04.09.16

SSRİ-nin 50 ilik sirri:Moskva İsraili nüvə silahı ilə yer üzündən silmək istəyib

1968-ci ildə yəhudilərin Pesax bayramının ilk günlərində İsrail dövləti yer üzündən silinməli idi. Strateq.az-ın məlumatına görə, Rusiya Federasiyası Prezidenti arxivindəki materiallara əsasən, həmin ilin baharında “K-172” sovet sualtı gəmisi Suriya sahillərində hərbi növbə çəkirdi. Hətta 1-ci dərəcəli kapitan Nikolay Şaşkova P-6 qanadlı raketləri ilə İsrailə atəş açmaq əmri veriləcəkdi. Lakin Kremldən alınmalı əmr gəlmədi.
Bu sirli hadisənin təfərrüatları yalnız indi, təxminən, 50 il sonra açılır. Həmin vaxtlarda "Altıgünlük müharibə" artıq başa çatmışdı. İri hərbi əməliyyatlar keçirilmirdi. Lakin İsrail və ABŞ qoşunlarının Suriya sahillərinə desant çıxarmaları gözlənilirdi.
Sovet İttifaqı ilə dost münasibətlərdə olan rəsmi Dəməşqin qorunması üçün Siyasi Büroda nüvə silahından istifadə barədə qərar verilmişdi. Çünki Kosıginin ABŞ prezidenti Lindon Consona xəbərdarlığından sonra "Altıgünlük müharibə" bitsə də, rəsmi Tel-Əvivin müharibəni davam etdirmək niyyətləri qalırdı. SSRİ-nin rəhbərlərindən biri olan N.Kosıgin isə BMT tribunasından işğal olunmuş ərəb ərazilərinin azad edilməsini və qənimət olaraq ələ keçirilən sovet hərbi texnikasının qaytarılmasını kəskin formada tələb edirdi. “K-172”nin Suriya sahillərində gizli peyda olması da məhz bu tələblərin səsləndiyi ana təsadüf edirdi…
Maraqlı detallardan biri də bu idi ki, “K-172”nin həmin anlarda Suriya sahillərində olmasından nə ABŞ və İsrail, nə də “ərəb dostlar”ın xəbəri vardı. Keçmiş çekistin övladı olan kapitan N.Şaşkov heç nəyə əhəmiyyət vermədən qanadlı raketin start düyməsini basmağa hazır idi.
Beləliklə, İsraili yer üzündən biryolluq silmək üçün son əmr Moskvadan gəlməli idi. Əmri almaq üçün “K-172” sualtı gəmisi hər iki saatdan bir üzə çıxır və radio əlaqə saxlanılırdı. Lakin gərəkli siqnal alınmadı.
1968-ci il (yəhudi təqvimi ilə 5728-ci il) Siyasi Bürodan əmrin niyə gəlməməsi hələ də müəmma olaraq qalır. Ehtimallar bunun həmin il Çexoslovakiyada başlamış hadisələrlə bağlı olduğunu deyir.
Məlum olduğu kimi, həmin dönəmdə Çexoslovakiyada antisovet nümayişləri geniş vüsət almağa başlamışdı. Lakin Yaxın Şərqdəki vəziyyət sovet rəhbərliyinin diqqətini bu bölgəyə yönəltməyə sövq etdi. Çexoslovakiyada vəziyyətin kəskin hal alması sovet rəhbərliyinin planlarını dəyişdi. Bu dönəmdə rəsmi sovet mətbuatı da İsrailə və İsrail-ərəb münaqişəsinə öz səhifələrində az yer verirdi.
Nəhayət, 1968-ci ilin avqustunda Çexoslovakiyaya müdaxilə baş verdi. Başqa sözlə, çexlər İsrailə nicat verdi. Maraqlıdır ki, 1948-ci ildə, İsrail dövləti təşəkkül tapanda da çexlər İsrailə silah-sursatla da kömək etmişdi…
1971-ci ilin avqustunda isə Yevgeni Primakovun səyləri ilə İsraillə gizli danışıqlar başladı. “Soverşenno sekretno” nəşri bu prosesin təfərrüatlarına geniş yer verib. Belə məlum olur ki, Kremllə rəsmi Tel-Əviv arasında münasibətlərin yoluna qoyulması təşəbbüsü KQB sədri Yuri Andropovdan gəlib. Müdafiə naziri Qreçko da onu dəstəkləyib. Xarici işlər naziri Qromıko təşəbbüsün əleyhinə olub. Sovet dövlətinin başçısı L.Brejnev isə neytral mövqe tutub.
Bu məqamda tarixin bir kinayəsini də xatırlamağa dəyər: 2016-cı ilin mayında İsrail baş naziri B.Netanyahu Rusiya prezidenti V.Putinə xüsusi minnətdarlıq bildirib. Səbəb 1982-ci ildə İsrailin Livana təcavüzü zamanı Suriya ordusunun qənimət götürdüyü və Moskvada olan “Maqax” tankının qaytarılması idi… 

M.Rzasoy           strateq.az

Комментариев нет:

Отправить комментарий