Elmir Mirzəyev
Xatirimdədir ki, 2008-in dekabrının sonunda, “Azadlıq Radiosu”nda ölkəmizin feodalizm quruluşunda yaşağını deyərkən redaksiyaya bundan hiddətlənmiş dinləyicilər zəng edib xalqı təhqir etdiyimi söyləyirdi. İndi necədir bu məsələyə münasibət? Deyəsən axı hamı barışıb bu qiymətləndirmə ilə?
Sonralar bunu dəfələrlə söyləməyimə rəğmən yenidən bu mövzuya qayıtmalı oldum, çünki hətta indi də hərdən bəziləri ölkəmizdəki quruluşu vəhşi kapitalizm adlandırır – mən bununla kökündən razı deyiləm. Cəmiyyətimizdəki hadisələri sistemli şəkildə təsvir etmək üçün ölkəmizin feodalizm quruluşunda yaşadığını birdəfəlik qəbul etməliyik. Bizim cəmiyyət mükəmməl bir feodalizm sistemidir, bunun feoudal pilləkənini bütövlükdə təsəvvür etmək gərəkdir, baxın – yuxarıda saray, monarxik hakimiyyət, ailə və ali fiqurlar, onların yaxınlığında əyanalar – hersoqlar və qraflar – bunları oliqarx-nazirlər kimi təsvir etmək olar, kral ilə bunlar arasındakı münasibət feodal münasibətidir və sırf şəxsi sədaqət, yəni senyor və vassal prinsipi ilə müəyyən olunur, daha qanun-falan ilə yox. Hər bir hersoq və ya qraf (oliqarx-nazir) özünün şəxsi malikanələrinə – torpağına malikdir (məsələn Qəbələ və ya Naxçıvan) və bu torpaq üzərində tam suverendir, bu torpaqlardakı təsərrüfat da faktiki natural təsərrüfata yaxındır, pul faktoru əsla böyük gücə malik deyildir.
Orta əsrlərdə kral hakimiyyəti legitimliyi və sakrallığı ruhanilərdən, daha doğrusu dindən alırdı, indiki isə mediadan, faktiki AzTV-dən alır.
Bundan sonra növbəti pillə – baronlar gəlir, buraya qalan nazirləri, icra hakimiyyəti başçıları, iti çaplı bank sektoru adamlarını və s., habelə başqa saray əhlini – saray şairlərini, xalq artislərini (yeri gəlmişkən ölkədəki mövcud incəsənət formaları, janrları və bunun mahiyyəti xırda istisnalarla sırf feodal incəsənətindir), ruhaniyyatı, təlxəkləri və b. aid etmək olar, daha aşağıda isə “inkvizisiya” və “cəngavərlər” yerləşir – güc adamları, polis rəisləri, hampalar, qoçular, idmançılar, adam döyənlər, “şilləvuranlar” və s.
Feodal pilləkəninə aid olmayan təbəqə rəiyyətdir, buraya yalnız “social dibi” aid etmək olmaz, burada həmçinin tacirlər – icazəli biznesmenlər, kəndxudalar, nökərlər, ən sonda isə rəiyyətin özü – camaat gəlir. Bura kiçik sənətkarları – məsələn ustalar, toy manısları, həkimlər, mollalar, müəllimlər və s. əlavə etsək tam səhnəni alarıq.
Ölkəmizdə demək olar ki, heç bir azad biznesin, iqtisadi azadlığın olmadığı kimi, təxmini orta əsrlərə bənzər natural təsərrüfat modelinin də mövcudluğu inkaredilməzdir. Cəmiyyətdəki bölgü dəqiqliyinə kimi bölünmüşdür, heç kim başqa sahələrə müdaxilə edə bilməz – kim neftdən yayarlanır, kimsə avtobus gətirir, kimsə əməkdar artist olmalıdır və s. Cəmiyyətdəki kastalar arasında az qala Hindistandakı kimi dəqiq bölgü mövcuddur, kastalar arasındakı əlaqə zamanı zəruri “protokol” isə orta əsrlərdəki ayin xarakteri alib.
Burada vacib elementlərdən biri kimi də “yuxarılar”ın dilinin demək olar ki, müstəsna olaraq xarici – rus dili olmasıdır, burada hansısa mənada yəgin ki, psixoloji aspekt də dayanır – geniş aqrar kütlələrdən tədric olunmaq arxetipi. Bildiyiniz kimi orta əsrlərdə bir çox saraylarda xarici dil işlənirdi, məsələn İngiltərə sarayında XIV əsrə qədər fransız dili işlədilirdi, Romanovlar dövründə də rus sarayında bu dildə danışılırdı və s.
Təbii ki, bu sistemin daxilində heç bir siyasi partiya, ümumiyyətlə siyasət anlayışı mümkün deyidir. Yalnız lap yüksək əyanlar arasında saray intriqaları, qaşıdurmalar, feodal pərakəndəliyi mövcud ola bilər – siyasət buradadır, əgər buna siyasi proses demək olarsa. Ayrı-ayrı fikir adamları – düşüncə sabihləri də mümkündür təbii ki, lakin bunlar da təsadüfi və pərakəndə xarakter daşıyır. Vətəndaş anlayışı isə kökündən mövcud deyildir, çünki bu pillədə yalnız senyor və onun vassalı var, bunlar arasındakı istənilən münasibət isə yalnız şəxsi sədaqət prinsipi ilə tənzimlənir. Yeri gəlmişkən kapitalizmdə lənətlənmiş pul faktoru da demək olar ki, heç bir köklü məsələni həll etmir – feodalizmdə bu faktor ciddi vasitə deyildir, əsas məsələ qəbilə və kasta, region və klan mənsubiyyətidir.
Başlıca məsələ isə bu sistemin Avropada orta əsrlərdə mövcud olmuş feodal quruluşunun surroqatı, psevdosu olmasıdır, məsələn təlxəklər həqiqi funksiyasını yerinə yetirə bilmir və s., buna həm də xaricdən olan müdaxilələr də kifayət qədər mane olur. Lakin heç bir kimsə küçələrdə şütüyən son markalı avtomobillər və ya tikilən şüşəli binalara aldanmamalıdır, çünki feodal modeli yazdığımız kimi həqiqətən mövcuddur, və burada Qanun, Konstitusiya, İnsan haqları, Söz azadlığı, şəxsi güvənlik, mülkiyyət toxunulmazlığı və s. kimi məsələlər özlüyündə mövcud deyildir, çünki hələlik hicri tarixlə fransız burjua inqilabına təxminən 400 ildən çox var, ensiklopedistlərimiz belə peyda olmayıb, reformasiyadan isə söz belə gedə bilməz.
Yeri gəlmişkən şəhərdə normal nəqliyyat infrastrukturunun da mövcud olmaması bu quruluşun təzahürləridir, çünki feodalizmdə urbanizm mövcud deyil, yalnız aqrar münasibətlər ola bilər, feodalın ictimai nəqliyyat nəyinə gərək ola bilər, o atına minib çapır vəssalam. Rəiyyət isə töycü verib, biyara getməlidir, bu da qanunauyğunluqdur, cəmiyyət və insanlarımızın sosial-psixoloji portretini yaratmaq üçün bu amillər mütləq nəzərə alınmalıdır.
Комментариев нет:
Отправить комментарий