Aliq Nağıoğlu. Hekayə
- Gəldin əzizim, əyləş, hə bir az vaxtın getdi. Düzü, həmişə fikir vermişəm, sən olmayanda vaxt getmir, əfsus ki, namazı mənə öyrətmədin,- orta boylu, eynəkli adam oturduğu yerdə qurcuxdu.
- Denən vaxtında öyrənmək istəmədim, mənə günah çıxma, hövsələsizsən, indi isə gecdir, həm də üstünə o qədər xəstəlik yığıbsan ki…- uzun boylu, ağ saçlı ikinci adam oturacağın kölgə düşən yerində oturdu. Hər ikisinin əynində eyni rəngdə nimdaş yay kostyumu vardı.
- Qoy görüm, gözlərimin işi nə təhər olacaq. Yeznə hər gün zəng vurur, amma evdəki nəm- nüm edir. Sonra bu işə baxarıq, əlbəttə qismət olsa…
- Cavanlıqdan beləsən, həmişə priçomla yaşadın,- uzun adam xəfif-xəfif güldü. Hiss olunurdu sözləri sonalayır ki, həmsöhbəti inciməsin.
- Günorta yemisən?
- Günortanı on ikidə yeyirəm, yeməyimi görmüsən də, namaza da ikidə gedirəm, hər dəfə sənə deyirəm, amma nə xeyri, yenə soruşursan,- uzun adam sümükləri çıxmış arıq əllərini qarnında çarpazladı.- Bu gün cümə axşamıdır, saat üçdə evə gedəcəyəm, darıxma o vaxta qədər səni evə yola salacam…
- Bu dəfə məni asma körpüdən ötürərsən.
Əvvəllər o taydan bu taya çayın üstündəki avtomobil körpüsündən keçirdi, həm hər iki başı təmiz idi, həm də yolunu yaxın edirdi, asma piyada körpününsə hər iki tərəfi zibil yığnağı olurdu, kəsif iy yay- qış ürək bulandırırdı. Bu səhər adətinə xilaf çıxmışdı: qonşu uşağın köməkliyilə asma körpüdən keçmişdi; polad troslarla bərkidilmiş körpü adam ağırlığı altında nənni kimi yırğalandıqca ağlına girmişdi ki, belə yerlərdə ölüm riski böyük olmalıdır. Tək zir- zibilə görə uzun müddət belə ləzzətdən məhrum etdiyinə görə özünü qınadı. Amma gec deyildi, dostunun beyninə buna oxşar ideyanın girmədiyinə görə sevinməyə dəyərdi.
- O da mənim gözüm üstə, gündəlik işimdir… – uzun adam əslində onun dediklərini çək- çevir etmədi, illər uzunu bir- birini onsuz da çox ötürmüşdülər, fərqi yoxdur haradan haraya…
- Evdəki bəlkə də haqlıdır, belə deyirlər: “ qırx ildə bir dəfə arvad sözünə baxarlar.” Bu yaşda operasiya qorxuludur, göz olanda nə olar, amma yeznə israr
edir, hər gün zəng vurur, qalmışam belə…- Eynəkli onun son sözlərindən ruhlansa da, rahatsız görünürdü. – Mənə qalsa, tək gözlərimlə iş qurtarmır, canım da əl vermir, gözlərim düzəlsə belə, hiss edirəm bədənimin suyu tamam çəkilib, bəlkə də ən yaxşısı oturub vaxtı gözləməkdir…
- Vaxta qalanda, mən səndən irəliyəm, bunu dəqiq bilməlisən: yol böyüyündür, hər halda bir neçə bayram böyüyəm, həm də getdikcə dözə bilmirəm. Bir səhər hayım çıxsa, xəbəri özünə dərd eləməzsən… – uzun adam səbrsiz kimi sağ əlini saçına çəkdi. O elə danışırdı ki, guya canını tapşırmaq öz əlində idi.
Qulaqlarına inanmırdı, iki gün əvvəl evdə o da arvadına ürəyini açmışdı. Oxşar taleləri yaşasalar da, indi üzü ciddi görkəm aldı:
- Yenə özü bilən məsləhətdi!- eynəkli şəhadət barmağını göyə tuşladı,- yadına salım, köhnə ticarətçi dostumuz necə deyirdi: “Sizə baxanda vaxtıma çox qalıb”, canı da hələ sulu idi, yaşda ikimizdən də xeyli cavandı, di gəl qabağa düşdü, naxələf, – eynəkli dəsmal çıxarıb titrək əlləri ilə eynəyinin şüşələrini sildi. Uzun adam gün üstünə şığıdığından ona tərəf bir az da yaxın gəldi:
- Ona nə var ey, dərdi- səri yoxdu, uşaqları da fərasətli çıxdılar. Amma dostumuzun xəstəliyi başqa şeydi, onu sən də bilirsən, mən də,- dedi və son günlər birinci dəfə ürəkdən güldü.
- Düz deyirsən, uşaqlarından yarımışdı, günü xaricdə keçirdi. Sonda da canını bahalı mehmanxanada tapşırdı.
- Əcəl hər nə vaxt gəlirsə gəlsin, öz evində öləsən, qohum- qardaşın yanında ölməyin böyük mənası var, – deyib, sol əlini çənəsinə söykədi.
- Sən elə danışırsan ki, guya buna qədər bir neçə dəfə ölüb- dirilibsən?- eynəkli də gülümündü. Hiss olunurdu ki, o da həmsöhbətini xırda ehtiyatsızlıqdan kövrəldəcəyindən qorxurdu.
- Bə nədi, o hadisələri ki, mən yaşamışam, bu gün sağ qalmağım möcüzədir. Hər gün sübh namazını qılıb evdən çıxıram, bir gün rejimim pozulsa ölərəm. Burda da yaxşı ki sən varsan. – Nəyisə xatırlayaraq susdu. Nəzərlərini uzunburun dəri ayaqqabılarına dikdi. – Cavanlıqda, özün bilirsən də, rayonun konfet işinə mən baxırdım. Bir dəfə posılkaları yola salandan sonra, qardaşoğlunun oxuduğu yerlərə baş çəkmək ürəyimdən keçdi: fikirləşdim atasız uşaqdı, gedim oxuduğu, gəzdiyi yerləri görüm, ruhu da şad olar, Allaha da xoş gedər. Maraq məni göldə çimərkən boğulub öldüyü yerə gətirdi. Deyim sənə, həmin yerdə əslində heç nə dəyişməmişdi, çünki meyiti gətirməyə də özüm getmişdim; üstündən iyirmi il keçirdi. Meyit gətirmək, meyit qəbul etmək – həyat belə çeyləri də öyrətdi mənə… Geri qayıdanda asfalt yolun qırağında dəmir çəpərin içində tənha məzarlıq gördüm, işə bax ha, gedən başı nəzərimi cəlb etməmişdi. Çəpərin içində üç qəbir vardı: ər, arvad, üç yaşlı qız. Üstündə sadə bir xatirə lövhəsi vurulmuşdu. Avtomobil qəzasında ölmüşdülər, elə qəza yerində də basdırılmışdılar. İlk əvvəl sual adamı tərpədir ki, ey gidi dünya, niyə bəs burda? Amma çox baş sındırmırsan, çünki artıq cavab lövhədə yazılıb: “ Ey yolcu, qürrələnmə, mən artıq öz evimdəyəm, amma sənin axır yerini bilmək olmaz!” Daha maraqlı isə oydu ki, illər keçsə də, tənha məzarlıq təzə güllərdən əskik olmurdu. Deyirdilər, heç kəs bilmir onları vaxtaşırı kim dəyişir. Belə şeyləri görəndə, o saat lal olursan, çünki dünyanın girinc işləri çox olduğu kimi, heyrətləndirici məqamları da yetərincədir. Əlimizdən nə gəlir?! Deyəsən, əvvəllər sənə bu təsirli hadisəni danışmamışam, ancaq nə qədər qəribə olsa da, həqiqətən ölməyincə, nə biləsən harada uyuyacaqsan. Hər səhərimizə min şükür! – Uzun adam qəfil susdu. Əllərini ayaqlarının üstünə uzatdı. Gözləyirdi ki, həmsöhbəti nəsə əlavə edəcək. Dözmədi, sükutu yenə özü pozdu:
- Qismətə bax, o vaxtdan balalarımı ancaq o tərəfin pal- paltarına, yemək şeylərinə öyrəşdirdim, böyüyəndə oralar da onları çəkib apardı. Sonra da ilin bir günündə iki meyit üstümə gəldi…- o, doluxsundu, nəmli gözlərini dəsmalla sildi.
- Yaxşı görüm, sən Allah, min dəfə demişəm, olanları yozma, bu işlər bizlik deyil, namaz əhlisən, şükür elə…- eynəkli açıq-aşkar cırnadı.
- Day nə qaldı ki, gözə görünən üç yaşlı nəvədir, böyüdükcə onun da cavabsız sualları çoxalır, belə yaşamaq diri gözlü yanmaqdır,- axırıncı sözləri nəsə kəkələyə- kəkələyə deyirdi.
- Mən ki ömrüm boyu heç hara getməmişəm, düzdür balalarımı zülümlə böyütmüşəm, ömrümüz səninlə bir yerdə keçib, amma nədən bircə oğlum qazamatda çürüməlidir, özündən nişanə də yoxdur. Mənnən necəsən? Amma o yazını yazan hər kimsə, çox müdrik adammış, elə mənim balamı nəzərdə tutub yazıb…- əlləri əsə- əsə eynəyini düzətməyə çalışırdı.
- Yaxşı- yaxşı, gəl bu barədə danışmayaq, ömrümüz boyu nə qədər üzülmüşük- kimsə bilmir, sənə də göz yaşları olmaz,- uzun adam tez- tələsik söhbəti kəsdi.- Yoldan ötənlər nə fikirləşər? – Əslində gün günorta olduğundan ətrafda adam gözə dəymirdi. Qəzetsatan köşkün içində mürgüləyirdi.
- Onsuz da biz hər yerdə hər zaman dərdimizlə yaşayırıq, amma ikimiz bir yerdə olanda heç olmasa unudaq, bu səbəbdən gündüzləri birgə keçiririk, ancaq yatmağa öz evimizə gedirik… Mənim bildiyim bir şey var ki, hansımızın vaxtı qabağa düşsə, digərini diri gözlü öldürəcək. Sənə deyim ki, mən axirət işlərimi büsbütün yekunlaşdırmışam, qəbirindən həsirinə kimi hər şey hazırdır, zəhmət haqqını da verib halallaşmışam. Hərdən gecələr gələcək yerim yuxuma girir, elə bilirəm ordayam, canım haqqı, onda heç geri qayıtmağım gəlmir.
- Yaxşı görüm, sən lap ağ elədin, ikimiz də bu gün çox çərənlədik, - bu dəfə eynəkli özündən çıxdı. – Özü bilən məsləhətdir! Sənin onsuz da ağlın olmayıb, əbəs yerə deməyiblər: “ Uzun adamın ağlı dabanında olar.” Deməli, günah səndə deyil, ağlındadır.
- Sən mənim işlərimi həmişə sonradan bəyənirsən, inanıram bu dəfə də istisna olmayacaq. Deyir: “ öz rahatlığını istə, özgənin narahatlığını istəmə.” Sağlığımda
bir kimsəyə əziyyətim keçməyib, ölümümlə də heç kəsə narahatlıq gətirmək istəmirəm. – Deyəsən, uzun adam bugünkü söhbətin bu sayaq bitməsini gözləmirdi. O, tələsmədən uzunburun dəri ayaqqabısının hər iki əzilmiş dabanını düzəltdi.
Köşkdəki qəzetsatan da ayılıb yan- yörəyə boylanırdı. Tək- tük adamlar kölgə düşən yerlərlə asta- asta o tərəf bu tərəfə gedirdi. Ürəyindən keçirdi ki, Allah çox şeyi almağının müqabilində, bu yaşlarında hər ikisinə istiliyə dözüm veribsə, doğrudan- doğruya şükür etmək lazımdır. Şükürlü- şükürsüz, onsuz da bu dünyayla işləri qurtarmışdı. Görünür yaradan dərdləri kimsəsiz qalmasın deyə hələ möhlət verirdi. Özü bilən məsləhətdi!!
- Bazarlıq işin qalmayıb?- eynəklinin sualı onu qısa fikrindən ayırdı.
- Keyvəni xırda siyahı vermişdi, almışam,- selofan torbasını əlinə aldı. Yavaşca:
- Gedək səni ötürüm ,- dedi.
Eynəkli adam əl ağacını götürüb ayağa durdu, ayaqlarını çəkə- çəkə yola düzəldi:
- Maşın səsinə səbrim çatmır, məni asma körpüdən ötürərsən ha…
Комментариев нет:
Отправить комментарий