09.10.2011

"Ceyran" "Əhməd haradadır?"a çəkildiyinə niyə peşmandır?


Nana Paçuaşvili: "Ancaq Bakıda aldığım mənəvi zərbə sizin xalqa olan sevgimi azalda bilməz"
Nana Paçuaşvilini Azərbaycanda tanımayan yoxdur, zənnimizcə. "Əhməd hardadır?" filmində oynadığı Ceyran obrazı ilə adını Azərbaycan kino tarixinə yazdı bu gürcü qızı. Aradan 48 il keçməsinə baxmayaraq, "Əhməd haradadır" filmi bu gün də təkcə yaşlı nəslin yox, gənclərin də maraqla izlədiyi, sevdiyi ekran əsərlərindəndir.
   Nana Paçuaşvili ilə Tiflisdə, elə Atoneli küçəsində yerləşən Atoneli Teatrında görüşdük. Yeni tamaşanın məşqləri gedirdi. Aktrisa ilə qısa zaman sonra söhbətimizə elə məşqini etdiyi tamaşa haqqında başladıq. 



   - Bu, Xotyanovski cütlüyünün yazdığı "Sabahın xeyir yüz dollar" adlı müasir bir pyesin əsasında hazırlanan tamaşadır. Rejissoru da Keti Dolidzedir. Gürcülərin Amerikada, Yunanıstandakı mühacirət həyatından bəhs edir. Mən də Amerikada mühacirlik həyatı yaşayan milyonçu qadını oynayıram. Yanında müqavilə ilə çalışdığı xidmətçi qadın da gürcüdür. Uzun illərdir bir yerdə yaşayırlar, bir-birinə ana-bala kimi bağlanıblar. Ancaq müqavilənin müddəti bitir və qulluqçu qadın vətəninə dönmək istəyir. Tək qalmaqdan, qızı tərəfindən qocalar evinə tərk edilməkdən qorxan milyonçu qadınsa xidmətçisindən ayrılmaq istəmir. Ona görə də qızı kimi sevdiyi xidməçisi ilə birgə o da Gürcüstana köçməyi qərara alır. Tamaşada gördüyünüz skripkaçı və yaşlı akkardionçu da mühacirət həyatını yaşayan tənha insanlardır. Hamısı Gürcüstana gedir, bəyənsələr qalacaq, bəyənməsələr, Amerikaya geri dönəcək.

   - Bu teatrda siz həm aktrisa, həm də rəhbər vəzifədə işləyirsiniz?
   
- Artıq 7 ildir, yəni yarandığı gündən etibarən mən bu teatrda həm aktrisa, həm də bədii rəhbər olaraq çalışıram. Atoneli teatrının yaranmasında da teatrı hədsiz sevən gürcü biznesmen - Rezo Salukvadzenin böyük rolu olub. Bu ərazi də ona məxsusdur. Bir gün Ketiyə və mənə "bu ərazidən teatr yaratmaq olarmı?", - deyə soruşdu. Biz də "əlbəttə, niyə də olmasın", - deyə yığışıb kiçik bir teatr yaratdıq. Anterpriz teatrdır. İndi teatr saxlamaq çox çətin olduğundan aktyor heyətimiz ancaq dəvətlə, müqavilə ilə çalışır. 7 il ərzində çox sayda maraqlı tamaşamız olub. Biletlərimiz də Tiflisdəki digər teatrlarla müqayisədə bahalı deyil - 5-10 lari arası (təxminən 3-5 AZN - S.B.).

   - Tamaşaçıların teatra marağı bəs hansı səviyyədədir? 
   
- Tək bizim teatra yox, digər teatrla da seyrçi marağı, təəssüf ki, qənaətbəxş deyil. İnsanlar, artıq əvvəlki illərdə olduğu kimi, həvəslə gəlmirlər teatra. İctimai-siyasi həyatımızda son illər baş vermiş hadisələrdən sonra seyrçi kütləsi teatra gəlməyi yadırğayıb sanki. Halbuki illər öncə teatra münasibət çox fərqli idi. O dövr sənətin, mədəniyyətin qızıl əsri hesab olunurdu. İndisə həyat, yaşam çox ağırdır. Görünür, tamaşalarımız da, əvvəlki illərdə olduğu kimi, artıq maraq kəsb etmir.

   - Siz həm Atoneli Teatrında, həm Şota Rustaveli adına Tiflis Akademik Dram Teatrında, həm də televiziyada çalışırsınız. 3 yerdə işləməyi necə çatdırırsınız?
   
- Çox istəyəndə insan çatdırır. İşini sevərək edəndə çətinlik də hiss olunmur. Televiziyada aparıcılığını etdiyim veriliş əsasən sərbəst mövzularda olur. Hər gün konkret bir mövzunu müxtəlif sənət və peşə sahiblərinin, maraqlı insanların müzakirəsinə veririk.

   - Bəs filmlərdə necə, çəkilirsinizmi?
   
- Yox, filmlərdə çəkilmirəm. Nə ekran məni, nə də mən ekranı sevirəm. Kino sahəsi mənlik deyil.

   - Bir-birinizə sevgisizliyiniz nələrdə təzahür olunur?
   
- İlk və son çəkildiyim Adil İsgəndərovun "Əhməd haradadır?" filmi oldu. Ancaq o filmin çəkiliş dönəmində Bakıda aldığım travma mənə ömürlük yetdi. Həyatımdakı faciənin ağrısını hələ də unutmamışam. Filmlərə çəkilmək artıq mənim üçün psixoloji bir problemə çevrilib. Ona görə də filmlərə çəkilməkdən qəti şəkildə imtina edirəm. Televiziya tamaşalarında çəiklmişəm, ancaq kinonu sevmirəm.

   - Deməli, ilk çəkilişlər zamanı baş vermiş faciənin qorxusundan, yeni bir faciə ola biləcəyi xofundan siz kino çəkilişlərindən imtina edirsiniz?

   
- Bəlkə də. Ancaq təkcə buna görə yox. Gənclik illərimdə də məni dəfələrlə sınaq çəkilişlərinə, tipaj seçiminə çağırıblar. Ya təsdiqləyirdilər, ya sonradan təsdiqə xitam verilirdi. Mən də bu dəyişikliyi həmişə həssaslıqla, əzabla keçirmişəm. Müəyyən zaman sonra isə ümumiyyətlə bütün sınaq çəkilişlərindən, dəvətlərdən imtina etdim, yardıcılığımda kino səhifəsini birdəfəlik bağladım. Ona görə də yeganə kino rolum Ceyran olub.

   - Bu rola seçilməyinizi necə xatırlayırsınız?
   
- Adil İsgəndərov Tiflisə, dostu və institut yoldaşı, mənim də pedaqoqum Dodo Aleksidzenin yanına gəlmişdi. Ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini dedi. Mən o vaxt ikinci kursda oxuyurdum. Biz bir neçə etüdlər göstərdik. Adil İsgəndərov məni görən kimi "Ceyranı tapdım" dedi. Sonra mənim sarı saçlarımı, qaşlarımı qara rəngə boyadılar. Yadımdadır, bu rola çəkilməyi həm istəyirdim, həm də yox. Qəribə bir təzad içindəydim. Amma yenə də sonuçda getdim. Bu rola da təsdiqənməyimə hələ də təəccüblənirəm. Bilmirəm, çilli, kürən, qıvrımsaç gürcü qızı ilə azərbaycanlı Ceyran arasında nə bənzərlik tapılıb. Sanki o boyda Azərbaycanda Ceyran tapmaq çox müşkül imiş. Kaş ki heç seçilməsəydim bu rola.

   - Baş vermiş faciədə özünüzü günahkar bildiyiniz üçün belə deyirsiniz?
   
- Əlbəttə. Bu çəkilişlərə getməsəydim, yoldaşım da məni görməyə Bakıya gəlməsəydi, bütün bunlar baş verməyəcəkdi.

   - Faciənin baş verdiyi günü necə xatırlayırsınız?
   
- Tamazla yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 2-ci, o isə 5-ci kursunda oxuyurdu. İxtisasca dilçi olduğu üçün tez-tez İrana qısamüddətli səfərlər edirdi - fars dilinin təcrübəsi üçün. Filmin çəkilişlərində idim. Tamaz da məni görmək üçün Bakıya gəldi. Mehmanxanada bir az işi ilə məşğul olmaq istədi. Xüsusi səs valları vardı o vaxtı. Əlində mikrofon tutmuşdu. Barmağını həmin qurğuda həyat üçün təhlükəli bir yerə toxundurdu və qəfildən cərəyan vurdu onu. Həmin dəqiqə yanındaydım. Tez "təcili yardım" da çağırdım, ancaq xilas etmək mümkün olmadı. Gürcüstana onun artıq cansız bədəni döndü (gözləri dolur). O ərəfədə hamiləliyimin dördüncü ayını yaşayırdım. Ceyran rolunu da o vəziyyətdə oynamağa məcbur oldum. Yoldaşımı itirməyimə baxmayaraq, oğlumu dünyaya gətirdim. Adını elə atasının şərəfinə Tamaz qoydum.

   - Bəs ikinci evliliyinizi neçə il sonra etdiniz?
   
- Təkliyim çox uzun sürmədi. 4 il sonra ikinci dəfə ailə qurdum. 1 qızım dünyaya gəldi. 10 il öncə yoldaşım ürək tutmasından dünyasını dəyişdi.

   - Bəs indi necə, özünüzə tənha hiss edirsinizmi?
   
- Qızımın ilk nigahdan olan qızı, nəvəm Xatuna ilə bir yaşayıram. Tamazdan isə bir oğlan nəvəm var. Qızım ikinci həyat yoldaşı ilə birgə xaricdə yaşayır. Nəvəmsə xarici ölkəyə köçmək istəmədi. Mənimlə yaşamaq istəyəndə, biz də qarşı çıxmadıq.

   - Sonuncu dəfə Bakıya iki il əvvəl - "Darispanın iztirabları" tamaşası ilə gəlmişdiniz. Hansı təəssüratlarınız qaldı o səfərdən?
   
- Onu deyə bilərəm ki, azərbaycanlılar olduqca istiqanlı, təmiz xislətli xalqdır. Onların gürcülərə sevgiləri də sözün yaxşı mənasında sanki fərqlidir, hansı ki ilk ünsiyyətdən hiss olunur. Bakıda aldığım travma Azərbaycan xalqına sevgimin azalmasına səbəb ola bilməz. Azərbaycanlıları özümə çox yaxın bilirəm. İnanın ki, bu dediklərim gəlişi gözəl olan sözlər yox, səmimi düşüncələrimdir. Azərbaycan və gürcü xalqı tarixən bir-birinə çox yaxın olub.

   - Maraqlıdır, müasir zamanda gürcü aktyoru öz sosial həyatını, yaşamını sırf sənətilə, yaradıcılığı ilə təmin edə bilirmi? Yoxsa sənət adamlarının toylarda, şou-proqramlarda tamada, aparıcı qismində çıxış etmə tendensiyası Gürcüstanda da var?
   
- Əfsuslar olsun ki, bu problem bizdə də var. Xüsusilə indiki zamanda bir başqa işlərlə həyatını qazanan sənət sahibləri çoxdur. İstəsək də, istəməsək də bu tendensiyadan qaça bilmədik, bu bir dəb halını alıb artıq. Mən cavan olanda nə qədər pul alacağımı düşünmürdüm, ancaq indiki gənclər ilk növbədə alacaqları pulun məbləğini soruşurlar. Bizim nəsldə sırf yaradıcı yanaşma vardı.

   - Sizin dövrünüzdə sistem də başqa idi. Zaman, yaşam şərtləri dəyişib artıq...
   
- Razıyam, indi yaşamaq daha da çətinləşdiyindən sənət xadimlərini toylardan, şou-proqramlardan qazanc əldə etdiklərini görmək adiləşib. Görünür, buna görə mən bir yerdə dayanmağı sevmirəm, hansı teatrda yaxşı rol versələr, qəbul edirəm. Artıq 66 yaşım var, həyatımın eniş mərhələsini yaşayıram. Ancaq qocalıq məni qorxutmur. İnsan bunu düşünüb qəbul edərsə, teatrdan getmək də çətin olmayacaq. Demək olar ki, hər gün çox gec saatda yatıb erkəndən oyanıram. Bəzən yorğun, taqətsiz oluram, ya da tənbəlliyim tutur, heç nə etmək istəmirəm. Ancaq yenə də özümü toplayıb işimə davam edirəm. Hər şeyə rəğmən gücüm, imkanım yetdiyi sürəcə çalışmaqla həyatımın hər anını, hər dəqiqəsini dəyərləndirirəm. Çünki anlayıram ki, sabah bu olmaya bilər. Təəssüf ki, aktyorlar ancaq üzdə olduğu müddətcə xatırlanırlar. Unudulmaq çox pis şeydir. Bu baxımdan sənət adamı da unudulmaması üçün çalışmalıdır.

   - Pedaqoji fəaliyyətlə məşğul olursunuzmu?
   
- Yox, buna zamanım da yoxdur. Mən həmişə öz yaradıcılığımla məşğulam, daim axtarışda olmağı sevirəm. Ancaq dərs deyən çox sayda kolleqalarım var. Tələbələr də bəzən bizim tamaşalarımızda oynayır və hətta qonorar da alırlar. Əgər yeni sənətə başlayan aktyor 20-25 lari alırsa, xoşbəxt olur.

   - Bəs gənc aktyorlar arasında gələcəyin Nana Paçuaşviliçini görürsünüz?
   
- Ümumiyyətlə, istedadlı insanların sayı hər zaman az olub və bu, təbiidir. İstedadlı gənclərimiz var əlbəttə. Ancaq onları maraqlandırmaq lazımdır. Müxtəlif eksperimentlər üçün həvəs, istək, həyəcan olmalıdır. Necə ki bizim dövrün sənətçilərində bu sənət yanğısı vardı. Təəssüf ki, indi belə gənclərimiz çox azdır.

   - Gürcüstanın hazırki siyasi durumundan razısınızmı?
   
- Ölkənin xeyrinə verilən qərarlar arasında yaxşıları çox olub. Çatışmazlıqlar yenə də var. Tənqid eləmək çox asandır. Lakin pisi deyəndə yaxşını da unutmamalıyıq. Hər şeyə rəğmən biz azadıq, həm siyasi, həm də söz azadlığımız var. Bu isə az şey deyil. Həm mediada, həm də yaradıcılıqda hər kəs istədiyi fikri deyə bilər. Teatrımızda istədiyimiz tamaşanı hazırlaya bilirik. Heç bir senzura, qadağa yoxdur. Tamaşaların taleyi əvvəlki kimi məmurların zövqlərindən, sözlərindən və qərarlarından asılı deyil.


"Həftə içi"           Sevda Babayeva, Bakı - Tiflis - Bakı

Комментариев нет:

Отправить комментарий