O, uşaqbaz, ailənin və kəbinin qati əleyhdari idi
“Utanmazlıq
ruhun öz mənfəəti üçün əclaflığa tələsməsidir”. Platon, qədim yunan fikosofu.
“...Mistik
estetik və parlaq sənətkar, kazarma kommunizminin tərənnümçüsü, abortun və
körpə qətllərinin təbliğatçısı, ruhun nəğməkar tərbiyəçisi, uşaqbaz və moralist,
qatı asket və dialektik- bütün bunlar Platonda cəmləşirdi” Aleksey Losev, rus
filosofu
Afinalı Ariston və Periktionadan doğulan Aristokl dünya tarixinə Platon adı ilə keçdi. Sokratla ilk görüşündən sonra onun göbək adını demək olar ki, hər kəs unutdu. Bizim eradan 407-ci ildə Sokratın şöhrətini eşidərək onu dinləməyə gələn onlarla gəncin arasında enli kürəkli, sağlamlığı və atletik gövdəsi ilə ətrafa işıq saçan Aristoklu Sokrat fərq etdi və ona “Platon” dedi. (Platus qədim yunan dilində enli kürəkli mənasını verirdi). Elə o zamandan Aristokl öz adını unutdu, qısa zaman içində bütün Ellada onu Platon olaraq tanıdı və o, dünya tarixinin yaddaşına əbədi olaraq adını Platon olaraq yazdı.
Platon adı dünya fəlsəfəsində təkcə məşhurluğun,
böyüklüyün, dahiliyin rəmzi deyil. Platon yeganə filosofdur ki, zərif, ancaq
möhkəm tellərlə bütün dünya fəlsəfəsini və dünya mədəniyyətini sarmaşıq kimi
sarıb. Platondan sonra elə bir zaman kəsiyi və elə bir sivilizasiya olmayıb ki,
aparıcı ideyalar və yönəltici fikirlər onun ideyaları üzərində mübahisə
etməsin. Platon Platon olduğu gündən bu günə qədər araşdırılır və yəqin ki,
məhşərə qədər araşdırılacaq. Kimi onu tərənnüm edir, kimi də onun ideyalarını
bəşəriyyət üçün zərərli hesab edir, kimisi də onu peyğəmbər olaraq qəbul
edirdi. (Hətta Orta Əsr islam filosofları arasında da onu peyğəmbər olaraq
qəbul edən ünlü simalar vardı və belələrinə yenə də rast gəlmək olur).
Qəribə orasıdır ki, bütün dünyəvi və təkallahlı dinlər
belə onu öz tərəfinə çəkməyə çalışıb və hələ də çəkməkdə davam edir. Klassik
ellin fəlsəfəsinin nümayəndələri, qədim Roma fəlsəfəsi, qədim yəhudizmin son
dövrü, orta əsrlər kabbalizmi, Bizans provaslav kilsəsi və Bizans mistik
fəlsəfəsinin nümayəndələri, Roma katolik kilsəsinin ortodoksal ideyaları,
islamdan öncəki ərəb düşünərləri və islam fəlsəfəsi, Avropa intibah mədəniyyəti
və Avropa protestant hərəkatı, yeni dövr filosofları (Kant, Hegel, Şopenhauer,
Nitşe və s.) və nəhayət müasir Avropa liberalizmi və sosialist ideyalar öz
mənbələrini Platonun fəlsəfəsindən və dövlət haqqında ideyalarından götürüblər.
Hələ İslamdan əvvəl Orta Şərqdə Platon Əflatun olaraq
tanınırdı. Bütün ərəb fəlsəfəsi Əflatunun fəlsəfi dünyagörüşü üzərində
formalaşmışdı. İslam dünyasının Əflatunu olaraq tanınan Buxaradan çıxaraq bütün
islam dünyasını mədəniyyət və elmi inkişaf işığı ilə dolduran, tarixin ən böyük
türklərindən biri olan Məhəmməd Fərabi Əflatunu fəlsəfənin və elmin atası
adlandırmışdı. Əflatunun fəlsəfəsi orta əsr və yeni dövr islam-şərq
fəlsəfəsinin əsas bel sütunu idi. İslam - Şərq filosoflarına görə fəlsəfə öz
başlanğıcını Əflatundan götürürdü.
Sokrata qədər və sonra
Platon Sokratla görüşməmişdən əvvəl Afinanın bütün
aristokrat gənclərinin aldığı tərbiyəni və təhsili almışdı. O öz
sivilizasiyasının övladı idi və gənclik illərində öz sivilizasiyasının əsas
yaşıdlarından daha istedadlı olması ilə seçilirdi. O mahir gimnast, güləşçi və
yaxşı süvari idi. Eyni zamanda musiqiçi və rəssamdı.
Gənclik illərində Platon filosof - sofistlərlə
görüşür, diqqətlə pifaqorçuları, Herakliti, Demokriti öyrənir. Sokratla
görüşənə qədər gənc Aristokl Afinada erotik şerlər ustadı kimi tanınırdı. O
dönəmdə Aristokl siyasətdən tamamilə kənardı. Hətta o, həmin illərdə
dostlarının və yaxınlarının israrlı xahişlərinə baxmayaraq, Afinanı idarə edən
30 aristokratdan biri olmaqdan imtina etmişdi. Platon ömrünün axırına qədər
gündəlik siyasətdən kənarda qaldı. Amma o, ömrünün axırına qədər böyük dövlət
siyasəti problemləri ilə məşğul oldu.
Afinanın ünlü küçə filosofu ilə görüşündən sonra
Platon bütün şerlərini yandırdı və elə o zamandan özünü birmənalı olaraq
fəlsəfəyə və dövlət siyasətinə həsr etdi. Platon ömrünün 7 ilini Sokratın
arxasınca küçələrdə gəzdi, qərib və əsrarəngiz müdrikin ağzından çıxan hər sözü
beyninə həkk etdi.
Sokratın ölümündən sonra Platon böyük depressiya
yaşadı. Sokrat onun üçün ömrünün sonuna qədər batmayan günəş oldu və Platonun
əsas əsərlərinin aparıcı qəhrəmanı Sokrat oldu. Aristoteldən fərqli olaraq
Platon heç bir zaman ustadına qarşı əks arqumentlərlə çıxış etmədi.
Platonun xəyalı
Platon bütün ömrünü demək olar ki, Afinada yaşasa da
onun həyatında daha bir şəhər Afina qədər önəmli rol oynadı. Filosof bütün ömrü
boyu beynindəki “ideal dövlət”in qurulmasını xəyal etdi və bunun üçün tam üç
dəfə cəhd etdi. Baxmayaraq ki, ilk cəhdi az qala ona həyatı bahasına başa
gəldi, ancaq yenə də Platon çəkinmədən daha iki cəhd elədi...
Sirakuza, İtaliyanın Siciliya adasında tiran
Dionisinin hökmranlıq etdiyi bir şəhərdi. Məhz bu şəhər - dövlətə Platon «ideal
dövlət»lə bağlı bütün arzu və xəyallarını bağladı. Sirakuza onun ümidlərinin
şəhəri idi. Bəlkə də qəribədi, bəlkə də heç qəribə deyil, amma Platon da, bütün
bəndələr kimi həyatın xəyal qırıqlığı olduğunu zənn və dərk etmədən böyük
xəyallar yaşayaraq öldü. Eyni xəyal qırıqlığını Allahın seçdiyi Musa, İsa və
Məhəmməddə yaşadı. Məsələ zəfər qazanmaqda deyildi. Məsələ ideal cəmiyyəti
qurmaq məsələsi idi.
İnsanlığın tarixi və xəyalı xəyal qırıqlığından
ibarətdir. İsgəndərin yaşadığı xəyal qırıqlığını kim yaşadı ki?.. Ya da
marksizm və leninizmin?..
Platonun xəyal edərək tərənnüm etdiyi dövlətdə həm
cahangirlik, həm kazarma sosializmi, həm də liberalizm vardı. Platonun
araşdırdığı dövlət ziddiyyətlər içində çarpışırdı, amma Platon dövlət üçün ən
önəmli olan bir şeyi hər zaman ön səfə çəkirdi. Platon “dövlət ədalətli
olmalıdır, ədaləti öldürən dövlət özünü öldürür”, deyirdi...
Platon ilk dəfə tiran Dionisi tərəfindən Sirakuza
şəhərinə dəvət edildiyi zaman qırxını ötmüşdü. Artıq onun şöhrəti Sokratın ən
görkəmli şagirdi olaraq qoca Elladanın sərhədlərini aşaraq İtaliyanın fəlsəfəyə
ac olan sahillərinə qədər çatmışdı. Hakimiyyət mənsubları üçün onunla
ünsiyyətdə olmaq şərəfdi və Platon bunu yaxşı bilirdi.
Sirakuzada krallar kimi qarşılanan Platon burdakı
saray həyat tərzindən heç də xoşlanmamışdı. Sonradan o, birinci Siakuza
səfərini belə xatırlayacaqdı: «Gündə iki dəfə partlayana qədər yemək və içmək,
gecələr isə heç vaxt tək yatmamaq heç də mənim xoşuma gəlmirdi... Təbii ki,
belə bir dövlətdə rahatlıq ola bilməz».
Platonun Siakuza ilə bağlı xəyalları suya düşmüşdü.
Tiran Dionisini məşhur filosofun ideal dövlətlə bağlı fikirləri
maraqlandırmırdı. O, ancaq məşhur olduğu üçün Platonun onun sarayında
yaşamasını istəyirdi.
Buna baxmayaraq pozğunluq və əxlaqsızlıq qanunları
ilə yaşayan Sirakuza sarayında bir nəfər Platonun fikirlərinə dəyər verməyə
başladı. Bu tiran Dionisin qaynı gənc Dion idi. Dion bütün qəlbi ilə filosofa
bağlanmışdı və böyük maraqla onun fikirlərinə qulaq asırdı. Platon isə bu
gəncin hakimiyyətə gələ biləcəyi təqdirdə, onun ideyaları əsasında dövləti
idarə edə biləcəyini ümid edərək gəncin bütün tərbiyəsini öz üzərinə
götürmüşdü. Amma bu, uzun sürmədi. Tiran Dionisi filosofun onun qaynını başdan
çıxardığını duyub qəzəbləndi. Çuğulçular gənc Dionun Platon tərəfindən tiranın
taxtına hazırlandığını çatdırmışdılıar. Qəzəbli tiran filosofu Egin adasına
aparmağı və orada qul olaraq satılmasını əmr etdi və bu əmr yerinə yetirildi.
Amma xoşbəxtlikdən filosofun şöhrəti onu xilas elədi.
Platonun şöhrətini duyan tacirlərdən biri filosofu 30 min qızıla alaraq həmən
azad buraxdı. Tacir Platonun pərəstişkarlarından biri idi və sonradan Platonun
dostlarının topladığı pulu geri almaqdan imtina etdi.
Deyirlər şər deməsən, xeyir gəlməz. Platon
dostlarının topladığı həmin 30 min qızıla Afinanın kənarında bir bağ aldı.
Bağın keçmiş sahibinin adı Akadem idi və ərazi keçmiş sahibinin adı ilə
adlanırdı. Beləliklə Platonun məşhur fəlsəfə məktəbinin - Akademiyanın təməli
atıldı. Burda filosof uzun illər boyu yüzlərlə insana leksiyalar oxuyacaq və
şagirdləri onun söylədiklərini yazacaqdılar. Məhz burdan, Platonun
Akademiyasından fəlsəfə və elm bütün dünyanı öz ağuşuna alacaq və Ellin
mədəniyyətini dünya tarixinin inkişafı üçün əvəzedilməz edəcəkdi.
Platon öz Akademiyasında traktatlarını söylərkən
Sirakuzada vəziyyət dəyişdi. Tiran Dionisi öldükdən sonra onun taxtına oturan
oğlu ikinci Dionisi tamamilə dayısı Dionun təsiri altnda idi. Dion hesab edirdi
ki, gənc Dionisini doğru yola yönləndirə bilsə, Siakuzda Platonun ideal
dövlətini qurmaq və ədalətli cəmiyyət yaratmaq olar. Bu məqsədlə də Dion
Platonu yenidən Sirakuza dəvət etdi.
Normalda hesab etmək olardı ki, artıq özünün böyük
fəlsəfə məktəbini yaratmağa nail olmuş Platon bir dəfə qul olaraq satıldığı
adaya bir daha geri dönməz. Amma bütün gözləntilərin əksinə olaraq Platon
Dionun təklifini qəbul edərək, Akademiyanı buraxıb yenidən Sirakuza yollandı.
Artıq Platonun altmış yaşı vardı və o, zəmanəsinin ən müdrik adamı hesab olunurdu.
Platon bir daha öz xəyalını gerçəkləşdirmək üçün
Sirakuza gəldikdə artıq gənc Dionisinin ətrafında köhnə qaydalarla yaşayan
saray modabazları ağırlıq təşkil etməyə başlamışdı. Odur ki, vaxt itirmədən
tiranın tərbiyəsinə başlayan Platon bütün gücünü sərfə etsə də kiçik Dionisinin
qəlbini tam olaraq fəth edə bilmədi. Digər tərəfdən çuğulçular durmadan gənc
tirana dayısı və filosofun ona qarşı sui-qəsd hazırladıqlarını bildirdi.
Platonun və Dionun bütün cəhdlərinə baxmayaraq gənc tiran getdikcə onlardan uzaqlaşır.
Platonun Siakuzaya yenidən gəlişinin 4-cü ayında tiran dayısı Dionu Sirakuzadan
sürgün etdi. Platon yenə tiranın yanında baş məsləhətçi rolunu qoruyub saxlasa
da filosof artıq öz taleyi üçün narahat olmağa başlamışdı və elə buna görə də
tirandan onu Afinaya buraxmağı xahiş etdi. Dionisi filosofu buraxmağa razılıq
verdi. Amma öncə Platondan söz aldı ki, o istədiyi zaman filosof yenidən
Sirakuzaya qayıdacaq.
Afinaya qayıdan filosof yenidən Akademiyada
leksiyalarını oxumağa davam edir və ardıcıllarını hər gün daha çox artırır.
Buna görə də Dionisi ondan sözünü tutaraq geri dönməsini istədiyi zaman buna
çox həvəssiz yanaşdı. Dionisi isə peşman olduğunu və filosofun məsləhətlərinə
əsasən dövləti idarə etmək istədiyini bildirirdi. Bir daha öz xəyallarını
gerçəkləşdirmək üçün qoca filosof yola qoyulur. Ancaq çox keçmədən Dionisi
yenidən eyş-işrətə meyl edir və filosofun məsləhətlərini qulaqardına vurmağa
başlayır. Həyatı üçün yenidən təhlükə hiss edən Platon geri dönmək üçün yollar
aramağa başlayır. İtaliyadakı dostlarının yardımı ilə filosof Afinaya geri
dönməyə nail ola bilir. O, geri döndükdən sonra isə sürgündə olan Dion çevriliş
edərək hakimiyyətə gəlir. Ancaq qısa bir müddətdən sonra sui-qəsd nəticəsində
öldürülür. Sokratın ölümündən sonra Dionun ölümü Platonu ən çox təsirləndirən
ölüm olur. Beləliklə Platonun ideal dövlət yaratmaq xəyalı birdəfəlik məhv
olur.
23 əsırlik uğurun sirri
1930-cu ildə böyük rus idealist filosoflarından
Aleksey Losev Platonu aşağıdakı kimi xarakterizə etmişdi: «Monarxların
apoloqeti və şəhər dövlətlərin filosofu, quldarlığın və mistik kommunizmin
müdafiəçisi, doqmatik ilahiyyat professoru, incəsənətin və elmin təqibçisi,
ailənin və kəbinin barışmaz düşməni, sevginin və qadın azadlığının boğucusu,
mistik estetik və parlaq sənətkar, kazarma kommunizminin tərənnümçüsü, abortun
və körpə qətllərinin təbliğatçısı, ruhun nəğməkar tərbiyəçisi, uşaqbaz və
moralist, qatı asket və dialektik - bütün bunlar Platonda cəmləşirdi».
20 əsrin parlaq rus filosoflarından olan Losev bütün
zamanlara qalib gələn antik filosofu çox doğru xarakterizə etmişdi. Doğurdanda
Platon uşaqbaz və moralistdi. O qədim Elladanın hər yerindən gələn aristokrat
yeniyetmə oğlanları ilə gündə bir neçə yatır və onları tərbiyə edirdi. Platon
həm tiranlara yarınmağa çalışır, həm də «ədaləti öldürən dövlət özünü öldürür»,
deyir, həmçinin kazarma kommunizmini təbliğ edir, ailənin ləğv olunmasını tələb
edir, eyni zamanda qadınlara azadlıq verilməsinin qatı əleyhdarı kimi çıxış
edirdi... Bu qədər ziddiyyətləri özündə birləşdirmək nə qədər mümkündür və
Platonun fəlsəfəsi
zamana necə qalib gəlməyi bacardı?
Əslində Platon fəlsəfəsinə insan psixologiyasından
yanaşdıqda hər şey çox təbiidir. Bütün zəiflikləri ilə adi bir insan və
zəmanəsinin oğlu olan Platonun fikirlərinin zamanlara qalib gəlməsində və
onların üzərində durmasında qeyri-adi heç bir şey yoxdur. Akadem bağının
ağacları altında gəzişərək şagirdlərinə traktatlarını anladan və onlarla
mübahisə edən Platon bütün zamanlara ona görə qalib gəlməyi bacardı ki, filosof
insanın yaratdığı bütün “izmləri”, fəlsəfi-ideoloji cərəyanları öz
traktatlarında birləşdirməyi bacarmışdı. Bu gün də dünya insanlarının bir qismi
monarxlara və tiranlara tapınır, başqa bir qismi qadın azadlıqlarına qarşı
çıxır, digər bir qismi liberal dəyərlər adı altında homoseksualizmin
yayılmasını təbii insan hüququ olaraq qəbul edir, başqa bir qism isə kazarma
kommunizmini dünyanın xilas yolu kimi təqdim edirdi. Bütün bu “izmlər” və
idealist cərəyanlar Platondan əvvəl də mövcuddu və bu günümüzə qədər də insan
beynini ən çox məşğul edən problemlərdən biridir. Ona görə də birmənalı olaraq
Platon fəlsəfəsinin uğuru onun bütün “izmləri” və ideoloji-sosial cərəyanları
özündə birləşdirməyi bacarmasıydı. Yəni Platon insanlıq şüuru tarixinin alt
qatını tədqiq etmişdi və bu tədqiqat hələ də davam etməkdədir.
Platonun ideal dövlət konsepsiyasını ancaq
fraqmentlər halında reallaşdırmaq mümkündür ki, dünya tarixi bu təcrübə
fraqmentlərindən ibarətdir. İstər ədalətli monarxizm, (bunu parlamentar
monarxizm də adlandırma olar), istər kazarma sosializmi, istərsə də liberal
demokratizm ideyalarının təməlini Platonun ideal dövlət konsepsiyasının
fraqmentləri təşkil edir və nə yazıq ki, Platonun ideal dövlət konsepsiyasını
tam olaraq nəinki reallaşdırmaq, heç təsəvvür eləmək belə mümkün deyil. Buna
görə də Platonun ən parlaq şagirdlərindən biri olan və materialist fəlsəfənin
ən böyük siması Aristotel öz müəlliminin konsepsiyasını qeyri-dəqiq və
anlaşılmazlığın üstündə olan bir konsepsiya olaraq dəyərləndirirdi. Aristotelə
görə müəlliminin kosmik bədən konsepsiyası harmoniyanı dağıdırdı.
Buna baxmayaraq, Platon insanlıq şüurunun bütün
xəyallarını öz təlimində birləşdirə bilmişdi və bu, onun bütün zamanlara qalib
gəlməsində əsas rol oynadı. Platonun ən önəmli təlimlərindən biri olan «Rifah»
konsepsiyası isə sonucda hər kəsin fərdi rifahını təbliğ edirdi. Bu gün
dünyanın ən aparıcı siyasi, iqtisadi, sosial və fəlsəfi cərəyanları Platon
təliminin fraqmentlərindən təşkil olunub və elə ona görə də Platon bütün
zamanlarda olduğu kimi bu gün də “izm”lər arasında ən böyük mübahisə və savaş
obyekti olmaqda davam edir.
Şərqə açılan qapı
Platonun Akademiyasının qapısı Şərqə açılırdı. Elə
onun şagirdlərinin əksəriyyəti də Şərqdən gəlirdi. Sağlığında filosofun şöhrəti
mərkəzi Asiyanı ötərək Babildən Baktriya və Hindistan dağlarına, həmçinin ərəb
çöllərinə və Şimali Afrikaya qədər uzanmışdı. Akademiyada Platonu dinləmək üçün
Babildən və hətta Həbəşistandan dünyanın ən savadlı və ən aparıcı insanları
gəlirdi. Onlar filosofu illərlə dinləyir, sonra dinlədiklərini öz
düşüncələrində bişirib uzaq torpaqlara aparırdılar. Odur ki, Qərbdən fərqli
olaraq Şərq Platonu daha yaxşı tanıyır və onun konsepsiyalarını öz təlimlərinin
təməli olaraq təqdim edirdilər. Ölümündən yüz illər keçməsinə baxmayaraq Qədim
Şərqin bütün korifeyləri Platonun təlimini və nəzəriyyələrini bilir və elmi bu
nəzəriyyənin fraqmentləri üzərindən inkişaf etdirirdilər. Eyni zamanda Böyük
İsgəndərin fəthləri də Platonun və Aristotelin Şərqdə tanınmasında önəmli rol
oynadı.
İstər islama qədər, istər islamdan sonrakı Yaxın və
Orta Şərq və həmçinin Mərkəzi və Orta Asiya sivilizasiyalarının hər birində
Platon təliminin izi görünməkdədir. İslam dini belə, kafir Platonun təlimini
rədd etmədi, əksinə, çoxallahlığa tapınan Platonu Əflatun olaraq
özününküləşdirdi. Çünki Platonu cəhalət dönəmi deyə tanıtdırılan ərəb
dünyasında tanımayan belə yox idi. Hətta bəzi islam sxolastikləri Əflatunu
Allahın peyğəmbəri olaraq təqdim etməkdən belə çəkinmədi və belə cəhdlər bu gün
də müşahidə olunmaqdadır.
Platon Qərbə nə zaman qayıtdı?
Nə qədər qəribə də olsa, Roma Sezarlar dövrü
başladıqdan, yəni Elladada və Qərbi Avropada latın dili hegemon vəziyyətə
çıxdıqdan sonra, Platon Qərbdə unuduldu. Öz zamanında Platon Elladada nə qədər
çox tanınsa da, soyuq Avropa meşələrində ancaq döyüş və ov barədə düşünən
tayfaların heç birini fəlsəfə anlayacaq imkanları yox idi. Qərbi Avropanın
qədim tayfaları keltlər və qalların insanı və dünyanı araşdırmaq kimi bir
problemləri də olmamalıydı.
Ona görə də Elladadan kənarda Platonu Qərbi Avropada
demək olar ki, heç kim tanımırdı. Qədim Roma dönəmində yunan mədəniyyəti nə
qədər aparıcı rol oynasa da, Platon demək olar ki, unuduldu. Xristianlığın
ilkin və orta əsrlər dönəmində isə Platon yalnız kafirin biriydi və ona olan
münasibət kilsənin Zevsə olan münasibətindən heç bir şeylə fərqlənmirdi.
Digər tərəfdən kilsədə latın dilinin hökm etməsi və
orta əsrlər Avropasının yazı dilinin latın dili olması yunan və Ellada
mədəniyyətini tamamilə Avropadan kənarda buraxmışdı. Avropalıların ilk dəfə
Ellada mədəniyyəti və Platon haqqında azacıq təsəvvürləri islam-ərəb ordusunun
Priney yarımadasını fəth etdiyi zaman baş verdi. Amma yenə də bu tanışlıq
yetərli olmadı. Müsəlmanların gətirdiyi kafir mədəniyyət və kafir filosof ortodoksol
xristianlardan kimi maraqlandıra bilərdi ki?..
Platonun əsərlərinin orijinal nüsxələri zəmanəmizə
qədər gəlib çatmayıb. Ən qədim əlyazma Misir papirusları arasında tapılıb və
eramızdan əvvəlki 200-cü illərə aiddir. 12-ci əsrə qədər latın dilinə tərcümə
olunmuş tək əsəri 4-cü əsrdə bizanslı Halkideyin tərcüməsi olub. Buna
baxmayaraq, Qərbi Avropanın bu tək nüsxə tərcümə əsəri olan “Timey”lə tanışlığı
belə olmayıb. 12-ci əsrdə ingilis Aristip tərəfindən “Menon”, daha sonra
“Fedon” latın dilinə tərcümə olunub və bu zamandan başlayaraq Platon Avropada
tanınmağa başlayıb. İntihab dönəminin başlanğıcında italiyalı Marsilio Fiçino
Platonun bütün əsərlərini latın dilinə çevirib və bununla da Platon Qərb
mədəniyyətinin bir hissəsinə çevrilib.
İntihab dönəminin ən böyük hadisələrindən biri də elə
Ellada mədəniyyətinin xristian düynasına qayıtması oldu və bu hadisə intibah
mədəniyyətinin formalaşmasında əsas rol oynadı.
Platonun Qərb mədəniyyətinə qayıtmasından sonra nə
qədər təəccüblü olsa da, islam dünyasının tənəzzülü başladı. 7-ci əsrin
sonlarından başlayaraq dünyanın aparıcı və yönləndirici sivilizasiyası olan
İslam sivilizasiyası 16-cı əsrdən başlayaraq öz inkişafını durdurdu və estafeti
800 ildi ki, savaşdığı Qərb xristian sivilizasiyasına təslim etdi.
Yüz illər boyu davam edən savaşı intibah dönəminin
böyük yüksəlişinə sahib çıxan Qərb xristian dünyası qazandı və qələbədə Ellada
mədəniyyətinin Qərbin qucağına yenidən qayıtmasının heç də az rolu olmadı. Məhz
Platon ideyaları Qərbdə liberalizmin təməlini qoydu və Qərb xristian
mədəniyyətini cilovlayan ortodoksal kilsə tabularını öldürdü.
18-ci əsrə gəlib çatdıqda Platon təlimi artıq
Avropanın inkişafının təməlini təşkil edirdi və hər kəs öz seçiminə görə antik
filosofun konsepsiyalarının fraqmentlərini inkişaf etdirirdi. Avropada humanist
cərəyanların zaman keçdikcə daha da güclənməsində Platonun dövlət və rifah
konsepsiyalarının oynadığı rol şübhəsizdi.
Bu demokratik dəyərlərin ana xəttini təşkil edən,
“Mənim azadlığımın sərhədi başqasının azadlığının sərhədinə qədərdir” prinsipi
də məhz Platonun “Mənim rifahım başqasının rifahına ziyan vurmamalıdır”
konsepsiyasından doğub. Həmçinin, Avropa mühafizəkar demokratlarının əsas şüarı
olan “Xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır”, şüarının da təməl
sahibi Platondur. Ona görə də hesab etmək olar ki, Platon günümüzün demokratik
dəyərlərinin atasıdır.

Комментариев нет:
Отправить комментарий