18.11.2011

Saqi, mey ver, yenə bir tazə günah istəyirəm


Seyid Əzim Şirvani

Saqi, mey ver, yenə bir tazə günah istəyirəm,
Qaragöz, nameyi-əmalı siyah istəyirəm.

Nədi xətdən bu hicabın, götür ol bürqəni kim,
Etməyə nameyi-əmalı təbah, istəyirəm.

Bikəsü-dərbədərəm, püştü pənahım yoxdur,
Özümə lütfi-xudavəndi-pənah istəyirəm.

Asitanən itinə istəyirəm həmdəm olam,
Maşa’allah, nə gözəl rütbeyi-cah istəyirəm.

Qərəzim xaki-dəri-yarə gədalıqdı mənim,
Mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm!

Mehrim artar sənə, rüxsarıva gəldikcə xətin,
Daim ol bağda mən mehrü giyah istəyirəm.


Çağırın Qeys ilə Fərhadı yığılsın gəlsin,
Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm.

Комментариев нет:

Отправить комментарий