01.09.2016

Osmanlıfilm: Mən gülənçi deyiləm

Türkiyədə 15 iyul hadisələri Azərbaycanda da geniş rezonansa səbəb oldu. Təkcə ona görə yox ki, hakimiyyət çevrilişi cəhdi qardaş ölkədə baş verdi, həm də ona görə ki, iqtidarı qəsb etməyə çalışan Fətullah Gülən tərəfdarları uzun illərdir Azərbaycanda da kök salmışdılar və faktiki cəmiyyət həyatının bütün sahələrində özlərinə yer etmişdilər.
Təsadüfi deyil ki, bu hadisədən sonra mediada müzakirə olunan əsas məsələlərdən biri də gülənçilərin Azərbaycanda analoji ssenarini həyata keçirmək imkanları ilə bağlı oldu.
Əslində, fətullahçı mövzusu artıq bir neçə ildir ki Azərbaycanın ictimai-siyasi həyatında, həmçinin mediada geniş müzakirə olunur. 2013-cü ildə- hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan gülənçilərin ifşa olunduğu və öz mövqelərindən uzaqlaşdırıldığı dövrdə, demək olar ki bu məsələyə ictimai diqqət pik həddə çatmışdı. Həmin vaxt Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad olundu və az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifəyə təyin edildi. Onun ardınca Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov istefaya göndərildi. Komandanın aşağı ranqlı üzvləri öz iş yerlərini saxlasalar da, gülənçilərin təhlükə anında davranış metoduna uyğun olaraq, passiv fəaliyyətə keçdilər. Güman etmək olar ki, hakimiyyət başsız qalmış ilanı təhlükə hesab etmədi və buna görə də onlara qarşı radikal addımlar atılmadı.
Lakin həmin dövrdən başlayaraq FETÖ-nün Azərbaycandakı dayaqları sarsıldı- məktəbləri bağlandı, biznes imkanları daraldı, onlara məxsus medianın və QHT-lərin fəaliyyəti dayandırıldı və s. Bu şəbəkə ilə bağlı olanlar diskomfort vəziyyətə düşdülər, Gülənlə əlaqələrini inkar etmək zorunda qaldılar. Ola bilər ki hərəkatla bağlı olanlardan kimlərsə bu əlaqələri artıq kəsiblər və normal həyata qayıdıblar. Ancaq tam əksəriyyət haqqında bunu demək çətindir.
Məsələn, Elnur Aslanova yaxınlığı ilə tanınan keçmiş millət vəkili Ceyhun Osmanlı bu günlərdə mediaya ardıcıl müsahibələr verərək Heydər Əliyev ideologiyasına, dövlət başçısı İlham Əliyevin siyasətinə sadiq olduğunu isbat etməyə, Gülən hərəkatı ilə heç bir əlaqəsinin olmadığını təsdiqləməyə çalışdı. Özü də Əli Kərimliyə yaxınlığı ilə seçilən saytlarda. Bu təsadüfdürmü? Son zamanlar FETÖ-nün AXCP ilə əlaqələri müəyyən olunduqdan sonra təsadüfdən deyil, qanunauyğunluqdan danışmaq daha düzgün olardı.
Reallıq ondan ibarətdir ki, AXCP də FETÖ kimi eyni mərkəzdən, okeanın o tayından idarə olunur. 2013-cü ildə açıqlanan faktlar da göstərirdi ki, E.Aslanovun komandası ABŞ mərkəzləri ilə sıx bağlıdır. Ceyhun Osmanlı təkcə hakimiyyətin gənclər arasında “əsas dayağı” kimi təqdim olunan “İrəli” hərəkatının fəaliyyətinə rəhbərlik etmirdi, onun həm də ABŞ Milli Demokratiya İnstitutunun sıx əlaqələrə malik olduğu müxalifyönlü “NİDA” təşkilatı ilə yaxşı münasibətləri var idi.
Qeyd edək ki, Ceyhun Osmanlının NDİ, İRİ, USAİD kimi ABŞ təşkilatları ilə əlaqələrini təsdiq edən çoxsaylı faktlar mövcuddur. Bu təşkilatlar ayrı-ayrı ölkələrdə hakimiyyət çevrilişlərinin müəllifi və icraçıları kimi tanınırlar. Hələ uzaq 2007-ci ildə C.Osmanlının rəhbərlik etdiyi “İrəli” təşkilatı gənclərin internetə cəlb olunması, bloqların yaradılması və idarə olunması ilə bağlı təlimlər keçirməyə başladı (http://irelitm.wordpress.com/2010/11/).
2009-cu ildə isə Ceyhun Osmanlı Beynəlxalq Respublikaçılar İnstitutunun  (İRİ) Azərbaycan üzrə ofisinin rəhbəri Cekob Consla görüşdükdən sonra “İrəli” təşkilatı İRİ-nin maliyyəsi ilə “Bələdiyyə- 2009” layihəsini gerçəkləşdirməyə müvəffəq oldu. Layihənin başlıca məqsədi seçki prosesində gənclərin fəallığını stimullaşdırmaq idi. 2010-cu ildə isə artıq “İrəli” USAİD-in maliyyə dəstəyi ilə Şəki, Zaqaqtala, Sumqayıt, İsmayıllıda vətəndaş jurnalistikasının inkişaf etdirilməsi, fəalların sosial və yerli şəbəkələrdə vərdişlərinin və idarəçilik qabiliyyətinin təkmilləşdirilməsi üzrə layihə reallaşdırmağa başladı.
Bu faktlar göstərir ki, C.Osmanlının “İrəli” təşkilatına rəhbərliyi dövründə gənclərin fəallığının stimullaşdırılması, onların şəbəkə halına gətirilməsi, internetdə, xüsusilə sosial şəbəkələrdə fəaliyyətinin təşkili istiqamətində ABŞ maliyyə fondlarının dəstəyi ilə ciddi işlər aparıldı. Ekspertlərin fikrincə, bütün bunlar sonrakı mərhələdə gülənçilərə imkan verəcəkdi ki, gəncləri lazım olan istiqamətə yönəldə bilsin. Bəlkə elə buna görəydi ki, NDİ-nin təmsilçisi Aleks Qriqorevsin 2 milyon dollara yaxın vəsait xərclədiyi və 2013-cü ilin əvvəllərində keçirilmiş aksiyalarda “NİDA”çıların fironluğunu “İrəli” təşkilatı passiv müşahidə ilə qarşıladı?!
Elnur Aslanovun himayəsində olan digər gənclər təşkilatı ASAİF-in başı isə xaricdə təmtəraqlı təqdimatlar keçirməyə qarışmışdı. Baxmayaraq ki, Gənclər və İdman Nazirliyi başda olmaqla bir sıra qurumlar bu təşkilatlara milyonlarla vəsait ayırırdılar. Nəyə görə? “Range Rover”lərə, “Sumax”da eyş-işrətə, Avropa mərkəzlərini “fəth” etməyəmi? Nəyə görə hakimiyyət üçün təhlükə anında bu qurumlardan səs çıxmırdı, ancaq dövlətdən qəpik-quruş alan və ya ümumiyyətlə heç bir yardım almayan gənclər təşkilatları bəyanatlar verir, “NİDA”çıları və onların hamilərini qınayırdılar, meydana çıxıb öz etirazlarını bildirirdilər. Çünki “NİDA”nın aktivliyi fonunda “İRƏLİ” və ASAİF-in susğunluğu və fəaliyyətsizliyi koordinasiya olunurdu və Ceyhun Osmanlının da bu xəyanətdə rolu az deyildi.
Güman etmək olar ki, C.Osmanlı həmin vaxt daha ciddi işlərlə məşğuluydu. Məsələn, keçmiş millət vəkilinə məxsus “Osmanlıfilm” şirkəti fətullahçıların Türkiyə sənət adamları arasında əsas dayağı olan «GulerYuz Film» şirkətinin sahibi Ərhan Güləryüzlə birlikdə “Qafqaz” filmini çəkdi. Sonra da Londonda onun təmtəraqlı təqdimatını keçirdi. Yaxud da Heydər Əliyev haqqında film çəkmək planları qururdu və bunun üçün 300 min manat qrant da almışdı. Ola bilər ki, C.Osmanlı ABŞ-dan aldığı 1 milyonluq qranta bütün Azərbaycan boyu 50 min adama internetdən istifadə təlimi keçməyi nəzərdə tutan layihəni reallaşdırırdı. Ya da “Çağ Öyrətim”in Azərbaycandakı rəhbəri Ənvər Özərəndən birdəfəlik aldığı 100 min və aylıq 5 min manatı necə xərcləməyin yollarını düşünürdü.
İstisna deyil ki, həmin dövrdə Ceyhun Osmanlının bütün bunlardan da vacib işləri və ehtiyacları var idi. Məsələn, ABŞ-ın Azərbaycandakı səfirliyi və ANS rəhbərliyi ilə birlikdə baldızı Sevinc Osmanqızını uşaqları ilə Azərbaycandan çıxartmağın yollarını araşdırırdı. Məlumdur ki, 2012-ci il avqustun 12-də Sevin Osmanqızı iki azyaşlı uşağı ilə Bakıdan İstanbula, oradan da ABŞ-a çıxarılıb. Sevinc xanımın həyat yoldaşı, CBC telekanalının rəhbəri Azər Xəlilov mediaya açıqlamasında bildirib ki, “S.Osmanqızı mənim uşaqlarımı Amerikaya qeyri-qanuni yolla, icazəm olmadan, xəlvəti şəkildə aparıb.  ABŞ səfirliyi onlara viza verərkən mənim icazəmin olub-olmadığını nəzərə almayıb və beləliklə, azərbaycanlı uşaqların qanunsuz şəkildə Amerikaya qaçırılmasında sabiq əməkdaşı S.Osmanqızına (çox güman ki, xidmətlərinə görə) köməklik edib. Uşaqlarımın Azərbaycandan Türkiyə üzərindən Amerikaya aparılmasında Amerikanın xüsusi xidmət orqanlarının və ölkəmizdəki nurçu şəbəkənin bəzi üzvlərinin müəyyən rol oynadığını istisna etmirəm”. 
“Nurçu şəbəkənin bəzi üzvləri” deyəndə də, A.Xəlilov çox güman ki, S.Osmanqızının qohumu C.Osmanlını nəzərdə tuturdu.
Təsadüfi deyil ki, hazırda ABŞ-da yaşayan S.Osmanqızı Türkiyədən Fətullah Gülənə qarşı irəli sürülən ittihamları cavablandırır və “Hoca”nı müdafiə edir. Qafqaz Universitetinin çoxsaylı ödüllərinə layiq görülən, ABŞ səfirliyinin köməyilə Azərbaycandan uşaqları ilə birlikdə qeyri-qanuni çıxan sabiq ANS-çi Sevinc Osmanqızından başqa münasibət gözləmək də mənasızdır. O, facebook səhifəsində belə yazır: “Türkiyə həbsxanalarında yer qalmayıb. Ərdoğan tələsik məhbusları azad edir ki, jurnalistləri yerinə doldursun. 1 ayda 38 min həbs! Bizsə elə bilirdik ki, qiyam baş tutsa, diktatura ola bilər”. Ruslar demişkən, “dolq platejom krasen”.
Yaddan çıxarılamamlıdır ki, C.Osmanlı parallel olaraq öz qohumlarını vəzifələrə yerləşdirmək və biznesini genişləndirmək kimi işlərə də müəyyən vaxt sərf edirdi. Məsələn, o, qardaşı Faiq Osmanlını Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsindən Sabirabad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə keçirməyə çalışırdı. Həm də biznes obyektlərini idarə etməyə, ən azından Ağdaş rayonunun Kükəl kəndində yerləşən 60 hektarlıq torpaq sahəsində əkin-biçinə başı qarışa bilərdi.
Bütün bunlara görə cənab Osmanlının müxalif gənclərin mitinqi kimi sadə məsələlərə vaxt sərf edə bilməməsi anlaşılandır. Hətta bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanması və dindirilməsində də təəccüblü heç bir şey yoxdur. Ancaq bu əməllərin, əlaqələrin sahibinin Əli Kərimliyə yaxın saytda hakimiyyətə, prezident İlham Əliyevə sədaqəti barədə fantasmaqoriyasını həzm etmək hətta ən iti təfəkkürə belə ağır gəlir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, uzun müddətdir susan Osmanlı barəsində heç bir ittiham və s. olmadığı halda, nəyə görə özünə bəraət qazandırmağa çalışır? Deyəsən, “Osmanlıfilm” artıq yeni ssenarini reallaşdırır: “Mən gülənçi deyiləm”. /yenicag.az/

Комментариев нет:

Отправить комментарий