“Günəş havanı hərəkətə gətirir. Bu, günəşin şüalarında aydınca görünən, toz adlandırılan xırdaca qəlpələrin və qırıntıların titrəyişindən və büdrəmələrindən məlum olur. Onların titrəyişi gün ərzində günəş istisinin təsiri altında xəfif sızıltı yaradırsa da, bu sızıltı günortanın səs-küyündən eşidilmir. Gecələr isə onların səsi aydınca duyulur”. Anaksaqor, e.ə. V əsr.
Tərs kimi nə bu rayon mərkəzi qurtarır, nə bu əyalətin terroru qurtarır, nə də terrorun qurbanları. Nə küləyi qurtarır, nə qasırğası, nə də bu axına qarşı çıxan yazıçı qələminin mürəkkəbi. Xəbər alırlar ki, hə, bu təzyiqə qarşı yazarın qələmi necədir? Mən də cavab verirəm ki, əşşi, necə olacaq, tərs kimi. Çünki tab gətirmək, boğulmamaq üçün gərək elə tərs kimi də yazasan. Müəllifin pərəstişkarı olduğu və təxəllüsünü bənzətməyə çalışdığı Bin Ladenin özünün dediyi kim, indiki zəmanədə ya gərək terrorçu olasan, ya da ki terrorun qurbanı olacaqsan…
Hüsamə bin Sərxan nəsri tozlu rayon küçələrindən süpürlənib adamın tərs kimi üzünə çırpılan narın quma bənzəyir, buludlara şahə qalxan tozanağa oxşayır.
…Qəribədir, mən Hüsamənin hekayələrini oxuyanda “kultovıy” filmləri xatırlayıram, Tarantinonun, Fon Tireyerin cavan aktyorlarını xatırlayıram və bu zaman ssenarist Roberto Rodrigesin də əsəbi silueti yenidən canlanır təsəvvürümdə. Sadaladığım rejissorların oyun məkanında sərgilədiyi obrazlar sanki Şərq variantında Hüsamənin əsərlərində peyda olurlar, balaca qardaşlarıdır sanki doluşublar bir əyalət məntəqəsinə. Hüsamənin qəhrəmanları bicliklə avamlığın, oyunbazlıqla ciddiliyin, şəhərlə kəndin, ədəblə pozğunluğun, savadla həpəndliyin sərhəddində məskunlaşmış “insan-katastrofiklərdir”: onlar bu gün bir mahnı bəstələyə bilərlər, sabahsa kimisə zorlayıb sakitcəsinə küçəyə çıxarlar və sonra özlərini qınamazlar…
Professional oxucu Hüsamə nəsrini necə görür? Bu adamın hekayələri səhnə planşeti üzərində elə bil ki yüngül palaz qismində toxunub, səhnəyə naxış-naxış çəkilib və dekorlarda görükən cecim, şəddə ornamentlərinin davamına çevrilib… Oxunur və görülür. Bu hekayələrdə şəxsən mən çox aradığım sinema effektini tapıram (Bu da bir xəstəlikdir, özümdən asılı deyil- ömrü boyu arayıram…)
Di gəl ki… Bir məsələ də var ki, ona toxunmadan ötə bilmərəm; bir çox hekayələrinin axırını gətirə bilmir, bəzilərində isə əvvəli zay alınır. Baxırsan ki, vot-votdadır, bir-iki cümləsini dəyişsən, bir az uğurlularla əvəz etsən, onluğa vurur- şedevr alınır. Yeri gəlmişkən, onu Sabutayla birləşdirən əsas cəhətlərdən biri də budur. Birlikdə bu yöndə bir neçə dəfə yaradıcılıq söhbətlərimiz də olub. Bir əsərinin əvvəlinə hansısa romandan parçanı köçürməyi məsləhət görmüşəm, başqa əsərinin axırına isə Zingerin yəhudi məhəlləsində təsvir etdiyi ab-havanı gətirməyi məsləhət görmüşəm. Hətta bir hekayəsini özüm götürüb yenidən işləmək istəyirdim, di gəl ki vaxt qıtlığından qalıb belə. (Bu da bir xəstəlikdir, özümdən asılı deyil- Potensial varsa, yönləndirmək lazımdır, Vısotski demişkən, işləmək lazımdır!).
Qaynar həyata malik, Hüsamə bin Sərxanın müxtəlif rakurslardan göstərməyə çalışdığı rayon tipik bir Azərbaycan rayonudur. Di gəl ki müəllifin başqalarının adi gözlə görə bilmədiyi momentləri tutmasına, özünəməxsus yanaşma tərzinə və postmodern oyunlara həvəsinə məəttəl qalmaya bilmirsən. Hüsamə sanki ora ekskursiya bəhanəsiylə gəlmiş bir nabələddir və o ehtiyatlanır ki, rayon onu aldadacaq, əxlaqını pozacaq, onu pis işlərə vadar edəcək, nələrdəsə radikalizmə sürükləyəcək. Ancaq buna baxmayaraq o, rayonu acgöz-acgöz öz gözünə hopdurur və bir də görür ki gözlərini tozanağın, qasırğanın əlindən aça bilmir. Təbii ki müəllifin detallara yanaşma tərzi də əsas rol oynayan amillərdən biridir.
Hüsamənin hekayələri hekayə deyil, hekayə eskizləridir və bu eskizlər onun yazıçılığa ərizəsidir. Bu eskizlərin əksəriyyəti akvarellə işlənib və üzü küləyə tutulub ki, tez “qurusun” və səhərisi qəzetdə, ya jurnalda çap olunsun. Bir sıra hekayələri sanki ayrı-ayrı ovqatların özünəməxsus herbarisidir; indi modda olan sivilizasiyaların toqquşması məsələsi… Hərçənd ki akvarel kağızın canına hopduqca şəklin kontekstinə yeni mənalar sızılır. Bu hekayələr bir günlük qəzet pərvanələridir- Hüsamənin hələ də kitabı çıxmayıb…
Profilimizə uyğun olaraq Husamə bin Sərxanın hekayələrini ədəbi qəzet səhifələrində müntəzəm olaraq izləyirik (son zamanlar nadir hallarda görünsə də). Liqa olaraq yekdil fikirdəyik ki, Hüsamənin təhkiyə üslubu orijinaldır, cəlbedicidir, yeni nəslin davranış paradiqmasına uyğun bir tərzdədir. Bax, bu mənim yadımdadır. Lakin… Hüsamənin konkret heç bir hekayəsini xatırlamıram. Hamısını unutmuşam. Çünki bu hekayələr Hüsamə bin Sərxan adlı jurnalistin elə bil zaman tozanağı içərisində birnəfəsə yazdığı köşə məktublarıdır. Birdəfəlik istifadədən ötrü buraxılmış karton stəkanlar kimi sadədir. Və bu yazılar əyalət küçələri kimi tozlu-palçıqlıdır, düşünülmüş süjet xəttindən uzaq təəssürat bağışlayır, ədalı söz demək xislətindən uzaqdır.
HAŞİYƏ: Onu da deyim ki, mənim Hüsamə ilə tanışlığımın yolları heç də həmişə hamar olmayıb. Vaxtilə bir qəzet redaksiyasında müştərək proyekt ətrafında birləşmişdik. Və onda tərs kimi, mənə xas olmayan bir jest etdim: öz yaradıcılıq kartlarımı Hüsaməyə açıb göstərməyə başladım. Bundan sonra Hüsamə həqiqətən də tərs bir addım atdı; hər yazısında mənə və mənsub olduğum yazar təşkilatına (mənim açdığım kartlara istinadən) papaq atmağa başladı. Beləcə, baş alıb getdi… Sonradan biz yenidən görüşüb bu uşaq oyunlarını yığışdırmağa qərarlaşdırdıq. Məsələ orasındadı ki, bizim nifrətmizin obyekti Hüsaməylə eynidir. Odur ki enerjimizi bir-birimizə xərcləməyək düşüncəsinə gəldik.
O çox yaxşı yazıçıdı, şübhə ola bilməz. Ama… dünya yaxşı yazıçıyla doludu. Həm də mən hansısa bir insana yalnız yaxşı yazdığına görə hörmət eləyə bilmərəm. Başqa keyfiyyətlər də lazımdı. Odur ki bugünkü yazımızda yalnız Hüsamənin qələmindən danışacayıq. Haşiyə bitdi.
Qayıdıq yenə də… həmişə olduğu kimi, bizim sevimli postmodern notlarına. Bu elə bir şeydir ki, iynə-sap götürüb ədəbiyyata yamaq vurmaqla olmur. Postmodern yanaşma gərəkdir gördüyün işin ruhunda, mayasında, təməl prinsiplərində ola (Vitoşun dediyi kimi: “Rus dilini bilmək azdır- rus dili gərək qanında-qrafanda olsun…”). Hüsamə bin Sərxanın qələmi zamanın dürüst bulduğu oyun estetikası üzərində işləməklə bizi asanca bir əyyamdan (kult əyyamından) digərinə (de-kultivasiyaya) qoşa bilir. Onun hekayələrində artıq biz sadəcə şeylər- predmetlər dünyasında yox, eyni qədər də məxrəci asanlıqla dəyişdirən Dil sferasındayıq, məhz bu yazıçının olmaq istədiyi və olduğu aləmlərdəyik. Bu baxımdan mənə görə, onun bir sıra hekayələri Borxessayağı qələmə alınmış hekayələrdir. Bəlkə də yamsılamadır, çünki Hüsamənin yaxın dostu Sabutayın qabaqlar yazdığı hekayələr də bu qəbildən idi. Borxes istiqaməti Hüsamənin yaradıcılıq axtarışlarında ən adekvat, mərkəzi yer tutur- hekayələrinin çoxluq tərəfindən anlaşılmamasının səbəblərindən biri də budur.
Bizimlə söhbətində Hüsamə hekayə süjetlərini məhz yuxularından götürdüyünü bildirdi. Maraqlıdır. Yuxuda adətən hər şeyi unudursan, bu cənab isə kim olduğunu, hansı dünyaların içində olduğunu, hansı maraq və ehtirasların sahibi olduğunu bir an belə yadından çıxarmır- qələmə əl atıb arxivləşdirir! O öz missiyasını bircə an da unutmur. Həm o vaxtkı uşaq idi, həm də bu günkü ortayaşlı, həyatını artıq yaxşı-pis qurmuş qələm əhli, ədəbiyyat adamı… Müəllif yuxusunda bir növ uşaqlıq dünyasına səyahət edir və orda gördüklərini bu tayla uzlaşdıraraq yaradır; həmiçinin, paralel aləmlərin mövcudluğunun təsdiqinə çevirir…
Hüsamənin hekayələri gözəl bir psixoloji nəsr situasiyasını uğurla imitasiya edir. Müəllif öz oxşarı barədə yazır; eyni cür düşünürlər, eyni kəndin tozanaqlı küçələrində yaşayırlar, eyni pivəxanada vaxtlarını öldürürlər, ikisi də mövcud şəraitdən narazıdırlar və s. Maraqlıdır. Burda artıq psixoloji nəsrin özgələşmiş variantından söhbət gedir. “Özümlə söhbət”, psixoloji “mən”lə söhbət, subyektin yaddaşda eşələnməsi qəbilindən epizodlar əvəzinə qarşımızda eyni məqamları yaşamış iki şəxs, iki subyekt hiss edirik- biri qəhrəman, biri də elə həmin müəllif özüdür! Və sonda “hər birinin dönüb öz yolu ilə çıxıb getməsi” ilə nəticələnən bu görüş oxucuya paralel dünyaların hər birində oluşan invariantı tanımaq şansı verir. Odur ki yazıçı təkcə məzmun-mindəricə planında yox, çoxvariantlıq, paralellik, çeşidlənmə üzərində filoloji oyunları eləcə də hekayənin poetikasında davam etdirir.
Postmodern estetikanın təməl prinsiplərinin (mətnlərin təkrar istehsalı, özgəlik rakursu, ironiya və s.) elə burdan nəşət tapdığını söyləsək, yanılmarıq. Hüsamə Borxesin ruhuna sadiqdir. Və təkcə postmodern poetikanı uğurla ehtiva etdiyinə, sənətkarlıq məharətinə görə yox (burda o hər halda süjeti süjetsizliklə “öldürmək” nümunəsini parlaq şəkildə ortaya qoyur; hekayələrinin hadisə hissəsinin canı büsbütün əvvəlində, “yuxu” qatındadır). Mətndə funksional olan- sadəcə estetizm, estetik işarələrdən alınan həzz deyil, həm də fikir işidir… Eynən- bayaq qeyd etdiyimiz- dostu Sabutayın hekayələrində olduğu kimi!
Hüsamə yuxularını yazır, yoxsa gördüklərini? Az qala qarışdırırsan- hansı hansıdır, bəlkə də ustanovka belədir:- həm o ola bilər, həm- bu… Gözlənilməzdir ki, oxucu ilə oyunda yazıçı uduşu açıq kart effektində görür…
Hüsamə rahat və asan oxunur. Hərçənd müəyyən müddətdən sonra sən onun qəhrəmanlarından da, bu qəhrəmanların yaşantılarından da bezirsən. Amma neyləyəsən ki, Hüsamənin müasirləri belədir və tərslikdən Hüsamə gördüklərinin yüzdə birini yazmağa çalışır...
Allah amanında Hüsamə! Həyatın qasırğalı yox, həmişə avand olsun.
P.S.: Səbirsizliklə kitabını gözləyirik.


Комментариев нет:
Отправить комментарий