07.12.2010

Çəkirik

Habil Yaşar
   
Bu dünyada kim nə bilir, kim nə çəkir,
Bilinməzi kimsə bilməz, kimsə çəkir,
Mən çəkirəm, sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil, dərd çəkirik.

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ, üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb, xətt çəkirik.

Bu dünyada kim deyir ki, azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.


  DÜNYA

Gəlməz özünə dünya,
Getməz düzünə dünya,
Gülüb üzümə dünya,
Ağladıb belə məni.

Yamanca kordu dünya,
Yaxşıya gordu dünya,
Məni də yordu dünya,
Çərlədib belə məni.


Gözümə baxa bilməz,
Yaş olub axa bilməz,
Sonuma çıxa bilməz,
Öldürüb belə məni.

Həya üzündən güdib,
Nuru gözündən güdib,
Vallah özündən gedib,
Çaşdırıb belə məni.


DÜNYA, ÖZÜN BOYDA DƏRD VERDİN MƏNƏ

Dünya özün boyda dərd verdin mənə,
Bu yükü çiynimdə daşıyıram mən.
Götürsən bu yükü çiyinlərinə,
Görərsən ah necə yaşayıram mən.

Dünya özün boyda kədər payını,
Sən mənim ömrümə tuş eyləmisən.
Süzüb badələrə içib qanımı,
Mənim sağlığıma nuş eyləmisən.

Dünya özün boyda kədərin,qəmin,
Bir özün boydada göz yaşların var.
Necə qəribədir sənin aləmin,
Haqlı da, haqsız da savaşların var.

Dünya özün boyda dərd yuvasısan,
Bu evi uçurub,dağıtmaq olmur.
Sinəmi min yerdən yaralayıbsan,
Elə bir yara ki, sağaltmaq olmur.

Dünya özün boyda dərd okeanı,
Sonsuz fırtınalar ocağısanmış.
Yaxşı tanımazdım mən bu dünyanı,
Sən demə ilanlar qucağısanmış.

Комментариев нет:

Отправить комментарий