18.05.2012

Facebookda məhəbbət

Vüsal Qasımov

Dəyərli oxucum yazdığım hekayənin həddən artıq türklər demişkən abartıldığını fikirləşib məni qınama. Bir az sonra oxumağa başlayacağın hekayədəki hadisələr 21-ci əsrin evlərimizə gətirdiyi problemlərdən biri olduğu qaçınılmaz və danılmazdır. Məhəbbət haqqında yazılan minlərlə şeir, onlarla poema və roman tarix boyu aşiqlərin sevgi nəğmələrinə çevrilib ürəklərindəki məhəbbətin səsinə səs verib. Böyük məhəbbətlər yüz illərlə bulaq başında, təsadüfi göz-gözə gəlməklə, iki gəncin bir birini görüb aşiq olması ilə başlayırdısa günümüzdə aşiq olmanın, sevgili tapmanın yeni bir formasıda həyatımıza girib FACEBOOKDA SEVGİ.
Hekayədə proseslər sizin gözlədiyiniz kimi olmayacaq... 
Həmid gözlərini ovuşdura-ovuşdura yatağında pəncərə tərəfə döndü. Günəş ətrafı qızılı rəngə bürümüşdü. Yəqin etdi ki, günorta olub. Gözünü bir az da ovuşdurub əlini yatağının yanındakı kiçik stola atdı. Baxmadan əlini stolda gəzdirirdi. Axtardığını tapmayınca yatağında dikəlib ətrafa boylandı. Telefonu ortalıqda yox idi. Yastığına söykənib fikirləşməyə başladı.
“Dünən gecənin yarısına qədər əlimdəydi. Yox ee əslində o qədər də gecə deyildi. Saat iki o qədər də gec deyil ki. `Dəli qızdan` axırıncı mesajı aldıqdan sonra deyəsən yuxu tutdu yatdım. Hmmm...”
Başa düşmüşdü ki, telefonu yatarkən əlində qalıb. Deməli ya yorğanına qarışıb yada altındadır. Yatağından qalxıb əvvəlcə yorğanını ələk-fələk etdi. Tapa bilmirdi. Yatağında dirsəklənib oturdu. Oturacağında nə isə sərt bir şey hiss etmişdi. Cəld yerində sıçrayıb döşək örtüyünü qaldırdı. Samsungu altında idi. Üzü gülürdü. Elə bil ən dəyərli əşyasını tapmışdı. Əslində telefon Həmidin sahib olduğu ən dəyərli əşyası idi. Axı bu telefonu sayəsində dost tanışın yanında neçə dənə qız tutduğundan, hər gün neçəsi ilə danışdığından, neçəsinin ona eşq elan etdiyindən ağzı kövürə-kövürə bəhs edirdi. Hətta bir dəfə bir qıza yatmaq təklif etdiyini elə danışırdı ki, ağzının suyu az qala çənəsindən köynəyinin açıq düymələrindən sinəsinə süzüləcəkdi. J Qızın nikini deyəndə ki, bihuş olub özündən gedirdi elə bil bu saat boşalacaq. `Hot girllll`....
Həmid cəld telefonundan facebooka girdi. `Dəli qız`dan mesa vardı.
“Biz nə vaxt görüşəcəyik?”
Səbinə hər zamanki kimi səhər tezdən oyanmış anasına ev işlərində kömək edirdi. Yay tətili olduğuna görə ailəsi kəndə gəlmişdi. Səbinə şəhərdən ayrılandan kefsiz idi. Hər gün kənddəki günlərinin mənasız olduğundan, edə biləcəyi əməlli başlı bir şey olmadığından giley güzar edərdi. Telefonu, interneti kəntdəki əvəz olunmaz dostuna çevrilmişdi. Fürsət tapan kimi facebooka girirdi. Yenə də telefonunu qurdalayıb facebooka girdi. Axır ki, gözlədiyi mesaj gəlmişdi. `Dəli aşiq` axırıncı mesajına gec də olsa cavab yazmışdı. “Sən harda isdəsən orda.” Bir anlığına ürəyindən “Kaş indi şəhərdə olaydıq” keçirtdi. Şəhərdə olsaydılar heç kəsdən çəkinmədən, qorxmadan görüşə bilərdilər. Səbinənin sevincinə söz ola bilməzdi. Qız yerə göyə sığmırdı. Elə bil qalın meşəlikdəki əjdəhanı öldürmək üçün gedib illərdir gəlməyən prensesi ilə görüşəcəkdi. Tələm tələsik anasının yanına qaçdı.
“Ana mən şəhərə getməliyəm. Rəfiqəm Aynur bərk xəstələnib. Yadındadır keçən mən xəstələnəndə iki gün biz də qalmışdı. Mən də getməsəm ayıb olar axı.”
Anasının razılıq verməkdən başqa yolu qalmırdı. Səbinə düz deyirdi həqiqətən də elə olmuşdu. Tək problem qardaşı idi. Anasının yanından çıxanda qardaşının həyət qapısından çıxdığını gördü. Artıq bu da problem deyildi. Cəld üst-başını geyinməyə, bəzənib düzənməyə başladı. Özünə əl gəzdirdikcə də gələn ismarıcları yoxlayırdı. `Dəli aşiq`indən yeni ismarıc vardı.
“X bağında olacam. Əynimdə cins şalvar, mavi köynək olacaq. Tanıyasan deyə əlimə gül alacam.”
Səbinənin kefinə deyəcək yox idi. Görməmişlik edir həyatında gül görməyibmiş kimi ağzı sevindiyindən qulağına çatırdı. Elə bil o gülləri `Dəli aşiq` böyük qəhrəmanlıqla Gül bayramından oğurlayıb Biləcəriyə qədər polislər tərəfindən qovalanmışdı.
Səbinə cavabı gecikdirmədi. “Əynimdə kimanoy, sarı-qırmızı rəngdə kimanoy don olacaq. Mən X bağında bir yer bilirəm ora çatan kimi sənə f.b.dan yazacam JJJ
Kəntdən çıxan avtobus otuz otuz beş dəqiqədən şəhərdəydi. Səbinənin ürəyi qəfəsə təzə salınmış bülbül kimi çırpınırdı. Elə bil bu dəqiqə sinəsindən çıxıb qaçacaq. X bağı avtobus dayanacağına yüz-yüzəlli addımlıq məsafədə idi. Dediyi yerə çatanda telefonunu çıxardıb `Dəli aşiq`inə olduğu yeri dedi.
Həmid gözlədiyi ismarıcı almışdı. Özünə bir az da əl gəzdirib inamlı addımlarla o istiqamətə getdi. Həyəcanlanmamağa çalışsa da alınmırdı. Bu dəfə dost-tanışın yanında gopa basdıqlarından fərqli olaraq ilk dəfə biri ilə görüşəcəkdi.
Ağacın dibindəki qızı görüb yerində sərsəmlədi. Qız tanış gəlirdi. Qıza görünmədən üzünü görməyə çalışırdı. Allahdan qız da ətafa boylanırdı. Üzünü yana çevirəndə elə bil Həmidin başına qaynar su tökdülər. `Dəli qız`ın yerində bacısı dayanmışdı. Gözlərinə inana bilmirdi.
“Bu qədər vaxtdır mən öz bacımla yazışıram? Ay biləəə.....Mən neynəmişəm eee... S...m feyzbux çıxardanın bacısını.”
Dəliyə dönmüşdü. Əlindəki gülü yerə çırpıb bacısının gözünə görünmədən bağdan uzaqlaşıb kənd avtobusuna mindi.
Səbinə bir saat gözlədikdən sonra yenə ismarıclara baxdı bir şey yox idi. Başa düşdü ki `Dəli aşiq` gəlməyəcək.
Axşam anası ilə Səbinə televizorun başında idilər bütün qonşular kimi. Burda hamı o saatda “Amaci” teleserialına baxırdı. Həmid əsəbi halda içəri girib divanda oturdu. Nə anasının, nə də bacısının üzünə baxa bilmirdi. Səbinənin telefonu ilə oynamağı Həmidə bəhanə olmuşdu. Kişi qırığının qeyrət damarı tutmuşdu. Boynunun arxasındakı kişilik damarı qabarmışdı. Səbinənin əlindən telefonu çəkib aldı.
Uzun uzadı telefona baxdı.... Anasına baxdı... Yenidən üzünü Səbinəyə çevirib “ Mən neçə dəfə deyəcəyəm ki, sən telefon işlətməyəcəksən. Elə bu dəqiqə bunu parça parça edəcəyəm” deyib otaqdan çıxdı.
 Həmid  telefonu qaldırıb betona çırpmaq istədisə də bacarmadı. Sonra telefonun orasını-burasını qurdalayıb “Yaxşı pula gedər” deyib cibinə qoydu.

14.05.2012 \ Sakarya

Комментариев нет:

Отправить комментарий