06.10.2011

GEDƏK, SƏNƏ QƏBRİMİ GÖSTƏRİM!..

Kənan Hacı



Yasamal qəbristanının çox qəribə bir aurası var. Bir dəfə Bayıldan Yasamala piyada gələrkən bu qəbristanın içindən keçib gəlmişdim və o zaman bu gorgah məni sovet dövrünün nostalgiyasıyla qol-boyun etmişdi. Yasamal qəbristanlığı sovet dövründən qalma bir terminin- xalqlar dostluğu ifadəsinin Bakı şəhərində mahiyyətini itirməyən yeganə nişanəsini də özündə saxlayır. Bu boz məkanda rus qəbirləri də var, erməni qəbirləri də... Əksəriyyəti kimsəsiz qəbirlərdir, aradan keçən bu boyda zamanın onlara zərrəcə dəxli yoxdur. 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə ölən rusların qəbirləri kimsəsizlikdən torpağa batıb. Onlar deyəsən gözlərini həmişəlik yollardan çəkiblər. Ot basmış cığırlar öz sıxlığı ilə sanki fikrimi təsdiqləyir.  
 Birini qoyub birini danışım. “Azərbaycan” nəşriyyatına tez-tez yaşlı bir kişi gəlirdi, çoxları onu tanıyırdı. Həsən kişini ən çox Tofiq Mahmudovun yanında görərdiniz.(İndi görməyəsiniz!). Bir dəfə məndən soruşdu ki, bekarsan? Dedim hə. Dedi gedək sənə qəbrimi göstərim!!!
 Bir anlıq kişinin ağlına şübhəm yarandı. Duruxduğumu görüb vəziyyəti anlatdı. Sən demə, Həsən kişi hələ sağ ikən özünə qəbir yeri ayırmış, hətta qəbrin üstünü də götürtmüşdü.
Tofiq Mahmudovun tutiya arağından sonra qəbristana getməyin nə demək olduğunu təsəvvürünüzə gətirin. Nə isə,nəşriyyatdan çıxıb qəbristana tərəf dikləndik. Bir xeyli qəbirlərin arasıyla getdikdən sonra nəhayət Həsən kişi öz qəbrini tapıb ayaq saxladı. Yerimdə quruyub qaldım- qarşımdakı mərmər başdaşıdan mənə baxan adam bir az bundan əvvəl nəşriyyatda mənimlə yüz-yüz vuran kişiydi!   Sankimənə baxıb bic-bic göz vururdu.
Lənət şeytana! Belə halla ilk dəfəydi ki, rastlaşırdım. Zarafata salmaq istədim:
-Allah rəhmət eləsin!
Həsən kişi bığaltı qımışdı:
-Allah ölənlərinə rəhmət eləsin!
Həsən kişi sonra öz qəmli həyat hekayətini danışmağa başladı, elə bil danışmırdı, zümzümə edirdi.
Bu həngamənin səbəbini soruşsam da heç nə demədi. Bircə onu dedi ki, “istədim qəbrim öz zövqümə uyğun olsun, həm də öz qəbrimə özgə gözüylə baxmaq istədim. Bir gün gələcək, mən bax bu qəbrin içində olacağam. Amma heç olmasa, siz dostlar məni yaddan çıxarmayın, qoymayın qəbrimə aparan cığırı ot bassın.”
Həsən kişi belə qəribə adam idi.
İndi o,Yasamal qəbristanlığındakı həmin  qəbirdə yatır. Gedib o qəbri tapdım, yan-yörəsini yavaş-yavaş ot basmağa başlamışdı. Eeeh, Həsən kişi! Dediyin nə tez gerçək oldu?!
Qəbirlərin arasında vurnuxan mollalardan birini çağırıb ona 1 manat verdim ki, Həsən kişiyə bir Yasin oxusun. Molla xeyli üzümüə baxıb:- soruşmaq ayıb olmasın, siz bu rəhmətliyin nəyisiniz?- deyə soruşdu.
-Heç nəyi,-dedim, -oxu!
Molla  qoltuq cibindən eynəyini çıxarıb əlində hazır tutduğu Yasin kitabçasını açdı və boğazını arıtlayıb xırıltılı səslə oxumağa başladı:
-...Yasin! Səlləllahu əleyhi və alihi vəsəlləm...
Geri dönüb oradan uzaqlaşdım.
Uzaqdan qulaqlarıma Həsən kişinin səsi gəldi:
- Bir gün gələcək, bu qəbrin....
Bədənimə soyuq tər gəldi, çevrilib arxaya baxmağa cəsarətim çatmadı...

Комментариев нет:

Отправить комментарий