04.09.2016

Gülənçi deputatlar səksəkədə: Növbə parlamentə çatır

Son günlər “Gülən şəbəkəsi”nə daxil olan siyasətçilər, deputatlar və iş adamlarının ciddi narahatlığı müşahidə olunur. Əvvəllər Fətulah Gülən və tərəfdarları bir növ “ayrıcalıq” ayılırdı. Ancaq son 3 ildə vəziyyət tamamilə dəyişildi. Belə ki Türkiyədə Ərdoğan iqtidarının Gülənlə münasibətləri kəskinləşdi və bu şəbəkəyə qarşı mübarizəyə başlandı. Məlumdur ki, bu mübarizə sonda 15 iyul tarixində Fətullah Gülənin Türkiyədə çevrilişə cəhd etməsilə nəticələndi. Bu hadisədən sonra isə FETÖ-ya qarşı mübarizə daha kəskin hall aldı və bunun nəticəsi olaraq Türkiyədə 10 minlərlə gülənçi həbs olundu.
Bu hadisələrin bir hissəsi də Azərbaycana sıçradı. Gündəlik olaraq Azərbaycanda FETÖ şəbəkəsinin üzvü olan şəxslər haqqında informasiyalar yayıldı və həmin şəbəkəyə bağlı olduğu iddia edilən təhsil müəssisələri bağlandı. Ancaq məsələ bununla yekunlaşmır.
Azərbaycan gülənçiləri özlərini qorumaq üçün ortaya qeyri-adi iddia atıb. Onlar sübut etməyə çalışırlar ki, gülənçilik və nurçuluq fərqli anlayışdır, bunları da bir-birindən ayırmaq lazımdır. Ancaq məsələ burasındadır ki, FETÖ elə nurçuluq ideyaları üzərində qurulmuş bir təşkilatdır. Bunlar bir-birindən ancaq ad olaraq fərqlənir. Gülənçilik və nurçuluq ideyaya, fəaliyyət, idarəetmə baxımından heç bir anlamda fərqlənmir. Fətullah Gülən bir müddət sonra fəaliyyətini daha da genişləndirmək üçün dünyəvilik anlayışını ortaya atdı və nurçuluq bunun üçün əlverişli olmadığı üçün sadəcə ad dəyişikliyi olundu.
Hər kəsə məlumdur ki, Gülən şəbəkəsinin üzvləri təmsil etdikləri ölkələrdə adətən dövlətin içinə sızmaqla məşğul olurlar. Müxalifətdə də gülənçilərin olması sirr deyil. Ancaq dövlətdə təmsil olunmaq daha əlverişli olur və onlar bu yolu seçirlər.
Azərbaycanda da bir çox vəzifəli şəxslərin Gülən şəbəkəsinin üzvü olduğu iddiaları səslənir. Ancaq adı çəkilən şəxslər bu ittihamları birmənalı şəkildə inkar edirlər. Əsas diqqət mərkəzində olan parlamentdir. İndi də bir sıra parlamentarilər səksəkə içindədir. Təbii ki, söhbət gülənçi parlament üzvlərindən gedir. Adı mətbuatda gülənçi deyə keçənlərin əslində həqiqətən də bu şəbəkəyə aid olduğunu demək çox çətindir. Çünki Fətullah Gülənin Azərbaycanla bağlı açıqlamasında “biz Azərbaycanda çox güclüyük və heç bizim tərəfdarlarımızı deşifrə edə bilməz” deyib. Ancaq Gülən məsələsi ortaya çıxan kimi bəzi media quruluşları parlamentdə təmsil olunan bir neçə şəxsin adını gülənçi deyə yazdı.
Gülənçiləri tapmaq bu qədər asandırsa, o zaman niyə bölgənin ən güclü dövlətlərindən biri olan Türkiyə kimi dövlət uzun illərdir Gülən məsələsini kökündən həll edə bilmir?
Parlamentdə gülənçilərin olması ehtimalı yüksək qiymətləndirilir. Bu baxımdan da parlament istirahətdən qayıdanda bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılacağı gözlənilir. Gülənçi parlamentarilər də bunu yaxşı başa düşürlər. Ona görə də parlamentin öz işinə başlaması “maraqla” gözlənilir. Ehtimal olunur ki, Gülən tərəfdarı çıxacaq parlament üzvləri ictimaiyyətdə çox təəccüblə qarşılanacaqlar. Bu günə qədər gizlənməyi bacaran şəxslərin, belə demək mümkünsə adlarını belə xatırlamadığımız şəxslərin gülənçi çıxmaq ehtimalı daha yüksəkdir. Necə ki gülənçilərin “öndəri” Fətullah Gülən deyirdi: “Biz gizlənməyi çox gözəl bacarırıq və bizi heç kim tapa bilməz”.

Vilayət Muxtar              cebhe.info

Комментариев нет:

Отправить комментарий