Dostum zəng eləyir:
-Televiziyalardan, qocalar evindən bir telefon nömrəsi bilirsən?
-Xeyir ola, çıxış eləmək istəyirsən, yoxsa qocalar evinə getmək?
- "Nizami" metrosunun qabağında bir yaşlı qadın durur. Gecə-gündüz oradadır, yağışda, küləkdə, deyəsən psixi xəstədir, dilənmir, heç kimə əl açmır, adamlar bəzən özləri ona kömək eləyirlər...
-Televiziya niyə, istəyirsən gəlib çəksinlər?
-Yox, onlar belə adamlara kömək eləyirlər axı.-Televiziyalardan, qocalar evindən bir telefon nömrəsi bilirsən?
-Xeyir ola, çıxış eləmək istəyirsən, yoxsa qocalar evinə getmək?
- "Nizami" metrosunun qabağında bir yaşlı qadın durur. Gecə-gündüz oradadır, yağışda, küləkdə, deyəsən psixi xəstədir, dilənmir, heç kimə əl açmır, adamlar bəzən özləri ona kömək eləyirlər...
-Televiziya niyə, istəyirsən gəlib çəksinlər?
- Polisə niyə demirsən ki?
-Polis görmür bəyəm?...
Başqa epizod
Tanıdığım bir ailənin nənə-baba valideynləri bir dəfə söylədilər ki, qocalar evində yaşamaq üçün pul yığırlar. Açıqca dedilər ki, qızımızdan arxayın deyilik, inanmırıq ki, axıracan bizə baxalar. Hələ tərəfini də saxladılar:
- Neynəsin, özgə oğlundadı, bizə görə ailəsini dağıtmayacaq ki...
-Bəs nəvələrə kim baxacaq?
- Daha böyüyüblər, bağçaya qoyacaqlar.
-Onları bağçaya, sizi də qocalar evinə...
-Yox, biz özümüz getmək istəyirik, cavanlara yük olmaq istəmirik...
Ritorik suallar
Mən bu yazını niyə yazıram? Nə dəyişəcək ki? Yəni o qədər məsəldən, pritçadan artıq söz deyə biləcəm? İmkansızlıqdan, atılmışlıqdan, övlad naxələfliyindən qocalar, kimsəsizlər evinə atılmışların sayını bir yazı ilə azaltmaq istəyirəm? Guya imkanlılar, varlılar arasında valideynlərini oraya qoyanlar yoxdur? Görəsən qocalar evində olanlar pensiyalarını özləri alırlar, yoxsa onlara baxmaq adı ilə əllərindən pulu alırlar? Kiminsə yanına yoluxmağa gələnlər olanda kimsəsizlər nə hisslər keçirir. Onlara dövlət, xeyirxah adamlar heç olmasa bayramdan-bayrama diqqət yetirir, hədiyyə verir, elə adamlar var ki, öz doğma ata-analarını illərlə yoluxmurlar, bəs onlara nə deyəsən?
Suallar həddən artıq çoxdur. Deyir imtahanda müəllim tələbədən soruşur:
-Nədi, sual çətindir?
Tələbə səmimi cavab verir:
-Yox müəllim, suala sözüm yox, amma cavabı çətindir...
Allah rizasına
Xəbəriniz varmı ki, məscidlərin sayı uşaq bağçalarının, məktəblərin sayından artıqdır? Olsun, dinimizə qayıdırıq. Xəbəriniz varmı ki, məmləkətdə hacıların sayı artıq dörd sıfırlı rəqəmlə göstərilir? Olsun, imanlıların sayının artmasını göstərir. Xəbəriniz varmı, Quran demək olar ki, hər evdə var, özü də müxtəlif dillərdə, ərəb, rus, tük, azərbaycan... Olsun, həm evə bərəkət gətirir, həm də Allah kəlamlarına yaxın oluruq...
Görəsən məscidlərdə yığılan nəzir pullarından qocalar, əlillər evinə ianə gedirmi? Görəsən şadlıq evləri, super, hiper market sahibləri hacılar hansısa bir kimsəsizə himayədarlaq eləyirmi? Tək-təki demirəm, bütün imkanlılar heç olmasa fitrəsini, zəkatını doğrudanmı imkansıza verir?
Yer üzünün əşrəfi sayılan insan elə bu Yer üzündən bir ibrət götürürmü? Təbiətdə ən vəhşi heyvanların öz balalarına, balaların analarna olan münasibətlərini ən azından ekranda gördyündən nəticə çıxarırımı?
Təbiətin qanunudur, valideyn övladına həyat verir, böyüdür, tərbiyə edir, təhsil verir, evləndirir, mənzil verir, onların övladlarını böyütməyə kömək eləyir... Uşaqların valideyn borcunu bir tikə çörək, mehriban münasibətlə qaytarmaq vaxtı gələndə problemlər başlayır. Özü də ildən-ilə artan problemlər. İkinci epizodda sözünü danışdığım qız valideynlərinə açıq deyib ki, ailə problemlərinə görə, işi çox olduğuna görə valideynlərinə qulluq eləmək niyyətində deyil. Və açıqca işarə vurub ki, hazırlaşın, gedirik qocalar evinə...
Onlarda və bizdə
Qərbdə valideynləri qocalar və əlillər evinə qoymaq o qədər də pis hərəkət sayılmır. Amma biz qərbli deyilik, öz adət-ənənəmiz, dəyər verdiyimiz anlayışlar var. Amma açıq cəmiyyətdə yaşadığımız üçün dünya təcrübəsinə müraciət etməyimiz də təbii sayılmalıdır. Onda gəlin onlar kimi edə bilək!
Qərbdə qocalar evinə o adamları qoyurlar ki, onlar artıq özlərinə qulluq edə bilmir. Əgər ahıl hələ özü nəyi isə eləyə bilirsə ona öz evində övladları, övladları yoxdursa dövlət qurumları hazır yemək, isti paltar gətirirlər. Onun evində cihaz quraşdırılır, əlinə isə qolbaq keçirilir. Əgər cihazdakı qırmızı düyməni basarsa, əvvəlcə ona zəng edirlər: "özünüzü necə hiss edirsiniz, bəlkə düyməni təsadüfən basmısınız?". Əgər cavab mənfi olarsa, və ya ümumiyyətlə cavab olmazsa təcili yardım maşını gəlir. Və bütün bunların hamısı üçün övladlar pul ödəyir. Əlbəttə, əgər onların imkanı varsa. Əgər övladların gəlirləri buna imkan vermirsə, ahıllar öz pensiyalarından ödəyir və dövlət kömək eləyir. Bax, burada pis heç nə yoxdur. Əgər adama gündə 12 saatdan çox qulluq və ya baxmaq tələb olunursa- onda deyirlər ki, hazırlaşın gedirik- orada sizə daha yaxşı olacaq.
Dostum deyir ki, hələ o qadın metronun qarşısındadı. Amma tanıdığım ailənin qızı hələ valideynlərini qocalar evinə aparmayıb. Deyəsən hansısa sənədləri düzəltməkdə çətinliyi var. Amma qocalar da az aşın duzu deyil, artıq nəvələrinə "Hazırlaşın, gedirik" sözlərini qəti və amiranə deməyi öyrədiblər. Nə vaxtsa lazım olacaq axı. Deyirlər baba-nənə tərbiyəsi yaddaqalan olur...
ogtaysalamov@rambler.ru
Комментариев нет:
Отправить комментарий