həyatına başladı. Cəmi bir il ərzində “Gülən camaatı” Azərbaycanda universitet, qəzet, televiziya, hazırlıq kursları və liseylər aça bilmişdilər. Ardınca isə “Çaşıoğlu” mətbəəsini quran şəbəkə əhalini “maarifləndirmək” üçün zəruri ədəbiyyatın, dərsliklərin, əyani vəsaitlərin nəşrinə başladı. Bu işin xərc yükü də Azərbaycan vətəndaşının çiyinlərində idi. Bir zamanlar “Çaşıoğlu” nəşriyyatının dərsliklər çap olunması üçün tenderləri necə “udması” mətbuat tərəfindən gündəliyə gətirilsə də, təəssüf ki daha güclü əllər bu jurnalist araşdırmalarının ciddi hüquqi müstəviyə daşınmasını əngəlləyə bilmişdi. Beləliklə də, “Çaşıoğlu” öz büdcəmiz hesabına “maarifləndirmə”, zombiləşdirmə vəsaitləri çap etmişdir.
AXC hökumətinin iflası şəbəkənin sürətli inkişaf planlarını pozsa da, onlar növbəti illərdə Türkiyədə hakimiyyətdə olan iqtidarların himayəsinə sığınaraq öz mövcudluqlarını qorumağı bacardı. Artıq 2014-cü ilə qədər “gülənçi”lərin Azərbaycanda 21 liseyləri, bir gimnaziyaları, bir universitetləri, Naxçıvanda fəaliyyət göstərən 3 liseyləri və çoxsaylı hazırlıq kursları var idi.
Gülənin Azərbaycana ilk göndərdiyi missionerlərinə tövsiyəsi 25 il ərzində “qızıl nəsil” yaratmaq, bu nəslin inkişafını təmin etmək və strateji əhəmiyyətli dövlət qurumlarına yerləşdirmək idi. Buna görə ard-arda təhsil ocaqları açılır, orta ümumtəhsil məktəblərindən test imtahanları vasitəsilə işiqlı şagirdlər seçilərək yüksək ödəniş müqabilində liseylərdə təhsilə cəlb edilirdilər. Gülən BDU-nun İlahiyyat fakültəsinə xüsusi diqqət göstərirdi. Sonradan FETÖ-nun Azərbaycan “imamı” olan Elnur Aslanovun burada təhsil alması təsadüfi deyildi. Gülənçi müəllimlər şagirdlər vasitəsilə valideynlərlə də tanış olur, evlərinə qonaq gedir, tədricən əhatə dairələrini genişləndiridilər. Bir çox hallarda valideynlər övladlarından daha öncə Gülənin sadiq əsgərinə çevrilirdilər.
Elnur Aslanova böyük ümidlər bəsləyən Gülənin onun vəzifə pillələrində sürətli yüksəlişini təmin etmək üçün bütün qüvvəsini səfərbər etdiyi sirr deyil. E. Aslanov yüksək postlu məmurlara çıxış tapmaq üçün tez-tez onların Ənvər Özərənlə görüşlərini təşkil edir, onların kitablarını türk dilinə tərcümə etdirərək Türkiyədə nəşr etdirirdi. Beləliklə, E. Aslanov ona tapşırılan missiyanın öhdəsindən uğurla gələrək qısa zamanda rəsmi şəxslərlə Gülən şəbəkəsi arasında möhkəm əlaqə yaratdı. Gülənin ətrafında olan insanların anlatdıqlarına görə, o hər zaman nikah diplomatiyasına xüsusi əhəmiyyət verir, öz fəaliyyəti ilə seçilən “Hizmət” üzvlərinin gələcək həyat yoldaşlarını özü müəyyənləşdirirmiş. Bu evliliklər isə öz növbəsində Gülən şəbəkəsinin daha da genişlənməsinə, hakimiyyətin ən dərin qatlarına sirayət etməsinə imkan yaradırdı. Məhz Gülənin tövsiyəsi ilə E. Aslanov anası Rəbiyyət Aslanovanın iş adamı, professor İlham Rəhimovla nikaha girməsini təşkil etmiş, anasının toyunda qol götürüb oynamışdı. Çox yaxşı strateq olan Gülənin həmin nikahda məqsədi İlham Rəhimov vasitəsilə rəsmi Moskva ilə körpü yaratmaq və yaxın ətrafında “Azərbaycanın gələcək dövlət başçısı” adlandırdığı E. Aslanovu Rusiya Prezidentinə təqdim etmək idi. R.Aslanova İ.Rəhimovu kurasiya etməli, İ.Rəhimov isə öz növbəsində rəsmi Moskvada E.Aslanov haqda xoş təəssürat yaradılması ilə məşğul olmalı idi. İntəhası, artıq yaşa dolmuş xanım Aslanova hörmətli professoru öz cazibəsinin əsiri edə bilmədi və professor da gülənçi olmadı. Lakin yaşından xeyli gənc görünən və geniş maddi imkanlara sahib İ.Rəhimovu R.Aslanova ilə nikah masasına oturmağa vadar edən səbəb hələ də öz mübhəmliyini qoruyur. Gülən adətən bu kimi məsələlərdə çətinliklərlə üzləşəndə şantaja əl atır. Heç kimə sirr deyil ki, Türkiyədə CXP lideri Dəniz Baykalın intim görüntülərinin gizli kamera vasitəsilə qeyd olunması və sonradan mediaya sızdırılması Gülənin “əl işidir”.
Eyni zamanda seçki ərəfəsi Millətçi Hərəkat Partiyasının idarə heyətinin üzvlərinin əksəriyyətinin intim videolarının mətbuata sızması məhz “Hocaəfəndinin” işinə yaramışdı.
Qeyd etməliyik ki, Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşamasına baxmayaraq Türkiyənin “Milli İstihbarat Təşkilatı”nın uzaq Osloda PKK ilə son dərəcədə məxfilik şəraitində apardığı gizli danışıqları dinləyə biləcək qədər “uzun qulaqlara” sahibdir. Gülən şəbəkəsinin intensiv və ekstensiv inkişafının kökündə dayanan əsas amillərdən biri məhz gizli çəkilişlər və dinləmələrdir. Buna görə də məlum şəbəkə telekommunikasiya sahəsində möhkəmlənməyə xüsusi üstünlük verir, bu istiqamətdə fəaliyyət göstərən qurum və şirkətlərə mütəmadi olaraq “kadrlar” yerləşdirir. Bu “kadrlar” lazım olan şəxsləri dinləyib, telefon danışıqlarını, SMS və Vatsapp ismarışlarını qeydə alıb Gülənin Azərbaycandakı “imam”ına ötürməklə məşğul olurlar. Az əvvəl Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq ölkə ərazisində mobil rabitə xidməti göstərən şirkətlərdə koordinasiyalı formada işləyən fətullahçı mütəşəkkil dəstəni ifşa etmiş, keçirilən birgə əməliyyatın nəticəsində “Bakcell LTD” MMC-də əsas şәbәkә üzrə baş mühәndisi Şahin İsrayılov, “Azerfon” MMC-də “Zənglər mərkəzi”nin operatoru Fuad Әhmәdli, “Azercell Telecom” MMC-nin müştəri xidmətinin operatoru Etibar Musayev həmin şirkətlərdə işә başladıqları vaxtdan bu il avqust 18-dək mütəmadi surətdə sözügedən mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yer və yerdəyişmələri və s. qapalı informasiyaları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla başqa şəxslərə ötürdükləri üçün həbs olunublar. Böyük ehtimalla ölkəmizin rabitə sisteminə yayılmış bu casus şəbəkənin kökləri daha dərindir. FETÖ üzvü olduğu şübhə doğurmayan F. Əhmədlinin AXCP-nin fəalı olması Gülən ilə Əli Kərimlinin eyni cinahda dayanması fikrini ortaya qoyur.
Gülən Azərbaycana öz ehtiyat aerodromu, qüdrətli imperiyasının qurulmasında mühüm həlqə kimi baxırdı. Odur ki, “xərçəng” xəstəliyi kimi rişə ataraq ölkənin bütün orqanizmini iflic etməyə maraqlı idi. Bunun üçün ilk növbədə ölkə gəncliyini, təhsil sistemini, mediasını, QHT sektorunu ələ keçirmək, yetişdirdiyi gənclərin vasitəsilə isə strateji sənaye sahələrini, enerji sektorunu, daha sonra daxili siyasi iyerarxiyanı və xarici əlaqələri nəzarətə almağı hədəfləyirdi. Bunun üçün ictimai rəyin lehinə olmasını təmin etmək lazım idi, bu işdə isə media və QHT şəbəkəsi qədər müxalifətə sızmaq da zəruri idi. Uzun müddət Qafqaz Universiteti ayrı-ayrı dövlət qurumlarının, yerli və xarici neft şirkətlərinin, enerji ilə bağlı müəssisələrinin kadr emalatxanası rolunu oynayıb. Universitetdə beyni yuyulan, zombiləşən, milli-mədəni irsimizin üzərindən xətt çəkərək Gülənin (əslində, Qərb neoimperilizminin) sadiq müridinə çevrilən gənc kadrlar bu kimi qurumlarda ciddi postlara gətiriliblər. Xalqımızın rifahına xidmət etməli olan sərvətlərimizə, ən əsası insan resurslarımıza XVIII əsrin mason lojaları prinsipi ilə işləyən totalitar sektanın yan kassası kimi baxılıb. Azərbaycanda heç bir strateji qurum Gülənin sulu gözlərindən yayınmayıb.
“Gülənçi”lər ölkəmizin QHT sektorunda da möhkəmlənərək, müxtəlif istiqamətlərdə şaxələniblər. Onların ən böyük təşkilatlarından biri isə “Dialoq Avrasiya Platforması” idi. Bu platformanın idarə heyətində Yazıçılar Birliyinin sədri, millət vəkilləri, gənclər və idman nazirinin müavini və b. təmsil olunurdular. Gülənin rəsmi saytında platformanın mahiyyəti belə ifadə olunmuşdu: “Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan Dialoq-Avrasiya Platformasının və eləcə də DA jurnalının əsas təşəbbüskarı da elə F.Güləndir ”. Jurnalın 10 illiyinə həsr olunmuş xüsusi buraxılışında "gülənçi"liyin mahiyyəti belə təqdim olunurdu: beyinləri biliklə, qəlbləri nurçuluq ideologiyası ilə dolmuş insanlar siyasi hakimiyyətə gəldikdə ədalətli cəmiyyət qura bilərlər. Bu o deməkdir ki, yalnız gülənçilər hakimiyyətdə olarlarsa, ədalətli cəmiyyət qurula bilər, başqaları ədalətli cəmiyyət qura bilməzlər. Bu, artıq ölkəmizdə siyasi hakimiyyət uğrunda mübarizəyə açıq çağırış idi.
“Dialoq Avrasiya Platforması” ilə yanaşı E. Aslanovun projesi, millət vəkili, Ceyhun Osmanlının yaratdığı “İrəli” İctimai Birliyi ABŞ QHT-ləri və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələr həyata keçirir, ölkədə hansısa gənclər parlamenti formalaşdırır, postİlham Əliyev dövrünə ciddi hazırlıq işləri görürdü. Bütün bu təşəbbüsləri koordinasiya etmək məqsədi ilə “Çağ Öyrətim İşlətmələri Şirkəti” mütəmadi olaraq öz məktəblərinin məzunları arasında görüşlər, rayonlarda yay məktəbləri və düşərgələr təşkil edərək gəncləri “məlum” gələcəyə hazırlayırdılar. Bəzən bu tədbirlər dövlət məmurlarının iştirakı ilə 1 nömrəli toplantı məkanında belə keçirilirdi. Əslində bütün bu tədbirlər və atılan addımlar Azərbaycanda Gülənin təsir dairəsinin daha da genişləndirilməsinə xidmət edirdi.
Azərbaycanın dini durumunu multikultural ənənələr zəminində inkişaf etdirməli olan, eləcə də ölkənin daxili və xarici siyasətinin planlaşdırılması və proqnozlaşdırılması üçün yaradılan qurumların rəhbərliyinə xüsusi tərəfdaşların köməyilə Azərbaycan üçün çox əhəmiyyətsiz, amma Gülən üçün xüsusi mahiyyət kəsb edən , “loyal” müxalifətin sıralarından süzülüb gəlmiş şəxslər təyin olunurdu. Onların yeganə məziyyəti “gülənçi” və E.Aslanovun projeləri olmaları idi. Nəticədə ölkə strategiyasının müəyyənləşməsinə töhfə verməli olan qurumlar xüsusi bir missionerliyə sövq edildilər.
Çox keçmədən Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqəti ilə seçilən, dəyərli ziyalı Hidayət Orucov dini duruma nəzarət edən strukturlardan uzaqlaşdırılır. Onun yerinə isə Gülənin sevimli tələbələrindən olan Elşad İsgəndərov təyin edildi. Maraqlıdır ki, E.İsgəndərovun yüksəlməsində “müstəsna” xidmətləri olmuş və eyni zamanda Əhməd Davudoğlunun müşaviri vəzifəsini yerinə yetirən Gürcan Balıq, Əli Sarıkaya və s. şəxslər bu günlərdə FETÖ üzvü olduğu üçün türk polisi tərəfindən istintaqa cəlb edilib.
Gülən Azərbaycanı özünəməxsus şəkildə regionlara bölüb, hər regiona “imam”lar təyin etmişdi. “İmam”lar mütəmadi olaraq “İşıq” evlərində görüşlər təşkil edir, “Hocaəfəndi”-nin ismarışlarını iştirakçılara çatdırırdılar. Qadınlar üçün isə ayrı toplantılar təşkil edilirdi.
2014-cü ildə FETÖ-nün əsl simasının üzə çıxmasından sonra olduqca ehtiyatlı davranan “gülənçi”lər daha çox biznesə və xaricdə təhsilə yönələrək gözləmə mövqeyi seçiblər. Amma Türkiyədə baş verənlər sübut etdi ki, hər hansı bir terror təşkilatı vaxtında ciddiyə alınıb zərəsizləşdirilməsə, nəticəsi çox ağır ola bilər. Ölkəni xərçəng kimi sarmış bu şəbəkə metastaz vermədən kökündən təmizlənməli, FETÖ üzvü olan şəxslər cinayət məsluliyyətinə cəlb olunmalıdırlar. Buna görə də hazırda Azərbaycanda FETÖ-yə qarşı ciddi tədbirlər görülür və bu təşkilat Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən aparılan sistemli mübarizənin nəticəsində çox ciddi zərbə alıb.
Dövlət qurumlarında hələ də ilişib qalmış bəzi fətullahçılar gizli fəaliyyət göstərməyə məcbur olaraq, öz ümidlərini daha çox Azərbaycanda hakimiyyəti ələ keçirməyə çalışan AXCP və Milli Şuraya bağlayırlar. İnsafən demək lazımdır ki, AXCP və Milli Şura FETÖ ilə müttəfiqliyinə tam sadiq qalaraq, özlərinə məxsus informasiya resurslarında (ənənəvi və yeni mediada) Azərbaycandakı fətullahçıları ciddi-cəhdlə müdafiə edir, onlara haqq qazandırmağa çalışırlar. Lakin istər AXCP, istərsə də Milli Şura bilməlidir ki, terroru və terrorçunu müdafiə etmək, qorumaq, onların əməllərini təşviq etmək həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də beynəlxalq qanunvericiliyə ziddir. Ziyanın yarısından dönmək də xeyirdir.

pia.az

Комментариев нет:

Отправить комментарий