19.05.2012

GÖMRÜK RƏHBƏRİNİN BU QƏDƏR VARİDATI HARDANDIR?

CULFA GÖMRÜYÜNÜN RƏHBƏRI BAKIDA SAYSIZ-HESABSIZ MAĞAZALARA SAHIBDİR; HİCRAN MƏMMƏDOVUN OTELİ VƏ ŞADLIQ SARAYI DA VAR

Azərbaycanda əmək haqqı 300-500 manatı aşmayan məmurların neçə-neçə villaya, ticarət mərkəzi, supermarket və şadlıq evlərinə, 4-5 iri qabaritli maşına sahib olması elə də böyük təəccüb doğurmur. Artıq hamı bilir ki, məmurlar dövlət büdcəsindən onlara verilən qəpik-quruşa işləmirlər. Sahibkarların qazancının böyük hissəsi bu və ya digər şəkildə bu rüşvətxor məmurların ciblərinə axır. 

Bu səbəbdən də ölkəmiz nüfuzlu “Transparency İnternational” beynəlxalq təşkilatının hesabatlarında korrupsiya indeksinə görə daim öncül sıralarda Mavritaniya, Uqanda və Toqo kimi geridəqalmış ölkələrlə qonşuluq edir. Ölkəmizdə ən çox korrupsiyalaşmış qurumlarının ilk üçlüyünə isə heç şübhəsiz ki, Dövlət Gömrük Komitəsi (DGK) daxildir. Komitənin məntəqələrində rüşvət açıq şəkildə alınır və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları nədənsə bundan xəbər tutmurlar.
Apardığımız kiçicik araşdırma zamanı öyrəndik ki, təkcə Culfa Sərhəd Keçid Məntəqəsi rəisinin Bakıda bir neçə ticarət obyekti var. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrində olan Hicran Məmmədov Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında “Hakim” adlı otelə, eyni adlı supermarketə və “Viktoriya” adlı şadlıq sarayına sahibdir. Bundan başqa, məntəqə sədrinin metronun "28 may" stansiyasının yaxınlığında, Dövlət Neft Akademiyasının binası ilə üz-üzə də çoxsaylı mağazaları var. Hələ bu məntəqə sədrinin əmlaklarının tam siyahısı deyil və biz hazırda onun Naxçıvandakı, Türkiyədəki əmlaklarının siyahısını dəqiqləşdirməklə məşğuluq.
Təkcə bir məntəqə sədrinin bunca sərvətə malik olması təsadüfi deyil. Çünki ölkəmizin istənilən sərhəd-keçid məntəqəsindən bircə dəfə keçənlər buradakı rüşvət yığımının hansı səviyyədə olduğuna şahidlik edirlər.
Ölkəyə gətirilən mallara qadağa qoyulmasının və ölkə daxilində inhisarçılığın keşiyində də məhz DGK dayanır.
Məsələn, Astara Gömrük Keçid Məntəqəsindən ölkəyə toyuq məhsullarının gətirilməsi, demək olar ki, mümkünsüzdür. Yerli sakinlər qəzetimizin əməkdaşlarına bildiriblər ki, gömrükçükər ölkəyə toyuq gətirmək istəyən şəxslərə potensial qaçaqmalçı kimi yanaşırlar. Nəticədə də Azərbaycan hər il korrupsiya indeksinə görə analoqu olmayan sürətlə irəliləyir. Maraqlıdır ki, bir il əvvəl ölkədə başlanılan antikorrupsiya əməliyyatları da DGK-dan yan keçir. (“Yeni müsavat)

Комментариев нет:

Отправить комментарий