Deyirəm, ay Hacı, bizi bu dünyada niyə bəyənmirlər? Nə olsun ki, bəzi qəribəliklərimiz, hərdəmxəyallığımız və dəmdəməkiliyimiz var. Kimdə yoxdu ki. O gün kriminal xəbərdə oxuyuram ki, məmləkətimizdə bir oğul atasını öldürüb. Ayağımın altından yer-zad qaçmadı. Olur daa. Kimdə olmur ki? Odey Türkiyədə də biri ailəsinin 8 üzvünü öldürüb. Yox, deyəsən korladım, türk də bizdəndi ki. Hə, ABŞ-da, Şimali Korolinada Ceyms Hines adlı birinin boyu 2 metrdən çoxuymuş. Rəhmətlik sağlığında özünə paltar alanda çətinlik çəkirmiş. Öləndə də balaca bir problem yaranacaqdı, qoymayıblar. Tabutçu görüb ki, mərhum tabuta yerləşmir, götürüb ayaqlarını kəsib, müasir dillər desək, formata salıb qoyur tabuta. Sonradan arvadının ağlına gəlib ki, balam, o boyda kişi bu boyda tabuta necə sığıb. Heç nə, qəbiri açıblar, tabutçunu da tutublar. Görürsünüz, sarsaq şeylər o boyda Amerikada da olur. Özü də bizdən qat-qat çox olur...
Di gəl ki həmin o ayaqkəsən Amerika, virusqayıran Avropa bizi bəyənmir ki bəyənmir. Götürüb hər hesabatında bizə sataşan bir söz, cümlə, abzas, vərəq... yazır. O gün bizim hökümət nümayəndəsinin beynəlxalq təşkilatının ölkəmizdə korrupsiyanın səviyyəsi haqda yazdıqlarına münasibətini oxudum, ürəyim ağrıdı. Götürüb yazıblar ki, bizdə rüşvət belə, korrupsiya belə... Ay zalım uşağı, bizdə rüşvət var, korrupsiya var? Həmin o miyəllim deyir ki, bu hesabatı beynəlxalq institutların rəyi əsasında yox, ictimaiyyət nümayəndələri arasında keçirilmiş sorğuya əsasən hazırlayıblar. Adam istəyir ki, hirslənib heç bu təşkilatları Azərbaycana buraxmasın. Əşi, ictimaiyyət nümayəndəsindən də söz soruşarlar? Gəl beynəlxalq institutlardan soruş, hökumət idarələrindən soruş, ən azı JEK müdirlərindən soruş, həqiqəti öyrən dəəə. Xalq sənə düzünü deyər? Həqiqəti həmişə dövlət idarələri deyir.
Həmin o üzü üzlər görmüş mürdəşir təşkilat öz hesabatında 5 ballıq şkala ilə Azərbaycanda korrupsiyanı 3,3 balla qiymətləndirib. Özü də əvvəl zəhərinin üstünə bir az şəkər töküb, yazıb ki Azərbaycanda siyasi partiyalar və media az korrupsiyalaşan sahələrdi. Bizim hökumət nümayəndəsi bunu müsbət hal kimi qiymətləndirib. Yəni hesabatın bu hissəsini. Amma sonra yazıblar ki, Azərbaycanın özəl sektorunda korrupsiya var. Bizim miyəllim təəccüblənir ki, bunu haradan çıxarıblar. Axı, “Azərbaycanın qanunvericiliyində özəl sektorda korrupsiya ilə bağlı hüquqi baza mövcud deyil”. Deyirəm kaş mənim də hüquqi savadım olaydı, bu sözlərin mənasını başa düşəydim. Nədisə, maraqlı şeydi, çünki o yoldaş ardınca deyib ki, gələcəkdə Azərbaycanda özəl sektorda korrupsiya ilə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac olacaq. O mən hüquqi savadsızam ki, bu cümləni belə başa düşürəm: “Gələcəkdə özəl sektorda korrupsiya olacaq və buna qarşı qanuna ehtiyac yaranacaq!..” Amma savadlılar başqa cür başa düşür, hamı üçün deyil ki.
Gör həmin o təşkilat nə qədər ağız bahəm eləyib ki, bizim hüquq sahəmizdə də korrupsiyanın olduğunu yazıb. Guya bizim qayğımıza qalırlar. Ayə, bizdə, hüquq sahəsində korrupsiya? Bizim prokurorlar, məhkəmələr adamdan pul alıb işə baxır? Bəlkə deyəsiniz ki, vəkillər də preyskurantdan əlavə pul alır. Ayıbdı a kişi, ayıbdı, gedin özünüzə iş tapın. Durub atdana-atdana baldırı, dizi açıq gəlirsiniz, yeməyinizi veririk, qulluğunuzda dururuq, durub ağzıgöyçəklərin dediyini, demədiyini yazıb bizi biabır eləyirsiniz. Guya özünüz düz-əməlli, əməlisaleh adamlarsınız. Odey, kimdən soruşub yazmısınızsa, guya ictimaiyyətin verdiyi qiymətə görə aktrisa Ancelina Coli Amerikada ən nüfuzlu adamdır, Barak Obama bu sırada 49-cu yerdədi. Ay yalansa özünüz öləsiniz!..
Eybəcər görmək istəyirsinizsə, güzgüyə baxın. Mən burada eybəcər sözü altında rüşvətxoru da, korrupsioneri də, yalançını da, zalımı da, senzuradan qıraqdakıları da nəzərdə tuturam. Nəyisə qəbul eləyə, həzm eləyə bilmirsinizsə, onda güzgünü sındırın, bütün günahlar güzgüdədi. Təklif eləyirəm: Ancaq öz vəzifəlilərimizin, məmurlarımızın, başbilənlərimizin sözlərinə inanaq, ancaq özümüzünkülər düz deyir! Aradabir haqqımızda yaxşı danışan xarici təşkilat olsa, onların da sözlərinə inanmaq olar. Amma kim pis danışırsa, bizim düşmənimizdir. Onların qayğısı düşmən qayğısıdı. Düşmən qayğısına da ki... o məsələ!
Комментариев нет:
Отправить комментарий