12.07.2013

ON BİR MİN METRƏ YÜKSƏKLİKDƏ

Azər Allahverənov

.... On bir min metrə yüksəklikdə olarkən insan həyatının qəribəlikləri, möcüzələri, xüsusilə də onu vaxtaşırı öz ağuşuna alan İNSANİ HİSSLƏR barədə düşünmək, bu istiqamətdə düşüncələr axarına sövq olunmaq, daha dəqiq deməyə çalışsaq, proqramlaşdırılmaq  yəqin ki, bu hündürlükdə MÜTLƏQ VARLIQdan gələn bir “göstərişdir”. Əgər belədirsə, onda istər-istəməz özü-özlüyündə bir sual ortalığa çıxır ki, İNSAN qəlbinə hakim kəsilən ülvi hiss və duyğuların mənbəyi haradadır və bu fenomenlər onun qəlbinə hansı qüvvələr tərəfindən ötürülür? Hansı məqsədlə? Necə ötürülməsi ilə bağlı suallar da çıxa bilər. Amma bunlar bir o qədər də əhəmiyyət kəsb etmir... Ən əsası odur ki, ilahilik elementləri ilə kodlaşdırılmış həmin hisslər insan qəlbinə həmin GÜC SAHİBİ tərəfindən ötürülür...
Əgər biz istər-istəməz həmin fenomenlərin əsirinə çevriliriksə, onda həmin hisslərin göndərilməsində məqsəd nədir, onların əsl missiya nədən ibarətdir? Görəsən insan həqiqətən mi həmin hisslərin əsiri olmağa məhkumdur? Yox, əgər o, həqiqətən əsir olmağa məhkumdursa, onda insanın azad olması barədə qənaətlərimiz nə dərəcədə əsaslıdır? Maraqlısı odur ki, bir insan digər insanın əsirliyinə düşərsə, həmin əsirlikdən qurtarmaq da mümkündür. Onda MÜTLƏQ QÜVVƏnin, varlığına inandığımız MÜTLƏQ VARLIĞın isə bizə göndərdiyi hisslər əsirliyindən nə üçün qurtarmaq olmur? Bəlkə bu hissi əsirlik təbiətinə görə İLAHİnin özü tərəfindən kodlaşdırılıb deyə qurtara bilmirik? Maraqlısı isə ondadır ki, həmin hisslərin təyinatını, əsl missiyasının dərk etməsək də, onların əsirliyindən olmağımızı bütün varlığımız ilə dərk edirik və bundan əsla qurtarmaq istəmirik. Nə üçün? Həqiqətən maraqlıdır...
Bütün bunların dərk etməməyimizin səbəbi onların ilahi kodlaşdırmada olması ilə bağlıdır ki, həmin kodları biz aça bilmirik ki, bu da əsiri olduğumuz hisslərimizin həqiqi təyinatını başa düşmürük. Onun cavabı həmin hisslərin içimizdə olan vulkanın püskürməsi zamanı formalaşa bilər. Və daxilimizdə gedən hisslər prosesini vulkana bənzədiriksə, onda meydana üç məsələ çıxır: birincisi, ya bu hisslər vulkan lavası kimi hər birimizə özünü təsdiq edərək ətrafda olan hər bir canlını məhv edəcək; ikincisi, ya içindəki faydalı qazıntıları üzə çıxarmaqla malik olduğu sərvətini bu dünyanın insanlarının xidmətinə vermiş olacaq və bəşər tarixinə yeni bir salnamə yazaraq öz varlığına son qoyacaq; üçüncüsü, ya da özünü və ətrafdakıları məhv etməklə faydalı qazıntılar vasitəsilə yeni HƏYATa rəvac verəcək.
Digər alternativlər varmı? Dördüncü olan nədir və bu dördüncünün, ümumiyyətlə, olması mümkündürmü? Təbii, kimsə təklif edə bilər ki, “yaxşısı budur ki, vulkan püskürməsin”. O da mümkün olan deyil, çünki vulkanın da əsas missiyası həmin lavanı püskürməkdir. Bəs, vulkanın əsas missiyası bundadırsa, bəs yuxarıdan bizə ötürülmüş hisslərin təyinatı məgər onların təzahür etməsində deyilmi? Çox güman ki, elə ondadır. Deməli istəsək də, istəməsək də həmin hisslər püskürəcək və HEÇ KİM bu hala düşməkdən sığortalanmayıb...
Burada isə əsas olan odur ki, həmin püskürmə zamanı malik olduğumuz keyfiyyətlərin və, ümumiyyətlə, öz varlığımızın qorunub saxlanılmasıdır... Onda yeni bir suala cavab axtarmağa çalışaq: əgər lava püskürən dağ dağlılığını saxlaya bilirsə, hisslərini yaşadığımız mürəkkəb həyatda ifadə edən KAMİL İNSAN kamilliyini və insaniliyini qoruyub saxlaya biləcəkmi? Kənar təsirlərin, yersiz müdaxilələrin, cahil qüvvələrin təqib və təzyiqlərindən qoruna biləcəkdirmi? Onda bəs həmin KAMİL İNSANın məhz ülvi hisslərin daşıyıcısı olması barədə qərar verən MÜTLƏQ VARLIQ onu müdafiə edə biləcəkmi? Daha doğrusu bəndəsini yox, əslində özünün mənsub olduğu hissləri, bundan irəli gələn GÖZƏLliyi qoruya biləcəkmi? İnanmağım gəlir ki, qoruya və yaratdığı KAMİL İNSANI məhv edilmədən sığortaya biləcəkdir... Bu İNAMA söykənərək şəstlə sual vermək olar ki, belə olan halda həmin hisslərin əsirliyində olmaq GÖZƏL deyilmi, DOSTLAR? Mən bir qədər də irəli gedərək, hətta onu da deyə bilərəm ki, əgər İNSANın daxilindən gələn hisslərin püskürməsi hətta belə ONUN məhv ilə nəticələnəcəkdirsə, belə olan halda da həmin hisslərin daşıyıcısı olmaq GÖZƏLdir!
.... On bir min metrə yüksəklikdə özümə verdiyim suallar ətrafında və əslində özümlə apardığım müzakirələr bundan ibarət oldu. Bu da bir taledir ki, belə bir yüksəklikdə olarkən İNSANI narahat edən suallara cavab axtarmağa çalışıram... Yeri gəlmişkən, sadəcə on bir min metrə YER ÜZÜndən yuxarıda yox, başqa insanlardan fərqli olaraq bizi idarə edən MÜTLƏQ VARLIĞA on bir min metrə yaxın... Hərçənd ki, bu VARLIĞın  bizim içimizdə, ürəyimizin şah damarından da yaxın olması barədə çox bəhs olunur və mən bunu heç də şübhə altına almıram... Bununla yanaşı digər sual da çıxır meydana: İNSANcismani həyatdan köçərkən onun RUHu hara gedir? Bəli, O-nun yanına... Deməli, on bir min metrə yüksəklikdə mən həqiqətən bir az həmin məkana yaxın olmuş kimi varam, çünki mənimlə yanaşı mənim də RUHum həmin yüksəklikdədir və bəlkə də bu səviyyədən də yuxarıda... Beləliklə, mən bir daha əmin oluram ki, MÜTLƏQ VARLIQ, hər şeyin sahibi kimi, bizim də hər bir şeyimizin, o cümlədən, mənim üçün əsas olan hisslərimizin HƏQİQİ SAHİBidir və deməli ən ağır anda bizim daşıyıcısı olduğumuz ülvi hisslərinə də SAHİB çıxandır... Deməli çəkinəcəyimiz bir şey yoxdur, çünki yuxarıda yazdığım məsələlərin əsasında duran da məhz İLAHİ GÖZƏLlikdir və buna olan İNAMdır... 

Комментариев нет:

Отправить комментарий